Cahangir Nağıyev. İlk professional
filosoflarımızdan biri-UNUDULUB
O, cəmi
26 il ömür sürüb.
Onun
qeyri-adi istedadı müəllimlərini və həmkarlarını
heyrətə gətirirdi.
O, Qərb
və Şərq fəlsəfəsinin tədqiqi ilə məşğul
olurdu.
O, bir
çox sirləri özü ilə apardı.
Söhbət
Azərbaycan filosofu, pedaqoq, tərcüməçi Cahangir
Musa oğlu Nağıyevdən gedir.
O, 1903-cü il martın 31-də Gəncədə
(o zamankı Yelizavetpol quberniyasında) bağban ailəsində
anadan olub. İlk təhsilini ibtidai rus-tatar məktəbində
və Gəncə kişi gimnaziyasında alıb.
C.Nağıyev 1922-ci ildə Moskva Dövlət Universitetinin
İqtisadiyyat fakültəsinə daxil olub. Sonra təhsilini
Qırmızı Professura İnstitutunun Fəlsəfə
fakültəsində davam etdirib. Bakıya qayıtdıqdan
sonra BDU-da fəlsəfədən mühazirələr oxuyub.
Gənc
Cahangir Avropanın müxtəlif fəlsəfə məktəbləri
ilə tanış olmaq üçün Fransa və Almaniyada
olmuşdur. Avropa səfərindən qayıtdıqdan sonra
"Deşan fəlsəfi sistemi" adlı əsər
yazmışdır. Nağıyev alman və fransız dillərini
mükəmməl öyrənmiş, fars və ərəb
dillərini mənimsəmişdi. Onun "Marksın
materializmi", "Adam Smitin dəyər nəzəriyyəsi
və ümumi metodoloji nisbət: Smit-Marks" əsərlərinin
əlyazması qalmışdır.
Cahangir
Nağıyev ömrünün son illərində BDU-da fəlsəfə
(dialektik materializm) kafedrasının müdiri olmuş, 1929-cu
il noyabrın 16-da 26 yaşında ikən həyat
yoldaşı ilə birlikdə faciəli surətdə həlak
olmuşdur.
...O, elmin
sonsuz fəzasında şimşək kimi çaxıb, elə
şimşək kimi də sönüb. Belə ömrə
heç "qısa" deməyə belə, adamın dili gəlmir.
Çünki qısadan da qısa olub onun həyatı. Cəmi
26 illik bir ömür yaşayıb. İndiki təsəvvürə
görə o, ilk gənclik çağında tərk edib bu
qoca dünyanı.
Cahangir
Nağıyev... Azərbaycan fəlsəfi, ictimai-siyasi
tariximizin ilk tədqiqatçılarından biri. Şərq və
Qərb fəlsəfəsinin alovlu təbliğatçısı.
Görkəmli pedaqoq. Heyrətamiz yaddaşa malik poliqlot.
İctimai xadim. Böyük erudisiyalı ziyalı. 26 illik mənalı
ömrün maraq şaxələri bu cürdür.
Mübağiləsiz demək lazımdır ki, Cahangir
Nağıyev qeyri-adi istedada malik bir insan, bir alim olmuşdur.
Amma təəssüflər olsun ki, o, indiyəcən öz
layiqli qiymətini almamış, alimin zəngin fəlsəfi
irsi ciddi tədqiqatdan kənarda qalmışdır.
Gələcək
filosof lap erkən
çağlarında - 3 yaşında ikən ata-anadan yetim
qalmış, dayısının himayəsində boya-başa
çatmışdır. Hələ körpə ikən
qabiliyyəti, maraq dairəsinin genişliyi ilə
yaşıdlarından fərqlənmişdir.
Yeniyetmə
Cahangir bolşeviklərin "sosial bərabərlik"
ideyasına ürəkdən inanmış, 15 yaşında
ikən dayısı Məmməd Xəlilovun dəstəyi ilə
partiya sıralarına daxil olmuş, gizli ədəbiyyatı
yaydığı üçün dəfələrlə
zindana atılmışdır.
Haşiyə:
İlk gəncliyində kommunizmi təbliğ edən Cahangir
Nağıyev, sonralar
"antikommunist" təbliğatına görə
ittiham edilmiş, böyük
ideal və ideyalara inanan bu böyük zəka sahibi mənəvi
terrorun qurbanına çevrilmişdir.
C.Nağıyev
hansı ictimai-siyasi cəbhədə fəaliyyət göstərməsindən
asılı olmayaraq xalqın maariflənməsinə, siyasi
şüurunun formalaşmasına
çalışırdı. O, dəfələrlə qeyd
etmişdir ki, savadsız, nadan kütlə ilə böyük
ideallara nail olmaq qeyri-mümkündür. Özü isə bir
filosof kimi xalqın, millətin özünüdərkində
elmi dünyagörüşün, təhsilin, mədəniyyətin
əvəzsiz rolunu qiymətləndirir, gecə-gündüz
çalışır, şam kimi əriyirdi. O vaxtkı bir
çox məhdud dünyagörüşlü, küt, nadan
bolşeviklərə Cahangir Nağıyevin maarifçilik
ideyaları qəribə təsir bağışlayır, hətta
müəyyən dairələrdə istehza doğururdu. Belələri
üçün "inqilab" anlayışı qan,
qırğın, ölüm, həbs... demək idi.
Çoxları "maarif", "mədəniyyət"
sözünü eşidəndə ağız büzür,
bunu zəiflik əlaməti, inqilaba qarşı təxribat
hesab edirdi.
Dediyimiz
kimi, 1922-ci ilin axırlarında C.Nağıyev
Moskvaya təhsilini davam etdirməyə getdi. O, Birinci Moskva
Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil
olaraq burada 1924-cü ilə qədər təhsil alıb.
1922-23-cü dərs ilindən başlayaraq C.Nağıyev eyni
vaxtda həm Moskva "Trujenik" zavodunda, həm
Mıtışın vaqondüzəltmə zavodunda, həm də
Birinci Moskva Dövlət Universitetində fəlsəfi dərnəklərin
fəaliyyətinə rəhbərlik edib.
1924-cü
ildə AK (b) P-nın katibi Ə.Qarayevin zəmanəti
ilə C.Nağıyev Qırmızı Professura
İnstitutunun (QPİ) iqtisadiyyat şöbəsinin ictimai elmlər
fakültəsinə daxil olmuşdur. Tezliklə onun fəlsəfi
problemlərə göstərdiyi maraq QPİ-nin professor-müəllim
heyətinin və tez-tez çıxış etdiyi bir sıra
nüfuzlu fəlsəfi jurnalların əməkdaşlarının
diqqətini cəlb etdi. Məhz buna görə də də
İnstitutun rəhbərliyi Nağıyevin fəlsəfə
şöbəsinə keçməsinə razılıq
verdi. Qısa müddət ərzində onun fəlsəfə
sahəsində göstərdiyi fəaliyyət, böyük
istedadı və qabiliyyəti İnstitutun elmi şurasında
xüsusi qeyd olundu. Hələ ikinci kursda oxuyarkən
"K.Marksın dəyər nəzəriyyəsində
dialektika", "Kateqoriyaların "Kapital"a tətbiq
edilməsi təcrübəsi" mövzusunda
hazırladığı məruzələr mütəxəssislər
tərəfindən yüksək qiymətləndirildi.
C.Nağıyevin bu dövrdə qələmə
aldığı bir əsər - "Hegelin sosial fəlsəfəsinin
problemləri" xüsusilə böyük maraq doğururdu.
Haşiyə.
Açığını demək lazımdır ki,
"sıravi" bir tələbənin Hegel
yaradıcılığına müraciət etməsinin
özü cəsarətli bir addım idi. Dünya ruhunun
insanda xarakter, şəxsiyyət və fərdilik
qazandığını və insanın idraki fəaliyyətində
əks olunduğunu iddia edən böyük alman filosofunun
mürəkkəb "sistemini" bu yaşda əxz etmək, habelə onun (Hegelin) sosial fəlsəfəsinin
mahiyyətinin şərhinə cəhd göstərmək
heç də asan məsələ deyildir.
Gərgin
elmi və təşkilatı iş Cahangir Nağıyevi 21
yaşında ağır mərəzə-əsəb xəstəliyinə
mübtəla etdi. Dostları və həkimlər onu təhsili
dayandırıb istirahətə getməsini təkid etsələr
də, bir nəticə hasil olmadı. O, 1926-cı ildə təhsilini
müvəffəqiyyətlə başa vurub təyinatla
Bakıya göndərildi. Lakin Bakıda çox işləyə
bilmədi. Gərgin fəaliyyət xəstəliyin yenidən
güclənməsinə səbəb oldu. Həkimlərin məsləhəti
ilə C.Nağıyev Almaniya və Fransaya müalicə
olunmağa göndərildi.
Avropa
ölkələrindən Bakıya qayıdan kimi C.Nağıyev yenidən qızğın elmi
fəlaiyyətə başladı. Azərbaycan Dövlət
Universitetində dialektik materializm kursu üzrə mühazirə
oxuyan ilk azərbaycanlı alimlərdən biri C.Nağıyev
idi. Onun təşəbbüsü ilə "İnqilab və
Mədəniyyət" jurnalında fəlsəfə
şöbəsi təşkil edildi. Həmin jurnalın 1928-ci
il 1-ci nömrəsində çap olunmuş "Spinoza
haqqında" adlı böyük məqalə bu gün də
maraq doğurur.
Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, indiyədək C.Nağıyevin qoyub getdiyi
fəlsəfi irs toplanmamışdır. Son vaxtlara qədər
onun əsas əsərləri elmi ictimaiyyətə məlum
deyil. Mərhum filosof Ziyəddin
Göyüşov onun aşağıdakı əsərlərinin
əlyazmalarını tapmışdır: "Marksın
materializmi", "Adam Smitin dəyər nəzəriyyəsi
və ümumi metodoloji nisbət: "Smit-Marks".
C.Nağıyev
o dövrün əksər qəzet və jurnallarında, eləcə
də Azərbaycan mətbuatından dərin məzmunlu elmi, nəzəri
əsərlərlə çıxış edirdi. Alimin
coşğun fəaliyyəti, əməksevərliyi heyrətamiz
idi. Bu qədər əsərin belə bir qısa müddət
ərzində yazıldığına adam az qala inanmaq istəmir.
C.Nağıyevin maraq və tədqiqat dairəsi də olduqca
genişdir: fəlsəfə, ədəbiyyat, sosiologiya,
iqtisadiyyat, siyasət, incəsənət...
Lakin C.Nağıyevin bədxahları, onun
uğurlarının paxıllığını çəkənlər
də yox deyildi. Bir müddət xaricdə yaşamış
alimin fəaliyyəti şübhə altına
alınırdı. Onsuz da gərgin zehni əmək nəticəsində
əldən düşmüş, əsəb xəstəliyindən
əzab çəkən alimin özü və ailəsi barədə
əsassız şaiyələr yayır, onu dedi-qodu obyektinə
çevirmək istəyirdilər. Təsir altına
düşənlər arasında bədxah
qonşularımızın nümayəndələri ilə
yanaşı elə öz soydaşlarımız da az deyildi.
Fiziki və mənəvi əzginliklə yanaşı, maddi
çətinliklər də öz təsirini göstərməkdə
idi. O, günü-gündən şam kimi əriyirdi. Nəhəng
istedad özünün böyük elmi və pedaqoji fəaliyyət
proqramını həyata keçirə bilmədi. 1929-cu il
noyabr ayının 15-də C.Nağıyev əsəb xəstəliyinin
şiddətləndiyi bir vaxtda həlak oldu. Beləliklə,
şimşək çaxımına bənzəyən bu
ömür zamanın nisbətindəki bir göz
qırpımında elə bir şimşək çaxımında da başa
yetdi.
Cahangir
Nağıyev bizim unudulmağa layiq olmayan, ürəyi
xalqın maariflənməsi üçün yanan,
özünün şüurlu həyatını elmi
axtarışlara həsr edən yüksək təfsillli ilk professional filosofumuz
olmuşdur. Amma biz onun yubileyini indiyəcən qeyd etməmiş,
əsərlərini işıq üzünə
çıxarmamışıq. Heç olmazsa, innən belə,
gec də olsa Gəncədə və Bakıda alimin xatirəsini
əbədiləşdirmək üçün müəyyən
konkret tədbirlər həyata keçirmək gərəkdir.
Bəs bu işləri biz görməsək, biz yazmasaq... kim
görməli, kim yazmalı, kim yanmalıdır?
Haşiyə.
Mən Cahangir Nağıyev, onun qısa və faciəli
ömrü, habelə zəngin
yaradcılığı barədə hələ 1980-ci
illərin əvvəllərində, EA-nın Fəlsəfə
institutunda çalışarkən eşitmişdim.Cəmi 26
il ömür sürmüş bu gəncin həyatı məndə
elə o vaxtdan maraq doğurmuşdu. Mən nisbətən
yaşlı, təcrübəli həmkarlarımdan
Nağıyevlə bağlı məlumatlar almaq istəyirdim.
Təəssüflər ki, onlardan heç birinin yaşı
bu gənc dahini görməyə imkan verməmişdi. Bir də
ki, o, həyatla vidalaşan zaman- 1929-cu ildə ölkədə
fəlsəfə elminin inkişafına təkan verən
müvafiq təsisatlar da formalaşmamışdı.
Doğrusu,
hansı bir filosofunsa (o cümlədən Nağıyevin) həyat
və fəaliyyətini öyrənmək mənim vəzifə
və tədqiqat səlahiyyətimə daxil olan nəsnə
deyildir. Sadəcə olaraq, bu gənc dahinin qısa həyatı,
onun ölümün səbəbi məni daha çox ilgiləndirirdi.
Amma "nəyisə" öyrənmək o dövrdə
çətin məsələ idi. Sanki adamlar nəyisə
bilir, lakin həqiqəti deməkdən çəkinirdilər.Hər
halda mənə elə gəlirdi.
Bütün
bunlara baxmayaraq, mən Cahangir Nağıyevlə bağlı
müəyyən informasiyalar əldə edə bildim.
Fraqmental məlumatlardan belə bir fikir hasil olunurdu ki, hələ
yeniyetməlik çağından onun qeyri-adi istedadı
üzə çıxıb. Eşitdiyim mülahizələrdən
bəzi qırıntılar: "O, bir neçə dil
bilirdi...", "Rozaliya
adlı yəhudi bir xanımla ailə qurmuşdu...",
"Onun paxılları çox idi...", "O, intihar
etmişdi...", "Onu öldürmüşdülər",
"Qəzaya düşmüşdü...", "Avtomobil qəzasında
həlak olmuşdu..." Əslində, sonuncu versiya daha
doğru idi. Amma ən yaxın tarixin belə, bir çox
"sirləri" açılmamış qalmaqdadır.
Həmin
dönəmdə mən qəzetlərdə elmi səciyyəli
rublikalar aparır, televiziyada verilişlər
hazırlayırdım. Yadımdadır, 1986-cı ildə
Az.Tv-nin Gənclik Baş redaksiyası tərəfindən
yayımlanan "Gənclik" proqramında Cahangir
Nağıyevlə bağlı süjet
hazırlamışdım və veriliş efirə gedəndən
sonra nakam filosofun qardaşı gəlib məni
tapmışdı. Bu, ahıl, kövrək, rus və Azərbaycan
dillərini mükəmməl bilən bir adam idi; səhv etmirəmsə,
təbiətşünaslıq və ya kənd təsərrüfatı
üzrə mütəxəssis idi. Bakıda
yaşayırdı. Biz onu lentə aldıq.
Teleçıxışında həyatdan vaxtsız getmiş
qardaşı haqqında ilginc məlumatlar verdi. Amma onun
söhbətini dinlədikcə mənə elə gəlirdi
ki, o da həmin dövrün əksər yaşlı
ziyalıları kimi bəzi şeyləri, o cümlədən
qardaşının ölümü ilə bağlı bildiklərinin
bir çoxunu gizlədir.
Sonda təəssüf hissi
ilə qeyd etməliyik ki, filosof Cahangir Nağıyev həyat
və fəaliyyəti indiyəcən kifayət qədər tədqiq
olunmayıb.Unudulmağa layıq olmayan, çox gənc ikən
həlak olmuş bu qeyri-adi istedad sahibi unudulmaqdadır.
FİRUZ MUSTAFA
Olaylar.- 2025.- 10-16 oktyabr, ¹35.- S.17.