Kant. Avropa intibahının
sonuncu nəhəng filosofu
İmmanuel
Kant (22 aprel 1724-cü il Köniqsberq, Prussiya - 12 fevral 1804- cü il Köniqsberq,
Şərqi Prussiya, Prussiya) -alman filosofu, neoklassik alman fəlsəfəsinin
banisi, müasir Avropa fəlsəfə tarixinin ən
nüfuzlu nümayəndələrindən biri.
Adətən,
Kant klassik alman fəlsəfəsinin görkəmli nümayəndəsi
kimi təqdim edilir. Burada, əslində, mübahisəli bir məqam yoxdur.
Amma məsələ burasındadır ki, İmmanuel Kant (habelə
Qottfrid Leybnis və Kristian Volf)
konkret olaraq 17-18-ci əsrə aid olunan Maarifçilik dövrünün
mütəfəkkiri hesab edilir. Kantı neoklassik fəlsəfənin banisi də
hesab edirlər ki, bu da təəccüblü deyildir.
Məlum
olduğu kimi, klassik anlamda klassik alman fəlsəfəsinə
18-19-cu əsrin əvvəllərində yaşayıb fəaliyyət
göstərmiş filosoflar (İohann Fixte, Fridrix Şellinq,
Georq Hegel) daxildir.
Artur
Şopenhauer, Lüdviq Feyerbax, Karl Marks, Fridrix Nitsşe isə 19 əsr
filosoflarıdır.
Amma bir
çox parametrlərinə görə, alman klassik fəlsəfəsində
üç əsas fəlsəfi istiqamətin təmsil
olunduğunu qeyd etmək olar. Buraya daxildir: Obyektiv idealizm (Kant,
Şellinq, Hegel), Subyektiv idealizm (Fixte), Materializm (Feyerbax).
İndisə
Kantla bağlı söhbətimizi davam etdirək.
Kantın
atası, İohann Georg Kant Şotlandiyadan Prussiyaya
köç etmiş bir ailədən idi və dərzi kimi
çalışırdı. Anası, Anna Rejina Reyter milliyyətcə alman idi.
İmmanuelin
ailəsi dindar idi. Gələcək filosof öz sevimli müəllimi Frans Şultsun təkidi ilə
"Fridrixs-Kolleqium" gimnaziyasını bitirdikdən sonra
Könisberq Universitetinə daxil olmuşdur. Atasının
vaxtsız vəfatı ona universiteti bitirməyə imkan verməmiş,
beləliklə, on
yaşında olarkən ev müəllimliyi etməyə
başlamışdır. 1755-ci ildə Kant dissertasiya
müdafiə edərək doktorluq dərəcəsi ilə
universitetdə müəllim kimi dərs demək ixtiyarı
qazanmışdır. Kant
universitetdə çox müxtəlif və geniş sahədə - fəlsəfə,
riyaziyyat, fizika elmləri üzrə müəllimlik
etmişdir.
Kant
latın dilini mükəmməl bilirdi və boş
vaxtlarında klassik müəlliflərin əsərlərini
oxuyurdu. Ömrü boyu Seneka, Lukretsi və Horatsi kimi qədim
müəlliflərin yaradıcılığını
yüksək qiymətləndirirdi. O, hətta yaşlı
vaxtında belə, bir çox müəllifin
sitatlarını əzbərdən söyləyə bilirdi.
Kant
1794-cü ildə Rusiya Elmlər Akademiyasının fəxri
üzvü seçilmişdir.
Türk əsilli rus yazıçısı,
tarixçi və publisisti Nikolay Karamzin (1766-1826) Kantla
görüşmüşdü. Onun
təsvirinə əsasən: dahi filosof "boyca kiçik, arıq, ağ
və incə bir qoca idi". Onun evi də özü kimi
kiçik və sadə idi. Kant evlənməmişdi.
İmmanuel
anadangəlmə zəif cüssəyə malik idi. Mütəfəkkirin
boyu qısa (1,5 m.-dən bir az artıq) idi. O, hər gün
yalnız bir dəfə, öz yaxın adamları, həmkarları
ilə birgə yemək yeyir, axşam saat 22:00-da yatmağa
gedirdi. Həmişə səhər saat 5-də
oyanırdı ki, bütün qəzetləri oxumağa vaxt
tapsın. Şərab içməyi,
bilyard oynamağı və rəngarəng, gözəl geyimlər
geyinməyi sevirdi. Kantın yumor hissi güclü idi.
Kant
ömrünün son illərində ölümə
hazırlaşdığı haqqında açıq
danışır, lakin öz son əsərini tamamlaya bilməməsi
onu kədərləndirirdi. Tədricən gücünün
azalması həm dostları, həm də onun özü
üçün əzablı idi. Kant 12 fevral 1804-cü ildə
Könisberqdə vəfat etdi. Onun son sözləri "Es ist
gut" ("Bu yaxşıdır") idi.
Kantın
cənazəsi ölümündən 16 gün sonra torpağa
tapşırılmışdır, çünki
şaxtalı hava şəraiti səbəbindən qəbir
qazmaq mümkün olmamışdır. Filosofun məzarı
Kafedral kilsənin şimal-şərq küncündə,
xarici tərəfdə yerləşir. Kafedral kilsə
Könisberq Universitetinin kilsəsi idi, buna görə də
ona professorlar üçün nəzərdə tutulan məzar
hissəsi bitişik idi. 30 il universitetdə
çalışan və 1770-ci ildə professor olan Kant bu məzarda
dəfn edilmək şərəfinə layiq
görülmüşdür.
Haşiyə.
Mən hələ tələbə ikən, ötən əsrin
70-ci illərində indiki Kalininqrad (keçmiş
Könisberq) şəhərində olarkən, Kantın məzarını
ziyarət etmişəm. Yeri gəlmişkən, Kantın
tabutunda onun nəşi yoxdur, o, çox dərinlikdə yerləşir.
Könisberqə 1945-ci ilin aprel döyüşlərindən
sonra Kafedral kilsənin bütün kompleksi xarabalığa
çevrilmiş, habelə 1-ci Fridrix Vilhelm, 3-cü Fridrix Vilhelm, Bismark və digər
tarixi şəxsiyyətlərin abidələri
dağıdılmışdı. Çox maraqlıdır ki,
yalnız Kantın məzarı qənaətbəxş vəziyyətdə
qalmış, dağılmamışdır. Sanki filosofun məzarını
onun ölməz ruhu qoruyub, təhlükədən
sovuşdurub.
Söz
yox ki, Kant alman filosofudur. Amma bir çox rus siyasətçiləri
dahi mütəfəkkirin məzarının bu günkü
Rusiyanın ərazisində yerləşməsinə işarə
edərək: "Kant - rusların qənimətidir"-deyirlər.
Bu, əlbəttə, yumşaq desək, mənəviyyatsızlıq nümunəsi hesab oluna bilər.
Qeyd.1946-cı
ildə "ümumittifaq ağsaqqalı" Mixail
İvanoviç Kalininin ölümündən az sonra,
Könisberq şəhəri onun şərəfinə
Kalininqrad adlandırılmasıdır.
Kant
Maarifçilik dövrünün ən böyük filosofu
olub. O, bilik və əxlaqın yeni nəzəriyyəsini
yaradıb. Nitsşe, Hegel və Şopenhauer kimi filosoflar
öz nəzəriyyələrini bütün hallarda
Kantın ideyalarına əsaslanaraq qurmuşdular. Kantın əxlaqi
nəzəriyyəsi hətta siyasətə də təsir
etdi.
İmmanuel
Kant bir çox qiymətli əsərlərin müəllifidir.
Onun "Təmiz zəkanın
tənqidi", "Praktik zəkanın tənqidi",
"Əqli nəticə qabiliyyətinin tənqidi" əsərləri
daha məşhurdur.
Kantın
ən böyük ideyalarından biri "Şeyözündə"
ilə bağlıdır.
"Şeyözündə" nə deməkdir? Bu fəlsəfi termin, şeyin bizim
qavrayışımızdan asılı olmayaraq,
"özündə olduğu kimi" mövcudluğunu ifadə
edir. İmmanuel Kantın nəzəriyyəsində
"şeyözündə" anlayışı noumen
anlayışı ilə sıx bağlıdır. Noumen,
hisslərlə qavranılabilən fenomenlərdən fərqli
olaraq, ağılla qavranılan obyektləri ifadə edir.
Bəs
Kant fəlsəfəsinin mahiyyətini
necə ifadə etmək olar?
Kantın
fikrincə, ağlımız, qeyd-şərtsiz biliyi öyrənmək
istəyərkən üç ideya düşünür. Təbiətin
və ruhun empirik biliklərinə əsaslanaraq, əvvəlcə
ruhun ideyasını (düşünən subyektin hadisələrinin
tamlığı), sonra kainatın ideyasını
(dünyanın mövcudluq hadisələrinin
tamlığı) və nəhayət, Tanrı
ideyasını (düşüncə və
varlığın bütün hadisələrinin ali birliyi)
öyrənməyə çalışır.
Kant fəlsəfədə
inqilab etmiş, idrakı öz qanunları ilə cərəyan
edən fəaliyyət kimi dəyərləndirmişdir. O,
ilk dəfə fəlsəfədə dərk edilən
substansiyanın strukturunu deyil, idrakın predmet və
üsulunu müəyyənləşdirən başlıca
amili, dərk edilən subyektin spesifikasiyasını nəzərdən
keçirmişdir. Kant qneseologiyanı fəlsəfənin əsas
predmetinə çevirdi. Sələflərindən fərqli
olaraq onun fəlsəfəsinin predmeti nə təbiət, nə də
dünya deyil, insan əqlinin
qanunları hesab olundu.
Kant
"Təmiz zəkanın tənqidi" əsərində
transsendental idealizm təlimini inkişaf etdirir. Kanta görə,
biz ancaq təcrübə sahəsində nəyisə dərk
edə bilərik. Bu sferada olan
obyektlər, yəni empirik obyektlər, ağıldan
asılıdır. Kant "transsendental"ı "cisimlərlə
deyil, obyektlər haqqında biliklərimizin növləri ilə
əlaqəli olan bütün biliklər"
adlandırır, çünki bu bilik apriori mümkün
olmalıdır. Sadə formada ifadə etsək, transsendental fəlsəfi
anlayışdır (latınca transcendens "hüdudu
aşmaq, kənara çıxmaq" anlamındadır),
empirik bilik üçün əsas etibarilə əlçatmaz
olan, hissiyyat təcrübəsinin hüdudlarından kənara
çıxan mənasını verir.
İlk dəfə
Kant göstərdi ki, antinomiyalar zərurət olaraq idrak
prosesinin xüsusiyyətləri nəticəsində
yaranır. Xüsusilə, zəkanın təcrübə sərhədlərini
aşmağa, "şeyözündə"ni anlamaq cəhdləri
ilə bağlıdır. Lakin Kantın fikrincə, bu
mümkün olmadığı üçün belə cəhdlər
antinomiyaya gətirib çıxarır.
Kant
"antinomiyalar" anlayışını öz fəlsəfəsinin
əsas tezisini, yəni ağılın hissi təcrübə
sərhədlərini aşa bilməməsi və
"şeyözündə"ni dərk edə bilməməsi
fikrini əsaslandırmaq üçün istifadə edirdi.
Kantın təliminə görə, bu cür cəhdlər əqli
ziddiyyətlərə aparır, çünki hər bir
"təmiz zəkanın antinomiyası"
üçün həm müsbət təsdiq (tezis), həm də
onun inkarı (antitezis) əsaslandırıla bilər.
Kantın
dörd antinomiyası məşhurdur: 1.Dünya sonludur -
dünya sonsuzdur. 2.Hər bir mürəkkəb substansiya sadə
hissələrdən ibarətdir - heç bir sadə şey
yoxdur. 3.Dünyada azadlıq mövcuddur - dünyada azadlıq
yoxdur. 4.Dünyanın ilkin səbəbi (Allah) mövcuddur - dünyanın
ilkin səbəbi (Allah) yoxdur.
Kant
"antinomiyanı" nəzəri ağlın
öz-özü ilə və ya əslində
düşüncə ilə ziddiyyətə girməsi kimi
izah edir. Bu ziddiyyətlər, mütləq ideyanın hadisələr
cəmiyyəti kimi dünyaya tətbiq olunmasından
yaranır. Nəticədə, ağıl üçün
ziddiyyətli qanunlar və ağla sığmayan nəzəriyyələr
meydana gəlir.
Antinomiyanın
mahiyyəti ondadır ki, bu suallara həm müsbət, həm
də mənfi cavab üçün eyni dərəcədə
əsaslı sübutlar gətirmək mümkündür. Bu
antinomiyaların həlli insan idrakının keçə və
ya dəf edə bilməyəcəyi bir sərhədə rast
gəldiyini göstərir.
Hegel
Kantın antinomiyalarının dialektik xarakterini yüksək
qiymətləndirirdi. Kantın antinomiya haqqında təlimi
Hegelə böyük təsir göstərmişdir. Təsadüfi
deyildir ki, onun dialektikası antinomiyalar yolu ilə
qurulmuşdur.
Transsendental
teologiya - İmmanuel Kant tərəfindən teoloji
konsepsiyaların müəyyən edilməsi metodlarını
təsvir etmək üçün təqdim olunan bir termindir.
Kant transsendental teologiyanı "ontoteologiya" və
"kosmoteologiya" olaraq iki qrupa ayırmışdır ki,
bu da "transsendental teologiyanın" iki rəqib
növünü fərqləndirmək üçün irəli
sürülmüşdür.
Kantın
baxışına görə, Tanrı ali varlıqdır, əxlaqi
və mənəvi postulatdır, din isə insanın əxlaqi
vəzifələrini Tanrının əmrləri kimi qəbul
edib yerinə yetirməsidir.
Kant iddia
edir ki, sonu olmayan yalnız Tanrı deyil, həm də dünya
və azadlıqdır. O,
Tanrını "dünyadakı insanın daxili həyat
ruhu" ilə eyniləşdirir. Kant son dərəcə
mübahisəli bir iddia irəli sürərək Tanrı
anlayışının ümumiyyətlə din
üçün zəruri olmadığını bildirir.
Dünya,
Tanrı və Ruh - Kantın təqdim etdiyi üç
ideyadır. Bunlar bilik obyektləri deyil, bilik prosesinin aprior
şərtləridir. Onun etik nəzəriyyəsi, deontologiya,
əməlləri nəticələrə görə deyil,
qanunlara uyğun olub-olmadığına görə qiymətləndirirdi.
Adətən
fəlsəfə tarixçilərini bir sual məşğul
edir: görəsən, Kant İsa Məsihə
inanırdımı? Bu suaıa belə cavab vermək olar: Kant
İsa peyğəmbərə həmkarı kimi, ən
yaxşı halda fəlsəfə müəllimi kimi
yanaşırdı. Başqa sözlə, Kant
üçün İsa həm öz nümunəsi, həm də
təlimi ilə fəlsəfi müəllim, həm də
insanlığın "simvolu" və ya "modeli"
idi. Görünür, Kant üçün ideal İsa tarixi
İsa şəxsiyyətindən daha vacib idi. Nitsşe
Kantı xristian inancının apologeti hesab edirdi, Şopenhauer
isə Kantın kategorik imperativində və onun əxlaq
qanununda "ilahi əxlaq" görürdü.
...Mədəniyyətlə sivilizasiya arasındakı fərqli
cəhəti da fəlsəfə tarixində ilk dəfə Kant göstərmişdir. Kant mədəniyyəti
yalnız və yalnız insanlara fayda verən və ya mahiyyət
etibarilə humanist olan bir nəsnə kimi müəyyən
etmişdir. O, qeyd etmişdir ki, humanizm və mənəviyyatdan
kənar həqiqi mədəniyyət yoxdur. Mədəniyyətin
mahiyyətinə dair öz anlayışına əsaslanaraq,
Kant "bacarıq mədəniyyəti"ni "tərbiyə
mədəniyyəti"nə qarşı qoymuş, "texniki" mədəniyyət
tipini isə sivilizasiya adlandırmışdır. Dahi filosof
sivilizasiyanın sürətli inkişafını qabaqcadan
görmüş və bunu narahatlıqla qarşılayaraq
sivilizasiyanın mədəniyyətdən uzaqlaşması
ehtimalından danışmışdır. Kanta görə, mədəniyyət
sivilizasiyadan xeyli ləng irəliləyir. Bu mənfi
disproporsiya dünya xalqlarına çoxsaylı bəlalar gətirir.
Belə ki, heç bir mənəvi ölçüsü
olmayan sivilizasiya insanlığın özünü belə,
məhv etmə təhlükəsi yaradır.
Kantın
fikrincə, mədəniyyət və sivilizasiyanı fərqləndirmək
şübhəsiz ki, vacibdir. Kantın yanaşmasına
görə, sivilizasiya insanın insan həyatını və
davranışını tənzimləyən qaydaları
müəyyənləşdirməsi ilə başlayır.
Sivilizasiyalı insan başqasına narahatlıq yaratmayan, onu
mütləq nəzərə alan biridir. Sivilizasiyalı insan
nəzakətli, mədəni, incə, mehriban, diqqətli və
başqasının şəxsiyyətinə hörmətlə
yanaşandır. Kant mədəniyyəti praktik gücə
malik olan və insanın hərəkətlərini ümumi qəbul
olunmuş normalara deyil, insanın vicdanı və əxlaqi təməllərinə
əsaslanaraq müəyyən edən əxlaqi kateqorik
imperativlə əlaqələndirir.
Zaman
baxımından mədəniyyət sivilizasiyadan daha
genişdir, çünki o, insanın vəhşi və
barbarlıq dövrlərində əldə etdiyi mədəni
irsi də əhatə edir. Məkan baxımından isə
düzgün yanaşma ehtimal ki, sivilizasiyanın bir çox mədəniyyətlərin
birləşməsindən ibarət olduğunu göstərməkdir.
Mədəniyyət
daxili, orqanik, hətta mənəvi və tamamilə əxlaqi
bir şey kimi başa düşülür. Ancaq sivilizasiya
xarici bir şey kimi, rahatlıq və rahatlıq atributları
kimi, müxtəlif texnika kimi qəbul edilir. Bunun ilkin
ideyalarını artıq müşahidə etmək
mümkündür. Vacib olan odur ki, bu cür müqayisəni
ilk dəfə İmmanuel Kant təqdim etmişdir. Təsadüfi
deyildir ki, müasir reytinq nəşrləri Kantı insan mədəniyyətinin
formalaşmasına və təsirinə liderlər
siyahısına daxil edir. O, tarixdəki ən dahi filosoflardan
biri hesab olunur...
İmmanuel
Kant deyirdi ki, dünyadakı ağıllı insanlara bir vasitə
kimi deyil, özlüyündə bir məqsəd kimi
yanaşmaq lazımdır.
Yuxarıda
qeyd etdiyimiz kimi, filosof əxlaqın yeni nəzəriyyəsini
yaradıb. Kantın fikrincə, əxlaqi dəyər bizim əməllərimizin
nəticələri ilə deyil, onun arxasında duran niyyətlərlə
müəyyən edilir. Kant bir neçə əsərində
əxlaqdan söhbət açarkən yalanın daim zərərli
bir şey olduğunu, nəticəsindən asılı olmayaraq
onun qəbuledilməzlyini müdafiə edir. O, Qərb fəlsəfəsi
tarixində yalanın mütləq qadağasının ən
tanınmış tərəfdarıdır. Bu mövzu
Kantın əsərlərində ətraflı şəkildə
nəzərdən keçirilir. İnsanlar doğru
davranmağa borcludurlar, hətta bu, ən pis nəticələrə
səbəb olsa belə. Məsələn, Kantın fikrincə,
"dostunu qatilin əlindən xilas etmək üçün
belə, yalan danışsan bu,
qətiyyən düzgün deyildir..."
Kantın
ədəbiyyatla bağlı, o cümlədən poeziya
haqqında da maraqlı mühakimələri vardır. O,
yazırdı: "Poeziya hisslərin oyunu olsa da, onu sistemə
salan məntiqdir". Kant bəzən
öz fəlsəfi düşüncələrinə
"lirik ton" verməyə çalışır, fikirlərini
şeiranə şəkildə ifadə edirdi. Buyurun, bu da
Kantın fəlsəfi biçimli bir poetik düşüncəsi
("Təmiz zəkanın tənqidi").
"Bir
azad uçuşda havanı yarıb,
onun təsirini
hiss edərkən
yüngül
göyərçinə elə gəlirdi
havasız
məkanda qanad açaraq
uçmaq daha rahat ola bilərdi.
Eyni şəkildə
Platon belə
hissi
qavranılan dünyanı tərk etdi
çünki bu dünya məntiqə dar çərçivələr
qoyur
o isə
ideyalar qanadlarında
dünyanın
hüdudlarını keçməyə
və məntiqin
saf məkanına daxil olmağa
cürət
etdi".
İmmanuel
Kant fəlsəfə tarixində müdrik kəlamlar müəllifi
kimi də məşhurdur.
Kantın
məşhur aforizmlərindən bəzisini yada salaq.
"Biz
sahib olduqlarımızla deyil, onlarsız keçinə biləcəklərimizlə
zənginik".
"Birisi
gölməçəyə baxır və orada çirk
görür, digəri isə onun əksinə
ulduzları".
"Pis
insan xoşbəxt ola bilməz, çünki özü ilə
tək qalanda bir cani ilə tək qalır".
"Elə
davran ki, insanlığa öz şəxsində və
başqasının şəxsində hər zaman məqsəd
kimi yanaşasan və heç vaxt yalnız vasitə kimi
yanaşmayasan".
"İnsanlara
hər şeyi verin, istədikləri hər şeyi, onlar o dəqiqə
hiss edəcəklər ki, bu hər şey hələ
heç də hər şey deyildir".
"İnsan
öz həyatı haqqında nə qədər az narahat
olursa, o qədər uzun yaşayır".
İmmanuel
Kantın ailə, məişət və sevgi haqqında fikirləri
də maraq doğurur.
Orasını da deyim ki, Kant ailə qurmamışdı.
Amma deyilənlərə və yazılanlara əsasən demək
olar ki, o, qadınlara biganə olmamış, hətta iki
xanımı sevmişdir. Sonralar dost-tanışları "əbədi
subay" filosofdan evlənməməyinin səbəbini
soruşduqda o, adətən, zarafatla belə cavab verirdi:
"Qadına ehtiyacım olduğu vaxt onu dolandırmağa
gücüm çatmırdı, onu dolandırmağa
gücüm çatanda isə mənim artıq qadına
ehtiyacım yox idi."
Kant hesab
edirdi ki, sevgidə nə əxlaq, nə də məntiq var.
Sevgi - təbiətin ağıl üzərində
üstünlük təşkil etdiyi bir vəziyyətdir.
"Əxlaqın metafizikası" adlı əsərində
Kant qeyd edir ki, sevgi meyldir, cinsi xarakter daşıyır və
təbiətin ağıl üzərində
üstünlük təşkil etdiyi haldır. İnsanlar
bundan utanır, lakin bu utanc yalnız nikah çərçivəsində
aradan qalxa bilər, çünki nikah qanuniləşdirilmişdir.
Kanta
görə, "sevgi - təbiətin ağıla
üstünlüyüdür, təbiətə xas bir meyldir və
yalnız evlilikdə bu hiss qanuniləşdirilə bilər..."
Kant
"Əxlaq fəziləti haqqında" əsərində
belə yazır: "Sevgi - bu, iradə deyil, hiss məsələsidir...
Buna görə də sevmək borcu absurddur." Bununla belə,
həmin əsərdə Kant insanların bir-birini sevmək
borcunun olduğunu bildirir. Kanta görə, sevgi yalnız
praktik sevgi formasında borc kimi təqdim edilə bilər.
Haşiyə. Kant
rasionalistlərlə empiristlər arasında yaranmış çıxılmaz
vəziyyətdən, "uçurumdan" çıxış yolunu göstərməyə
çalışırdı.
Mən də
hərdən bu fikrə gəlirəm ki, biz deyəsən
çox praqmatikik. O qədər praqmatik ki, bu
"praqmatizm" məsələsində nəinki Kant, hətta
bütün materialistlər bizə qibtə edə bilər.
...Kantın
tezisindən çıxış etsəm də öz
mülahizələrimi söyləmək istərdim... Beləliklə,
mənə elə gəlir ki, biz...
Biz
yalnız təcrübədən keçirilənlərə
inanırıq. Bəlkə də elə buna görə mücərrəd təfəkkürdən
uzağıq.
Çoxumuz
yalnız əlimizlə toxunub gözümüzlə
gördüyümüz nəsnələrin qeydinə
qalırıq.
Məsələn,
ayağımız haqda düşünürük, ruhumuz haqda
yox.
Böyrəyimiz
haqda düşünürük, vicdanımız haqda yox.
Mədəmiz
haqda düşünürük, məsləkimiz barədə
yox.
Qabırğamız
haqda düşünürük, məramımız
haqqında yox.
Qulağımız
haqda düşünürük, insafımız haqda yox.
Burnumuz
haqda düşünürük, imanımız haqda yox.
Amma əslində
hər şey bir azca başqa
cür olmalıdır.
Yəni,
dediyim odur ki, bu zahirən
"görünməyən" nəsnələri daha
çox görməyimiz
lazım.
Və nəhayət,
Kantın bütün dünyada çox məşhur olan kredo
səciyyəli bir aformizini yada salmaq yerinə düşərdi:
"İki şey ruhu hər dəfə daha güclü
heyranlıq və ehtiram hissiylə doldurur: başın üzərindəki
ulduzlu səma və daxilindəki əxlaq qanunu".
FİRUZ
MUSTAFA
Olaylar.-
2025.- 12-18 sentyabr, ¹31.- S.16-17.