Uşaqların erkən yaşda işləməsi:
çətinliklər və fürsətlər
Uşaqlıq - bir insanın sonradan içində daşıdığı ən
təmiz, ən kövrək guşəsi,
həyatda heç vaxt təkrar olmayacaq bir dövrün
adıdır. O dövr
ki, insanın dünyaya qarşı ən saf və
təmiz hissləri ilə doludur. Bu, eyni zamanda
təcrübəsizliyin, təhsilin
və yetkinliyin başlanğıcıdır. Uşaqlıq,
həm də fərdin həyatının
ilk addımlarını
atdığı bir mərhələdir. Uşaq
olmaq, elə bil ki, dünyanın
çox az dərəcədə qorxusuz,
sərbəst, amma həm də qarışıq olduğu
bir anıdır. Lakin uşaqlıq çox da uzun
çəkmir.
Bir çox uşaqlar üçün, təəssüf ki, uşaqlıq o qədər də qayğısız olmur. Bu mərhələ, xüsusən də çətin sosial və iqtisadi şəraitdə yaşayan uşaqlar üçün hər zaman belə olmur. Onlar vaxtından əvvəl böyüyür, çünki həyat onlara daha əvvəl böyümək və iş dünyasına atılmaq üçün güc verir.
Bəziləri üçün uşaqlıq - oyun, təhsil və qayğısız günlər deməkdir. Bəziləri üçün isə - məsuliyyət, iş və həyatla erkən tanışlıq. Uşaqların erkən yaşda işləməsi, bəzən çətinlik, bəzən isə fürsət qapısı olur.
Bu gün sosial şəbəkələrdə gəlir əldə edən, model kimi podiuma çıxan, filmlərdə rol alan uşaqlarla yanaşı, günün böyük hissəsini çörək pulu qazanmaq üçün çalışan körpə əllər də var. Birində "şans", digərində "şərait" danışır.
Azərbaycan qanunvericiliyində 15 yaşına qədər uşaqların işləməsi qadağandır. Amma reallıqda bu yaş hüdudları çox zaman pozulur. Əsas məsələ isə budur: bu uşaqlar nə üçün işləyir, bu işlər onların həyatında nə dəyişir və cəmiyyət olaraq biz bu mənzərəyə haradan baxırıq?
Uşaqların erkən yaşda işləməsi, cəmiyyətin görünməyən yaralarından biridir. Əksər hallarda bu işlər məcburiyyətin, ehtiyacın, yoxsulluğun diktəsi ilə həyata keçir. Valideyn də, uşaq da, bəzən susur - çünki yaşamaq, dolanmaq lazımdır. Amma bu mənzərənin yalnız bir tərəfidir. Digər tərəfdə isə - parlayan səhnələrdə, ekran qarşısında, sosial şəbəkələrdə ulduz kimi parlayan uşaqlar var. Kimisi gözəlliyinə görə model olur, kimisi aktyorluq bacarığı ilə filmlərdə yer alır, kimisi isə on minlərlə izləyici ilə platformalarda pul qazanır. Onların işləməsi isə həm cəmiyyət, həm ailə, həm də onların özləri üçün "fürsət" kimi görünür.
Deməli, məsələ təkcə "uşaq işləyir" deyə baxılacaq qədər sadə deyil. Burada suallar çoxdur: Hansı halda bu iş zərurətdir, hansı halda inkişaf fürsəti? Bu uşaqların gələcəyi üçün bu gün nə edirik və nə etməliyik?
Çətinliklər: Zamanından əvvəl böyüyən uşaqlar
Uşaqların işləməsi onların uşaqlığını əlindən alır. Məktəbə getmək əvəzinə işləmək, oyuncaqlar əvəzinə alətlər tutmaq, dərslik əvəzinə borclarla tanış olmaq - bunlar uşaq üçün fiziki zəhmətdən daha ağır psixoloji yüklərdir.
Erkən yaşda işləmək, uşağın həm təhsilini, həm sağlamlığını, həm də gələcək potensialını ciddi şəkildə məhdudlaşdırır. Uşaq fiziki olaraq tam inkişaf etmədiyi üçün ağır iş şəraitində orqanizmi zərər görə bilər. Psixoloji baxımdan isə özünü yaşıdlarından fərqli, cəmiyyətdən təcrid olunmuş hiss etməyə başlayar. Bu da gələcəkdə özgüvən çatışmazlığı, aqressiya və sosial çətinliklərə gətirib çıxara bilər.
Bundan əlavə, çox vaxt işləyən uşaqlar istismara məruz qalır. Onlara əmək müqaviləsi verilmir, hüquqları qorunmur, təhlükəsizlik qaydaları gözlənilmir. Bu hallarda uşaq əməyinin arxasında sadəcə yoxsulluq deyil, həm də sistemin və cəmiyyətin laqeydliyi dayanır. Ən acısı isə budur ki, bu uşaqlar bəzən işləməyin "normal" olduğunu düşünürlər. Çünki ətraf mühit onlara uşaq olduqlarını unudurur. Onlar nə uşaq kimi qorunur, nə də böyüklər kimi tanınır - sadəcə həyatın yükünü daşıyan görünməz qəhrəmanlara çevrilirlər.
Ən böyük zərər təhsilə dəyir. İşləyən uşaqlar çox zaman məktəbi yarımçıq qoyur və ya dərslərdə geridə qalır. Bu isə onların gələcəkdə sosial mövqeyinə, maddi vəziyyətinə və özünü reallaşdırmasına birbaşa təsir edir. Bir dəfə geridə qalan uşaq, bəzən bir ömürlük bu tempə çata bilmir.
Fürsətlər: Potensialı vaxtında tanımaq
Erkən yaşda işləmək anlayışı bəzən yalnız yoxsulluq və məcburiyyətlə eyniləşdirilsə də, bəzi uşaqlar üçün bu proses həyat yolunun başlanğıc nöqtəsinə çevrilir. İstedad, maraq və fürsət bir nöqtədə birləşəndə - uşaq əməyindən daha çox "uşaq bacarığı"ndan danışmaq mümkün olur.
Məsələn, bəzi uşaqlar çox erkən yaşlarından musiqi alətlərinə maraq göstərir, kamera qarşısında özlərini rahat hiss edir, ya da sosial şəbəkədə kontent hazırlayaraq minlərlə insanın diqqətini çəkir. Bu bacarıqlar valideyn və cəmiyyət tərəfindən düzgün yönləndirildikdə, onlar həm inkişaf edir, həm də maddi qazanc gətirə bilir.
Model, aktyor və musiqiçi kimi sahələrdə uşaq istedadlarına tələbat bütün dünyada olduğu kimi Azərbaycanda da artır. Uğur qazanmış gənc simalar - reklamlarda, filmlərdə, podiumlarda görünən uşaq simaları - yalnız vizual cazibə ilə deyil, həm də məsuliyyətli yanaşma və dəstək sayəsində formalaşır. Bu uşaqlar özlərini ifadə etməyi, nizam-intizamı, ictimaiyyət qarşısında davranışı erkən yaşda öyrənirlər. Bu, həm sosial bacarıqlar, həm də gələcəkdə peşə seçimi baxımından onlara böyük üstünlük verir.
Daha bir müasir fürsət - sosial media. Bəzi uşaqlar kontent yaradıcılığı
ilə məşğul
olur, oyun icmalları hazırlayır,
bloqlar çəkir və minlərlə insanın izlədiyi platformalarda uğur qazanırlar. Onlar həm özlərini ifadə edir, həm də ailələrinə dəstək
olurlar. Əlbəttə,
bu fəaliyyətlərin
arxasında doğru idarəçilik və nəzarət olmalıdır.
Valideynlərin rolu burada xüsusilə əhəmiyyətlidir - uşağın
psixoloji və fiziki sağlamlığı
qurban verilmədən
bu fürsətlərə
çevrilə bilər.
Müasir
dövrdə uşaqların
erkən yaşda işlədiyi platformalardan
biri də sosial şəbəkələrdir.
Bəzən 8-10 yaşlı
uşaqlar YouTube-da oyun
icmalları hazırlayır,
TikTok-da müxtəlif
videolar çəkir,
Instagram-da məhsul reklam
edir və ya izləyici qazanır. Düzgün yönləndirilmiş, nəzarət
olunan və etik çərçivədə
qurulmuş bu fəaliyyətlər uşağın
yaradıcılığını inkişaf etdirə, onu texnoloji bacarıqlara
yiyələndirə bilər.
Bu, bir fürsətdir.
Amma hər fürsətin içində potensial bir təhlükə yatır. Sosial şəbəkələr uşaqları
tənqidlərə, bəzən
aqressiv və mənəvi zərərli
şərhlərə açıq
edir. Bu yaşda bir uşaq özünü
ifadə etməyi öyrənməkdədir, amma
mənfi rəylər,
lağ obyektinə çevrilmək, izlənmə
sayı üçün
təzyiq altında olmaq onun psixologiyasına
ağır təsir edə bilər. Xüsusilə TikTok canlı yayımları və pul qazanmaq
məqsədilə edilən
şoular artıq bir çox hallarda uşaq hüquqlarının pozulmasına
çevrilir. Uşaqlar
məcburi şəkildə
efirdə əyləndirilir,
qeyri-sağlam davranışlara
təşviq edilir və "bəyənmə"lər
üçün öz
azadlıqlarını qurban
verirlər. Bu zaman uşaq
özünü sevilmək
üçün daim nəsə göstərməli
olan bir fiqura çevrilir - bu isə sağlam
inkişafın tam əksidir.
Eyni zamanda, sosial şəbəkələrdə kontent yaratmaq müəyyən kommersiya
maraqlarına xidmət
etdikdə, uşaq bir məhsula çevrilə bilər. Onun uşaqlığı
- oyunları, təhsil
həyatı və dostluq münasibətləri
- ikinci plana atılır.
Bu səbəbdən sosial
mediada fəaliyyət
göstərən uşaqlara
mütləq valideyn nəzarəti, psixoloji dəstək və etik sərhədlər vacibdir. Əgər bu çərçivələr
qorunmazsa, qazanılan pul belə, itirilən uşaqlığın
qarşılığında çox kiçik görünər.
Burada əsas məsələ balansdır: uşaq nəinki işləməməli,
həm də işləyərkən istismar
edilməməlidir. Əksinə,
bacarığı və
istedadı tanınmalı,
ona mühit və imkan yaradılmalıdır.
Belə olduqda uşaq zamanından əvvəl "böyümür",
əksinə - öz uşaqlığını dərin
və mənalı şəkildə yaşayır.
Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı Olaylar.az-a rəy
bildirib:
Uşaq
əməyilə bağlı
Azərbaycandakı mövcud
situasiyalar çox ziddiyyətlidir. Burada məsələnin iki tərəfi var. Biri müasir
tendensiyalar nəticəsində
hazırda uşaqların
daha tez fəaliyyətlə məşğul
olması, texnologiyaların
verdiyi imkanlardan bəhrələnməsi, öz
istedadlarını, bacarıqlarını
inkişaf etdirməsi,
hər hansı bir sənətdə, peşədə, IT işlərində
çalışmasıdır. Bu da yol veriləndir - yalnız 9-cu sinfi bitirdikdən sonra. Çünki 9 illik təhsil bizdə məcburidir. Ondan əvvəl uşağı
təhsildən yayındırmaq
olmaz. Mütləq şəkildə bundan sonra fəaliyyət göstərə bilər.
İkinci
qrupa isə məcburi səbəbdən
və ya zorakı şəkildə
əməyə cəlb
olunan uşaqlar daxildir. Bu da iki yerə bölünür.
Bunlardan
biri uşaq istismarıdır - kimlərsə
qəsdən uşaqlardan
ucuz işçi qüvvəsi kimi istifadə edir. Bu, cinayətdir və qarşısı alınmalıdır.
İkinci
tərəf isə könüllü görünür.
Bəzi uşaqlar ailəsinin sosial vəziyyətinin ağır
olduğunu görərək
və ya evdə xəstə valideyni, müalicəyə
ehtiyacı olan ailə üzvü varsa, könüllü şəkildə işləyərək
ailəsinə kömək
etməyə çalışır.Bu uşağın
tərəfindən baxanda
vicdanlı və əxlaqlı bir davranış sayıla bilər. Amma digər tərəfdən, bu uşaq hüquqlarının
pozulmasıdır.
Bu problemin qarşısını
almaq üçün
həmin ailələrə
izah edilməlidir ki, əgər uşaq bu səbəblərdən
işləməyə məcbur
qalırsa, həmin ailələrə dövlət
tərəfindən sosial
yardım paketləri verilməlidir və ya valideynləri işlə təmin edilməlidir. Əgər valideyn xəstədirsə
və işləyə
bilmirsə, sosial yardımla təmin olunmalıdır ki, uşaq
işləməyə məcbur
qalmasın. Bu baxımdan
dövlət elə bir sosial sistem
qurmalıdır ki, uşaqların
məcbur səbəbdən
işləməsinə və
ya işlədilməsinə
ehtiyac qalmasın, bu mümkün olmasın.
Bir çox kəndlərdə
uşaqlar təsərrüfat
işlərində kömək
edir. Bu da yaxşı
haldır - dərsdən
yayındırmamaq şərti
ilə. Uşağın
zəhmətə alışdırılması
müəyyən yaşdan
sonra daha məqsədəuyğundur. Yaradıcı
və əlavə fəaliyyətlərlə məşğul
ola bilərlər. Məsələn,
gün ərzində
2-3 saat hansısa sənət öyrənirsə,
bu qəbul ediləndir - dərslərinə
mane olmadan.
Bu məsələlərə standart
yanaşma olmamalıdır.
Əsas məsələ
uşaq istismarının
qarşısını almaqdır.
Əsas prinsip budur: uşaqların zorla, məcburi şəkildə əməyinin
istismar olunmaması. Əmək Məcəlləsinə
əsasən, 15 yaşdan
aşağı uşaqların
işləməsi qadağandır.
Əsas
məsələ odur
ki, dövlət məcburi
halların qarşısını
alsın. Bu, cinayətdir
və qadağandır.
İkinci
istiqamət isə, dediyim kimi, könüllü
şəkildə işləməyə
məcbur olan uşaqları buna vadar edən səbəblərin
aradan qaldırılmasıdır.
Uşaq
pulu burada çox vacibdir. Dünyanın bir çox ölkələrində
tətbiq olunur, təəssüf ki, bizdə
yoxdur. Uşaq pulunun olması, bu kimi uşaqların
- ailəsinə kömək
etmək üçün
işləməyə məcbur
qalanların - həm öz həyatını təmin etməsinə, həm də təhsilini davam etdirməsinə kömək
edər. Amma ünvanlı
sosial yardımda da problemlər var. Müxtəlif
bəhanələrlə çətin
vəziyyətdə olan
bir çox ailələrə sosial yardım verilmir. Bu səbəbdən uşaqlar
ailələrinə kömək
etmək üçün
öz əməyini istismar etməyə məcbur olur.
Cəmiyyətə gəlincə, əgər
cəmiyyət çətin
vəziyyətdə olan
ailələrin uşaqlarının
işləməsindən narahatdırsa,
bu ailələrə yardım edə bilər.
Qohumlar,
qonşular, xeyriyyə
cəmiyyətləri, müxtəlif
sosial təşkilatlar
bu işdə dəstək göstərə
bilər. Bundan əlavə, uşaq istismarı ilə qarşılaşdıqda müvafiq
orqanlara xəbər verməklə bu cinayətlərin qarşısını
almaq mümkündür.
Cəmiyyət də bu formada öz
dəstəyini göstərə
bilər".
Uşaq
əməyi mövzusu
bir tərəfdən
ürək ağrıdır,
digər tərəfdən
düşünsək fürsət.
Çünki hər işləyən uşaq arxasında bir hekayə daşıyır
- bəzisi çətinliyin,
bəzisi istedadın,
bəzisi isə sadəcə yön verilməmiş enerjinin hekayəsini. Amma bir həqiqət dəyişmir:
uşaq olmaq, böyümək tələsmədən
yaşanmalı olan bir dövrdür.
Uşaqlar üçün "çətinliklər"i fürsətə
çevirmək istəyiriksə,
ilk addım onları dinləmək, sonra isə qorumaqdır. Uşaq işləyə bilər - amma o zaman ki, bu iş onun
ruhunu əzməsin, arzularını öldürməsin.
Zeynəb Mustafazadə
Olaylar.- 2026.- 2-8 may, ¹15.- S.23.