Vaqif YusiflininMəmməd Araz dünyası”:

zamanın gərdişində poeziya

 

Filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusiflinin yeni monoqrafiyası "Məmməd Araz dünyası" adlanır. Poeziyamızda özünəməxsus dəst-xətti olan Məmməd Araza həsr edilən monoqrafiyanın bu cür adlandırılması təsadüf deyil. Azərbaycan ədəbiyyatını Nəsiminin "məndə sığar iki cahan, mən bu cahana sığmazam" misrasının parafrazı kimi götürəndə ədəbiyyatımız məhz fərqli söz ustadlarının dünyalarından yaranan bir kainata bənzəyir. Bu kainatın ən parlaq planetlərindən, ulduzlarından biri məhz Məmməd Arazdır. Vaqif Yusifli Məmməd Arazı "Azərbaycan şeirinin Arazı" adlandırmaqla ustad şairin yaradıcılığının nəinki poeziyamızda, eləcə milli düşüncəmizdə, azadlıq hərəkatında oynadığı mənəvi rolu incəliklə vurğulayır. Məmməd Araz şeirinin  sehrini hələ şagird ikən, Məmməd Araz hələ Məmməd İbrahim olduğu zaman duyan Vaqif Yusifli sonralar poeziyamızın bir dönəminə damğasını vuran, bu gün sevilən şairin yaradıcılığını daha dərindən tədqiq edərək ədib haqqında ən mükəmməl tədqiqlərin müəllifinə çevrilir.

Ustad tənqidçi Məmməd Araz poeziyasına bu sevgini, marağı  yaradan əsas səbəblərdən birini belə açıqlayır: "Əvvəla, Məmməd Araz şeiri bütün vurğuları ilə ədəbi tənqiddə poeziyanın xeyirinə aparıcı rəy, fikir formalaşdıra bilər, onun poeziyası bir atımlıq barıt olmayıb, kitabdan - kitaba yox, şeirdən şeirə inkişaf edib, zamanın bütün dönümlərində öncül olmağa çalışıb." Bəli, Məmməd Araz yaradıcılığında  kainat bütövlükdə görünür, dünya fəlsəfi don geyinir, vətən, AZƏRBAYCAN sevgisi sel kimi axır, çağlayır, şeirlərini oxuyanların könlündən VƏTƏN böyük bir nida kimi qopur.  Vaqif Yusifli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Sənətkarın elmi pasportu" seriyasından təkrar dərc olunan monoqrafiyasının ön söz müəllifi olan AMEA-nın müxbir üzvü mərhum Yaşar Qarayev yazır: "Şübhə etmirəm ki, Vaqif Yusiflinin bu kitabı təkcə poeziyamızın ən yaxşı uğurlarının yox, həm poeziyaya sənətə mənəvi maddi hamilik sahəsində ən yaxşı sosial ənənənin, əxlaqın, yaddaşın təbliğinə xidmət edən timsal örnək olacaqdır."

Vaqif Yusifli monoqrafiyada Məmməd Araz yaradıcılığını ilk dövrlərdən kamil dövrünə qədər böyük sevgi, sayğı diqqətlə incələyərək şair üçün mənəvi bir yaddaş abidəsi yaratmışdır. Monoqrafiyada ustad şairin poeziyası ilə yanaşı publisistikası, tərcümələri, ədəbi görüşləri, müəllifin şairlə müsahibəsi yer almışdır. Monoqrafiyada tənqidçinin  poeziya duyumu şairin poetik kimliyi üzərində gərdişlər edərkən oxucu fərqli, elmi bütövlüyü ilə seçilən, həm quru deyil, canlı bir dillə yazılmış bir tədqiqatdan sözün bütün mənalarında zövq alır.  Məmməd Arazın Vaqif Yusifli imzalı bu "elmi pasport"u ustad tənqidçinin həm ustad şairin pak ruhuna, həm gələcək nəsillərə ərməğanıdır.

 

Elnarə Qaragözova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA  Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

 

Olaylar.- 2025.- 17-23 yanvar, №2.- S.17.