Bakı küçələrinin
adları
Hər lövhədə bir tarix
Bakı küçələrində addımlayanda
sanki daşların altından tarix danışır. Sürətlə
yanından keçdiyimiz
lövhələr, bəzən
sadəcə ünvan
göstərən bir
işarə kimi görünür. Amma əslində, həmin adların arxasında bütöv bir dövr, bir taleyin izi, bir
xatirənin yükü
gizlənib. "Nizami
küçəsi" deyəndə,
yalnız şəhərin
ən gur və bahalı prospektini yox, həm də dahi şairin söz dünyasını,
qələm gücünü
xatırlayırıq. "Səməd Vurğun küçəsi" dedikdə
isə bir əsrin poeziyası, bir millətin mənəvi dirənişi
göz önündə
canlanır. Əksər
hallarda tələsdiyimizdən,
diqqətimizi telefona yönəltdiyimizdən və
ya gündəlik qayğıların yükü
altında bu adların mahiyyətini düşünmürük. Amma
hər küçə
lövhəsi əslində
kiçik bir kitabın üz qabığı kimidir. Onu açsan, ardında ya qəhrəmanlıq dastanı,
ya mədəniyyətin
incisi, ya da şəhərin öz taleyini dəyişən bir hadisə gizlənib. Düşünürəm ki,
biz çox vaxt bu lövhələrin
arxasında duran hekayələri görmür,
sadəcə yanından
ötüb gedirik. Küçə adları
həm də bir yaddaşdır - şəhərin, millətin,
xalqın yaddaşı.
Hansı küçədə
böyüdüyünü soruşduqda, adını çəkdiyin küçə
sənin uşaqlığına
işıq salmaqla yanaşı, sənə tarixi də xatırladır. Bəzən
bir küçənin
adı dəyişir,
yeni nəsillər köhnəni unudur, amma köhnə sakinlərin yaddaşından
həmin ad silinmir. Onlar "biz filan küçədə
böyümüşük" deyəndə, söhbət
yalnız coğrafiyadan
yox, həm də bir dövrün
mədəniyyətindən, ab-havasından gedir. Bakının küçə
adları yalnız paytaxt sakinlərinə deyil, şəhərə
gələn hər kəsə sözsüz bir mesaj verir.
Çünki bu adlar bizim kimliyimizin
xəritəsidir. "28 May
küçəsi" isə
yalnız bir tarix deyil, bir
millətin azadlıq nəfəsi, cümhuriyyət
sevinci deməkdir. Düşünürəm ki,
bu adların hər biri həm
yerli, həm də xarici insanlara Azərbaycanın ruhunu tanıdır. Əlbəttə, küçə
adlarının taleyi həmişə sadə olmayıb. Tarix boyu Bakı müxtəlif siyasi rejimlərin, ideologiyaların
təsiri altında qalıb. Hər yeni hakimiyyət öz simvolunu, öz ideoloji yükünü küçə
adlarına köçürüb.
Bir vaxtlar "Molotov küçəsi"
adlanan yolun bu gün tamam
başqa adda olması, həm də bir millətin
yaddaşındakı dəyişikliklərin
göstəricisidir. Küçə
adları sadəcə
coğrafi ünvan deyil, həm də zamanın şahidi, ideologiyaların
səssiz şahidləridir.
Hər lövhə bir tarix dedikdə,
bu yalnız böyük şəxsiyyətlərin
adları ilə bağlı deyil. Bəzən bir küçə adı sıradan görünə
bilər - məsələn,
bir çiçəyin,
bir dağın, bir məkanın adı. Amma diqqətlə baxanda görürsən ki, həmin ad da
millətin dünyagörüşünü,
mədəniyyətini əks
etdirir. "Yasamal",
"Bayıl", "Badamdar",
"Qaraçuxur" - bunların
hər biri xalqın yaddaşından,
folklorundan gələn
izlərdir. Düşünürəm
ki, bu adların
qorunması da mədəniyyətimizin qorunması
qədər vacibdir.
Bakı sürətlə
dəyişir, yeni binalar, göydələnlər,
yollar tikilir. Amma küçə adları bu dəyişikliklərin içində
bizi köklərimizə
bağlayan görünməz
ipdir. Lövhələr
yenilənir, rənglənir,
amma üzərindəki
adlar xalqın yaddaşını qoruyur.
Küçə adlarının
xalqın tarixi yaddaşını qorumaqda
rolu nədən ibarətdir? Bakı küçələrinin adları
tarixən hansı səbəblərə görə
dəyişdirilib və
bu dəyişikliklər
hər dövrün ideoloji izini necə əks etdirib? Bu suallara
cavab tapmaq üçün biz tarixin izinə düşməliyik. Çünki
küçə adları
yalnız şəhərin
coğrafi xəritəsini
deyil, həm də siyasi sistemlərin, ideoloji dəyişikliklərin və
xalqın yaddaşını
özündə daşıyır.
Düşünürəm ki, burada tarixçilərin
baxışı xüsusilə
önəmlidir - onlar
bizə bu lövhələrin necə
dəyişdiyini, hansı
dövrlərdə hansı
mənaların yükləndiyini
izah edə bilərlər. Mövzu ilə bağlı tarixçi alim Elnur Nəciyev Olaylar.az-a açıqlama verib:
"Bakı şəhərində küçələrin
adlarının dəyişdirilməsi
müxtəlif dövrlərdə
Azərbaycanda baş vermiş siyasi, ideoloji və mədəni proseslərlə
birbaşa əlaqədardır.
Xüsusilə də sovet dövründə küçələrə inqilabçıların,
sovet dövlət xadimlərinin və ideologiyanı təbliğ
edənlərin adları
qoyulurdu. Məsələn:
Stalin (indiki Neftçilər) prospekti,
26 Bakı Komissarı
(indiki 2 aprel) küçəsi, Frunze (indiki Akademik Əhəd Yaqubov) küçəsi, Əliheydər
Qarayev (indiki Əhməd Cavad), Çingiz İldırım
(indiki Ağa Əlizadə) küçəsi
və sair. Bununla kifayətlənməyib
müxtəlif ideoloji
adlardan da istifadə edirdilər: Bakının Nizami və Xətai rayonlarında Sosialist (Oqtay Vəliyev) küçəsi, Yasamal və Nəsimi rayonlarında Proletar (Vidadi) küçəsi, Bakıxanov qəsəbəsində
Komsomol (Mustafa Vəkilov), Nizami rayonunda Paris Kommunası (İlham Əliyev), Binəqədi rayonunda Sovet ordusu (Ənvər
Əlixanov) küçəsi
və s. Burada məqsəd sovet ideologiyasını gündəlik
həyatın bir parçasına çevirmək
idi.
Müstəqillikdən sonra - Azərbaycan milli kimliyi və
tarixi yaddaşı məsələsi ön plana çıxarıldı.
Sovetlə bağlı
adlar dəyişdirilərək
milli qəhrəmanların,
ədiblərin, tarixi
şəxsiyyətlərin, şəhərin öz mədəniyyətinə məxsus
simvolların adları
verildi (məsələn,
Tarqovı əvəzinə
Nizami küçəsi,
Nobel prospekti əvəzinə 8 Noyabr prospekti, Malıgin küçəsi əvəzinə
Zeynalabdin Tağıyev
küçəsi və
sair. Küçə
adları xalqın kollektiv yaddaşının
bir hissəsidir. Onlar şəhərin
"canlı arxivləri"dir
- müəyyən dövrdə
hansı ideyaların,
dəyərlərin üstün
olduğunu göstərir.
Bu baxımdan küçə adlarının
qorunması və düzgün seçilməsi
milli kimliyin güclənməsinə xidmət
edir. Ən çox tarixi kimliyimizi əks etdirənlər xalqımızın
qəhrəmanları və
mədəniyyət xadimlərinin
adlarıdır: Səməd
Vurğun, Üzeyir Hacıbəyli, Nizami, Füzuli - milli ədəbiyyat və incəsənətimizi təcəssüm
etdirir.
Azadlıq, İstiqlaliyyət,
20 Yanvar, 28 May, 8 Noyabr - müstəqillik və azadlıq uğrunda mübarizənin
simvollarıdır.
Şəhidlər xiyabanı, Qara Qarayev, Əhməd Cavad, Mehdi Hüseynzadə
- həm milli mübarizə, həm də dünya miqyasında qəhrəmanlıq
ənənəmizi yaşadır.
Sovet dövründə
küçə adları
kommunizm, sosializm və proletar beynəlmiləlçiliyini təbliğ
edirdi. Müstəqillik
dövründə küçələrə
milli tariximizin qəhrəmanları, istiqlal
mübarizəsi, türk-islam
mədəniyyəti ilə
bağlı adlar verilir. İdeoloji məqsəd milli kimliyin, müstəqilliyin
və dövlətçilik
şüurunun gücləndirilməsidir".
Bu suallara
yalnız tarixçilər
deyil, həm də urbanistlər cavab verir. Çünki küçə adları
yalnız tarixi deyil, həm də şəhərin sosial və mədəni planlamasının
bir hissəsidir. Düşünürəm ki,
onların baxışı
bizə bu adların arxasında gizlənən başqa bir qat - şəhərin
bugünkü nəfəsi
barədə daha aydın təsəvvür
yaradır. Memar, urbanist Gülnar Əliyeva bu mövzuda açıqlama
verib:
" Küçə adlarının verilməsi
məsələsi olduqca
əhəmiyyətlidir. Burada
vahid və sərt qaydanın tətbiqi mümkün deyil, çünki şəhərlərimizin hər
biri özünəməxsus
xüsusiyyətləri ilə
seçilir. Hər şəhərin fərqli
epizodlardan ibarət xüsusi urban dəyəri vardır. Paytaxt Bakıdan danışırıqsa, burada
küçə adlarının
verilməsinə müxtəlif
amillər təsir göstərə bilər:
tarixi adlar, məhəllə adları,
qədim toponimlər,
yerlilərin zonalara verdiyi ləqəblər, yaxud da görkəmli
şəxsiyyətlərin adları. Aydındır ki, Bakı şəhərində
daim yeni küçələr salınır.
Paytaxt statusuna görə bu küçələrə dövlət
əhəmiyyətli hadisələrin
və şəxsiyyətlərin
adları verilir. Bu, təmtəraqlı və rəmzi bir hadisədir. Lakin küçəyə
ad verməzdən əvvəl həmin ərazinin ilkin yaddaşına nəzər
salmaq olduqca vacibdir. Küçə adlarından da vacib məsələ məhəllə və səmt adlarıdır. İnzibati bölgü baxımından rəsmi əhəmiyyət daşımaya
bilər, lakin insanların yaddaşında
müəyyən zonalara
aid oturuşmuş adlar mövcuddur. Məsələn, kimsə
"Mən Qara Qarayevdə yaşayıram"
dedikdə, əslində
Nizami rayonu daxilində Qara Qarayev metro ətrafında
formalaşmış bir
zonadan söhbət gedir. Halbuki bu zonanın sərhədləri heç
bir rəsmi sənəddə dəqiq
göstərilməyib. Amma
sakinlər arasında
belə bir anlayış formalaşıb:
hansı küçədən
sonra Qara Qarayev zonası bitir və Neftçilər
zonası başlayır.
Eyni qayda məhəllələr üçün
də keçərlidir.
Məsələn, Şəkinin
"Yuxarı Baş"
tarixi məhəlləsi
UNESCO Ümumdünya İrs
Siyahısına daxil edilmişdir. Buradakı məhəllələrin adları,
bu adların yaranmasında rol oynamış sənətkarlıq
növləri və tarixi proseslər elə həmin ərazinin irs dəyərinin əsas səbəbidir. Belə olduğu halda bu adların dəyişdirilməsi və
ya yenisi ilə əvəzlənməsi
təbii ki, tarixi kimliyə xələl gətirir. Digər tərəfdən,
şəhərlərimizdən görkəmli ziyalılar
yetişir və onların xidmətlərinə
görə adlarının
küçələrə verilməsi də zəruridir. Bu halda yeni salınan
yaşayış massivləri
və küçələrin
onların adını
daşıması daha
məqsədəuyğundur. Ümumiyyətlə, tarixi
adların qorunması
hərtərəfli əhəmiyyət
daşıyır. Sovet
dövründə Azərbaycanda
çoxlu sayda toponim dəyişdirilmiş,
bu isə bir nəsil ərzində kimlik itkisinə səbəb olmuşdur. Belə itkilərin qarşısını
almaq üçün
Şəki, Şuşa,
Ordubad, Gəncə, Bakı, Quba və digər tarixi məhəllələri
olan şəhərlərdə
xüsusi şura formalaşdırılmalıdır. Bu şura memarlar,
sənət tarixçiləri,
tarixçilər, tədqiqatçılar,
icma nümayəndələri
və yaşlı sakinlərdən ibarət
ola bilər. Adlandırmalar bu şuranın araşdırmaları
və rəyləri əsasında həyata keçirilməlidir. Eyni zamanda digər şəhərlərdə də
adların verilməzdən
əvvəl ictimai müzakirələrin keçirilməsi
vacibdir. Çünki
səhv verilmiş qərarlar nəticəsində
bir parça tarix, şəhər kimliyi və icma xatirəsi itirilə bilər. Adların tez-tez dəyişdirilməsi cəmiyyət
tərəfindən xoş
qarşılanmır. Məsələn,
mənim uşaqlıq
illərimdə indiki
8 Noyabr prospekti "Raboçiy" (İşçi
prospekti) adlanırdı.
Xəritədə isə
"Nobel prospekti"
kimi qeyd olunmuşdu və mən bu adı
yadda saxlamışdım.
Ancaq küçəni
bu adla izah
etdikdə çox vaxt insanlar hara
nəzərdə tutduğumu
anlamırdılar. Xalq
"Nobel prospekti"
adını öyrənməmişkən
küçənin adı
"8 Noyabr prospekti"
olaraq dəyişdirildi.
Buna baxmayaraq, hələ də əhali arasında "Raboçiy" adı işlədilir. Küçə
və məhəllə
adları ilə bağlı ən güclü yaddaş isə çox vaxt taksi sürücülərində
olur. Xüsusən də köhnə taksi sürücüləri
zonaların adlarının
haradan gəldiyini və niyə belə adlandığını
həmkarlarım yaxşı
bilirlər. Onlarla söhbət etmək həm mənim, həm də üçün maraqlı
olur. Mən bunu hər kəsə
tövsiyə edərdim".
Bakı küçələrinin
adları bizə yalnız yol göstərmir, həm də kimliyimizi, yaddaşımızı qoruyur.
Hər lövhənin
arxasında bir tarix yatır - bəzən qəhrəmanlıq,
bəzən poeziya, bəzən də bir məhəllənin xatirəsi. Düşünürəm
ki, bu adlar
qorunduqca biz də köklərimizi unutmuruq. Şəhər dəyişir, küçələr
genişlənir, binalar
ucalır, amma adların daşıdığı
mənalar itəndə,
sanki şəhərin
ruhundan da bir parça qopur. Ona görə
də hər yeni ad xalqın
yaddaşına yazılan
bir cümlədir. Bakı küçələrində
addımlayanda lövhələrə
bir anlıq nəzər salmaq kifayətdir- o adlar bizə həm dünəni danışır,
həm bu günü izah edir, həm də gələcək nəsillərə ötürüləcək
bir yaddaş kimi qalır.
Zeynəb Mustafazadə
Olaylar.- 2025.- 19-25 sentyabr, ¹32.-
S.23.