Cəbrayılın Qalacıq kəndindən
ABŞ-yə qədər uzanan yol
... Xanəndə Aqil Süleymanovun hekayəsi
...
Bir müddətdir ABŞ-də yaşayan və fəaliyyət göstərən
Azərbaycanlı xanəndə Aqil Süleymanov 2025-ci ildə Amerikanın müxtəlif ştatlarında
10-a yaxın musiqi proqramına qatılacaq. Bu barədə sənətçi özü
məlumat verib. Qeyd edim ki,
Aqili uzun illərdir ki tanıyıram. Onun ilk böyük uğuru barədə hələ 2016-cı ildə
ATV Telekanalında yayımlanan
"ATV Səhər" İnformasiya
proqramında videomaterial
təqdim etmişdim. Odur ki, gənc
xanəndəmiz haqqında
oxucularımıza daha
ətraflı məlumat
təqdim etmək üçün onunla yenidən söhbətləşmək
qərarına gəldim.
Aqil Məhəmməd oğlu Süleymanov 1992-ci ildə Cəbrayıl rayonunun Qalacıq kəndində anadan olub. 1993-cü ildə Ermənistanın Azərbaycana təcazüvü nəticəsində ailəsi müvəqqəti olaraq Saatlı rayonunda məskunlaşmağa məcbur olub. 5 ildən sonra isə Bakı şəhərinə köçüblər. Söhbətimizin əvvəlində Aqildən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi xəbərini necə qarşıladığı barədə təəssüratlarını soruşdum. Qeyd edək ki, Cəbrayılın Qalacıq kəndi 9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Aqil bu tarixi hadisəyə çox sevindiyini deyir. Onun ilk təəssüratları isə belə olub: "İlk olaraq evə zəng elədim, ailə üzvlərimlə danışdım. Onlar da çox sevinirdi bu xəbərə. Əslində çox istərdim o yerlərə gedim. Atam isə artıq orada olub və hətta mənə oradan zəng eləmişdi, videolar çəkib göndərmişdi... Yəni, çox maraqlı idi bunları izləmək. Atamın uşaqlığı o kənddə keçib, orada doğulub, boya-başa çatıb. Onun nə qədər sevindiyinin, gözəl hisslər keçirdiyinin şahidi oldum. Əslində mən də gedib oraları görmək arzusundayam. Atam orada yaşamağı çox istəyir".
Aqil ilk musiqi təhsilini 2001-2004-cü illərdə paytaxtda "28 May" Mədəniyyət Evində alıb. 2005-ci ildən isə təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində xanəndə, muğam ustası Firuz Səxavətin sinifində davam etdirib. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsinə qəbul olunub. Burada Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova və Nəzakət Teymurovadan dərs alıb. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə qəbul olunub. Burada da Xalq artisti Mələkxanım Əyyubovadan dərs alaraq muğamın sirlərinə yiyələnib. Magistr təhsili ilə yanaşı eyni zamanda müəllimlik fəaliyyətinə də həvəs göstərib. O, 2016-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsində uğurlu nəticə göstərərək Ağdam Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinə müəllim vəzifəsinə qəbul olunub. Burada təxminən 1 il yarım pedaqoji fəaliyyətlə məşğul olub. İlk məvacibinin 350 manat olduğunu deyən həmsöhbətim əlavə edir ki, çalışdığı musiqi məktəbində hətta digər müəllimlərdən daha yüksək məvacib alıb. Bunun səbəbi isə xanəndənin magistr təhsilinin olması idi.
Musiqi təhsili aldığı müddətdə Aqil hər zaman tələbə yoldaşlarından fərqləndiyini deyir. Maraqlıdır ki, həmsöhbətim ifası ilə deyil, daha çox digər istedadları ilə seçilib. Məsələn, yaxşı yaddaşı və aktyorluq qabiliyyəti onu müəllimlərin gözündə hörmətli və sevilən tələbələrdən edib. Hətta bəzi müəllimlər ona öz fəaliyyətini musiqi nəzəriyyəsi sahəsi üzrə davam etdirməyi məsləhət görürdülər. Lakin Aqilin oxumaq həvəsi onu yeni yaradıcılıq uğurlarına sövq edirdi. Bu barədə onun özü belə xatırlayır: "2013-cü ildə, Azərbaycan Milli Konservatoriyasının 3-cü kursunda təhsil alırdım, Qlen Dolfi adlı amerikalı musiqi meneceri fransız rejissorla birlikdə Azərbaycana gəlmişdilər. Həmin il Konservatoriyamızda onlar tərəfindən bir neçə videomaterial çəkildi. Hətta Xalq artistləri Alim Qasımov, Natiq Şirinov, Ramiz Quliyev, həmçinin mən də daxil olmaqla bir neçə gənc ifaçının ifalarını lentə aldılar. Cənab Dolfi dedi ki, videoları Texasda keçirilən populyar musiqi festivalına(South by Southwest) göndərəcək və nəticə yaxşı olsa, məni Amerikaya dəvət edəcək. Belə də oldu... Bir neçə aydan sonra xəbər gəldi ki, sizin ifanızı çox bəyəniblər. Və beləcə Amerikaya gəldik".
- Aqil, öncədən
ABŞ-yə köçmək
kimi planların var idimi, yoxsa
bu bir təsadüf nəticəsində baş
verdi?
- Açığı, Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra belə qərara gəldim ki Amerikaya köçüb yaşasam, daha yaxşı olar. Çünki düşünürdüm ki, niyə də mən Azərbaycan muğamını burada təmsil etməyim? Tələbəlik illərində hər zaman Xalq artistimiz Alim Qasımovu dinləyəndə, xarici səhnələrdə görəndə özüm-özümə sual verirdim ki, bu qədər muğam ifaçımız var, niyə məhz Alim Qasımov daha çox tanınır? Cavab isə bəlli idi, o,yeniliklərə hər zaman açıq olub. Ona baxıb mən də xarici səhnələrdə görünmək və Azərbaycan musiqisini təmsil etmək arzusuna düşdüm. Əslində baxsaq, hazırda Amerikada peşəkar təhsilli muğam ifaçısı demək olar ki, yox dərəcəsindədir. Elə bu fikir də məni Amerikaya gətirdi.
Beləliklə ABŞ-yə köçən Aqil Süleymanov ilk olaraq Texas ştatının Ostin şəhərində məskunlaşıb. Lakin əvvəlcə işləri heç də yaxşı getməyən həmyerlimiz 5-6 ay hətta işsiz qaldığını etiraf edir. Sonra isə yaşadığı Ostin şəhərinin Texas Universitetində "Bərəkət" Yaxın Şərq Ansamblına dəvət alıb və burada solist olaraq əmək fəaliyyətinə başlayıb. Bu ansamblla Aqil il ərzində iki dəfə konsertlər verirdi. 2018-ci ildə isə universitetin professoru Sonia Simon xanəndənin istedadını qiymətləndirərək, ona ansamblın musiqiçilərinə səs texnikası və Azərbaycan muğamı üzrə master-klasslar verməyi təklif edib. Bu təklifi qəbul edən Aqil eyni zamanda əcnəbi tələbələr arasında Azərbaycan musiqisini təbliğ etməyə başlayıb. Bütün ansambl üzvlərinə Azərbaycan muğamının sirlərini öyrətdiyini deyən xanəndə, daha sonra sosial şəbəkələrdə məşqlərdən mütəmadi olaraq videolar paylaşırdı. Beləcə həmyerlimiz qısa müddət ərzində Amerikada da tanınmağa başlayıb. Onun səsinə valeh olan soydaşlarımız və amerikalılar fərqli ştatlardan Aqili konsertlərə, müxtəlif musiqi proqramlarına, hətta toylara dəvət edirlər. Bununla kifayətlənməyən xanəndə daha çox populyarlıq qazanmaq üçün 2024-cü ildən dünyanın müxtəlif ölkələrində keçirilən onlayn musiqi festivallarında iştirtak edir.
Qeyd edək ki, daha öncə Aqil ABŞ-də təşkil olunan "LIT MUSIC AWARDS" Beynəlxalq Musiqi Festivalında 2 medal qazanıb. Nüfuzlu müsabiqədə "Ninne yarım" mahnısını təqdim edən xanəndəmiz "Ən yaxşı kişi ifaçısı" kateqoriyası üzrə qızıl medala, "Ən yaxşı xalq musiqisi" kateqoriyasında isə gümüş medala layiq görülüb. Yaxşı nəticələr əldə edən həmyerlimiz sonuncu dəfə 5-ci Vivaldi Beynəlxalq Onlayn Musiqi Musabiqəsinə mahnı göndərib. Belə ki, ilk uğurlarından stimul alan xanəndə onlayn musiqi yarışlarında iştirakını davam etdirməyi düşünür. Onu da qeyd edim ki, Azərbaycanlı xanəndə ötən il Zəfər Günü bayramında Nyu-Yorkun böyük musiqi səhnələrindən biri "Linkoln Mərkəzi"ndə Əməkdar artist, professor Nərgiz Əliyarova ilə bir səhnəni bölüşüb. Sənətçi 2025-ci ilin fevral ayından Nyu-Yorkdakı "Hunter Kollec"də master-klass dərslərinə başlamağı planlaşdırır. O həmçinin professor Corc Mürerlə bərabər ABŞ-də "Leyli və Məcnun" operasını səhnələşdirmək niyyətindədir.
Aqil Süleymanovla söhbətimizi burada sonlandırırıq. Həmyerlimizin yeni yaradıcılıq uğurları ilə bağlı növbəti müsahibələrimizdə məlumat vermək ümidi ilə...
Mahmud Rövşənoğlu
Olaylar.-
2025.- 17-23 yanvar, №2.- S.23.