Məzələnmək
Felyeton
Deyirəm dünya dövlətləri
bir-birilə məzələnir,
Tramp da onların hamısı ilə. Dövlətlər
məzələnə-məzələnə
başlara bombalar
yağdırır, sonra
da Amerika prezidenti düşür ortalığa,
guya onları sakitləşdirir. Ay xətakar, özün başladırsan, özün
də barışdırırsan.
Guya xəbərimiz yoxdur. Amma dövlətlər öz aralarında ciddi rəqabət aparırlar. Elə Hindistan-Pakistan arasındakı
ildırım sürətli
müharibəni götürək.
O gün bir
video nümayiş etdirdilər sosial şəbəkələrdə. Hindistanın xüsusi təyinatlıları dəvə
üstündə parad
edirdilər. Bunlar hələ də elə bilirlər ki, Bollivudda film çəkirlər. Sizin ayıbınızı
min ildi türklər örtürdü.
İndi nə oldu? Di gedin...
Müsəlman qardaşlarımız Hindistana
necə dərs verdisə, Fransadan Hindistana gətirilən qırıcıların ayaqları
göydə qaldı.
İndi misyo Makron bu qırıcıları
dünyaya necə satacaq? Ermənistan da gör kimə
arxayındır? Ermənilər
xoruzu özünə
simvol edən fransız bacılarına
o qədər arxayın
idilər ki, dal-dala gedib Rusiyanın qucağına
təzədən düşdülər.
Bacılıq belə
olar, e....
Amma Putinin
də işi məzələnməkdən keçib.., vəziyyət amerakancadır,
yankilər onu getdikcə mərəyə
gətirib çıxılmaz
calaya salırlar, necə ki, Zelenskinin
başına bunu gətirdilər.
Öz-özümə deyirəm ki, Mirzə, sənə lazımdır dünya siyasətində bir-birilə
məzələnənləri axtarıb tapasan, onlara vedrə qoşasan? Gör özümüzdə nə
qədər məzələnənlər
var? O qədər məzə yazıları göndərirlər
ki, mənim kimi ciddi qələm
adamı az qalıram işdə də hamı ilə məzələnim,
az qalır...
O gün saytlarda
oxuyuram ki, kənd təsərrüfatında
çalışan əməkdaşlarımız Somalidə
günün altında
qaralan qarabala qardaşları ilə qarşılıqlı yardım
haqqında müqavilə
bağlayıblar. Gülməkdən
özümü güclə
saxlayıb, əlimi ağzıma tutub pıqqapıq elədim. Rəhmətliyin uşaqları,
Somalidə üç
ildir yağlş yağmır, e... Quyudan qırmızı su çıxardıb içirlər.
Onlara nə yardım edəcəksiniz?
Özümüzü bir
günə çıxartdınız,
qaldı Somali. Kənd təsərrüfatı
məhsullarının ixracını dayandırıb
idxala keçmisiniz. Ay, hay... Xaricdən
gətirilən genetik
modifikasiya olunmuş məhsullar bazarlarda ayaq tutub yeriyir,
hətta Türkmənistandan
"xəstə" pomidorlar
gətirirlər. Nə
isə, təsərrüfatın
başbilənləri Somaliyə
gedib-gəlməyi yaxşı
bilərlər, deməli ortada
"otkat" məsələsi var.
Deməli Qələbə
dairəsindən İnşaatçılara
gedən yolda metroya çıxmaq üçün əngəlli
adamların arabaları
üçün qəşəng
xüsusi yol çəkilib, amma pilləkənlarə qədər,
yolçəkən dadaşlar
bura çatanda arabalarla məzələniblər.
Burada araba yolu qurtarır. Bəs, bu binəvalar
iyirmiyə yaxın pilləkəni necə çıxsınlar, arabanı
buraxıb sürünə-sürünə?
Yəqin dadaşlar elə bilirlər ki, onlar yeriyə
bilərlər, zəhmət
çəkib qalxsınlar.
Hələ buna
bir bax. Bu yaxınlarda Qazaxıstanda görmə
əngəlliyi olan cudoçuların Dünya
çempionatı keçirilib.
Azərbaycandan da iki cudoçumuz uğurla çıxış
edib. Yarış vaxtı məlum olub ki, bunların
heç bir görmə əngəlliyi
yoxdur. Sadəcə olaraq dünya çempionatı ilə məzələniblər. Federasiya
da bunlarla məzələndi; ömürlük
qırmızı kart.
Uşaqlarda fərasətə
bax... e.
Ləzzətli məzələnmə məişət
səviyyəsində olur.
Biri toyda
qəşəng vurur,
açarı itirir. Dostları bununla məzələnib
"təkər"ə salırlar.
Deyirlər ki, çox içkilisən
"ayıq sürücü"
çağır və
telefonun nömrəsini
verirlər. Bu da eləmə tənbəllik "ayıq
sürücü" çağırır.
Dostları da arxadan onu izləyirlər.
"Ayıq sürücü"
nə illah eləyir maşın parkında onun maşınını tapa
bilmir. Axırda kişinin əlindən telefonu alıb ev nömrəsini tapıb zəng edir. Dəstəyi arvadı götürür.
"Ayıq sürücü"
deyir:
-Bacı, ərin
piyandı, maşını
tanımır. Siz maşının nömrəsini
deyin, onu gətirim evə.
Qadının başına elə bil od ələnir.
Hirslə deyir:
-Onun boyunu
yerə soxum, onun maşını var ki, sürüb
gətirəsən? - hirslə
telefonu qapadır. Dostlar da kənardan
baxıb hırıldaşırdılar.
Nə isə, bu sərxoşu maşına qoyub gətirirlər evə. Kişi də pallı-paltarlı atır
özünü çarpayının
üstünə, başlayır
xoruldamağa.
Gecənin bir
yarısında arvad kişini silkələyib oyadır. Kişi yarıyuxulu soruşur:
-Yenə nə
olub?
Arvad onun
üstünə yeriyir:
-Zəhrimar olub, de görüm Nadejda kimdir? Bayaqdan onun adını çəkib sayıqlayırsan.
Kişi başa
düşür ki, zibilə düşüb,
onunla məzələnir:
-Arvad, yuxuda
gördüm ki, Leninəm. Əgər mən o dahi rəhbərəmsə, kimin
adın çəkməliyəm,
əlbəttə Nadejdanın.
Ər-arvad bərk
dalaşırlar. Arvadın
dığ-dığından bezən ər ayağa durur, pencəyini və adaptorunu götürüb
deyir:
-Bir halda
ki, sən məni Lenin, özünü də Nadejda kimi qəbul
etmirsən, onda gedirəm sənin ən eybəcər rəfiqənin yanına.
- Qapını çırpıb
çıxıb gedir.
Yarım saatdan
sonra arvadın əsəbi keçir, rəfiqəsinə zəng
edir:
-Ərimlə bərk dalaşdıq. Dedi ki, mənim
acığıma ən
eybəcər rəfiqəmin
yanına gedir. O sənin yanında deyil?
Görürsən, dostları onunla məzələnir, o arvadı
ilə, arvad rəfiqəsilə. Axırda
barışırlar, həyat
axarına düşür.
Kişi evə qayıdandan sonra arvadı soruşur ki, bəs adaptoru
niyə götürmüşdün?
Kişi də cavab verir ki,
əvvəllər kişi
evdən çıxanda
papağı götürərdi.
İndi isə ən vacibi adaptordu.
Bir gün bir tanışım
məndən soruşur:
-Mirzə, sən bilərsən, Bakıda niyə əsas xəstəxanaların çoxu
Nəsimi rayonundadır?
Düşünmədən cavab verdim:
-Çünki xəstələr
bilməlidirlər ki, onları
nə gözləyir.
Qayıtdı:
-Demə, Mirzə,
demə. O gün getmişdim həkimə, müayinədən öncə
dərdimi danışdım.
Həkim bir qədər fikirləşib
cavab verdi ki, səndə "P"
vitamini çatmır.
Soruşdum ki, o nə vitamindir? Sən demə pul imiş. Nə isə dedim həkim, kürəyimin yuxarı hissəsi çox pis ağrıyır, nədən ola bilər? Həkim sual verdi ki,
içki, siqaret çəkirsən? Dedim yox. Xəyanət edirsən? Dedim yox. Həkim başladı mənimlə
məzələnməyə. Dedi ki, sən
bir mələksən
qanadların çıxır.
Səndə heç zad yoxdur. Başa
düşdüm ki,
"P" vitamini məndən
qaçaq düşüb.
Belə-belə işlər. İndi hamı məzələnməklə
işini yola verir, hətta məktəbli də. İnanmırsız di oxuyun.
Müəllim tarix dərsində şagirddən soruşur:
-Hüseyn, dur
Nadir Şah haqqında danış, görüm dərsə hazırsan.
Nə hazırlıq,
uşaq əlinə kitabı götürəndə
onu yuxu basır, elə bil yuxu dərmanı
içib, amma özünü itirmir, cavab verir:
-Müəllim, mən ölülərin arxasınca danışmıram.
Fərasətə bax, e... çox
qabağa, ya da uzağa gedəcək.
Madam ki,
ölülərdən söhbət
açıldı, başıma
gələn birini də danışım.
Yas yerindəyəm. Hamı sakit yemək yeyir. Gələn taqqıltı qab-qacağın
səsidir. Doxsan yaşlı tanışımın
yanında oturmuşam.
Çadırda arada yalnız bir nəfərin səsi gəlir:
-Ay qaa, ə... ə... aş gətir, qara gətir, çörək
qurtardı.
Yanımdakı ağsaqqal qulağıma
pıçıldadı:
-Mirzə, doxsan yaşım var, yaşamaqdan
bezmişəm, amma sırf bu qurumsaq,
əclaf gəlib yeyib-içməsin deyə
ölmürəm. Gəlib
qarnını otarıb
gedir. Bir ara yeməyi yığışdırmışdılar.
Ölü yiyəsi borca düşmürdü.
İndi gedib kredit götürür, ölüsünü
yola salır, sonradan başlayır banka işləməyə.
- Sonra da mollaya baxıb
əlavə etdi: - Bu mollanı görürsən
sovetin vaxtından işini taraz tutub. Bunun işi dirilərlə deyil, ölülərlədir. O vaxt
ölülərin hesabına
bir maşın alıb gedir QAİ-yə. İşçiyə
deyir ki, adıma layiq bir nömrə
ver. Milis işçisi
də bunun dabbaqda gönünə bələdmiş. Götürür
buna 37-40 nömrəsini verir.
Molla nömrəni görüb sorüşür
ki, bu nədir, demədimmi layiqlisini ver. O
da qayıdır ki, molla,
bundan layiqlisi varmı, 3-ü, 7-si və
40-ı, Allah qəbul eləsin.
İstədim cavab verim, molla fatihə verdi. Yeməkdən sonra mollaya sual
verəcəkdim, hadisə
də olub. Verilişlərin birində
məşhur din xadimi
deyir ki, o biri dünyada hər qadın öz ərilə birlikdə olacaq. Tamaşaçı
qadınlardan biri soruşur ki, mən dörd dəfə ərdə olmuşam.
İndi mən hansı
ilə bərabər olacam o biri dünyada?
Görən bizim molla buna nə cavab verəcəkdi.
Amma sualı içimdə
saxladım.
Bu da belə. Trampdan başlayıb o biri dünyada qurtardıq. Elə hamının da üzü gec-tez o yanadır.
Di sağ olun! Çalışın məzələnin,
amma təkərə düşməyin!
P.S.Mayın 9-da İmişlidə
Ağsaqqallar Şurasının sədri kənddə
SSRİ bayrağını qaldırıb,
döşünə "Georgiy"
lentini taxıb dövlətimizlə məzələnib.Sanki bununla Moskvaya xəbər göndərmək istəyib ki,
"dondurulmuş agentlər" hələ ölməyib. Ay məzən olsun! Səninlə də məzələnən
tapılar.!
Yunus Oğuz
Olaylar.- 2025.- 16-22 may, ¹17.- S.16.