İKT-nin tətbiqi ənənəvi iqtisadi
sahələrin inkişafında mühüm rol oynayır
İstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
Müasir dünyada informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin
inkişafına təsir
göstərən əsas
amillərdən birinə
çevrilmişdir. Onların
təsir dairəsi dövlət strukturlarını
və vətəndaş
cəmiyyəti institutlarını,
iqtisadi və sosial sahələri, elm və təhsili,
mədəniyyəti və
bütövlükdə insanların
həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya
və kommunikasiya texnologiyalarının verdiyi
üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə
istiqamətlənmiş yolun
bəşəriyyətin gələcəyinə
gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
Azərbaycan da bu gün
informasiya-kommunikasiya texnologiyaları
sahəsində keyfiyyətcə
yeni inkişaf mərhələsinə qədəm
qoyub. Bu mərhələnin əsas
hədəfi çoxşaxəli,
səmərəli və
innovasiya yönümlü
iqtisadiyyatın formalaşdırılması,
sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının
qabaqcıl beynəlxalq
standartlara uyğun səviyyəyə çatdırılması,
habelə elmin, mədəniyyətin inkişafında,
ictimai həyatın bütün istiqamətlərində
yeni nailiyyətlərin
əldə olunmasıdır.
Xatırladaq ki, Azərbaycanda "elektron hökumət"in formalaşdırılması
ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə
imzalanmış "Azərbaycan
Respublikasının inkişafı
naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə
Milli Strategiya ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin bu məsələyə müstəsna
əhəmiyyət verməsi
və onun icrasını bilavasitə
nəzarətdə saxlaması
dövlət idarəçiliyi
və ictimai həyatın bütün
sahələrində "elektron
hökumət" ideyalarının
tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin
yeni müstəvidə
qurulmasına, şəffaflığın
təmin olunmasına və informasiya tələbatının dolğun
ödənilməsinə şərait
yaratmışdır.
Prezident İlham
Əliyevin Sərəncamı
ilə 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya
texnologiyaları ili"
elan edilməsi ölkəmizdə bu sahənin inkişafına
yeni təkan vermişdir. Azərbaycan İlk telekommunikasiya peykini məhz bu ildə orbitə
çıxarmağa nail
olmuşdur. 8 fevral
2013-cü il tarixində
Azərbaycanın ilk peyki olan
"Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən
Kuru kosmodromundan orbitə buraxılıb. Peykin istehsalçısı
olan ABŞ-ın
"Orbital Sciences" şirkəti
tərəfindən peykin
texniki xüsusiyyətlərini
əks etdirən sənədlərdə onun
orbitdə yararlı ömrünün 15 il olduğu qeyd edilib. Lakin peykin
uğurlu buraxılışı
və orbitdə olduğu ötən iki il ərzində
aparılan effektiv idarəetmə nəticəsində
peykin proqnozlaşdırılan
ömrü 16,7 ilədək
artırılıb. Peykin
operatoru, Qafqazın ilk peyk operatoru
olan "Azərkosmos"
Açıq Səhmdar
Cəmiyyəti fəaliyyət
göstərdiyi dövr
ərzində "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin
göstərilməsi, hökumət
və korporativ müştərilərin tələblərinə
cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin
təmin edilməsi istiqamətində fəaliyyət
göstərməkdədir.
"Azerspace-1" peykinin əlverişli
orbital mövqedə
(46˚ Şərq uzunluğu)
yerləşməsi, "Azərkosmos"
ASC-nin operativliyi və müştəri məmnuniyyəti siyasəti
buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa və
Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq
ölkəni birləşdirən
kosmik məkanda mühüm rol oynayır.
Bütün sadalananlara baxmayaraq müasir dövrdə informasiya kommunikasiya texnologiyaları inkişaf
mərhələsini yaşamaqdadır.
Son zamanlar dünya miqyasında süni intellekt sistemlərinin müxtəlif
sahələrdə tətbiqi
fiziki və hüquqi şəxslərə
sosial-iqtisadi üstünlüklər
qazandırmışdır. Buna görə də bir çox
dövlətlər süni
intellekt sahəsi üzrə ayrıca strategiyalar qəbul etmişlər və onların icrası həyata keçirilməkdədir.
Digər dövlətlərdə
olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin
iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində
üstünlüklər əldə
etməsində mühüm
rol oynaya bilər. Odur ki, bu sahədə
sistemli yanaşmaya ehtiyac vardır. Süni intellektin dövlət idarəçiliyi,
iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik
və digər sahələrə ciddi dəyişikliklər gətirəcəyi,
eləcə də bununla bağlı yaranacaq çağırışlar
və təhdidlər
nəzərə alınaraq,
süni intellekt üzrə milli strategiyanın hazırlanması
zərurəti yaranmışdır.
Bu məqsədlə
hazırlanmış "Azərbaycan
Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" ölkədə
süni intellekt üzrə mövcud vəziyyəti təhlil edir, daha sonra
əldə olunan nəticələrə uyğun
olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən
prioritet istiqamətlər
və tədbirlər
planı vasitəsilə
sözügedən sahədə
strateji məqsədlərə
və göstəricilərə
nail olmağı hədəfləyir. Strategiyada
süni intellekt ekosisteminin formalaşmasını
və inkişafını
təmin etmək üçün dövlət
və özəl sektor arasında əməkdaşlıq, akademik
və elmi tədqiqatların gücləndirilməsi,
startap və innovasiya mühitinin dəstəklənməsi kimi
məsələlərə xüsusi diqqət yetirilir.
2025-2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər
çərçivəsində ilkin mərhələdə
süni intellekt üzrə idarəetmənin
təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması,
məsul dövlət
orqanlarının müəyyən
edilməsi və dövlət-özəl sektor
əməkdaşlığının genişləndirilməsi nəzərdə
tutulur. Bu məqsədlə, süni
intellektdən etik dəyərlər çərçivəsində
və məsuliyyətlə
istifadəni təmin etmək üçün normativ hüquqi baza hazırlanamalı, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi
diqqət yetirilməlidir.
Süni intellektin
effektiv inkişafı
məqsədilə yüksəksəviyyəli
hesablama infrastrukturunun
qurulması və süni intellekt modellərinin sürətli
işlənməsi üçün
bulud əsaslı resursların artırılması
planlaşdırılır. Eyni zamanda, açıq
mənbəli süni
intellekt kitabxanalarının
yaradılması və
Azərbaycan dilində
süni intellekt həllərinin inkişaf
etdirilməsi bu sahədə mühüm irəliləyişlərə yol
açacaqdır. Kadr
hazırlığı və
bacarıqların inkişafı
istiqamətində isə
süni intellekt sahəsində ixtisaslaşmış
mütəxəssislərin hazırlanması üçün
təlim və elmi proqramların genişləndirilməsi, ali
təhsil müəssisələrində
süni intellekt üzrə yeni tədris proqramlarının
hazırlanması nəzərdə
tutulur. Tədqiqatçılar
üçün süni
intellekt üzrə xüsusi fondların yaradılması və beynəlxalq institutlarla əməkdaşlığın genişləndirilməsi də
bu sahədə əsas hədəflərdən
biridir. Bundan əlavə, dövlət
qulluqçuları və
rəhbər şəxslər
üçün süni
intellekt və məlumatların idarə
edilməsi üzrə
təlimlər keçirilməsi
süni intellektin dövlət idarəçiliyində
səmərəli tətbiqini
təmin edəcəkdir.
Artıq Azərbaycan
Respublikasının Prezidenti
tərəfindən 2025 - 2028-ci illəri əhatə edən "Süni İntellekt Strategiyası"
təsdiq edilib. Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək,
rəqəmsal inkişafı
dəstəkləmək və
qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi
daşıyır. Strategiyanın
əsas məqsədləri
sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın
təşviqi, iqtisadiyyatın
rəqabət qabiliyyətinin
artırılması, süni
intellekt əsaslı məlumat idarəetməsinin
təşkili, ixtisaslı
kadr hazırlığı,
bilik və bacarıqların genişləndirilməsi,
dövlət və özəl sektor arasında əməkdaşlığın
gücləndirilməsi, məlumat
təhlükəsizliyi və
etik qaydalara əsaslanan idarəetmə
mexanizmlərinin qurulması
yer alır.
Süni intellektin
inkişafı üçün
əsas infrastruktur tədbirləri çərçivəsində
yüksəksəviyyəli hesablama resurslarının
qurulması, açıq
məlumat bazalarının
yaradılması və
süni intellektin müxtəlif istiqamətlərdə,
xüsusilə Təbii
Dil Emalı texnologiyalarında tətbiqi
nəzərdə tutulur.
Məlumat keyfiyyətinin
artırılması və
böyük həcmli
verilənlərin effektiv
şəkildə emal
edilməsi üçün
milli məlumat strategiyasının hazırlanması
planlaşdırılır. Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək
verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq
olunması da əsas prioritetlərdəndir.
Konsepsiya çərçivəsində
beynəlxalq əməkdaşlıqların
inkişaf etdirilməsi
də nəzərdə
tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün
investisiyaların artırılması,
süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin
həyata keçirilməsi,
startap və sahibkarların dəstəklənməsi,
yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır. Həmçinin
süni intellekt sahəsində fəaliyyət
göstərən sahibkarlıq
subyektlərinə dəstək
mexanizmlərinin genişləndirilməsi,
o cümlədən güzəştli
kreditlərin verilməsi
ilə bağlı tədbirlər görüləcək.
Süni
intellekt texnologiyalarının
etik istifadəsi və təhlükəsizliyinin
təmin edilməsi strategiyanın mühüm
istiqamətlərindən biridir.
Bu məqsədlə tənzimləyici çərçivənin
yaradılması, süni
intellekt alqoritmlərinin
şəffaflığının təmin edilməsi, məlumat qərəzinin aradan qaldırılması
və kibertəhlükəsizliyin
gücləndirilməsi istiqamətində
tədbirlər həyata
keçiriləcək. Eyni
zamanda ictimaiyyətin süni intellekt texnologiyalarına dair məlumatlılığının artırılması və
onlardan istifadənin cəmiyyət üçün
faydaları barədə
maarifləndirici kampaniyaların
aparılması nəzərdə
tutulur. Yeni strategiyanın həyata keçirilməsi Azərbaycanı
süni intellekt texnologiyalarının inkişafı
sahəsində regionda
liderlər sırasına
daxil edəcək və ölkənin rəqəmsal inkişafına
mühüm töhfə
verəcək. Bu strategiya, həmçinin süni intellekt ekosisteminin formalaşdırılması
və ölkənin qlobal süni intellekt platformalarında aktiv iştirakını təmin etmək üçün bir yol xəritəsi kimi çıxış edəcək. Qeyd edək ki, İKT-nin, o cümlədən internet iqtisadiyyatının
inkişaf etdirilməsi
bütün dünyada
olduğu kimi Azərbaycanda da ənənəvi iqtisadi sahələrin inkişafında
mühüm rol oynadığı şübhəsizdir.
Belə ki, internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına,
məhsuldarlığın artırılmasına, rəqiblər
üzərində strateji
üstünlüyün əldə
olunmasına, tərəfdaşlarla
münasibətlərin möhkəmləndirilməsinə,
informasiya resurslarından
optimal istifadəyə
və bütövlükdə
cəmiyyətin rifahının
yaxşılaşdırılmasına şərait yaradır.
Alim Hüseynli
Olaylar.-
2025.- 5-11 sentyabr, ¹30.- S.11.