Keçmişin sədası, indinin ritmi
Milli
musiqinin remiks dünyası
Musiqi hər
dövrün dili, hər nəslin ürəyinin əksidir.
İnsanlar musiqi ilə hiss edir, düşünür,
xatırlayır və ünsiyyət qururlar.
Düşünürəm ki, bu səbəbdən köhnə
mahnılar, illər öncə yazılmış melodiyalar hələ
də bizə tanış və sevgi dolu gəlir. Onlar sadəcə
notlar deyil, tarixin bir parçasıdır, insanların
duyğularının, arzularının və həyat tərzinin
əksidir. Azərbaycanın zəngin musiqi irsi bu baxımdan
xüsusi önəm daşıyır. Muğamdan xalq mahnılarına,
klassik melodiyalardan pop janrına qədər hər nota öz
tarixini, öz hekayəsini daşıyır. Hər əsər
öz dövrünün ruhunu əks etdirir və gələcək
nəsillərə ötürülən bir mədəni xəzinədir.
Son illərdə isə milli musiqi sahəsində ən
maraqlı və müzakirə doğuran proses, köhnə
melodiyaların yenidən işlənməsi, yəni remiks
formalarına çevrilməsidir.
Remiks
trendi xüsusilə gənclər arasında böyük
populyarlıq qazanıb. Sosial şəbəkələr,
musiqi platformaları və xüsusilə TikTok bu yeniliklərin
sürətlə yayımlanmasına imkan yaradır. Əvvəlcə
ritmik olaraq fərqli bir təcrübə təqdim edən bir
mahnı, elektron ritmlər, yeni temp və modern səslərlə
zənginləşdirildikdə, həm köhnə dinləyicilərə
nostalji, həm də gənclərə yeni bir təcrübə
bəxş edir. Bu yenilik həm də gənclərin milli
musiqiyə marağını artırır. Onlar əvvəlcə
yalnız modern ritmlərə qulaq assa da, remiks vasitəsilə
köhnə melodiyalarla tanış olur və nəticədə
orijinal əsərlərə də diqqət göstərirlər.
Beləliklə, remiks yalnız bir əyləncə vasitəsi
deyil, həm də bir körpüdür - keçmiş ilə
indini birləşdirir, musiqinin dərinliyini və zənginliyini
gənc dinləyicilərə çatdırır. Bu prosesin nəticələri
də olduqca maraqlıdır. Gənclərin reaksiyasına
baxdıqda, remikslərin onları köhnə musiqi əsərlərinə
yaxınlaşdırdığı açıq şəkildə
görünür. Sosial şəbəkələrdə trend
olan bir remiks, izləyiciləri orijinal əsəri dinləməyə
təşviq edir. Beləliklə, remiks yalnız bir yenilik və
ya trend olmaqla qalmır, milli musiqimizi daha geniş kütləyə
tanıtmaq üçün bir vasitəyə çevrilir. Bu
mövzunun maraqlı tərəfi ondan ibarətdir ki, remiks həm
də musiqi tarixini qoruyur. Əsərin əsas melodiyası
saxlanılır, lakin yeni ritmlər və səslər əlavə
olunur. Bu, dinləyici üçün həm tanış, həm
də təzə bir təcrübə yaradır. Orijinal
mahnı və remiks versiyası birlikdə mövcud olduqda,
musiqi yalnız zamanla əlaqəsini deyil, həm də
janrlararası dialoqunu qoruyur. Azərbaycan musiqisinin zənginliyi
remikslərdə də özünü göstərir.
Muğam melodiyalarının incə nüansları, xalq
mahnılarının ritmik quruluşu, klassik əsərlərin
melodik harmoniyası və müasir səslərin birləşməsi
hər remiksdə fərqli bir təcrübə yaradır.
Bununla
yanaşı, remikslər Azərbaycan musiqisinin beynəlxalq səviyyədə
tanıdılması üçün də böyük rol
oynayır. Müasir musiqi platformalarında
paylaşılmış remikslər, Azərbaycan melodiyalarını
yeni auditoriyaya çatdırır.
Musiqidə
"keçmişin ruhunu" qorumaq və "bugünün
ritmini" tutmaq arasında balansı necə saxlamaq olar? Retro
mahnıların remiks (yenidən işlənmiş, müasir
ritmlə təqdim olunan versiyası) forması gənclər
arasında populyarlaşması prosesi musiqinin ömrünü
uzadır, yoxsa orijinal dəyərinə təsir edir? Bu
mövzuda peşəkar baxışını öyrənmək
üçün Azərbaycan musiqisinin tanınmış bəstəkarı,
Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi Cavanşir Quliyev Olaylar.az-a açıqlama verib:
" Mən
ümumiyyətlə "retro mahnı" kəlməsini qəbul
etmirəm. Bunu musiqidən və ya bədii sənətdən
anlamayan insanlar icad ediblər. Əgər bu prinsipdirsə,
retro kəlməsini işlətmək hər şeyə tətbiq
olunmalıdır. Musiqi dinləyən insanların içində
hər kəs musiqini anlamır. Yəni hər kəs musiqini
anlasa, o zaman hər kəs musiqiçi olar. Mənə
neçə dəfədir bu sualı verirlər: Retro. Nə
deməkdir retro? Retro tərcümədə köhnə deməkdir.
Niyə "köhnə" kəlməsini işlətmirsiniz?
Köhnə
mahnıları müasir ritmlə araşdırmaq və təqdim
etmək, bu, bilirsiniz nəyə bənzəyir? Sizin əlinizdə
100 il əvvəl istehsal olunmuş bir Mercedes avtomobili var. Siz
ona bugünkü satış yerinə yeni motor
taxırsınız. Yeni oturacaqlar düzəldirsiniz,
içini müasir texnologiya ilə doldurursunuz, navigator
qoyursunuz və deyirsiniz ki, baxın, mən retro Mercedesi
müasirləşdirmişəm. Eləyərsinizmi elə
bir şey? Gülməli çıxar, çünki onun
üç qəpik dəyəri olmaz. Onun dəyəri o
zamandakı orijinal parçalarından ibarətdir. Köhnə
mahnıları da yeni üsullarla təqdim etmək buna bənzəyir.
Yəni, ələ salmaqdır, məncə. Mən heç kəsə
icazə vermirəm, hələlik yaşadığım
müddətdə. İcazə vermirəm mənim
mahnılarımı yeni üsullarla dəyişdirməyə.
Çünki bunu edən insanlar əslində musiqiçi
deyillər. Özfəaliyyət musiqiləri ilə məşğuldurlar.
Əllərinə bir alət düşüb, alıblar və
özləri çalırlar. Üstünə bir melodiya
qoyurlar, köhnə mahnının melodiyasını,
adını da qoyurlar ki, mən bunu yenilədim. Əslində
sənət baxımından, estetik baxımından
yanaşsaq, "eybəcər" nümunələr
çıxır. Deyəcəksiniz ki, gənclər sevirlər
bunu. Sevsinlər, mənim gənclərlə nə işim
var? Həmişə demişəm ki, mənə kütlənin
rəyi maraqlı deyil. Çünki kütlə doğru rəy
deməyə də bilər, xüsusilə sənətdə.
Mən sənəti anlayanların rəyini dinləyirəm. Sənəti
dərindən anlayanların rəyi
mənim üçün dəyərli və
maraqlıdır.
Amma
kütlədə gəzən gənclərin əksəriyyətinin
zövqü yoxdur. Ona görə də nə gəldi dinləyirlər,
nəyə gəldi qulağa asırlar. Mən olaraq bunu qəbul
edə bilmərəm və eləmərəm də. Dediyim
kimi, mənim öz zövqüm, öz yanaşmam var. Ona
görə də demişəm ki, mənim
mahnılarımın yeni üslubda təqdim olunmasına icazə
vermirəm. Yeni üslub deyilən, əslində
bacarıqsızlıqdan gəlir. Bacarmırlar, ona görə
adını qoyurlar "yeni üslub". Həmişə əleyhinə
olmuşam. Bir neçə televiziya kanalları ilə
konfliktim də olub. Mənim mahnılarımı yeni üsulla
təqdim etmək istəyiblər, mən etiraz etmişəm.
Çünki hesab edirəm ki, əvvəl çəkdiyim
misalda dediyim kimi ortaya eybəcər bir şey
çıxır. Hələ heç bir mahnı yeni işləmədə
köhnəsindən gözəl olmayıb. Olubsa, mənə
göstərin hansı mahnıdır? "
Azərbaycan
musiqisinin zənginliyi və tarixi dəyəri şübhəsiz
ki, həm dinləyicilər, həm də ifaçılar
üçün xüsusi əhəmiyyət
daşıyır. Köhnə melodiyaların remiks
formasında təqdim olunması, xüsusilə gənc dinləyicilər
arasında populyarlıq qazandığı bir həqiqətdir.
Bu, musiqinin yeni nəsillərə çatdırılması
və köhnə əsərlərə marağın
artırılması baxımından maraqlı bir prosesdir.
Remiks vasitəsilə gənclər, əvvəllər
yalnız modern ritmləri dinləməyə öyrəşmiş
olsalar da, milli musiqinin klassik melodiyaları ilə tanış
olurlar və nəticədə orijinal əsərlərə də
diqqət yetirirlər. Bu baxımdan remiks yalnız əyləncə
vasitəsi deyil, həm də musiqi irsini qorumağın və
yaymanın bir formasıdır. Digər tərəfdən, bəstəkarların
baxış bucağı məsələyə fərqli
yanaşır. Tanınmış musiqiçilər,
xüsusilə əsərlərin orijinal melodiyasını
qorumağın, onların tarixi və estetik dəyərini
saxlamağın vacib olduğunu vurğulayır. Onların
fikrincə, köhnə əsərləri müasir texnologiya
və ritmlərlə yenidən təqdim etmək bəzən
estetik olaraq uyğun gəlməyə bilər və musiqinin dəyərini
sığortalamaya bilər. Belə yanaşma,
yaradıcılıq və texniki bacarıqların birləşməsi
ilə diqqətlə aparılmalıdır ki, əsərin
ruhu və orijinal keyfiyyəti itirilməsin.
Nəticədə,
milli musiqənin remiks formaları və köhnə əsərlərin
müasir yanaşmalarla təqdim olunması prosesi həm
imkanlar, həm də risklər daşıyır. Bu proses gənclərin
milli musiqiyə marağını artıraraq onu yeni
auditoriyalara çatdırmaq imkanı yaradır, lakin eyni
zamanda musiqi əsərinin orijinal dəyərinin qorunmasına
diqqət tələb edir. Hər iki tərəf-yenilik axtaran
gənclər və əsərlərin müəllifləri
musiqinin ruhunu və dəyərini balanslaşdırmaq
üçün məsuliyyət daşıyır. Azərbaycan
musiqisinin zəngin irsi və melodik müxtəlifliyi, doğru
yanaşma tətbiq olunduqda, həm tarixlə dialoq
yaratmağa, həm də gənc nəsillərin musiqi
dünyasına marağını canlı saxlamağa imkan
verir. Beləliklə, remiks və orijinal əsər bir-birini
tamamlayan vasitələrə çevrilir- keçmişin
ruhunu qoruyaraq, bu ruhu bugünün ritmi ilə birləşdirir,
musiqinin həm tarixi, həm də mədəni dəyərini
gələcək nəsillərə ötürür.
Zeynəb
Mustafazadə
Olaylar.- 2025.- 3-9 oktyabr, №34.-
S.18.