“Türk” etnonimi və törələri
Əvvəli ötən
saylarımızda
Tutibikə xatun
Usmiyevlər nəslindən olan Tutibikə xatun Quba xanı Fətəli xanın həyat yoldaşı və Dərbəndin hakimi idi. Onun
haqqında çox az məlumat var. Bu da
bir daha onu göstərir ki, islamiyyət dövründə qadınların
hakim olmasına və orduya rəhbərlik etməsinə
heç də yaxşı baxmırdılar.
Bütün bunlarla yanaşı düşmən
Dərbəndə hücum
edəndə və ərinin ölüm xəbəri şayiəsi
yayılanda Tutibikə
buna inanmadı və doqquz ay mühasirədə qalan şəhəri qorudu. O 1786-cı ildə vəfat edib.
***
Avropada yayılan rəylərə baxmayaraq, orta əsrlərdə türk xalqları arasında qadının vəziyyəti heç də hüquqsuz və qul kimi deyildi. Bunu Jan-Pol Ru yazır. Qədim türklərdə islamaqədərki dövrlərdə ailədaxili münasibətlərdə qadınlar bərabər hüquqlu idilər, şəxsi azadlıqları vardı, ictimai işlərdə fəal iştirak edirdilər. Ziya Göyalpın tədqiqatlarına görə, qədim türklərdə özünəməxsus feminizm mövcud idi.
"Dədə Qorqud" dastanında (VII-XI əsrlər) oxuyuruq:
""Qan Turalı atasına deyir: "Ey əziz atam, əgər mənə məsləhət görürsənsə evlənim, bil ki, mənə hansı qız lazımdır... mən yerimdən durmamış, o dursun, atım yəhərlənməmiş, o atını artıq çapsın. Mən düşmən torpağına ayağımı basmamış, o orada olsun, mənə onların kəsilmiş başlarını gətirsin. Hə, əziz atam, beləsini istəyirəm... Yoxsa mənə elə qız məsləhət görəcəksən ki, mən də imtina edə bilməyəcəm, sonra ikimiz də çürüyəcəyik... "Qan Turalı kipriklərini qaldırıb gözaltı qıza baxdı. Görür ki, o at üstündədir, nəinki at, hətta özü də zirehə bürünüb, belində qılınc, əlində də nizə"... nə istəyirdi, o da həyata keçdi."
"Dədə Qorqud"da onu da oxuyuruq ki, qadınlar türklərdə əla at çapır, dövrün bütün silahlarından ustalıqla istifadə edirdilər. Hətta tarixdə bəhs edilən amazonkalardan heç də geri qalmırdılar. Dastanda Burla xatunu, Selcan xatunu yada salın. Onlar necə döyüşürlər, vuruşurlar, düşmənləri necə məğlub edirlər.
Beyrəyin Banuçiçəyini də unutmayın.
Firdovsi "Şahnamə" əsərində yazır ki, turan qadınları öz qəhrəmanlıqları ilə ad qazanıblar.
Bu əsərdə Təhminə, hətta öz ərini üstələyə bilir və "süvari" adına sahib olur.
Hələ yol kəsən Ərəbzəngiyə bir nəzər yetirin, heç kim onu üstələyə bilmir.
Türk qadınlarının qonşuluğunda yaşayanların, məsələn, çinli qadınların vəziyyəti isə tamam başqa idi. Qədim çin yazılarının birində ailənin başçısı ataya müraciətlə deyilir: "Qızın beş-altı yaşı olanda bütün günü evdə olmalıdır, qaçmağa və oynamağa icazə verməyin. Yeddi-səkkiz yaşında ev işlərini öyrədin; yer süpürmək, qazan təmizləmək, qab yumaq, toxumaq. On yaşı olanda evdən çıxmağı və ailənin oğlanları ilə oynamağı qadağan edin. Əgər evə qonaq gələrsə, o heç kimin gözünə görünməsin. Əgər bu qonaq qohumlardandısa gəlib hörmətlə salamlaşmalı və çəkilməlidir.
Ona çox danışmağa və ucadan gülməyə icazə verməyin, qohumları evində yaşamaq yasaqdır...
Valideynlər qızlarına tabe olmağın üç qaydasını öyrətməlidir: evdə atasına tabe olmalı, ərə gedəndə ərinin, dul qalanda isə oğlunun əmrlərilə oturub durmalıdır."
Beləcə konfus əxlaqı ilə tərbiyə olunmalıdır. Əgər qız, yaxud qadın atasına və ya ərinə qulaq asmırdısa, ölümə məhkum olunurdu, özü də boğularaq.
***
Qədim türklər Umay (ilahə) ananı (humay) çox sevir və sitayiş edirdilər, çünki, o anaların, körpələrin və balaca uşaqların himayəçisi və müdafiəçisi idi. Əgər Umay ana hirslənərdisə eldə (dövlətdə) doğuşlar dayandırılardı.
Başqa bir həşəmətli ilahə Öləng (Olənq) idi. O, Tenqirxanın xatunu sayılırdı və suyun, otun, ağacların, nikaha girənlərin himayəçisi və müdafiəçisi idi.
Tovuz rayonunun Qəribli kəndi yaxınlığında I-IV əsrlərin Hun ilahəsinin kiçik heykəli arxeoloqlar tərəfindən kəşf edilmişdir. O da doğuşu və nəsil artımını himayə edirdi.
Başqa bir türk qövmündə, saxalarda nəsilartırma ilahəsi Ayzit adlanır. Deyilənlərə inansaq, Ayzit yeni doğan qadınlara kömək edir və üç gün ərzində başı üstündə dayanıb, onu hər bəladan hifz edir. Bundan sonra o öz evinə, göyün üçüncü qatına qalxır. Ayzit tayfanın əxlaqi kodekslərini pozan qadınlara kömək etmir, əksinə cəzalandırır. Xaqanlıq dövründə ev (ocaq, eşik) təkcə kişiyə məxsus deyildi, həm də onun xanımının idi. Kişi buna görə "ev ağası", qadın isə "ev xanımı" adlanırdı.
Əfsanələrə görə (əfsanələr də elə-belə yaranmırdı, törələrdən yaranırdı və qövmü, eli qorumaq üçün xüsusi olaraq tayfada, xalqda (bodunda) hökmən bir nəfər söyləməçi (danışan olurdu ki, bütün düzülüb qoşulanları gələcək nəsillərə ötürsün) evdə, eşikdə iki ruh yaşayırdı, hansı ki, ocağı qoruyurdu. Onlardan biri kişi, digəri isə qadın ruhu idi. Birinə "od ata", digərinə isə "od ana" deyilirdi. Hər səhər evin "gəlini, yaxud qızı ocağa yağ atıb, "od ata, od ana" deyərək dualar edirdi.
İndi bildinizmi, oda, günəşə hörmət etmək hardan gəlib? Törələrdən. Yeni gün (Novruz) bayramı da məhz qədim türklərin gələnəyindən gəlirdi. Hətta min dörd yüz illik islam ehkamları, yetmiş illik həbsxana dövləti olan Sovet İttifaqı bunu qadağan edə bilmədi. Çünki bu bayram mentalitetdən, islamaqədərki adətlərdən irəli gəlirdi. Çünki bu bayramı və digər ayinləri şüur altında oturmuş etnososial psixologiyadan qopub gələn, "belə olmalıdır" deyə icra edirdik.
Törələri unudurduq, islam dini də buna daha çox çalışırdı. Amma, hardasa beynimizin dərinliyində ilişib qalan, hansısa törənin bir hissəsini həyata keçirirdik. İndi də and içəndə "od haqqı", "ocaq haqqı" deyənlərimiz çoxdur. "Su haqqı" deyənlər də vardır. Təsadüfü deyil ki, yalnız türklər övladlarına "Ocaqqulu", "Tanrıverdi", "Tanrıqulu" adları verirlər. İndi də bu proses davam edir. Törədən gələn qaydalara görə, bəzi yerlərdə nəvəyə "torun"deyirlər. İndi bu söz işlədilmir. Bir vaxtlar spermaya (kişiyə məxsus toxum mayesi) "torum" deyilirdi. Bu da nəsil davamçısı anlamına gəlirdi.
Evin girişi (eşik, ona görə indi də, hal-əhval tutanda ev-eşikdə nə var, nə yox, deyə sual veririk) türklərdə müqəddəs sayılırdı. Yad adam evə-eşiyə icazəsiz gələ bilməzdi.
Türklər ailə sədaqətinə inanılmaz dərəcədə sadiq idilər. Əvvəllər, onlara qul və çoxarvadlılıq yad idi. Adətən onlar bir qadına ömürlük sadiq olurdular. Az sayda əsir qadınlardan xidmətçi kimi istifadə edir, zaman keçdikcə onlar da bərabər hüquqlu insana çevrilir, evin bir hissəsi olurdular. Orta əsrlər tarixçisi, ağqoyunlular sarayında hadisələri qələmə alan Fəzlullah ibn Ruzbixan Xuncı özünün "Tarix Aləm areyi" kitabında, baxmayaraq ki, o ağqoyunlular haqqında yazır, lakin biz görürük ki, hələ orta əsrlərin ortalarına qədər törələrə əməl edilirdi. Beləliklə, o qeyd edir:
"- fəth etdikləri yerdə qadınlara toxunmazdılar...
onlara xaqanlıq nəsildən-nəsilə ötürərdilər", əgər törələr pozulmurdusa...
"həmişə törəpərəst olurdular...
onlar heç vaxt yalançı dini və təriqəti yaymazdılar...
alimlərə, elmə meyl edənlərə hörmətlə yanaşır, onlara hər cürə dəstək verirdilər...
onlar cəsurdurlar...
onlar evlərini öz mülkləri saydıqlarından onu qoruyurdular.
onlar tamahkar deyildilər... dostun və düşmənin ləyaqətinə hörmətlə yanaşardılar...
hakimiyyətləri altında olanların əmlaklarına toxunmur və zəbt etmirdilər...
onlar mülkiyyətində olan tanınmış və sadə insanlara qarşı mərhəmətli və səxavətli idilər, istər bu İnd çayının sahillərinə olsun, istər Azərbaycanda, hər iki İraqda, istərsə də Farsda, yaxud Kermanda...
Göründüyü kimi, hətta islam dövründə də türklər ədalətli, insaflı, sözünə düz, ləyaqətli idilər.
Lakin qədim türklər bu dünyada tək yaşamırdılar, onların Çin, əhəmənilər, sasanilər, yunanlar, Avropa kimi qonşuları da olub və cariyələri başlarına toplamaq da onlardan bizə keçib. Xaqanlığın yaranması ilə yanaşı, hökmdarlar qanuni xanımından savayı, cariyələri də səfərlərə, fəthlərə aparmağa başladılar. Qanuni xanımın cariyələrdən fərqləri əsasən ondan ibarət idi ki, onun övladı xaqan, xan nəslindən idi və hakimiyyətin varisi sayılırdı.
Bəzi türk tayfaları Çinlə sərhəddə yaşayırdılar və tez-tez bu ölkəyə hücum edir, həm də çin qadınlarını məşuqə edib onları saxlayırdılar.
Əgər məşuqə imperator soyundan idisə, ona yanaşma tamam fərqli idi. Bu məşuqələrdən
üstün olsa da, qanuni xaqan xatunundan
aşağı idi. Məşuqələr, yaxud
cariyələr heç
vaxt xaqanın arvadı ola bilməzdi. Onların uşaqları heç zaman varis sayıla bilməzdi. (Tarixdə bunun əksinə də rast gəlinib. Sultan Süleymanın cariyəsi
Roksalana sonradan qanuni xatunu hesab
edilib və oğlu da hakimiyyətə
gəlib) Türk qadının mövqeyi ailədə çox yüksək olub. Böyük ailə xaqanlıqda "soy" adlanıb.
Əgər əqraba yeddi arxa dönənin
hesab edilirdisə,
"soy"a yalnız
baba və nənə,
ata və ana, uşaqlar, dayı və xala, bibi,
əmi, onların uşaqları daxil idilər. Beləliklə,
soy ən yaxın qohumları, həm ata tərəfindən, həm də ana tərəfindən özündə
birləşdirirdi. Ailə
ana tərəfdən "ana soyu", ata tərəfdən isə
"ata soyu" adlanırdı. Bizdə isə bu bəzən
"qan" və
"sümük" qohumluğu
adlanırdı.
Ata və ana qohumları ailədə bərabər
hüquqlu sayılırdılar.
Keçmişdə türk
qızları türk
olmayana ərə getmirdilər və bir tərəfi də türk olmayana "türk" demirdilər.
Deyilənlər, həm də
hakim sülaləyə aid idi.
Taxt varisi ata tərəfdən
"təkin", ana tərəfdən
isə "inal" (inanc) titulu daşıyırdı.
Taxtda oturmuş varis hər iki - təkin və inal titulunu
daşımalı idi,
daha doğrusu, varisin hər iki tərəfi xaqan nəslindən olmalı idi. Bu qayda, hətta qacarlar (1796-1925) dövrü
də daxil olmaqla davam etmişdi.
Osmanlı imperiyasında
sultan soyun böyük
şahzadəsi olurdu.
Əski
türklərdə hər
hansı bir səbəbdən ailədə
tək oğul qalırdısa, hökmən
onun qulağına sırğa taxılardı.
Əsgərlikdə komandir
sırğalı əsgər
görüncə, ona
təhlükəli vəzifə
verməzdi, çünki
törə ona bu səlahiyyəti verməmişdi. Əgər
soyda sonuncu kişi olardısa, o zaman kişi qulağına iki sırğa taxardı. Buna da əsas səbəb əsgər soyunu davam etdirməsi
ən vacib məsələ sayılırdı.
Lakin çoxəsrlik türk
adətləri zaman keçdikcə
zəiflədi. Qədim
türk mədəniyyətinin
yerini ərəblərin,
farsların və başqa qonşuların adətləri və mədəniyyətləri tutdu.
Buna baxmayaraq, iyirminci əsrin əvvəllərinə
qədər qadın statusu bir çox
ölkələrdə və
türk tayfalarında
qorunub saxlandı.
ARDI VAR
YUNUS
OĞUZ
Olaylar.-
2025.- 16-22 may, ¹17.- S.12.