“Balaca qara balıq” okeanda
Eluca Atalının məşhur
kitabı haqqında qeydlər
Əvvəli ötən saylarımızda
Salam
olsun, çox dəyərli oxucum! Söhbətimizi
qaldığımız yerdən davam edirik.
Bu bölümdə "tabut" sadəcə ölüm rəmzi deyil, həm
də sistemin insan ruhuna biçdiyi məkan, mənəvi qəfəsdir.
Zindan, əslində, insanın bədənini dustaq edə bilər,
amma ruhun azadlığını əlindən ala bilməz.
Eluca Atalı bu ideyanı bədii-publisistik dillə
ustalıqla ifadə edir. İnsan, tabutun içində belə,
yaşamağın mənasını axtarır: "... - Lap
tezliklə! Xilaskar can üstə olanlarını intizarda
saxlamaz, yetirər özünü ondan can istəyənlərə!
- molla özünəməxsus tərzdə beyinləri iynələyən
bir səs tonu ilə xilaskarın göylə gələcəyini
beyinlərə batırmışdı." Səhifə 446-dan başlayan "Ədalətli
bölgü" yarımbaşlıqılı (sərlövhəli)
parçadan (səh. 447) təqdim etdiyim bu məqamda müəllifin
bütün əsər boyu qaldırıb, daim
vurğuladığı bir neçə sualın cavabı
var;
-birinci "yuxarıdakılar
bacarmırdılar", "aşağıdakılar istəmirdilər"
məsələsi: yəni idarə edənlərin hakimiyyətdə
yaratdığı boşluq idarə edilənlərdə bir
gözlənti yaratmışdı,
-ikinci deməli, inqilab bütünlüklə xaricdən idxal
olunmamışdı, daxildə də tam yetişməsə də
buna təlabat var idi. Ən azından əhalinin mühüm
hissəsi (təbəqəsi) bir gözlənti içərisində
idi,
-üçüncü bütün
doğuşlar ağrılı
olur və həmişə xoşbəxt sonluqla
yekunlaşmır...
Bu bölümün (kitabın),
ümumilikdə romanın da sonu hesab
olunan səh. 556-da lap başdan:
"...
Edam olunanları bir qayda olaraq kişi pastarlar yük maşınının
arxasına tullayırdılar.
Başı-ayağı yük yerinin dəmir divarlarına dəyib,
tappıltı salan meyitlərin bu işdə
günahsızlığı nəzərə alınsa,
onların qarasınca deyinmək haqsızlıq idi...."
Və ya bir az
əvvəldə (səh. 554):
"...
Az keçmədi, öndə olan məhbuslardan bir cərgə
sıralayıb, təpənin başına
çıxartdılar. Sonra ikinci bir dəstəni nizama düzdülər,
sonra üçüncü ..."
Səhifə 542-dən:
"Rəis davam etdi:
-A kişi, elə bil başqa planetdən gəlmisən, sən
bu ölkədəki qanunlardan xəbərsizsənmi?..."
Yuxarıda təqdim etdiyim
kiçik parçalardan da
görünür ki, "Qanlı orkestr"
bölümündən fərqli olaraq, "Həyatı
tabutda axtaranlar" bölümündə hadisələr daha
sürətlə inkişaf edir. Müəllif əsərin əvvəlində
- "İnqilabanı travması" bölümündə
başladığı bütün məsələləri
böyük ustalıq və zərgər dəqiqliyilə bu
bölümdə bir-birinin ardıca sürətlə
yekunlaşdırır. Bu bölümdə də bir daha hər
kəsin öz həqiqəti olduğunun şahidi oluruq. Məsələn,
Fatmanın "Sakta balığı"
adlandırdığı molla da Fatmanı kafir - rejimin
düşməni kimi görür (səh. 544):
"... Məgər
sevinmirsən ki, bu gözəl məmləkətimizdən
kafirin biri azaldı?"
Eluca Atalı burada hərəsinin öz həqiqətləri olan
iki tərəfi qarşı-qarşıya qoyur. Fatmanın
gözlədiyi "Sakta balığı"nı yeyəcək
qeyri-müəyyən, məchul akula gəlib çıxmasa
da, yırtıcı "Sakta"nın öz məqsədindən
vaz keçmədiyini və sonda min bir hiylə ilə axır
ki, arzusuna çatdığının şahidi oluruq (səh.
543 sözün bitdiyi yer):
"-Kişi, al! - əlindəki mehriyyə
haqqını bir az da qabağa, Allahkərimə sarı
uzatdı. - Əlimi uzanılı qoyma!...."
Sonra (səh. 543 aşağıda, kulminasiya):
"...
-Payla, payla! ..."
Bu məqamı artıq əvvəldə də bir neçə dəfə
vurğulamışam. Sözün əsl mənasında
"noğul paylama" mərasimi dəhşətdir (səh.
543):
"...Bunu dədə-baba adəti ilə qız
nişanlayanda, toy xonçasına qoyar və gəlin ata evindən
çıxarılıb, ər evinə
köçürülən zaman həyət qapısından
yola salınarkən
başından tökərdilər..."
Yazıçı sona yaxınlaşdıqca
sanki ürəyindəkilərin
hamısını bir-bir hayqıraraq deyir. Ümumilikdə belə
nəticə çıxır ki, "halva-halva deməklə
ağız şirin olmur". Hər iki cəbhənin öz
həqiqətləri, öz istəkləri olduğu kimi, məqsədlərinə
çatmaq üçün öz yolları, fəndləri
var. Və sonda Allahkərimin
"suyusüzülmüş" halda, "əli ətəyindən
uzun" zindanı tərk etməsi səhnəsinin təsvirində
Eluca Atalı bu dörd bölümdən ibarət
böyük həcmli bir ktabda demək istədiyinin
hamısını yenidən bir neçə cümlə ilə
ən təsirli şəkildə
(bundan o tərəfini təsəvvür edə bilmirəm)
bir daha oxucusuna çatdırır (547 - 548):
"...
Kişi (Allahkərim - Fatmanın atası) əlindəki
torbayla durduğu yerdən tərpənib, qapıya üz
tutanda rəis yarıistehza, yarıqəzəblə dodaqlarını
büzüb:
-Torba qoy qalsın!
- dedi.
Zindan rəisinin otağına girəndə, başından
çıxarıb və şirni paylayarkən qoltuğunun
altına dürtmələdiyi papağını unudub,
qızının gözaydınlığı şirnisini
qaytarıb. Rəisin masasının üstünə qoyarkən,
onun qoltuğunun altından necə sürüşüb
düşdüyünün fərqinə varmadı. Allahkərimi
arxasınca izləyən pastar isə qabağa, qapıya
doğru düz getdiyindən bu an tapdayıb, üstündən
keçdiyinin papaq olduğunu çox güman ki, hiss etmədi.
Bir gecədə beli əyilmiş qız atası özündən
sonra zindanda xatirə kimi iki nişanə qoyub getdi..."
Eluca Atalının bu əsərdə yaratdığı müsbət
və mənfi qəhrəmanlar (qəhrəmanlar və antiqəhrəmanlar)
idarə edənlər və idarə olunanlar
(yuxarıdakılar və aşağıdakılar) hər
ikisi eyni coğrafiyanın insanları, eyni xalqın
övladlarıdır. Bəzən vəzifə icabı
müxtəlif dillərdə danışsalar da əslində
dilləri də eynidir. Fərqli yalnız məqsədləri
və əməlləridir. Hər kəs özünü
haqlı sayır və öz yolunda hədəfinə
çatmaq uğrunda mübarizə aparır. Hələlik
güclü tərəf idarəedənlər olduğuna
görə hər şey onların istədikləri kimi cərəyan
edir. Ancaq bütün əsər boyu bu gedişatın müvəqqəti
olduğu aydın duyulur.
Müəllifin qəhrəmanları - ideallarına, milli kimliklərinə,
vicdanlarına sadiq insanlar - zülmün içində belə
həyat eşqini itirmirlər. Onlar üçün "həyatı
tabutda axtarmaq" - məhz insanlığın son
sınağı, son imtahandır. Eluca Atalı burada sanki
soruşur: "İnsan ölmədiyi halda, onu tabuta salan
kimdir? Rejim, qorxu, yoxsa susqunluğumuz?" Bu ritorik suallar
oxucunu da zindan divarlarının içinə salır, vicdanla
üz-üzə qoyur.
Bu bölümdə müəllif
publisistik alovla tarixi bir reallığı
bədii ümumiləşdirməyə çevirir. Hər
bir cümlədə həm inqilab sonrası İranın
dini-siyasi zülmü, həm də bütövlükdə
insan azadlığının dəyəri əks olunur. "Həyatı
tabutda axtaranlar" - öz Vətənindən,
öz inancından, öz kimliyindən qoparılmış
insanların fəryadıdır. Amma bu fəryad ümidsizlik
deyil, çağırışdır. Zülm
qarşısında dirənişin, ruhun ölməzliyinin
çağırışıdır.
Nə qədər çətin
olsa da, bütün itirdiklərinə rəğmən
Allahkərim sözün bütün mənalarında
toparlanıb zindandan çıxmağı bacarır.
Eluca
Atalının dili burada həm publisistik, həm poetik, həm də
fəlsəfidir. O, oxucunu zindandakı qəhrəmanla birgə
nəfəs almağa, onun gözləri ilə ölümə
baxmağa vadar edir. Lakin bu baxışda qorxu yox, əksinə,
dirəniş var. "Tabut" burada məğlubiyyət
deyil, oyanış yeridir. "Tabut"lar burada beşiyə
çevrilir. Hər tabutda cansız bir bədənlə
yanaşı sarsılmaz,
DİPDİRİ RUH var.
Çünki həyatın mənası yalnız
rahatlıqda deyil, mübarizədədir. Həm də məntiqi
olaraq, hər sonluq özlüyündə bir
başlanğıcdır.
Son nəticədə "Həyatı
tabutda axtaranlar" bölümü -
xüsusilə də yuxarıda təqdimetdiyim hissələr Eluca Atalının bu əsərdə
demək istədiklərinin çoxunu bütün
çılpaqlığı ilə açıq- aydın
oxuculara çatdırır, əsərin ümumilikdə
mahiyyətini ifadə edir - həyatın özünə
çevrilmiş mübarizə, insanın
özlüyünü - ruhunu
qorumaq uğrunda savaşı (mübarizəsi). Bu
bölümü oxuyan hər bir insan anlayır ki, azadlıq təkcə
divarların arxasında deyil, insanın öz içində
başlayır.
Xüsusi
qeydlər
Eluca Atalının (Hüseynova
Mədinə İxtiyar qızı -
1966) bu əsəri cəsarətli
addım kimi qiymətləndirilməlidir. Kitabın cildi (mən
əlimdə olan nümunəyə əsasən fikir
yürüdürəm), tərtibatı, içliyi
üçün istifadə olunmuş kağız -
ümumilikdə çap işi yüksək səviyyədədir.
Kitab əmtəə məhsulu olaraq satış
üçün tam yararlı, qiyməti isə münasibdir.
Bakı şəhərində və dünyanın bir
çox ölkəsində
müasir dövrün texniki imkanlarından istifadə etməklə
kitabı əldə etmək olar. Bundan əlavə Azərbaycanda
Bakı şəhərində yerləşən Azərbaycan
Milli Kitabxanası da daxil olmaqla ölkəmizin bir çox əsas
kitabxanalarından götürüb oxumaq imkanı var.
Kitabda qaldırılan problem, araşdırılan
mövzu, təqdim olunan real vəziyyət günümüzdə
bəzi yüngülləşdirici hallar olsa da aktual olaraq qalır. Yəni
kitabı oxumaqda ən azından tarixi məlumatları bədii-publisistik dildə əxz etmək
baxımından düşünən, yurdsevər hər bir
şəxs üçün fayda var.
Kitabın dili bədiilikdən
daha çox publisistikaya yaxındır.
Kitabın hər bölümündən təqdim etdiyim
parçalar təbliğat və kitabın oxunmasına təşviq
etmək məqsədilə seçilib. Bu kitabdan əlavə
dəyərli oxuculara məsləhət görərdim ki, Eluca Atalının "Qanun" nəşriyyatında 2022-ci ildə nəşr olunmuş
"Kendini getir" kitabını da mütləq əldə
edib oxusunlar.
Dəyərli ədəbiyyatçı dostum və çox qiymətli
oxucum qeydlərimin nə qədər həqiqəti əks
etdirdiyini bilmək üçün mütləq "İran
hizbullah zindanında" kitabını əldə edib oxumaq
lazımdır. Kitabı yuxarıda qeyd etdiyim mənbə və
ünvanlardan əldə edib, oxumaq mümkündür.
Kitabda ən xoşuma gələn hal Eluca Atalının Səməd
Behrənginin "Balaca qara balıq" əsərini təkrar-təkrar
yada salması, xatırlatması və təbliğ etməsidir.
Əsərin içində başqa bir əsəri yada salmaq
və ya təbliğ etmək dünya ədəbiyyatı
nümunələrində də var. Bir müəllif kimi mən
də "Qırmızı yarpaqlı ağac" hekayəsində,
"Xüsusi təyinatlı" povestində bu üsuldan
istifadə etmişəm. Yerində olanda təqdirəlayiq
haldır.
Bu əsər bir çağırışdır - ədalət
uğrunda mübarizənin heç vaxt bitmədiyini
xatırladan, insan ruhunun dirənişinə inamı yenidən
alovlandıran çağırış. Quruluşlar dəyişsə
də insanın fitrətindəki azadlıq eşqi əbədidir.
"İran
hizbullah zindanında"
bu mənada həm sənədli gerçəklik,
həm də mənəvi müqavimət dastanıdır.
Yazıçı oxucusuna sadəcə bir zindanı deyil, bir
ideyanı - azad ruhun sarsılmazlığını göstərir
(əsərin sonunda bunu lap aydın görürük).
Eluca Atalının "İran hizbullah
zindanında" kitabı milli şüurun və vicdanın
publisistik qələbəsidir. Bu əsər bir
yazıçının cəsarəti, bir xalqın səsi və
bir insanın həqiqət uğrunda mübarizəsinin
simvoludur. Eluca Atalı bir daha sübut edir ki, azadlıq
düşüncədən başlayır, vətən sevgisi
isə zindanda belə ölmür.
Sona qədər həmsöhbət
olduğunuz üçün təşəıkkür
edirəm. Növbəti yazımız Yunus Oğuzun "Səssiz gurultunun gumbultusu"
felyetonu haqqında olacaq. Hələlik.
Zaur
Ustac,
"Yazarlar" jurnalının
baş redaktoru,
AYB və AJB-nin üzvü
Olaylar.- 2025.- 28 noyabr-
4 dekabr, ¹41.- S.19.