"Hal"a
dönmüş didərgin qadınlar...
"Hal" filminin ssenari müəllifi və
quruluşçu rejissoru ilə müsahibə
Ədəbiyyat və kino zamanla dəyişən
cəmiyyətin aynasıdır. "Hal" romanının
müəllifi də illərdir oxucuların sevdiyi bu əsəri
ekranlaşdırmaqla təkcə bir hekayəni deyil, həm də
cəmiyyətə, qadına və mənəviyyata dair
düşüncələrini paylaşır.
Əsərin əsas qayəsi -
qadının ailədə və cəmiyyətdəki yeri,
zorakılıqla üzləşməsi və bu fonda susqunluq
deyil, mübarizənin vacibliyidir. Müsahibimiz filmi çəkməyə
aparan səbəbləri, obrazların seçimini və
ssenaridə etdiyi dəyişiklikləri səmimi şəkildə
bölüşür.
"Hal" artıq bir roman və ya film
deyil, qadının iç dünyası, yaşadığı
çətinliklər və haqları uğrunda mübarizəsinin
rəmzidir. Bu müsahibə də həmin mübarizənin
müəllifin dilindən bir hekayəsidir.
Müsahibimiz yazıçı Sədaqət
Kərimovadır:
- "Hal" romanı oxucular
tərəfindən çox sevilib. Bu əsərin 30
yaşı var. Onu 1993-cü ildə yazıb çap
etdirmişəm. Bu illər ərzində əsərə
maraq azalmayıb, onun haqqında onlarca resenziya yazılıb.
-
Hal" filmini çəkməyə sizi nə
ilhamlandırdı? Əsərinizi ekranlaşdırmaq qərarına
necə gəldiniz?
- Oxucular
tez-tez bildirirdilər ki, kaş bu əsər əsasında
film çəkiləydi. Xüsusilə son illərdə bu
istək daha çox səslənirdi. Bir dəfə
"Libraff" kitab mağazasında yeni kitabımın təqdimatı
zamanı Moskvadan gəlmiş yazıçı Təyarə
Vəlimətova səmimi etiraf etdi: "Çox arzulayıram
ki, "Hal" əsəri əsasında film çəkilsin."
Bu fikri bölüşənlərdən biri də
tanınmış jurnalist və şair Sülhiyyə
Musaqızıdır. O, "Hal" haqqında bir neçə
resenziya yazıb
- Hə,
deyəsən məqalələrindən birində belə
qeyd etmişdi: "Əlimdə imkan olsaydı, bu əsəri
Nobel mükafatına təqdim edərdim."
- Elədir,
Sülhiyyə belə yazmışdı. Filmin çəkilməyini
məndən israrla tələb edənlərdən biri də
qızım olub - Sevda Əzizova. O, həm həkimdir, həm
də yazıçı - uşaq nağılları
yazır.
Əvvəllər
belə bir niyyətim yox idi. Lakin son illər ölkəmizdə
ailə münaqişələri zəminində qadın
ölümlərinin artması, onlara qarşı şiddət
hallarının çoxalması məni bu qərara gətirdi:
bu mövzuda film çəkilməlidir. Hər bir ailədə
yaşanan faciə əslində
cəmiyyətin faciəsi kimi qəbul edilməlidir. Elə
cinayətlər var ki, hələ də üstü açılmayıb.
Onların nəticəsi olaraq günahsız qadınlar həyatlarını
itirib, uşaqlar yetim qalıb. Oxucuların arzusu ilə filmi
çəkmək qərarına gəldik.
- Filmin
ssenarisini yazarkən hansı hissləri keçirdiniz?
- Mən
də təbiət vurğunuyam. Uşaqlığım
meşələrin qoynunda keçib, rayon yerində
böyümüşəm. Meşəbəyi obrazı ilə
mən həm də təbiəti qorumağın vacibliyini
göstərmək istəmişəm.
"Hal"
romanının baş qəhrəmanı Rəhman Selmiyaya
deyir: "Bəzən ağaclarla, quşlarla, heyvanlarla dil
tapmaq insanlarla dil tapmaqdan asan olur." O, elə bir insandır
ki, quşlar da, heyvanlar da onu anlayır. Hər adam meşəbəyi
ola bilməz. Bu peşəyə bağlanmaq
üçün təbiətə
dərin sevgi lazımdır. Real həyatda da belə meşəbəyilər
tanımışam. Onlar meşəni göz bəbəyi kimi
qoruyurdular. İndi isə meşələr kəsilir, amma
heç bir tədbir görülmür. Vaxtilə bir ağac
kəsilsəydi, dərhal cinayət işi
açılırdı. Meşəbəyi obrazı mənim
təbiət sevgimin simvoludur. Bu obrazla həm də təbiəti
qorumağın vacibliyini göstərmək istəmişəm.
-
Selmiya və Rəhman obrazları ilə hansı mesajı vermək
istəmisiniz?
-
Ətrafımızda hər gün ailələr
dağılır. Bəzən ailə qurarkən insanlar
yalnız zahiri təmtərağa önəm verirlər - dəbdəbəli
toylar, bahalı geyimlər, amma sevgi unudulur. Ailələr tələsik
qurulur, sonra tərəflər bir-birinə yad olduqlarını
anlayırlar. Selmiya zorla qaçırılır, arzuları
yarımçıq qalır. Rəhman ilə həyat
yoldaşı isə bir-birinə yad insanlardır.
Selmiyanın
Hala çevrilməsi də təsadüfi deyil. Hal - Qafqaz
xalqlarında şiddət görmüş, evindən didərgin
düşmüş mistik qadındır. Hər
qadının içində sevgi ehtiyacı var. Selmiya bu
sevgini ailəsindən, nişanlısından sonradan isə ərindən
görmür, yalnız Rəhmandan az da olsa diqqət
görür. Buna görə də Rəhman onun həyatında
xüsusi yer tutur.
Film vasitəsilə
izləyicilərə demək istəmişəm ki,
yaxınlarını, doğmalarını sevsinlər,
insanın qədrini sağlığında bilsinlər.
- Aktyor
seçimi necə oldu? Mir Sahib
Qabiloğlu və İranə Kərimova haqqında nə
deyə bilərsiniz?
- Mirsahib
Rəhman obrazını çox gözəl
canlandırdı. Hətta film çəkilən kənddə
heç kim onu öz adı ilə
çağırmırdı, hamı "Rəhman"
deyirdi. Adamlar onu görmək üçün tez-tez
qaldığı evə gəlirdilər. İranəni əvvəldən
tanıyırdım. Kastinqə çox aktrisalar gəldi, amma
əksəriyyət süni görünürdü - dodaq
dolğuları, tatuajlar və s. Mənə isə kənd
qızına xas təbiilik lazım idi. İranə bu rolu həm
xarakteri, həm də ruhu ilə canlandırdı. O, bu
obrazı yaşadı.
-
Filminizi digər ailə-məişət filmlərindən fərqləndirən
nədir?
- Bu
sualı izləyici daha yaxşı cavablandıra bilər.
Amma mənim bütün əsərlərimdən
qirmızı xəttlə keçən bir mövzu var - mənəviyyat.
Mənəviyyat olmayan yerdə sağlam cəmiyyət ola bilməz.
- Filmdəki
təbiətin səsləri cəlbedici idi. Bu detallar məqsədli
şəkildə seçilmişdi, eləmi?
- Bəli,
tam olaraq buna çalışmışıq. O səslərin
olması bizim üçün vacib idi. Mənim həyat ritmim
təbiətlə çox bağlıdır. Hər dəfə
rayona gedəndə mütləq təbiətin qoynuna
yollanıram. İnsan bəzən öz daxili aləminə
dalmaq istəyir. O səslər də məhz bu aləmi
yaradır. Onları bilərəkdən əlavə etdik.
Təbiətdə
olanda elə bir hiss keçirirəm ki, sanki təklikdə
düşüncələrim daha da aydınlaşır.
Quşların səsinə, cırcıramaların xoruna qulaq
asıram. Bu sakitlik ruhumu dincəldir. Hətta çətin
anlarda da təbiət mənim üçün bir müəllim
rolunu oynayır. Filmdəki səssizlik də bu məqsədə
xidmət edir.
-
Romanla film arasında fərqlər varmı?
- Cüzi
fərqlər var. OnlarI etmək vacib idi. Bildiyiniz kimi, film
kollektiv əməyin bəhrəsidir. Filmin rəssamı Sevda
Məmmədova, quruluşçu operator Elxan Rüstəmov və
baş rolun ifaçısı Mir Sahib Ağayevlə birlikdə mentalitetimizə və əxlaqi
dəyərlərimizə uyğun gələn bəzi əlavələr
etmək qərara gəldik və
elədik.
- Real həyatdan
bu məsələlərə bənzər müşahidələriniz
olubmu?
- Bəli,
bir ailə tanıyıram. 2 azyaşlı uşaqları var.
Kişinin psixoloji problemləri var, tez-tez arvadını
döyür. Qadın isə valideyn evinə qayıda bilmir,
çünki valideynləri birotaqlı mənzildə
yaşayır. Onun pənah aparası yeri yoxdur. Ərinin evində
qalmaq onun həyatı üçün təhlükədir.
Belə hallarda cəmiyyət o qadına sahib
çıxmalıdır. Əks halda gələcək faciənin
qarşısını almaq mümkün olmayacaq. Bu, cəmi
bir misaldır.
- Filmin
təqdimatı necə keçdi? İzləyicilər
hansı reaksiyaları verdi?
- Filmin təqdimatı
yüksək səviyyədə keçdi. Nizami Kino Mərkəzində
keçirilən təqdimat tam dolu zalda baş tutdu. Səhnəyə
çiçək
yağdırırdılar - 150-dən çox gül dəstəsi
gətirilmişdi. Təqdimat bayram əhval-ruhiyyəsində
keçdi.
Tənqidi
fikirlər həmin anda səslənmir. Daha sonra, sosial mediada və
ya tənqidçilərin yazılarında fikirlər
formalaşır. Hələlik ciddi tənqid olmayıb. Amma gələcəkdə
müzakirələr olacaq. Mən buna hazıram. Əsas məsələ
odur ki, filmə insanlar maraqla tamaşa edir. YouTube üzərindən
filmi bir həftədə 200 min insan izləyib, 2 minə
yaxın şərhlər var, əksəriyyəti müsbətdir.
- Son
olaraq, film haqqında ümumi təəssüratlarınız
nədir?
- Bu film ürəyimin səsi idi. Qadını Allah zəif yaratmayıb. "Cənnət anaların ayaqları altındadır" kəlamını cəmiyyət gəlişi sozlər kimi deyil, əsl həqiqət kimi qəbul etməlidir. Qadın xoşbəxtdirsə, onun ailəsi, əri, övladları xoşbəxtdir. Dözümü, ürəyinin genişliyi, zəhmətkeşliyi, fədakarlğı müqabilində niyə qadın sevgiyə, qayğıya, hörmətə etiyac duymalıdir? Qadın kölə deyil, onun qəlbi, arzuları ilə oynamaq olmaz. İlk növbədə bütün bunları qadın özü dərk etməlı, mübarız olmalı, özünü müdafiə etməyi bacarmalıdır. Mən bunları çatdırmaq istədim.
Gülxanım Əliyeva
Olaylar.- 2025.- 16-22 may,¹17.- S.18.