İfaçının kimliyi ifasında
görünür
Ofelya Şabanovanın yaradıcılıq
baxışı
Musiqi sahəsində
fəaliyyət göstərən ifaçıların sənətə
yanaşması,
mahnı
seçimi və səhnə
davranışı
onların peşəkar portretini formalaşdıran ən əsas məqamlardandır.
Bu amillər
həm ifaçının
yaradıcılıq dünyasını
açır, həm də onun sənətə
münasibətini göstərir.
Məhz buna görə
də hər bir müğənninin özünüifadə tərzi,
yaradıcılıq prinsipləri
və musiqiyə verdiyi dəyər dinləyicilər üçün
hər zaman xüsusi maraq doğurur.
Müğənni Ofelya Şabanova
da öz fərdi yanaşması, sənətə
səmimi münasibəti
və illər ərzində formalaşdırdığı
ifa üslubu ilə seçilən gənc ifaçılar sırasında yer alır. O, musiqiyə gəliş hekayəsi, səhnəyə çıxarkən
rəhbər tutduğu
sənət prinsipləri,
mahnı seçimindəki
yanaşması və
gələcək yaradıcılıq
planları ilə həm sənət aləminin, həm də dinləyicilərin diqqətini çəkməyi
bacarır. Bu mövzu
ətrafında biz də
müğənni Ofelya
Şabanova ilə söhbət etdik. O, sənətə gəlişindən
tutmuş ifa prosesinin incəliklərinə,
səhnə davranışından
gələcək hədəflərinə
qədər bir çox məsələyə
aydınlıq gətirdi.
Onun səmimi və açıq fikirləri həm yaradıcı prosesin arxa planını göstərir, həm də bir ifaçı
olaraq öz mövqeyini daha dolğun şəkildə
anlamağa imkan yaradır:
- Ofelya xanım, musiqi və sənət sizin üçün nə ifadə edir? Musiqiyə olan marağınız necə
yarandı? Sizdə bu sahəyə yönəlməyi müəyyən
edən xüsusi bir an, xatirə və ya ilham mənbəyi
olubmu?
- Mənim
üçün musiqi ilk növbədə insanın
dünyaya baxışını, həyata olan sevgisini və
içində gəzdirdiyi ideal yaşama arzusunu ifadə edən
ən güclü vasitədir. Sənət mənə həm
ruh verən, həm də ruhumu sakitləşdirən bir
qüvvədir. Musiqiyə marağım isə uşaq
yaşlarımdan formalaşıb. Evimizdə hər zaman musiqi
səslənirdi- atamın və anamın çox gözəl
səsi var idi və onların ifaları mənim
üçün ilk sənət məktəbi oldu. Sonralar həyat
yoldaşımın dəstəyi bu sevgimi daha da möhkəmləndirdi.
O, hər zaman arxamda dayanıb, məni ruhlandırıb, sənətə
yönəlməyimdə böyük rol oynayıb. Amma bir
şeyi də xüsusi vurğulamaq istəyirəm: sənətlə
məşğul olmaq üçün gərək insan
dünyaya sənət hissi ilə gəlsin. Bu, sonradan
qazanılan yox, içində olan bir duyğudur. Onu da qeyd edim
ki, tək ifaçıyam ki,15 yaşımda Balakən şəhərində
solo konsert vermişəm.
-Sizin
üçün bir mahnını dəyərli edən nədir-
melodiyası, mətnin fəlsəfəsi, yoxsa ifa zamanı
yaratdığı hiss?
-Mənim
üçün bir mahnının dəyəri ilk növbədə
onun ifa zamanı məndə yaratdığı hissdir.
Oxuduğum mahnının içindəki obrazı
yaşamasam, həmin əsəri tamaşaçıya da
doğru çatdıra bilmərəm. Bu baxımdan mən
hesab edirəm ki, bir mahnının sevilməsinin əsas səbəbi
sözlər və ya musiqi deyil- ifanın özüdür.
-Səhnəyə
çıxarkən özünüzlə hansı
emosiyanı aparırsınız və bu emosiya ifanızın
ritmini, nəfəsini necə formalaşdırır?
-Təbii
ki, ifaçı səhnəyə çıxırsa,
bütün neqativ hissləri kənara qoymalıdır. Diqqəti
yalnız və yalnız mahnıda və göstərəcəyi
performansda olmalıdır Səhnə yeridir ki, orada yalnız
pozitiv enerji və diqqət olmalıdır. Mən də hər
dəfə səhnəyə çıxanda bütün
fikrimi mahnıya və göstərəcəyim performansa
yönəldirəm. O an başqa heç nə
düşünmürəm.
-Azərbaycan
musiqisinin klassik xətti ilə müasir trendlər arasında
necə bir balans qurursunuz? Bu iki xətt sizin sənət
dünyanızda bir-birinə təsir edirmi?
-Qətiyyən təsir etmir.
Necə ki, hər gülün öz ətri var, hər
mahnının da öz dinləyicisi var. İnsanlar hansı
janrı seçirlərsə, bu, onların düşüncəsi,
zövqü və daxili hissiyyatı ilə
bağlıdır. Hər kəsin öz düşüncə
səviyyəsinə uyğun ən sevimli janrı və
mahnısı olur.
Mən bəlkə
də nadir ifaçılardanam ki, demək olar bütün
janrlarda oxuyuram. Lazım olsa, meyxana janrında da ifa edə bilərəm.
Mənim üçün sərhəd yoxdur, əsas odur ki,
mahnı doğru ifa olunsun. Çünki mən belə
düşünürəm: pis mahnı yoxdur, pis
ifaçı var.
-Yeni
mahnı seçərkən və ya məşhur bir
mahnını ifa edərkən öz nəfəsinizi, öz
kimliyinizi ona necə əlavə edirsiniz? Bunun
üçün xüsusi bir yanaşmanız varmı?
- Bəli, əlbəttə
ki, mənim öz yanaşmam var. Mən ifa olunmuş
mahnıları studiyada lentə aldırmıram və bunu digər
ifaçılara da məsləhət görmürəm.
Çünki sonradan müxtəlif hüquqi və texniki
problemlər yarana bilir. Ona görə də məşhur və
ya sevilən mahnıları adətən canlı şəkildə,
ekspromt formada ifa edirəm. Bu, həm mahnıya təzə nəfəs
verir, həm də onun enerjisini daha təbii şəkildə
ortaya çıxarır.
Ən
vacib məqam isə budur: əgər mən mahnını
yaşamıramsa, ona öz əlavələrimi etməsəm,
ifama öz ruhumu qatmasam, o əsəri insanlara sevdirə bilmərəm.
Hər mahnıya öz kimliyimi bu şəkildə əlavə
edirəm.
-Bir
çox əsərlərinizlə dinləyicilərin
sevimlisinə çevrilmisiniz. Bu sevgini və gözləntiləri
nəzərə alaraq, gələcək yaradıcılıq
planlarınızda hansı yenilikləri görəcəyik?
-İnşallah,
gələcək üçün planlarım çoxdur. Mənim
əsas məqsədim daha yüksək zirvələri fəth
etmək, sənətimi təkcə ölkə daxilində
deyil, dünya arenasında da nümayiş etdirməkdir.
Artıq xarici ölkələrdən müəyyən təkliflər
almışam və hazırda onların arasında seçim
etmək mərhələsindəyik. Ümid edirəm ki, bu
proses uğurlu nəticə verəcək və dinləyicilərim
yaxın zamanda məndən yeni və maraqlı yeniliklər
görəcəklər.
Müasir
dövrdə ifaçıların sənətə münasibəti,
özünüifadə tərzi və peşəkar
davranışı təkcə musiqi mühitinin deyil, ümumən
cəmiyyətin estetik zövqünün formalaşmasında
mühüm rol oynayır. Bu baxımdan hər bir sənət
adamının şəxsi prinsipləri, yaratdığı
üslub və səhnədə nümayiş etdirdiyi
mövqe onun sənət portretinin əsas xəttini müəyyənləşdirir.
Bu gün auditoriya yalnız yaxşı ifa deyil, dürüst
baxış, aydın mövqe və sənətə məsuliyyətli
yanaşma gözləyir. Fərdi yaradıcılıq yolu,
seçilən mahnılar, səhnə davranışı və
peşəyə münasibət artıq bir
ifaçının kimliyi qədər, onun insan olaraq dəyərlərini
də əks etdirir. Hər bir sənətçinin
qarşısında duran əsas məsələ sənətə
öz baxışını qoruyaraq davam etdirməkdir. Ofelya
Şabanovanın fikirləri göstərir ki, onun sənət
yolunda əsas meyar səmimiyyət, emosional
dürüstlük və ifanın mahiyyətinə
bağlılıqdır. O, mahnının
populyarlığından deyil, yaratdığı hissdən
güc alır və hər dəfə səhnəyə
çıxarkən ifasına öz ruhunu qatmağı
prioritet seçir. Müğənninin həm janr müxtəlifliyinə
açıq olması, həm də canlı ifaya
üstünlük verməsi onun sənətə
yanaşmasının fərqli cizgilərini ortaya qoyur. Gələcək
planları isə Ofelya Şabanovanın təkcə yerli səhnə
ilə kifayətlənmədiyini, daha geniş auditoriyaya
çıxmaq niyyətində olduğunu göstərir. Bu
baxış, onun yaradıcılıq istiqamətini və sənətə
yanaşmasını daha aydın şəkildə müəyyənləşdirir.
Zeynəb
Mustafazadə
Olaylar.- 2025.- 7-13 noyabr
(№38) .- S.18.