“Balaca qara
balıq” okeanda
Eluca
Atalının məşhur kitabı haqqında qeydlər
Salam
olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin
mövzusu hal-hazırda xaricdə yaşasa da, dogma Yurdu bir an
belə unutmayan, azad düşüncəli insanların
yaşadığı bütöv Azərbaycan eşqilə
yazıb-yaradan Eluca Atalının dünyanın bir çox əsas
dillərinə tərcümə olunmuş,
düşünürlərin masaüstü kitabına
çevrilmiş, haliyədə gündəmdə müzakirə
obyekti olan "İran hizbullah
zindanında" adlı
kitabı haqqında olacaq.
Eluca
Atalı Azərbaycan ədəbiyyatında
publisistik düşüncəni, milli oyanış və
azadlıq ideallarını cəsarətlə ifadə və
təbliğ edən yazıçılardan biridir. Onun
"İran hizbullah zindanında" romanı təkcə bir
insanın, bir qəhrəmanın deyil, bütöv bir millətin
ruhunun azadlıq uğrunda çəkdiyi mənəvi
iztirabların bədii salnaməsidir. Bu kitabda
yazıçı təkcə zindan divarlarını deyil, həm
də düşüncələrin, vicdanların, milli kimliyin
üzərinə çəkilən görünməz zəncirləri
sındırmaq istəyir. Ümumi olaraq daha geniş
baxış bucağından baxdıqda müəllifin kitabda
qaldırdığı problem (problemlər) yeni deyil. Bütün problemlərin
mərkəzində (nüvəsində) "İNSAN"
dayanır ki, səhifələr şəklində endirilmiş (olan) ən qədim səmavi (dini)
kitablardan, Azərbaycanın əsasən nəzimlə
yazıb-yaratmış Nizami, Nəsimi, Füzuli kimi mütəfəkkirlərdən
tutmuş, nisbətən yaxın keçmişdə Abbasqulu ağa Bakıxanovun, Mirzə
Fətəli Axundovun, Əhməd bəy Ağaoğlunun yaradıcılığında iszləri
görünən, Yusif Vəzir Çəmənzəminlinin " İki od arasında", Məmməd
Səid Ordubadinin
"Qılınc və qələm", Pənahi
Makulunun "Səttarxan", Balis Sruoganın "Tanrılar
meşəsi" kitablarda qaldırdığı, oxucularla
müzakirə etdiyi problemin həmən-həmən eynisidir.
Bəs Eluca Atalı ona məlum olan fikirləri təkrarlayırmı?
Bax, bu maraqlı sualdır.
Eluca
Atalı "İran hizbullah zindanında" əsərində
konkret bir həbsxananın sərhədlərindən çox
uzağa gedir. Burada zindan həm siyasi, həm də mənəvi
anlam daşıyır. O, bir ölkənin nümunəsində
ümumilikdə mövcud rejimlərin öz vətəndaşlarına,
milli haqlarını tələb edən insanlara qarşı
apardığı təzyiq siyasətini realist boyalarla təsvir
edir. Zindana gedən yolların (əməllərin, hərəkətlərin)
təsvirindən tutmuş, zindanda saxlanılan qəhrəmanların
taleyində bütöv bir toplumun faciəsi əks olunur. Bu,
sadəcə bədən azadlığının deyil,
düşüncə azadlığının da zəncirlənməsi,
ümumilikdə insanlıq üçün məhdudiyyətlər
deməkdir.
QISA
ARAYIŞ
Konkret
olaraq əsərin təhlilinə keçməzdən əvvəl
kitab haqqında qısa arayış vermək istəyirəm.
"İran
hizbullah zindanında" romanı "İnqilabın
travması", "Üç vəd, üç tələb",
"Qanlı orkestr", "Həyatı tabutda axtaranlar"
adlı dörd kitabdan (haqqında
danışdığımız
bu kitabda yerləşmiş
dörd bölümdən - hissədən) ibarətdir. Roman
tarixi, ictimai, siyasi baxımdan ölkədə 1979-cu ildə
baş verən hadisələrin (inqilabın) təbii proseslərin
nəticəsində doğan zəruri yekun, yoxsa süni şəkildə
katalizatorların böyük təsiri altında təsadüfi
partlayış olması suallarını cavablandırır.
"İnqilab" və "insan"
anlayışlarını üz-üzə qoyan müəllif,
inqilabın antihumanist mahiyyət
daşıdığını və insanı yediyini
sübut etməyə çalışır və demək olar ki, müəyyən
mənada buna nail olmağı bacarır. 1978-1988-ci illəri əhatə
edən əsərdə hadisələr əsasən Paris, Qum
və Urmiya şəhərlərində baş versə də,
yuxarıda qeyd etdiyim kimi Eluca Atalının bu romanı zaman və
məkanın fövqündə (ötəsində) olan bir əsərdir.
Müəllif real mövcud rejimin nümunəsində idarə
edənlərin və idarə olunanların (köhnə təbircə
yuxarıdakıların və aşağıdakıların)
hərəsinin öz həqiqəti olduğunu bariz misallarla
tam çılpaqlığı ilə açıq -
aydın göstərməyə müvəffəq
olmuşdur. Əsərdə sadəcə düşüncəsinə
görə və ya sadəcə idarə edənlərin belə
olmasını istədiyi üçün zindana (zindanlara)
atılmış yüzlərlə (minlərlə)
insanın taleyi ilə tanış oluruq.
Əsərin
ən önəmli xətti milli özünüdərk, dil və
kimlik uğrunda mübarizədir. Yazıçı
açıq şəkildə göstərir ki, insan
üçün ən ağır zindan milli kimliyindən məhrum
edilməkdir. Əsərin qəhrəmanları
üçün zindan sadəcə dəmir qapılar deyil -
qadağan olunan dil, təhqir edilən tarix, susdurulan
vicdandır. Eluca Atalı bu mənada öz qəhrəmanlarını
ideoloji savaşçılar səviyyəsinə
qaldırır; onların mübarizəsi fiziki deyil, mənəvi
bir savaşdır.
Yuxarıda
adını qeyd etdiyim Yusif Vəzir
Çəmənzəminlinin
" İki od arasında", Məmməd Səid
Ordubadinin "Qılınc və
qələm", Pənahi Makulunun "Səttarxan", Balis
Sruoganın "Tanrılar meşəsi" kitabları ilə
artıq tanış olan oxucular
müəyyən mənada
müəllifin "İnqilabın travması",
"Üç vəd, üç tələb",
"Qanlı orkestr", "Həyatı tabutda axtaranlar"
adları altında prinsipial
şəkildə dörd hissəyə bölərək,
ümumi məğzi (mətləbi)
loxma-loxma (hissə-hissə) oxucusuna həzm elətdirməyə
çalışdığı "İran hizbullah
zindanında" romanını daha asan mənimsəyəcək,
öz düşüncə süzgəclərindən
keçirəcəklər.
Kitab
boyunca rejimin sərt ideoloji nəzarəti və idarə etmə
təfəkkürünün qorxu üzərində
qurulmuş mexanizmi təsvir olunur. Eluca Atalı bu rejimi tənqid
etməklə yanaşı, insanın daxilindəki azadlıq
duyğusunun heç bir zorakılıqla öldürülə
bilməyəcəyini göstərir. Zindan qorxunun məkanı
kimi təqdim olunsa da, məhz bu divarlar arasında insan ləyaqəti
öz həqiqi dəyərini tapır.
Eluca
Atalı bu mənada həm publisist, həm də filosof kimi
çıxış edir. O, oxucunu sadəcə hadisələrin
şahidi deyil, düşünən bir tərəfdaşa
çevirir.
Eluca
Atalının dili kəskin, publisistik ruhu isə
sarsıdıcı dərəcədə səmimidir. O, hadisələri
təkcə bədii ifadələrlə deyil, publisistik
emosional tonla təqdim edir. Hər bir cümlə həm bir
fakt, həm də bir fəryaddır. Müəllif hadisələri
sadəcə təsvir etmir, onlara münasibət bildirir,
mövqe tutur. Bu da əsəri adi sənədli hekayətdən
publisistik manifest səviyyəsinə qaldırır (Bu hal
maraqlı və diqqətəlayiqdir).
Əsərin
sonunda fiziki zindan hələ qalır (atanın şirinlik
paylamağa məcbur edilməsi səhnəsi
"İNSAN" kəlməsi haqqında müfəssəl
məlumat ötürən müdhiş səhnədir), lakin
mənəvi azadlıq artıq qazanılmış olur. Eluca
Atalı göstərir ki, rejim bədəni qıfıllaya
bilər, amma ruhu əsir saxlamaq mümkün deyil. Bu, təkcə
hadisələrin cərəyan etdiyi ölkədə
yaşayan xalqların deyil, bütün dünya
xalqlarının azadlıq idealına ünvanlanan bir
çağırışdır. Bu mənada problem ümumi
olaraq qalır; idarə edənlər və idarə olunanlar. Hər
iki zümrənin öz həqiqətləri var. Və bizim nə
düşünməyimizdən asılı olmayaraq, hər
iki cəbhə öz düşüncələrində
özgür (azad) və haqlıdırlar.
Eluca
Atalının "İran hizbullah zindanında" romanı
milli düşüncənin, azadlıq idealının və
insan ləyaqətinin zindanda belə
sarsılmazlığını göstərən dərin mənalı
bir əsərdir. Yazıçı bu romanında həm fərdi,
həm də ictimai səviyyədə ideoloji
toqquşmaların, siyasi təzyiqlərin və mənəvi
dirənişin ağrılı mənzərəsini
yaradır. Və yuxarıda qeyd etdiyimiz dörd
bölümün hərəsi bu mənzərənin daha
aydın görünməsi üçün öz üzərinə
düşən vəzifəninin öhdəsindən
uğurla gəlmişdir.
"İnqilabın
travması" bölümü
Xüsusilə
"İnqilabın travması" bölümü
(kitabı) bu əsərin bədii-fəlsəfi məğzini
açan, İran inqilabının mahiyyətini və onun
insan talelərinə vurduğu zərbəni sənədli-publisistik
aydın anlaşılan sadə bir dillə ifadə edən
hissədir. Yəni, əsərin əsas qəhrəmanları
Fatma (Fatimə yox!) ilə atası Allahkərim ("Allah kərimdir,
quyusu da dərindir" - aydın məsələdir ki, Eluca Atalı bu adı da məxsusi
olaraq seçib) arasanda baş verən söhbətlər,
onların başına gələnlər, lap əsərin
sonunda Allahkərimin çarəsizliyi və məyusluğu,
bütün bunlar bir məhəllənin, bir kəndin, bir
şəhərin, bir ölkənin, ümumilikdə
dünyanın problemidir. Bu
bölümdə - kitabın mənim əlimdə olan
(Bakı, "Qanun", 2023, 567
s.) variantında 21 - ci səhifədə "Nağıldan
reallığa" yarımbaşlıqlı (sərlövhəli)
parçada zoomağazada Fatma ilə atası Allahkərim və eyni zamnda Allahkərim ilə
mağazanın yeganə sahibi (müəllif onu məhz belə
təqdim edir) Rza Səbri (razılıq və səbrlə hər
şey mümkündür, tələsənlər isə
Fatma və atası Allahkərim kimi təndirə düşməyə
məhkumdurlar...) ağa ilə söhbət, oradakı abu-hava
və kuliminasiya: "...Allahkərimin qulağına
pıçıldayırmış kimi: - Ağa, xəbərin
oldu, keçən həftə
Əlirza Şükrü Əfşarı və Bəhram
Əfşarı edam etdilər. - qəfildən gözü
vitrinə sataşan satıcı: - Öhö,öhö... (səh.
22)" Birinci kitabdan (bölümdən - hissədən) təqdim
etdiyim bu kiçik parça həm ümumilikdə əsər,
həm də bölüm haqqında kifayət qədər məlumat
ötürüb, hələ kitabı oxumamış şəxsləri
mütaliəyə təşviq etmək gücünə
malikdir.
Eluca
Atalı bu bölümdə İran inqilabının ideoloji
parıltısının arxasında gizlənən zülm
mexanizmini açır. Yazıçı göstərir ki,
"inqilab" adlanan o siyasi dalğa sadə insanlara
azadlıq, ədalət və bərabərlik vəd etsə
də, nəticədə yeni bir ideoloji qəfəs yaratdı
(elə bir çirkin mühit formalaşdı ki,
qonşu-qonşudan qorxmağa başladı, dünənə
qədər qardaş olanlar bu gün satqına, xainə
çevrildilər - bu elə mexanizmdur ki, insanlar artıq
özləri bir-birlərinə nəzarət etməyə
başlayıblar). Öz gündəlik həyatını
yaşayan sadə insanlar (idarə olunanlar) sadəcə
özlərini hər zaman, hər yerdə haqlı bilən
idarə edənlərin istədiyi kimi yaşamadığı
üçün vətən xaini, xalq düşməni elan
olunarq, zindanlara dolduruldu. Bu zindanlarda satqın, xain (əslində
isə hakimiyyət düşməni) damğası ilə
işgəncələrə məruz qaldı.
Burada
müəllif sadəcə hadisəni nəql etmir - o, bir
ictimai şüurun deformasiyasını, mənəvi dəyərlərin
məhvinin psixoloji portretini cızır. "İnqilabın
travması" sadəcə bir siyasi hadisənin nəticəsi
deyil, həm də insanın ruhunda qırılan inamın,
sarsılan etimadın simvoludur.
Bu
bölümdə zindan təkcə fiziki məkan deyil, həm
də mənəvi sınaq meydanıdır. Burada insanın
ideyaya sədaqəti, inamı və mənliyi
ölçülür. Eluca Atalı zindanı bir siyasi
laboratoriya kimi təqdim edir - burada rejim (idarə edənlər)
insanı sınayır (idarə olunanları), əyməyə,
sındırmağa, öz ideologiyasına
uyğunlaşdırmağa çalışır.
Zindanda
aparılan "tərbiyə" prosesi, məhbuslara
qarşı psixoloji və fiziki təzyiqlər, idarə edənlərin
idarə olunanları öz istədikləri kimi
yaşamağa öyrətmək səyləri
yazıçının bədii dili ilə dərin fəlsəfi
məna qazanır. Bu, təkcə İran zindanının deyil,
ümumən bütün totalitar sistemlərin
obrazıdır.
Ardı
növbəti sayımızda
Zaur
Ustac,
"Yazarlar"
jurnalının baş redaktoru,
AYB və
AJB-nin üzvü.
Olaylar.-
2025.- 14-20 noyabr, ¹39.- S.18.