Təhsilin məqsədi həyatı yaxşılaşdırmaqdır
Arzu Soltan:
"Dünya ilə ayaqlaşmaq, öyrətməyə
davam etmək üçün daim öyrənmək də zəruridir"
Təhsil hər bir cəmiyyətin
inkişafının təməlidir.
Texnologiyaların sürətlə
dəyişdiyi, informasiya
bolluğunun hökm sürdüyü XXI əsrdə
təhsil sisteminin rolu daha da
artmaqdadır. Gənc
nəslin müasir dünyaya uyğun bilik və bacarıqlarla
silahlanması, onların
yaradıcı, tənqidi
düşünən, ictimai
həyata aktiv şəkildə qoşulan
fərdlər kimi formalaşması hər bir ölkənin əsas strateji məqsədlərindən biridir.
Azərbaycan da bu sahədə mühüm islahatlar aparmaqda, dünya təcrübəsini öyrənərək
təhsil sistemini davamlı şəkildə
təkmilləşdirməkdədir. Bu inkişaf yolunda cəmiyyətin maarifləndirilməsi, təhsildə
baş verən yeniliklərin, problemlərin
işıqlandırılması və ictimai müzakirəyə çıxarılması
mühüm əhəmiyyət
daşıyır.
Bu istiqamətdə böyük missiya daşıyan mətbu orqanlardan biri də 100 illik tarixi olan və Azərbaycan təhsilində xüsusi yeri ilə seçilən "Azərbaycan Məktəbi" jurnalidir. Elm və Təhsil Nazirliyinin təsis etdiyi bu akademik jurnal ölkədə təhsil sahəsində aparılan elmi-pedaqoji araşdırmaların, qabaqcıl təcrübələrin və yeniliklərin yayılmasında mühüm rol oynayır. Təhsil sahəsində müxtəlif mövzulara dair elmi məqalələr dərc etməklə yanaşı, jurnal öz oxucularına aktual və maarifləndirici məlumatlar təqdim etməyi də qarşısına məqsəd qoyub. Jurnal həm pedaqoqlar, həm də təhsil işçiləri, tələbələr və valideynlər üçün dəyərli bir resurs olaraq çıxış edir.
Belə bir missiyanın daşıyıcısı olan "Azərbaycan Məktəbi" jurnalının baş redaktoru Arzu Soltan ilə söhbətimizdə bugünkü Azərbaycan məktəbinin qarşısında duran çağırışlar, təhsildə medianın rolu, müəllim obrazı, teatrla təhsilin əlaqəsi və gənc nəsildə təhsilə marağın artırılması yolları kimi mühüm mövzulara toxunduq.
-Arzu xanım,
bugünkü Azərbaycan
məktəbinin əsas
çağırışları sizcə nələrdir və bu çağırışlarla
mübarizədə medianın
rolu nə qədər önəmlidir?
-Çağırışlar deyəndə mən təhsilin qarşısında duran yenilikləri, çatmalı, mənimsəməli olduğumuz daha yüksək mərhələləri başa düşürəm. Bu baxımdan Azərbaycan məktəbi tərəqqi yolundadır. Dünya standartları, təhsil sahəsində qabaqcıl ölkələrin təcrübələri diqqətlə öyrənilir, araşdırılır, yerli tələblərə uyğunlaşdırılıb tətbiq edilir.
İstər yeni tədris metodları, yeni məzmunlu dərsliklər, istərsə də durmadan dəyişən dünya, davamlı inkişaf üçün təhsil, sosial və yaradıcı bacarıqların inkişaf etdirilməsi, "yaşıl məktəb" çağırışları ilə ayaqlaşmaq, təhsili həyatla əlaqələndirmək, elmlə təhsilin inteqrasiyasına nail olmaq baxımından davamlı işlər görülür.
Çağırışlar sözünün həm müsbət, həm də bir qədər əks çaları var. Dünyanın hər yerində təhsilin qarşısında duran əsas çətinliklər - müxtəlif münaqişələrin, iqlim dəyişikliklərinin təsirləri, sinifdə zorakılıq və bullinq halları, sosial media savadlılığının azlığı və s. bu kimi məsələlərdir.
Media bu sahədə öz üzərinə düşən vəzifəni anlamalı, çətinlikləri aradan qaldırmalı olanları hərəkətə gətirməyi, çətinliklər olmasa hər kəsin yaşayışının nə qədər yaxşılaşacağını nümayiş etdirməyi bacarmalıdır.
- "Azərbaycan Məktəbi" jurnalının
baş redaktoru olaraq təhsildəki yenilikləri və problemləri işıqlandırarkən
hansı prinsiplərə
əsaslanırsınız?
-"Azərbaycan Məktəbi" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Qeyd edim ki, jurnal 1924-cü ildən nəşr olunur. Yəni 100 ildən artıqdır ki, təhsil sisteminin yenilənməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında iştirak edir.
Jurnalda təhsil idarəçiliyi, təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi, təhsil siyasəti, kurikulum, təhsil texnologiyaları, pedaqogika, təhsilin sosiologiyası, təhsil tarixi, xüsusi təhsil, müəllim hazırlığı, qiymətləndirmə və s. tədqiqat sahələri üzrə məqalələr dərc olunur.
Onu da deyim ki, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.
Bununla yanaşı, jurnalımızın internet səhifəsində "Aktual" bölməsi var. Burada biz öyrətmək və öyrənmək ilə bağlı yeni metodlardan və təcrübələrdən, uzaqdakı məktəblərdən, sosial mediadan təhlükəsiz istifadə qaydalarından, ekovətəndaşlıqdan, oxunmalı kitablardan, izlənməli filmlərdən və başqa aktual məsələlərdən bəhs edirik. "Aktual" bölməsində təhsil işçiləri, tələbələr, şagirdlər, eləcə də valideynlər özləri üçün faydalı məlumatlar tapa bilərlər. Prinsipimiz dövlətimizə, xalğımıza, insana, firavan gələcəyə xidmət etməkdir.
-Sizcə, cəmiyyətdə təhsilə
münasibət illər
ərzində necə
dəyişib və bu dəyişikliklər təhsilin inkişafına
necə təsir edib?
-Düşünürəm ki, insanlar təhsilin əhəmiyyətini daha çox anlamağa başlayırlar. Yəni sadəcə diplom yox, həyatı daha da yaxşılaşdırmaq naminə bilik və bacarıqlar əldə etmək üçün təhsil almağın vacibliyi indi daha aydın görünür. Bu da insanların ixtisas seçimlərinə təsir edir, eləcə də yalnız ali məktəblərə deyil, həm də peşə təhsili müəssisələrinə üz tutmalarına səbəb olur. Tələbat artıqca keyfiyyətin də artması zərurəti yaranır və təhsil sahəsində aparılan davamlı islahatlar da göz qabağındadır.
-Teatr fəaliyyəti
ilə də məşğulsunuz: təhsil
və teatr sənəti arasında hansı paralellər görürsünüz və
bu iki sahə
bir-birinə necə təsir edə bilər?
-Teatr bir mədəniyyət sahəsidir. Bildiyiniz kimi, mədəniyyət sözünün kökünün də latın dilində mənası "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" dır. Bu baxımdan teatrla təhsilin məqsədləri üst-üstə düşür. Müəllifi olduğum tamaşaların bir çoxu da bu gün cəmiyyəti narahat edən müxtəlif mövzularda maarifçilik missiyası daşıyır.
Yəni teatr həmişə təhsilin yanındadır. Teatr da təhsilin çatmaq istədiyi məqsədlərə, savadlı, Vətənini sevən, emosional zəkası inkişaf etmiş, öz sağlamlığını qoruya bilən, cəmiyyətə faydalı olan bir işin qulpundan tutan, möhkəm ailə dəyərləri olan intellektli və xoşbəxt insanların yetişdirilməsinə çalışır.Təhsil isə bütün bu fəaliyyətlərin başlanğıcında durur. Başqa bütün sahələrdə olduğu kimi, teatr sahəsində də çalışan insanların, yaranan əsərlərin keyfiyyəti təhsillə bağlıdır.
-Gənc nəsildə
təhsilə maraq yaratmaq üçün məktəblərdə və
mediada hansı üsullara üstünlük
verilməlidir?
-İnsan özünü harada yaxşı hiss edirsə ora can atır. Bu baxımdan məktəb də, media
da insanlara özünü
xoşbəxt hiss etmək
imkanı yaratmalı,
bunun yollarını göstərməlidir. Söhbət
əyləncədən və
ya sosial mediada məqsədsiz vaxt keçirməkdən
getmir. Məktəb və media vasitəsilə
insan öz dəyərini anlamağa başlamalı, özünü
kəşf etmək, faydalı hiss etmək, aid
olmaq, özünü
ifadə etmək imkanı qazanmalı, qarşısına çıxan
gözlənilməz problemləri
həll etməyin yollarını öyrənməlidir.
Şagirdə başa
salmalıyıq ki, məktəb
onun dostudur, ona verilən fürsətdir, onun üçün çalışır.
Professor Bəşir Əhmədovun
1972-ci ildə "Azərbaycan
Məktəbi" jurnalının
6-cı sayında dərc
olunmuş "Şagirdlərin
təlim marağının
inkişaf etdirilməsi"
məqaləsində qeyd
olunur ki, "Mövzunun
əhəmiyyətini başa
salmaq təlimin ən gözəl motivlərindən biridir".
Bu baxımdan biz təhsilalanlara
təhsilin onların və bütünlükdə
yaşadığımız dünyanın həyatında
və gələcəyində
rolunu, əhəmiyyətini
başa salmağa nail
olmaqla onlara motivasiya verə bilərik.
- Bir təhsil jurnalının baş redaktoru kimi, bugünkü müəllim obrazı haqqında düşüncələrinizi
bilmək maraqlı olardı: biz hansı müəllimləri yetişdirməliyik
ki, gələcək Azərbaycanı
daha güclü görək?
-Mən müəllimlərlə
tez-tez görüşürəm
və deyə bilərəm ki, bugünkü
Azərbaycan müəlliminin
daim öz üzərində işlədiyini,
inkişafa can atdığını,
yeniliklərə açıq
olduğunu müşahidə
edirəm. Çünki
dünya durmadan dəyişir və inkişaf edir. Dünya ilə ayaqlaşmaq, öyrətməyə
davam etmək üçün daim öyrənmək də zəruridir.
Səidə Ramazanova
Olaylar.-
2025.- 2-8 may, ¹15.- S.19.