Dünya dövlətləri bir daha əmin oldu ki...
Dövlətin
istər iqtisadi, istərsə də mədəni
inkişafı həmişə vətəndaşların
maraqları ilə əhatələnir. Dünya dövlətləri
ilə ikitərəfi, çoxtərəfli münasibətlər
də bu baxımdan tənzimlənir. İqtisadiyyatı
güclü olan dövlət həmişə dünya
dövlətlərinin marağında olur. Bu maraq neçə-neçə
beynəlxalq müqavilənin imzalanmasında əsas amil kimi
tarixləşir.
Azərbaycan
dünyanın əksər dövləətələrinin istər
siyasi, istərsə də iqtisadi tərəfdaşıdır.
Bu tərəfdaşlıq genişlənməkdədir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə
də bu baxımdan izlənildi.
Dövlət
başçımız ümumi daxili məhsulun 4 faizdən
çox artdığını, neft hasilatında tənəzüllə
üzləşmədiyimizi, neft hasilatının
azalmasının bundan sonra ümumi daxili məhsula mənfi təsir
göstərməyəcəyini, qeyri-neft sənaye sektorunda
artımın 7 faizdən çox olduğunu, iqtisadi sahədə
dayanıqlı inkişafa nail olduğumuzu, büdcə xərclərinin
41 milyard manatdan çox olduğunu və s. xatırlatdı.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkədaxili siyasətinin mahiyyəti bilavasitə vətəndaşların
rifahının yüksəldilməsidir. Dövlət
başçımız yerli televiziya kanallarına müsahibəsində
dedi: "Bu il yanvarın birindən
minimum əməkhaqqı 55 manat artıb və 400 manata
çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata
çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər
böyük sərmayə qoyan və Qarabağın bərpası
kimi qarşımızda bu qədər böyük problemi olan
ölkədə bu sahəyə də bu diqqəti yetirmək,
əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər,
mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları
ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər
biz bu artımı inflyasiyanın dərəcəsi ilə
müqayisə etsək, hansı ki, keçən il 2 faizdən
bir qədər çox idi, yəni, bu artım məhz az
müdafiə olunan təbəqə üçün dövlət
tərəfindən növbəti yardımdır. Hər
şey cəmiyyətdə də, siyasətdə də, ailədə
də ədalətli olmalıdır və sosial ədalət
prinsipləri həmişə bizim üçün vacib
olub...".
Bu
müsahibə bir atalar sözünün də gerçəkliyini
bir daha xatırlatdı: "Haqq nazilər, üzülməz". Beynəlxalq təşkilatlarda fəaliyyət
təcrübəsinin və şaxələndirilmiş xarici
siyasətin bizə körpülər qurmaqda
yardımçı olacağını da bildirən, COP29-un Azərbaycanla
bağlılığına da toxunan dövlət başçımız
müsahibəsində qeyd etdi ki,
"Bu tədbirə ev sahibliyi etmiş heç bir
ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir.
Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot
uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr,
xüsusilə də Fransa əlindən gələni edirdi ki,
tədbiri gözdən salsın. Həmkarlarımdan
aldığım məlumata görə, Fransa prezidenti şəxsən
onlara zəng edərək Bakıya getməməyi tövsiyə
edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin
qarşısını almaq üçün hətta belə
vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz
oldu. Səksən dövlət və hökumət
başçısı Bakıya səfərə gəldi və
bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş
olduğunu nümayiş etdirdi...".
Azərbaycanın
bütün uğurları hər bir azərbaycanlının
uğurudur və bu uğur qürurdur. Bu qürur vətəndaşların
vətəndaşlıq borcuna daha həssas
yanaşmasını tələb edir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın
D-8 təşkilatına qəbul edilməsinin ölkəmizin
nüfuzunun göstəricisi olduğunu da qeyd edərək
dedi: "Bu təşkilat 30 ilə yaxın bundan əvvəl
yaranmışdı, Türkiyənin təşəbbüsü
ilə və səkkiz ölkədən ibarət idi. Bu illər
ərzində əlavə üzv qəbul edilməmişdi.
Birinci genişlənmə qərarından sonra qəbul edilən
üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin
nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir.
D-8 müsəlman ölkələrini birləşdirən ən
böyük təşkilatdır. Bir milyarddan çox əhalisi
olan və müsəlman ölkələrinin
iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır.
Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu
götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada
60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan
yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim
üçün həm böyük şərəfdir, həm
də böyük məsuliyyətdir. Artıq bütün
göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda
fəal olsun və öz töhfəsini verə bilsin".
Müsahibədə
namizədliyimizi ilk gündən Türkiyənin dəstəklədiyini
bildirən dövlət başçımız Türkiyədə
keçirilmiş D-8 Zirvə görüşündə də
qonaq qismində iştirak etdiyini, o vaxtlardan Azərbaycanın
üzvlüyü ilə bağlı məsələnin
gündəliyə salındığını da
xatırladan dövlət başçımız qürurla
bildirdi ki, "İslam Əməkdaşlıq Təşkilatının
rəhbərlərinin açıqlamalarına diqqət yetirsəniz
görərsiniz ki, bütün dövrlərdə bu təşkilat,
- hansı ki, bütün müsəlman ölkələrini
birləşdirir, Azərbaycanla bağlı çox müsbət
fikirdə olub. Bizim İslam həmrəyliyi ilə
bağlı addımlarımız, Azərbaycanda İslam dininə
olan hörmət, dinlərarası münasibətlər,
müsəlman ölkələrinin xətti ilə bir
çox tədbirlərin keçirilməsi, o cümlədən
IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi.
Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən
BMT-də daim müsəlman ölkələrinin
maraqlarını müdafiə edirik. Biz bütün təşkilatlarda,
əgər hansısa təşkilatda rəhbər vəzifəyə
seçim keçirilirsə və orada müsəlman ölkəsinin
nümayəndəsi varsa, mütləq avtomatik olaraq, o
nümayəndəyə səsimizi veririk. Yəni, bu, mənim
göstərişimdir və bir dəfə verilmiş göstəriş,
yenə də deyirəm, avtomatik həll olunur. Biz bir çox
müsəlman ölkələrinə yardımlar etmişik.
Düzdür, biz bununla öyünmürük və edəndə
də bunu çox da işıqlandırmırıq. Amma hətta
mətbuata gedən məlumat kifayətdir deməyə ki, bu
sahədə də çox fəalıq, həm COVID
dövründə, həm digər məsələlərdə,
Fələstin xalqının üzləşdiyi bu fəlakətlə
bağlı yenə də biz ön sıralarda olmuşuq.
Suriyada artıq Əsəd rejiminin çökməsindən,
yeni hökumətin formalaşmasından sonra Türkiyənin
ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar
yardım göstərdi və biz istənilən digər
yardımları göstərməyə hazırıq. Bu məqsədlə
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə
heyəti bu yaxınlarda Suriyaya səfər etmişdir...".
Azərbaycan
Respublikasının Prezidenti müsahibədə İkinci
Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan
münasibətlərindən də söz açdı. Qazax
rayonunun yeddi kəndinin Ermənistan tərəfindən
işğal edilməsi uzun illər əvvəl olub. Tarixi Zəfərdən
sonra dörd kəndin xilas edilməsi də Azərbaycanın
hərbi-siyasi uğuru kimi dəyərləndirilməlidir.
Dövlət
başçımız Qarabağın və Şərqi Zəngəzurun
bərpasına 4 milyard, hərbi və təhlükəsizlik
məsələlərinin həlli üçün 8,4 milyard
manat vəsait xərclənəcəyini də bildirdi. Ermənistanın
silahlanmasının yeni gərginliyə gətirib
çıxaracağı ehtimalını, Ermənistanın
silahlanmasının Böyük Qayıdış və bərpa-quruculuq
məsələsinə müəyyən dərəcədə
mane olduğunu, ancaq Qarabağı cənnətə
çevriləcəyini də xatırlatdı...
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yerli
telekanallara müsahibəsi Azərbaycan gerçəkliklərinin
ifadəsi kimi tarixləşdi. Dünya dövlətləri
bir daha əmin oldu ki, Azərbaycan güclü dövlətdir.
Səbinə
Xasayeva
Milli Məclisin
deputatı
Olaylar.-
2025.- 9-16 yanvar, №1.- S.13.