Rəqəmsal
dövrdə dil transformasiyası
təhlükə, yoxsa inkişaf?
Dilçi alim: "Sosial mediada yaranan ifadələrin
istifadəsi təbii nitq prosesidir, amma alınma sözlərin
çoxluğu dil mədəniyyətini zəiflədir"
Müasir dövr texnologiyanın və rəqəmsallaşmanın
hökm sürdüyü bir əsrdir. Bu dəyişikliklər
həyatın bütün sahələrinə, təhsildən
tutmuş mədəniyyətə, ünsiyyətdən
düşüncə tərzinə qədər təsir
göstərməkdədir. Xüsusilə son onilliklərdə
sosial media insanların gündəlik həyatının,
informasiya mübadiləsinin və münasibətlərin
qurulmasının əsas vasitəsinə çevrilib. Sosial
medianın təsiri ilə yaranan yeni ünsiyyət
formaları isə ən çox gənc nəslin dilində
öz əksini tapır. Onların gündəlik
danışığında, mesajlaşmalarında,
paylaşımlarında və hətta bir-birilə ünsiyyətində
istifadə etdikləri yeni sözlər, ifadələr və
abreviaturalar artıq dilin ayrılmaz hissəsinə
çevrilməkdədir.
Bu yeni "rəqəmsal dil" fenomeni, bir tərəfdən,
müasirliyin və texnoloji inkişafın göstəricisidir,
digər tərəfdən isə dilin saflığı, nəsillərarası
anlaşma və milli-mənəvi dəyərlər
üçün müəyyən təhlükə yarada
bilir.
Sosial media platformaları - Facebook, Instagram,
TikTok, X, Telegram, WhatsApp və digərləri qlobal informasiya
axınını sürətləndirməklə
yanaşı, dilin dəyişmə dinamikasına da ciddi təsir
göstərir. Əvvəllər insanlar məktublar və ya
canlı ünsiyyət vasitəsilə fikir mübadiləsi
aparırdısa, indi bir cümləni, hətta bir hissi ifadə
etmək üçün bir-iki simvol, emoji və ya abreviatura
kifayət edir.
Bu, yazılı dilin strukturunu dəyişdirməklə
yanaşı, düşüncə tərzini də
formalaşdırır. Gənclər qısa, sürətli və
emosiya yüklü yazışma tərzinə
alışır. "LOL" (laughing out loud - ucadan gülmək),
"OMG" (oh my God - ay Tanrım), "BTW" (by the way -
yeri gəlmişkən) kimi qısaltmalar artıq beynəlxalq
gənclik dilinin ayrılmaz hissəsidir. Azərbaycan gəncliyi
də bu prosesdən kənarda qalmayıb.
Belə sözlər bəzən ünsiyyəti
asanlaşdırır, səmimiyyət yaradır, lakin eyni
zamanda ədəbi dilin norma və qaydalarına zidd
düşür. Uzun müddətli istifadədə bu
üslub dilin leksikasına, orfoqrafiyasına, qrammatikasına və
tələffüzünə təsir göstərə bilər.
Gənclərin bu tip ifadələrə
üstünlük verməsinin bir neçə əsas səbəbi
var: Sosial mediada sürətli yazışma və informasiya
axını insanların qısa və yığcam ifadə tərzinə
üstünlük verməsinə səbəb olur. İngilis
dili qlobal kommunikasiya vasitəsinə çevrildiyindən, onun
elementləri təbii şəkildə gənclərin
danışıq dilinə daxil olur. Gənclər arasında
bu tip ifadələr "müasirlik",
"yenilikçilik" və "daha maraqlı ünsiyyət
tərzi" kimi qəbul edilir. Yəni bu, bir növ "gənclik
dili" formalaşdırır. Sosial platformalarda çox vaxt
keçirmək, yazılı ünsiyyətin əsas formaya
çevrilməsi nəticəsində danışıqda da həmin
formalar təkrarlanmağa başlayır.
Bu dil fərqliliyi, xüsusilə gənc və
yaşlı nəsil arasında ünsiyyətdə müəyyən
uçurum yaradır. Yaşlı insanlar üçün bu
cür sözlər yad və anlaşılmaz olur,
çünki onlar dilin klassik formalarına
alışmışlar. Gənclərin "internet dili"
ilə danışması, bəzən valideynlər və
müəllimlərlə ünsiyyətdə
anlaşılmazlığa səbəb olur.
Bu uçurum təkcə leksik səviyyədə
deyil, həm də mədəni və düşüncə səviyyəsində
özünü göstərir. Gənclər
üçün qısaldılmış sözlər sadəcə
rahatlıq vasitəsidir, lakin yaşlı nəsil bunu dilə
və ədəbi dəyərlərə hörmətsizlik
kimi qəbul edə bilər. Beləliklə, dil fərqliliyi tədricən
emosional və sosial uzaqlaşma yaradır, nəticədə nəsillər
arasında qarşılıqlı anlaşma zəifləyir.
Mövzu ilə bağlı Qarabağ
Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri
doktoru, dilçi alim Elçin İbrahimov Olaylar.az-a
danışıb. O bildirib ki, bəzi sözlərin ingilis,
rus və Türkiyə türkcəsindən alınaraq
işlədilməsi Azərbaycan dili üçün
heç bir təhdid yaratmır. Sadəcə olaraq bu, nitq
prosesinin, yəni gündəlik danışıq dilinin bir qədər
pozulmasıdır. Əlbəttə, arzu edilən odur ki, hər
kəs saf, təmiz Azərbaycan ədəbi dilində
danışsın, alınma sözlərdən və ya
abreviaturalardan istifadə etməsin. Hətta sosial şəbəkələrdə,
"WhatsApp" qruplarında belə düzgün, ədəbi
dildə yazsınlar. Ancaq bütün bunlara baxmayaraq, bunun Azərbaycan
dili üçün bir təhlükə
yaratdığını düşünmürəm.
E. İbrahimovun sözlərinə görə,
bununla bağlı hər hansı xüsusi tədbir
görülə bilməz. Bu, təbii bir nitq prosesidir. Üstəlik,
nəzərə almaq lazımdır ki, artıq gənc nəsil
başqa ruhda, başqa mühitdə böyüyür. Bu, Azərbaycan
dili üçün bir təhdid deyil. Çünki o sözlər
Azərbaycan ədəbi dilində işlənmədiyi və
ya dilimizin lüğət tərkibinə daxil olub
"doğmalıq pasportu" qazanmadığı müddətcə
biz onları dilimiz üçün təhlükə hesab edə
bilmərik. Məsələn, əvvəllər
"kvorum" sözü çox işlədilirdi.
1990-cı illərə, hətta 2000-ci illərin əvvəllərinə
qədər bu söz geniş yayılmışdı. Amma
zamanla "kvorum" sözü "yetərsay" ifadəsi
ilə əvəz olundu və indi artıq "kvorum"
işlədilmir. Yaxud bir dövr Türkiyə türkcəsinin
təsiri ilə "kompüter" əvəzinə
"bilgisayar" sözünü işlətmək istəyirdilər.
Mənim fikrimcə, "bilgisayar" sözü əslində
"kompüter"dən daha gözəldir, amma bu söz Azərbaycan
dilində doğmalıq qazana bilmədi. Şəhərdə
hər yerdə "kompüter təmiri", "kompüter
satışı" kimi ifadələrə rast gəlirik, yəni
"kompüter" sözü dilimizdə qalıb. Nə qədər
çalışılsa da, "bilgisayar" dili içində
yer tuta bilmədi. Deməli, bəzi alınma sözlərin
dilə daxil olması təbiidir, bu, elmin və texnikanın
inkişafı ilə bağlıdır. Dil "flexible",
yəni elastik, dəyişkən bir sistemdir və zamanla yeni
sözlər qəbul edir. Ancaq bu alınma sözlər dilin
daxili normalarına uyğun şəkildə işlədilməlidir.
Əgər həmin anlayışın Azərbaycan dilində
düzgün qarşılığı varsa, niyə biz onun
yerinə başqa dildən söz götürək? Əgər
sözün Azərbaycan dilində qarşılığı
yoxdursa və termin artıq beynəlxalq şəkildə qəbul
olunubsa, o zaman onun dilimizdə işlədilməsi məqbuldur.
Məsələn, "COVID-19" və "koronavirus"
sözləri. Bunlar artıq dünya miqyasında qəbul
olunmuş terminlərdir və pandemiya dövründən
etibarən dilimizin lüğət tərkibinə daxil olublar.
Belə nümunələr çoxdur. Mən əcnəbi
sözlərin, alınmaların işlənməsinin əleyhinə
deyiləm. Əksinə, bu, dilin zənginliyini göstərir.
Amma həmin sözlərin Azərbaycan dilində
qarşılığı olduğu halda alınmadan istifadə
olunmasını doğru hesab etmirəm.
Dilçi alim bir daha vurğulayıb ki, Azərbaycan
dili bu səbəblərdən təhdid altında hesab edilə
bilməz. Çünki Dədə Qorquddan tutmuş,
Füzuli, Nizami, Molla Pənah Vaqif kimi klassiklərin əsərlərində
özünü qoruyub saxlayan bir dil bir neçə alınma
sözlə zəifləyə bilməz. Bu, sadəcə nitq
mədəniyyətinin pozulması məsələsidir.
"Əlbəttə, arzu edilən odur ki, istər
gənclər, istər böyüklər, hər kəs
doğru, ədəbi Azərbaycan dilində
danışsın. Bunun da bir yolu var - mütaliə.
Biz gənclərə daha çox kitab
oxumağı təlqin etməliyik. Əgər gənclər
çoxlu mütaliə etsələr, zəngin söz
ehtiyatına sahib olsalar, alınma və şablon sözlərdən
də az istifadə edəcəklər.
Adətən gündəlik alınma sözlərdən
çox istifadə edənlərin intellektual səviyyəsinə
baxanda görürük ki, onların mütaliəsi zəifdir,
dünya və Azərbaycan klassiklərini tanımırlar. Bu
da dilin zəif işlədilməsinə gətirib
çıxarır," - deyə E. İbrahimov sonda əlavə
edib.
Dil bir millətin yaddaşı,
düşüncə tərzi və kimliyidir. Tarix boyu Azərbaycan
dili xalqımızın birliyini, mədəniyyətini və
mənəvi dəyərlərini yaşatmışdır.
Lakin müasir dövrdə bu dil texnologiyanın və
qloballaşmanın təsiri altındadır.
Dilimizin qorunması yalnız qadağalarla
mümkün deyil. Əksinə, gənclərə dilin
gözəlliyini, incəliyini və gücünü sevdirmək
lazımdır. Məktəblərdə və ali təhsil
müəssisələrində ədəbi dilin tədrisi
müasir metodlarla aparılmalı, sosial mediada düzgün
yazı qaydaları təbliğ edilməlidir.
Bundan əlavə, tanınmış blogerlər,
jurnalistlər, yazıçılar və ictimai şəxslər
dilin düzgün istifadəsini öz fəaliyyətlərində
nümunə göstərməlidirlər. Çünki gənclərin
dil davranışına ən çox təsir edən məhz
sosial media nüfuz sahibləridir.
Gənclərin sosial mediada və gündəlik
ünsiyyətdə istifadə etdiyi yeni sözlər və
abreviaturalar müasir dövrün reallığıdır.
Onlar dilin canlı, dəyişkən və dinamik təbiətinin
göstəricisidir. Lakin bu dəyişikliklərin idarəsiz
şəkildə yayılması dilimizin saflığına, ədəbi
qaydalarına və nəsillərarası ünsiyyətə
mənfi təsir göstərə bilər.
Dil inkişaf etməlidir, lakin inkişaf təhrif
və yad təsir hesabına deyil, daxili zənginləşmə
və yaradıcılıqla olmalıdır. Biz dilimizi
texnoloji yeniliklərə uyğunlaşdırmalı, eyni
zamanda onun milli ruhunu, tarixi dərinliyini və ədəbi
gözəlliyini qoruyub saxlamalıyıq.
Unutmaq olmaz ki, dilini itirən xalq,
yaddaşını itirir. Bu səbəbdən, hər bir gəncin
üzərinə məsuliyyət düşür: sosial
mediada, gündəlik yazışmada və
danışıqda Azərbaycan dilinə hörmətlə
yanaşmaq, onun saflığını və gözəlliyini
qorumaq bizim mədəni borcumuzdur.
LAMİYƏ
CƏBRAYILOVA
Olaylar.-
2025.- 14-20 noyabr, №39.- S.19.