“Türk” etnonimi və
törələri
Əvvəli
ötən saylarımızda
Herodot
yazır:
"Hökmdar
Tomris öz qoşununun və oğlunun taleyindən xəbər
tutub Kirin hüzuruna onun bu sözlərini çatdırmaq
üçün adam göndərməyi buyurur: "Ey, qana
susamış Kır! Bu qələbənlə öyünmə!
Sən mənim oğlumu şərəfli döyüş
zamanı silah gücünə deyil, dəmi
başımıza vuranda sizin özünüzü də
ağılsızlaşdıran (içdikcə) əhəmənilərin
nalayiq nitqlər seli püskürməyə
başladığı üzüm tənəyinin meyvəsi
sayəsində - bax bu acı vasitəsilə, hiyləgərcəsinə
qalib gəldin. Bu belə. İndi də mənim xeyirxah məsləhətimə
qulaq as: oğlumu mənə ver və massaget qoşunun
üçdə bir hissəsini həyasızlıqla (hiyləgərcəsinə)
məhv etməyə nail olsan da, mənim torpağımdan
sağ-salamat çıxıb get. Belə eləməsən,
massagetlərin tanrısına and içirəm ki, nə qədər
acgöz olsan da, səni, həqiqətən qanla
doyduracağam".
Lakin Kir
Tomris xanın sözlərinə əhəmiyyət vermir.
Əsir düşən oğul
ayılanda düşdüyü vəziyyəti
anlayıb intihar edir. Döyüşdə isə əhəmənilər
məğlub olur, Kir isə öldürülür. Tomris xan
Kirin meyidini tapdırır, başını kəsdirib qan
tuluğuna soxdurmağı əmr edir və sonra deyir: "Mən
sağ qalıb, səni döyüşdə məğlub etsəm
də, sən oğlumu hiyləgərcəsinə əsir
almaqla, hər halda məni məhv etmisən. Buna görə də,
əvvəlcədən hədələdiyim kimi bax, indi səni
qanla doydururam".
Herodot
yazır ki, massagetlər də iskitlər kimi geyinirlər və
iskitlərə oxşar həyat sürürlər...
Massagetlərin
adətləri barədə bunları demək lazımdır:
onlarda hər kişi ancaq bir arvad alır...
Bu hadisələr
eramızdan əvvəl altı yüz il baş verməsinə
baxmayaraq deməli, törələr o zaman da bütün
gücü ilə işləyirmiş.
Sultan
Raziyə bəyim
Müsəlman
dövlətləri içində taxta çıxan ilk
qadın Dehli türk dövlətinin sultanı Raziyə xatun
olmuşdur. Bu dövlətin hökmdarı olmuş
Eltutmuş (1211-1236) varisliyi öz qızına verəndə,
buna ağız büzənlər ondan soruşmuşlar ki,
oğlanları ola-ola hakimiyyəti qızına niyə
ötürürsən? O da cavabında demişdir ki, dövləti
idarə etməklə sərxoşluq düz gəlmir. Raziyə
isə hökmdara məxsus məziyyətlərə malikdir: cəsur
döyüşçü, elm adamlarını sevən,
onların qayğısına qalan, məntiqli və səbrli
insandır. Xatun hamının unutmuş olduğu, yaxud əməl
olunmayan Səmsiyyə sülaləsinin ənənələrini
və qaydaların bərpa etdi və məhkəmə işlərini
ədalətlə həll edərək öz əlində cəmləşdirdi.
O tez-tez səfərlərə çıxır, ordunun
ehtiyacını ödəyir, bol-bol bəxşişlər
verir, alimləri Dehlidəki mədrəsəyə dəvət
edirdi.
Lakin həmişə
olduğu kimi türk bəyləri artıq islamda
qadınları kişilərlə bərabər
saymadıqları üçün onun hakimiyyəti altında
olmaq istəmədiklərindən 1240-cı ildə onu taxtdan
endirdilər və qardaşı Bəhram Şahini Dehli
türk sultanlığına gətirdilər. Bəyim isə
həbs edilərək qalaya salınır. O burada da sakit
durmayıb, özünə tərəfdarlar toplayır, əsirlikdən
azad olunaraq son döyüşə girir və məğlub
olur. Əsir düşməsin deyə döyüş yerindən
uzaqlaşır. Lakin həyat ona daha acı ölüm
hazırlayıbmış. Ona yolda bir hindli rəncbər rast
gəlir, əynindəki zinət əşyaların sahib olmaq
üçün onu qəfil öldürür və
basdırır. Həmin bu zinyət əşyalarını
bazarda satmaq istəyəndə məsələnin üstü
açılır və məcbur olub bəyimin qəbrinin
yerini göstərir. Bundan sonra onun mədrəsəsi səcdəgaha
çevrilir. Bu xatun heç zaman hökmdarlığın iyrənc
xüsusiyyətlərinə uymur, saray mühitinin iyrənc
qanunlarına baş əymir, söz aparıb gətirənləri
yaxına buraxmır, satqınlığı, xəyanəti,
ara qarışdıranları sevmir, onlardan uzaq dururdu.
Raziyə
bəyim hər zaman geyimi ilə seçilirdi; kişi
paltarı geyinməz, divan, ya səfərlər zamanı
üzünə niqab taxarmış.
Digər
xatunlar haqqında
Türkan
xatun
Xarəzmşah
dövlətinin başçısı Məhəmməd
şahın xatunu demək olar ki, ərilə bir yerdə
dövləti idarə edir, daxili siyasətə birbaşa
qarışırdı. Dövləti vəzifələrə
təyinatlarda Türkan xatun
söz sahibi idi.
Ərinin
səfərdə olmasından istifadə edib düşmənlər
Qarşı qala-şəhərə hücum edib, onu
mühasirədə saxlayırlar. Lakin Türkan xatunun
bacarığı və təşkilatçılığı
sayəsində Qarşı müdafiə olunur. Hətta
qaladan çıxıb, bəzən düşmənə qəfil
zərbələr vurulur. Qalanı ala bilmədiyini (onlar hətta
bilmirdilər ki, qalanın müdafiəsinə Türkan xatun
başçılıq edir) və
Məhəmməd şahın səfərdən
dönməyini eşidən düşmən mühasirədən
əl çəkir və geri dönür.
Türkan
xatunun iradəli, hikkəli bir qadın olduğunu mənbələr
də qeyd edirlər. Hətta deyirlər ki, bu xatun bir gün ərinin hamamda
cariyələrlə əyləndiyini eşidir. Hikkəli
xatun gəlib hamamın qapısını arxadan
bağlayır və çıxıb gedir. Əgər
nökərlər gəlib qapını açmasaydılar
şah orada boğulacaqdı.
Türkan
xatunun taleyi faciə ilə bitir. Monqol-tatarların
Türküstana hücumunun sonunda Türkan xatun əsir düşür
və başkənd Qaraqoruma göndərilir. Burada da, o sakit
durmur, özünü şah elan edən oğlu Cəlaləddinin
günü-gündən artan nüfuzuna görə Toluy xaqan
(Çingiz xanın dörd oğlu vardı -Cuçi,
Cağatay, Ugedey, Toluy) onunla qohum olmaq istəyini Türkan
xatuna bildirir. Türkan xatun bu xəbəri Azərbaycana Cəlaləddinə
göndərsə də, o buna əhəmiyyət vermir və
fəthinə davam edir. Həmişə anasının əmrlərini
yerinə yetirən Cəlaləddin, nədənsə
Qaraqorumla qohum olmaq fikrindən daşınır.
Türkan
xatun isə elə bu başkəndə dünyasını dəyişir.
Börte
xatun (Çingiz xanın xanımı)
Deyilənə
görə xatuna bərabər "xanım" sözü
1206-cı ildə yaranmışdır. Belə ki, Çingiz
xan "monqol və tatar boylarını qurultayda
yığıb deyir: "Ulusum, mən sizin xanınız - əlini
Börteyə uzadıb əlavə edir. - Bu da mənim
xanım". O zamandan xanın həyat yoldaşına
xanım deyirlər.
Börte
xatun Timuçinin Çingiz xan olmasında müstəsna xidmətlər
göstərir. Onu min bir əzabla təkbaşına
ölüm həbsxanasından xilas edir, yüksəldir,
oğlanlarını böyüdür və məcbur edir ki,
həmişə atalarını dinləsinlər, sözlərinə
qulaq assınlar. Məhz bu xatunun əməyi, səyi nəticəsində
Çingiz xan böyük bir imperiya yaradır, onu ən
çətin anlarda öz ağıllı məsləhətlərilə
vəziyyətdən çıxardır. Börte xatun yeganə
adam idi ki, Çingiz xanın yanına qəbul qapısından
girmirdi. Çingiz xanı hələ Timuçin olanda bir
neçə dəfə çadırda ölümdən
qurtarmışdı. Əri xan seçildikdən sonra demək
olar ki, başkənd Qaraqorumdan çıxmamış,
dünyanın hər yerindən gələn, daşınan
misli görünməmiş sərvətin məsuliyyətinin
birbaşa cavabdehi idi.
Timuçin,
Çingiz adları türkcə, tatarca olduğu kimi
"Börte"də əski türk anlamında
"börd/qurd" anlamına gəlir. Hətta göy
türkləri dəmir dağları yandırıb dünyaya
savaş açdıqları zaman belə deyirdilər:
Ergenekon
yurdun adı
Borteçine
qurdun adı
Börte
xatun 1230-cu ildə Qaraqorumda dünyasını dəyişmişdir.
Amma mənbələr onun bir zamanlar əsir
düşmüş Türkan xatunla münasibətləri
haqqında heç bir məluman vermir. Ola bilməz ki,
münasibətləri olmasın. Ən azı Börte xatun ərinin
fəthlərini ciddi izləyirdi və ola bilməz ki, Xarəzmşah
dövləti haqqında xüsusi bilgilərə Türkan
xatun vasitəsilə yiyələnməsin.
Möminə
xatun (Atabəylər dövrü, XIII əsr)
Azərbaycanın
həşəmətli qadınlarından biri,
dövrünün törələrinə əməl edən,
amma ərinin yanından heç zaman ayrılmayan Möminə
xatun. Onun haqqında az bilgilər olsa da, o da məlumdur ki, ilk
dəfə sultan II Toğrula ərə gedib və ondan Arslan adlı bir
övladı olub və bu şahzadənin Atabəyi sarayda
Şəmsəddin Eldəniz olub. Dövrünə görə
sultanın xanımı sıradan biri ola bilməzdi. Deyilənə
görə, onun əsli-nəcabəti Əfrasiyabın (Alp
Ər Tonqa) qız şahzadələri üçün
tikdirdiyi Qa(ə)zvin şəhərinə gedib
çıxır. Hər halda saraydakı ağıllı
davranışı, hakimiyyət pillələrində
hansı oyunların qurulduğunu gözəl bilən bu xatun
bütün ədavətlərdən uzaq duraraq əvvəlcə
sultan II Toğruldan olan oğlu Arslanı hakimiyyətə gətirmək,
sonra sultan Məsudun onu oğlunun Atabəy Eldənizə verməsilə,
sonuncunun sonsuz hakimiyyətə yiyələnməsi, ən
sonda isə Eldənizdən olan övladlarının - Cahan Pəhləvanın
və Qızıl Arslanın səlcuq
dövlətinə yiyələnməsi onun hansı kökdən,
nəsildən olmasından xəbər verir.
Deyilənə
görə, Möminə xatunun birinci əri II Toğrula sui-qəsd
(1235) olunmuş, lakin Möminə xatun oğlu Arslana xətər
dəyməsin deyə susmuşdur. Sonradan sultan Məsud xatunu
saraydan uzaqlaşdırmaq üçün oğlunun Atabəyi
Eldənizə ərə vermiş və onlara əvvəlcə
Bərdəni, sonra Gəncəni iqta etmişdir.
Möminə
xatun Atabəy Eldənizi həmişə ölkə səyahətlərində
müşayiət edirdi, Dövlət əhəmiyyətli məsələlərdə
xatunun fikri ilə hesablaşırdılar. Möminə xatun
xalq arasında böyük hörmətə sahib idi, mədəniyyətin,
maarifin inkişafına köməklik edirdi. Bu
ağıllı və hörmətəlayiq qadının
şərəfinə ölümündən (1175) sonra memar
Əcəmi tərəfindən Naxçıvanda
"Möminə xatun" məqbərəsi tikilir.
Möminə
xatun birinci oğlu Arslanla (onu hakimiyyətə Atabəy gətirmişdi)
Eldənizin münasibətlərinin sağlam olması
uğrunda mübarizə aparmışdır. Dövləti və
övladlarını qorumaq onun əsas qayəsi idi. O
dövrünün bütün siyasi hadisələrindən xəbərdar
idi və vaxtında Atabəyi xəbərdar edirdi. Xatun həmçinin
oğlu sultan Arslanla Eldəniz arasında vasitəçi
rolunu oynayırdı. Bədxahlar onların arasını
vurmaq istəyəndə Möminə xatun oğlunun yanına
getmiş və salnaməçi Sədrəddin əl-Hüseyni
bunu belə qələmə almışdır:
"Sultan
Arslan yalnız formal, Eldəniz isə həqiqətdə hakim
idi. (Atabəy) əmrlər verir, torpaqları iqta kimi
paylayır, xəzinələri özü istədiyi kimi
ölkənin hər hansı bir yerinə köçürərək,
onların ixtiyarını əlində saxlayırdı. Sultan
isə bu barədə onunla ixtilafa girə bilmirdi və bəzən
onun sinəsi Atabəy Eldənizin idarə işlərindəki
mütləqiyyətindən, əmrlər (verməməsindən),
istədiyi adama iqta paylamasından sıxılırdı.
Sultan bu barədə danışanda, onun anası Möminə
xatun belə cavab verirdi: "Özünü o yerə qoyma! Bu
adam özünü təhlükə altına qoymuş və
dönə-dönə ağır döyüşlərə
atılmışdı. (Bundan başqa) o, özünün ən
qiymətli xeyirxahlığını əsirgəməmiş,
səni sultan (taxtına) çıxaranadək
özünün çoxlu qulam və silahdaşlarını
ölümə göndərmişdi. Səlcuqların işərisində
səndən böyükləri nə qədər var, ancaq həbslərdə
yatırlar və həyatları sıxıntılı
keçir. Onlar öz yerlərindən tərpənə bilsəydilər,
qəsdləri yüksək olardı. Ancaq onlar bacarmırlar.
Sən isə sultan taxtındasan, o da, onun iki oğlu da sənə
qulluq edir, sənin qabağında durur, sənin düşmənlərinlə
vuruşur, rəqiblərinə üstün gəlirlər, sən
və sənin könlün bütün bunlardan azaddır!
Atabəy hər nə edirsə-bağışlayır və
ya geri alır - bunların hamısı sənin qüdrətli
dövlətinin möhkəmləndirilməsi, hakimiyyətinin
daha da bərkiməsi üçün edilir. Qoy onun hərəkətləri
səni kədərləndirməsin, onun cəhdləri səni
qayğılandırmasın. O ki, sənin məmlükündür!"
O, öz anasından bunları eşitdikcə susurdu.
Ardı
var
YUNUS
OĞUZ
Olaylar.-
2025.- 2-8 may, ¹15.- S.12.