“150 ilin 30 ilində
“Olaylar”ın imzası var”
“Olaylar” qəzetinin 30 illik yubiley tədbirindən
reportaja bənzər reportaj
Aprelin 25-də
Azərbaycan Mətbuat Şurasında "Olaylar"
qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirildi. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirdi ki, "Olaylar" qəzeti və eyni adlı
informasiya agentliyi fəaliyyətə başladığı
ilk günlərdən populyarlıq
qazanıb, ictimai fikrin müntəzəm yayım platformasına çevrilib.
"Olaylar"ın insanların
mətbu sözə ehtiyac duyduğu bir vaxtda meydana
atıldığını diqqətə çatdıran
R.Məcid əlavə edib ki, nəşrin tez bir zamanda böyüyən
kollektivi işə məsuliyyətli yanaşma
tərzi ilə bu ehtiyacı qarşılamağı bacardı.
Nəticədə media orqanı
informasiya agentliyi olaraq təkcə ölkəmizdə deyil, xaricdə də mühüm istinad mənbəyinə çevrildi
ki, bu, ötən illərin qürur dolu xatirəsidir. R.Məcid onu
da bildirib ki, bu günün "Olaylar"ı
oxucuların müntəzəm
görüşünə gələn,
özünün dəsti-xətti
ilə seçilən
milli mətbuatımızın şanlı ənənələrinə
sadiq jurnalistika məktəbidir. Bu yüksək
statusun əldə edilməsində nəşrin
baş redaktoru, çoxşaxəli yaradıcılıq
diapazonu ilə seçilən, tarixi romanlar müəllifi Yunus Oğuzun xidmətləri misilsizdir.
Y.Oğuz ölkəmiz üçün
ən çətin zamanda mətbu sözün cəmiyyət
həyatındakı rolunu
əməli fəaliyyəti
ilə sübuta yetirmiş istedad sahibi, jurnalistikanın ölkəmizə qazandırdığı
dəyərli ziyalıdır.
MŞ sədri hazırda "Olaylar" Media Qrupu kimi fəaliyyət göstərən strukturun
Y.Oğuzun yaradıcı yanaşmasının şah əsəri olduğunu bildirib və Mətbuat Şurasının
"Olaylar" qəzetinə
diplomunu ona təqdim edib.
Həmçinin Müstəqil Jurnalistlər
Konfederasiyasının "Yazarlar" jurnalı, eləcə də "Hədəf" qrpu "Olaylar" qəzetini 30 illik yübiley münasibətilə Fəxri fərmanla təltif ediblər.
"Olaylar" bir fikir məktəbidir
Medianın İnkişafı Agentliyinin
İcraçı Direktorunun
müavini Natiq Məmmədli bildirdi ki, fəaliyyətə başlamasının
30 illiyi qeyd edilən "Olaylar" özündə dərin mətbu yaddaşı əks etdirən, müstəqillik illərinin
salnaməsini yaradan
media orqanlarımızdandır. Qazandığı yüksək
status isə onu həm də cəmiyyətin azad düşüncə tribunası
kimi qiymətləndirməyə
əsas verir: "30 ilə dönüb geri baxanda cavan
yaşında "Olaylar"da
əlinə qələm
alıb fəaliyyətə
başlayan dostlarımızın
saçının ağarmasını
görürük. Yəni,
təbiət öz əlini gəzdirib insanın simasına. Amma başqa peşələrdən
fərqli olaraq biz yaşlaşdıqca daha çox yazıya bağlanırıq. Daha doğrusu, sözləri seçərək, onun qədrini bilərək yazırıq. Bu bacarığı
xarakterində cəmləşdirən
insanların hamısı
Azərbaycanda qəzetlərin
ətrafında birləşib".
N.Məmmədli əlavə edib ki, bu il Azərbaycan mətbuatının 150 illiyi
qeyd edilir: "150 ilin 30 ilində "Olaylar"ın imzası
var. Bu 150 ildə yol gələn Azərbaycan jurnalistikası ətrafında
cəmləşən elə
bir ziyalı yoxdur ki, millətin gələcəyi haqqında
düşünsün, amma
özünü qəzetdə ifadə etməsin. Elə bir maarifçimiz, elə bir mütəfəkkirimiz
yoxdur ki, o bir ocaq kimi qəzetin
ətrafında yığışmasın.
İndi texnilogiya inkişaf
edir, yeni texnologiyalar fonunda hamı özünü jurnalist, fikir daşıyıcısı
hesab edir. Əgər obrazlı şəkildə qəzeti
köhnə bir ov tüfənginə bənzətsək,
onu görməzdən
gəlməyə bilmərik.
Nəzərə almaq
lazımdır ki, köhnə
ov tüfəngi
də atəş açır və hədəfə dəyir.
Ona görə qəzetlə,
fikir adamı ilə ehtiramla davranmaq lazımdır".
O, bildirib ki, "Olaylar"
ın ənənə
yaratmış başqa
qəzetlərdən fərqli
xüsusiyyəti ondan
ibarətdir ki, "Olaylar"
bir fikir məktəbidir. "Olaylar"
həm də bir ədəbi məktəbdir. Onun başında dayanan, rəhbərlik edən şəxsiyyətin öz
keyfiyyəti, xarakteri,
yaradıcılıq tərzi
yaratdığı qəzetdə
özünü ifadə
edib. Bir yazıçı
kimi Yunus Oğuzun məqsədi Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan ibarətdir. "Olaylar"
da bizim mətbu yaddaşımızdır. Düşünürəm
ki, "Olaylar" qəzetinin
ən gözəl nümunələri bundan sonra işıq üzü görəcək".
"Olaylar" Azərbaycan mətbuat
tarixində özünəməxsus bir iz buraxıb
Millət
vəkili Ceyhun Məmmədov qeyd edib ki, hər bir ölkənin ictimai-siyasi həyatında
media böyük bir gücə və rola malikdir: "Demək olar ki, bu gün dünyamızı
media idarə edir. Bu gün Azərbaycanda bir neçə qəzet bütün çətinliklərə baxmayaraq
ənənəvi medianı
davam etdirir. Bu onu göstərir ki, ənənəvi medianı
qoryuyb saxlamaq, onun rolunu təmin
etmək mümkündür.
Düzdür, bu çox çətindir, amma ötən dövrə nəzər saldıqda görürük
ki, Azərbaycan mətbuatı
şərəfli bir yol keçib. Son illər media subyektləri
arasında rəqabət
artıb, tez-tez müxtəlif saytlar yaranır. Bu gün saytlar, sosial media var ki, insanlar müxtəlif kanallardan məlumat əldə edirlər. Hazırda qəzeti, xəbər agentliyini saxlamaq, ənənələri
davam etdirmək elə də asan məsələ deyil. Amma bunu bəzi mətbu orqanları edirlər ki, onlardan biri də
"Olaylar" qəzetidir.
Öz dəsti-xətti
ilə obyektiv olmaq, orta yol
tutmaq, dövlətçilik
marağından çıxış
etmək, dövlətçilik
prinsiplərini qorumaq heç də hər bir media orqanına qismət olan bir məsələ
deyil. Medianın əsas məqsədi dövlətçiliyə xidmət,
dövlətçilik ənənələrinin
möhkəmləndirilməsi olmalıdır. Bu mənada
bizim qarşımızda çox
böyük vəzifələr
durur. Çünki, qlobal media, kənar təsirlər, müdaxilələr
fonunda bizim medianın da işi çətinləşir. "Olaylar"
30 il çətinliklərlə müxtəlif mərhələlərdən
keçib. 30 il ayaqda qalmaq, bir media quruluşunu saxlamaq asan bir iş
deyil. Düşünürəm
ki, "Olaylar" Azərbaycan
mətbuat tarixində
özünəməxsus bir
iz buraxıb".
"Olaylar" kimi qəzetlərə həmişə
ehtiyac olacaq
Qəzetin baş redaktoru Yunus Oğuzun taleyi ilə "Olaylar" media resursunun taleyinin üst-üstə
düşdüyünü diqqətə çatdıran
"Bakı Xəbər"
qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, "Olaylar" bir qəzet olaraq Azərbaycanın
müstəqilliyi uğrunda
gedən mübarizə
tarixini özündə
yazıb əks etdirib: "Yəqin ki, illər sonra bu dövrü araşdıranda heç şübhəsiz ki, müstəqillik
uğrunda mübarizə
tarixinin qaynaqlarından
olan "Olaylar"a
da müraciət edəcəklər.
Yunus bəyin özü də bizim millətin, dövlətin və bütün türk tarixinin sanballı araşdırıcılarından biridir. Beləliklə iki tale birləşib-Yunus
Oğuz özü Azərbaycan, türk millətinin
tarixini araşdıran
bir ziyalı kimi ortalığa nümunə qoyub. Qəzet də Azərbaycanın müstəqilliyi
uğrunda mübarizə
tarixini yazan bir media orqanı kimi ortadadır. Nə qədər ki, dövlətçilik, müstəqillik
uğrunda mübarizə
var, o ənənələri özündə yaşadan
media orqanı olaraq
"Olaylar" kimi qəzetlərə həmişə
ehtiyac olacaq. Nə qədər çətinlik olsa da
"Olaylar" bundan sonra da fəaliyyətini davam etdirəcək. Qəzetdən sayta, saytdan agentliyə keçdiyi kimi gələn "Olaylar"
yeni bir seqmenti tapacaq. Ya televiziyası
olacaq, ya da texnologiyanın inkişaf səviyyəsindən asılı
olaraq hansısa bir formada özünü
təsdiqləməyə çalışacaq".
Nə "Olaylar" qəzeti,
nə də agentlliyi heç vaxt reketçilik etmədi
Atatürk
Mərkəzinin rəhbəri,
filalogiya elmləri dokrtoru Nizami Cəfərov qeyd edib ki, "Olaylar" qəzeti və "Olaylar"İnformasiya Agentliyi Yunus Oğuzun yaradıcılığıdır:
"90-cı illərin əvvəlində
hamı qəzet çıxarırdı, əksər
insanlar qəzetlə bağlı idi. Elm sənət, siyasət adamlarının hamısı
qəzetlə bağlı
idi. Yunus Oğuz bu sahəyə
sadəcə özünü
qəzetdə sınamaq
üçün yox, daha məsləkli, daha əqidəli şəkildə gəlmişdi.
Həm də yaxşı məktəb keçmişdi, peşəkar
fəlsəfə öyrənmiş
adam idi. Bunlar hamısı onun yaradıcılığına
təsir elədi. O
zaman mətbuatda türkçülük
yeni-yeni formalaşırdı. Türk dünyası barədə həqiqətə
uyğun olmayan elə şeylər deyirdilər ki, məlumatsız
adam onun xeyri, yaxud ziyanının
fərqində deyildi.
Yunus Oğuz isə bu barədə
peşəkar idi.
"Əkinçi"dən bəri bizim mətbuatımızda bir sıra mövzular tarix olub. Milliliyimizin göstəricisi
dilimiz, tariximiz və etnoqrafiyamız olub. İndi mətbuatımız
hər sahədə o
milliliyimizi təbliğ
edə bilir. Yunuc Oğuzun tarixdən gəlməsi, dili yaxşı bilməsi, ictimai şüurunun geniş olması öz sözünü dedi. Nə "Olaylar" qəzeti, nə də agentlliyi heç vaxt reketçilik etmədi. Hansı ki, o dövrün
mətbuatını reketçiliksiz
təsəvvür etmək
mümkün deyil.
"Olaylar"da operativlik
də daim yüksək səviyyədə
olub. Bu agentlik və qəzet obyektiv məlumat verməyi özünə
amal seçib".
Etibarlı söz tribunası
"Olaylar"ın ötən
müddət ərzində
əsl jurnalistika məktəbi kimi fəaliyyət göstərdiyini
diqqətə çatdıran yazıçı-publisist,
Ədəbiyyat Fondunun
baş direktoru Varis Yolçuyev qeyd edib ki, qəzet
daim dövlətçilik
mövqeyindən çıxış
edib, ölkənin ictimai fikrinin formalaşmasında mühüm
rol oynayıb. Əlavə edib ki, "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyi dünyanın müxtəlif
ölkələrində yaşayan
azərbaycanlıların etibarlı
söz tribunası kimi fəaliyyət göstərib.
"Olaylar" qəzetinin şərəfli yol keçdiyini qeyd edən Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan
Yazıçılar Birliyinin
üzvü, "Qızıl
qələm" mükafatı
laureatı Zaur Ustac bildirib ki, hazırda da bu qəzet öz mövqeyini qoruyub saxlayır. Bir media quruluşu,
kütləvi informasiya
vasitəsi kimi cəmiyyətin maariflənməsi,
ictimai-siyasi proseslərin
təhlili baxımından
hər zaman öndə
gedir. "Olaylar" xəbərləri təqdim
edən və dərc edən bir nəşr olaraq baş verən hadisələr barəsində insanların
məlumatlandırılmasında mühüm rol oynayır.
Nasir, tərcüməçi, dramaturq,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü Əyyub Qiyas də keçmişdə
və hazırda "Olaylar" qəzetində
işləyənlərin hamısını
təbrik edib: "Mən 1995-ci ili xatırlayıram. Onda Sumqayıtda mətbuat yayımında işləyirdim.
Qəzetlərin çeşidinin
çox olması bizim marağımızda idi. Çünki, yaxşı satış olanda mükafat alırdıq. "Olaylar"
o qəzetlərin içində
informasiyanın çevikliyinə
görə alınan,
seçilən qəzetlərdən
idi. Onda heç düşünməzdim
ki, illər keçəcək,
mən Yunus bəylə dostluq edəcəm, yol yoldaşı olacağıq, bir-birimizlə münasibətimiz
olacaq. Yunus müəllimlə dostluğuma
görə qürur duyuram. Bu qürur illər boyu davam edəcək. Allah var
eləsin. "Olaylar"
həmişə yaşasın"!
Filologiya
üzrə fəlsəfə
doktoru, yazıçı
və tərcüməçi
Kamran Nəzərli bildirib
ki, yurnalistika informasiya
ilə işləyir,
ədəbiyyat isə
həmin informasiyanı
ədəbi fakturaya çevirə bilir: "Yunus müəllimin başçılıq etdiyi
qəzet həm klassik ənənəyə,
həm də müasir modern ənənəyə
söykənərək xəbər
istehsal edir. Bu iki cəhət "Olaylar"ın fəaliyyətində
çox önəmlidir.
İçi Azərbaycan ədəbiyyatı
qarışıq bütün
dünya ədəbiyyatının
tarixinə nəzər
salsaq görərik
ki, yaradıcı insanların
əksəriyyəti mətbuatın
şinelindən çıxıb.
Bu mənada Yunus müəllim də mətbuatdan gələn gözəl yazıçımızdır".
"Olaylar" əslində ən düzgün yolu tutmuş media qurumlarından biridir
Filologiya
üzrə fəlsəfə
doktoru. "Hədəf"
Şirkətlər Qrupunun
qurucusu və baş direktoru Şəmil Sadiq qeyd edib ki, 30 il bir mətbuat orqanını ayaq üstə saxlamaq çox çətin məsələdir.
Ancaq "Olaylar" 30 il ərzində bir məktəb yaradıb:
"Mənim
"Olaylar" və
Yunus Oğuzla tanışlığım ayrı-ayrı
olub. Yunus bəyi bir ədəbiyyatçı,
bir yazıçı
kimi qəbul etmişəm. Sonradan aydın olub ki, "Olaylar" elə Yunus Oğuzun yaratdığı fəaliyyətdir.
Düzdür, 90-cı illər
bizim yaş dövrümüzə düşmür,
amma qəzetin 2000-ci illlərdən bəri fəaliyyəti gözümüzün
qabağındadır. Mən
də yazılarımın
bu informasiya agentliyində yayımlanmasından
məmnunam. Düzdür,
ədəbiyyatla mətbuatı
aytırmaq çətin
məsələdir, amma
son dövrlər ayrılmaq
xətti alıb. Yunus bəyin həm yazıçı,
həm də mətbuat nümayəndəsi
kimi yaradıcılığı
tamamilə özünəməxsus
xəttə malikdir. Bizim üçün də fəxrdir ki, Yunus Oğuz "Hədəf"
nəşrlərinin yazıçısıdır.
Artıq yeni romanları
bizim nəşriyyatda
çap olunacaq. Söz vermişik ki, may ayına birini çatdıraq. Yunus bəyin türk dünyası üçün
gördüyü işlər
danılmazdır".
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, uzun illər "Olaylar" çalışmış Elman Cəfərli deyib ki,
ilk addımlarımızı
"Olaylar" dan atmışıq.
"Olaylar" dakı
mühiti akademiya mühitindən gəlmiş
Yunus bəy yaratmışdı. İlk dəfə
xəbəri, reportajı
necə yazmağı
Yunus bəy və Fatma xanımdan öyrənmişik və
onların ustad əməyini həmişə
qiymətləndirmişəm. Mənim jurnalist fəaliyyətimin 15 ili
"Olaylar" da keçib.
10 ildir "Olaylar"da
deyiləm, amma yenə də oranı özümün doğma ocağım bilirəm. Hər zaman bizim yetişməyimizdə
xidmətləri olmuş
bu adamları xoş hisslərlə xatırlayıram.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfüq
Ələsgərli bildirib
ki,90-cı illərdə yenicə
müstəqillik əldə
etmiş, demokratik qanunlar qəbul edilmş ölkədə
qəzet bumu yaşandı. Həmin dövrdə ortaya çıxan yüzlərlə
qəzetin heç də hamısına fasiləsiz fəaliyyət
göstərmək, peşəkarlıq
məktəbinə çevrilmək
və davam edib bu gün
çatmaq müyəssər
olmadı. "Olaylar"
qəzeti həmin
dövrdə fəaliyyətə
başlamış, fasiləsiz
fəaliyyət göstərmiş
və bu gün də fəaliyyətini davam etdirən azsaylı media subyektlərindən biridir.
Digər media qurumlarının
sıradan çıxması
təsadüfi deyildi,
dövrün özünün,
media sahəsinin çətinlikləri
onları sıradan çıxartdı. Amma "Olaylar"
ona rəhbərlik edən şəxslər sayəsində fədakarlıq
göstərərək öz
fəaliyyətlərini davam
etdirdilər. 90-cı illərin
başqa bir çətinliyi də var
idi. Azərbaycan müstəqillik qazanmışdı,
bunu böyük ruh yüksəkliyi ilə qeyd edirdik.
Amma Azərbaycanın gələcəkdə
harada olacağı ilə bağlı bir ideoloji çarpışma
var idi. Həmin dövrdə bizim media qurumları, bəzi liderlər var idi ki, bu ideloji boşluqdan istifadə
edib insanları aydınladıb düzgün
istiqamətə yönləndirmək
üçün savaş
aparırdılar. Tale elə
gətirib ki, mən də fəaliyyətimə
"Olaylar" İnformasiya
Agentliyində başlamışam.
O vaxt informasiya çeşidi ilə bağlı heç vaxt bizə məhduduyyət qoyulmayıb. Bir xüsusi tapşırıq var idi
ki, türk dünyası,
Cənubi Azərbaycan,
Bütöv Azərbaycanla
bağlı zərrə
qədər sapma və naşılıq olmaz. Dediyim ideoloji boşluq və çarpışmaları
əgər bu günlə müqayisə
etsək görərik
ki, "Olaylar" əslində
ən düzgün yolu tutmuş media qurumlarından biridir".
İqtisad üzrə fəlsəfə
doktoru, "İqtisadi
araşdırmalar - beynəlxalq
jurnal"ın təsisçisi,
"Turan Araşdırma
Mərkəzi" İctimai
Birliyinin sədr müavini Cavid İsmayıl bildirib ki, mətbuat tariximizin 150 illiyinə, bir az da dərinə
getsək çağdaş
tariximizin 250 illiyinə
nəzər yetirsək,
görərik ki, son 30 ildə "Olaylar"
qəzetinin fəaliyyəti tariximizin ən şərəfli, ən mürəkkəb dönəminə düşüb.
Mənim də bütün yazılarım
"Olaylar"dan başlayıb.
Yubiley münasibətilə
bütün kollektivi təbrik edirəm.
Azərbaycan Mətbuat Şurası
İdarə Heyətinin
üzvü, əməkdar
jurnalist, "Bayraqdar Media"nın baş redaktoru Azər Həsrət mətbuatda
ilk addımını "Olaylar"da
atdığını qeyd
edib: "Mətbuatda
ilk addımlarımı atan
birisi olaraq yolumun "Olaylar"dan keçdiyinə görə,
özümü şanslı
sayıram. Milli-ideoloji
mətbuat orqanından
keçmək mənim
üçün həqiqətən
də uğurlu bir başlanğıc olub. Düzdür, ona qədər də mənim mediada fəaliyytim olub. Amma "Olaylar" məktəbi bir başqa idi. Ümumiyyətlə "Olaylar"
ailəsini həmişə
xoş duyğularla
yad eləmişəm və
bu gün də "Olaylar"la əməkdaşlıqdan məmnunam.
Bizimlə bağlı
yazılar, şərhlər
verilir. "Olaylar"da
bizim haqqımızda yazılanları sevə-sevə
oxuyuram. Ümumilikdə
"Olaylar"a bağlılığmı
heç vaxt kəsməməyə çalışıram.
30 il tarix üçün
elə də böyük bir zaman deyil. Amma nəzərə
alaq ki, Azərbaycanın
müstəilliyinini cəmisi
34 ilini yaşamışıq
və onun30 ili "Olaylar"ın taleyinə
düşüb. "Olaylar"
Azərbaycan dövltçiliyinin
səlnaməçilərindən biridir. Azərbaycanın müstəqillik dövründə
elə bir mərhələ yoxdur ki,
"Olaylar" ona işıq tutmasın. Aradan illər keçəcək, kimlərsə araşdırma
aparanda mütləq
ki, "Olaylar" qəzetini
də araşdıraraq
Azərbaycanın 30 ilini
öyrənəcəklər".
Bütün fəaliyyətində mətbuatla əməkdaşlıq
etdiyini qeyd edən şair və yazıçı, Azərbaycan Yazıçılar
Birliyinin Güney Azərbaycan Şöbəsinin
rəhbəri Sayman Aruz mətbuatın əhəmiyyətini yüksək
qiymətləndirib: " Birinci
gündən demişəm
ki, Yunus Oğuzun ədəbiyyatında publisistika
var. Əslində onun
bütün həyatında
publisistika var. Çünki,
ədəbiyyatın özü
publisistikadır. Uydurmaları
kənara qoyanda qalan nə varsa
hamısı xəbərdir.
Xəbər olan yerdə mütləq publisistikaya meyl edilir. Ədəbiyyat o
zaman ədəbiyyat olur
ki, əsər o zaman əbədiləşir
ki, onun daxilində insanlara
çata biləcək,
xoşbəxt edəcək
bir xəbər olsun. Ona görə də Yunus bəyin
ədəbi publisistikası
çox qiymətlidir.
Ona görə ki, bu xəbəri siz əvvəlcə özünüzə,
ətrafınıza, sonra
isə dünyaya yayırsız. Bu özü
də bir qeyrətin göstəricisidir.
Həqiqət budur ki,
özünün çərçivə
divarın olmasa qonşunun da mənası
itər. Hər şeydən öncə özünü düşünməli,
özün öyrənməli,
sonra sivlizasiyaların
qarışığına getməlisən, öyrənməli
və öyrətməlisən.
Bu ənənəyə sadiq
qalaraq Türk dünyasının siyasi-içtimai,
ədəbi aləmini
əhatə etməyə
çalışırsız. Arzu edirəm, gün o gün olsun Təbrizdə yubileyinizi qeyd edəsiniz.
VƏ...
Toplantıda çıxış edənlərdən MŞ İdarə
Heyətinin üzvləri
- Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu,"Azərbaycan
məktəbi" jurnalının Baş redaktoru Arzu Soltan, MŞ-nin Nəzarət-Təftiş
Komissiyasının sədri
Rey Kərimoğlu, "Türküstan"
qəzetinin baş redaktoru Aqil Camal, "Təzadlar"
qəzetinin baş redaktoru Asif Mərzili, "Crossmedia.az" saytının
baş redaktoru Mübariz Göyüşlü,
şair-jurnaist Faiq Balabəyli, peşəkar jurnalist Natəvan Bayramova, AMEA Mərkəzi Nəbatat bağının
aparıcı elmi işçisi Sadiq Qarayev və başqaları bildirdilər
ki, ötən müddətdə
əsl jurnalistika məktəbi kimi fəaliyyət göstərən
"Olaylar" yalnız
qələm sahiblərinin
deyil, eyni zamanda, ölkəmizin dəyərli ekspert və mütəxəssislərinin
yetişməsində də
mühüm rol oynayıb. Çıxış
edənlər hər
zaman dövlətçilik xəttinə sadiq "Olaylar"ın hazırda
da eyni missiyanı layiqli şəkildə daşıdığını, ölkəmizdə ictimai fikrin formalaşmasında oturuşmuş mövqeyə
sahib olduğunu, dünyanın
müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların
etibarlı söz tribunası olaraq tanındığını vurğulayıb,
xatirələrini bölüşərək
təbriklərini çatdırdılar.
Ayrı-ayrı çıxışlarda
yubilyar nəşrin keçdiyi yolun gələcək üçün
möhkəm baza və etibarlı təminat yaratdığına
dair fikirlər səslənib, bu istiqamətdə müvafiq
əsaslandırmalar aparılıb.
Sonda çıxış edən
"Olaylar" qəzetinin
və eyni adlı informasiya agentliyinin rəhbəri Y.Oğuz toplantı
iştirakçılarına təşəkkürünü dilə gətirib. O, yubilyar media orqanının
hazırkı mövqeyə
yiyələnməsində kollektivin hər bir üzvünün əməyinin olduğunu deyib, "Olaylar"a verilən dəyərdən
məmnunluğunu ifadə
edib. Y.Oğuz
"Olaylar" ailəsinin
qarşıdakı müddətdə
də ənənələrinə
sadiq şəkildə
fəaliyyət göstərəcəyinə
inandığını bildirib.
Alim Hüseynli
REDAKSİYADAN...
Və beləliklə
gəlib çatdıq 30-a... Elə bil qəzetin
ilk sayı dünən
çıxmışdı. İllər nə tez ötürmüş..Hər şey bir göz qırpımında.
Amma bu 30 ildə acılı-şirinli o qədər
hadisələr baş
verib ki... Acısı
da, şirini də xatirəyə dönüb.
Yarandığı ilk gündən
"Olaylar" bir ailə oldu. Və bu ailədə
ilk addımlarını qəzetin
səhifələrində, redaksiyanın dəhlizlərində
atan onlarla, bəlkə də yüzlərlə jurnalist
yetişdi. Bu gün
"Olaylar" olaraq onların hər biri ilə qürur
duyuruq. Onlar da bizi sevirlər....
"Olaylar"ın bu
səmimi ailəsində
(zatən bu ailədə qeyri-səmimi
olmaq mümkün deyil. Çünki ruhumuz belədir) yetişən media nümayəndələri,
hətta bu qəzetdə bircə yazısı belə gedən hər hansı bir insan bu mətbu
orqanını özünə
ocaq, dədə evi bildi. Ona görə də, "Olaylar"ın yubileyinə
hazırlaşanda, siyahımız
bir toy siyahısına
bənzədi. Burada bir zamanlar "Olaylar"da calışmış,
əməkdaşlıq etmiş
insanların və təşkilatların adları
yer alırdı. Bizim sevdiyimiz və bizi sevənlər
nə coxmuş...
Bilməmişik!..
Təşəkkür borcumuz var! Əvvəlcə dövlətimizə! Sonra yubiley tədbirimizdə sevə-sevə
iştirak edən bütün insanlara, saysız-hesabsız
təbrik
məktubu
göndərənlərə və bir də Azərbaycan Mətbuat Şurasına, şuranın sədri Rəşad Məcidə! Rəşad Məcid və onun rəhbərlik
etdiyi kollektiv bu tədbirin ən yüksək səviyyədə kecirilməsi
üçün xüsusi
bir canıyananlıq göstərdilər. Əslində
bəlkə də bunun adına çanıyananlıq yox,
sevgi deməliyik! Və ən önəmlisi "Olaylar"ın yubiley tədbirinə çox incə bir məqam bir az da şirinlik qatdı... Rəşad Məcidin atmacaları! Bilirik, bu da hörmət və sevgidən idi! Təşəkkürlər Azərbaycan
Mətbuat Şurası!
Sağ olun əziz dostlar!
Olaylar.-
2025.- 2-8 may, ¹15.- S.13-15.