Füzulinin qəbri it-bat olub
"Şairin nəşinin
basdırıldığı zənn olunan ərazidə
avtomobil dayanmışdı"
Məhəmməd
Füzuli irsi Azərbaycan ədəbiyyatşünaslığının
vizit kartı, onun söz sənətinə,
yaradıcılıq dünyasına möhür vuran əbədi
dühası, yenilməz söz xəzinəsidir. Onun bu dəyərli
və bəşəriyyətə sözün əsl mənasında
töhfə və ərməğan ola biləcək irsi
artıq uzun illərdən bəridir ki, mütəxəssislər
tərəfindən araşdırılaraq, tədqiq olunur.
Bununla belə onu öz adına çıxmağa
çalışanlar da az deyil. Bu istiqamətdə istər
yazarlar, istərsə də tədqiqatçılar gərgin
fəaliyyət göstərsələr belə, yenə də
analoji vəziyyət hökm sürür. Görünür,
bu, ya həmin sənətkarların özgə dildə
yazıb-yaratmaları, ya da dövrün ictimai-siyasi və ya
tarixi vəziyyəti ilə əlaqədar yad diyarlarda ömür
sürməsi ilə əlaqəlidir. Lakin son illər ölkəmizin
region və dünya dövlətləri ilə bütün
istiqamətlərdə qurduğu əlaqələr, həyata
keçirdiyi siyasi kurs ortaq mədəni dəyərlərin təbliği
ilə yanaşı, Azərbaycanın milli irsinin beynəlxalq
sferada təbliği işinə də öz töhfəsini
verir. Martın 27-də İraqda reallaşan "Füzuli
festivalı" da bu qəbildəndir. Müsahibim Atatürk Mərkəzinin
direktor müavini Osman Ənvəroğlu öz xatirələrini
bölüşüb.
-Osman müəllim,
festival çərçivəsində İraqda səfərdə
olmusunuz. Orada yaşayan Kərkük türkmənlərinin vəziyyəti
və ümumiyyətlə, səfərlə bağlı nə
deyə bilərsiniz?
-ABŞ-ın İraqa
müdaxiləsi və ölkədə yeni hakimiyyət
qurulandan sonra Səddam Hüseyn dövründən fərqli
olaraq, İraq türkmənləri və ya türkmənlərə
dövlətin idarə olunması işində bir sıra
mühüm səlahiyyətlər verildi. İndi Kərkük
türkmənləri orta məktəblərdə öz dillərində
təhsil almaq imkanına malikdirlər, onların sıx
yaşadığı ərazilərdə yerli
özünüidarə orqanları var. Düzdür,
onlar bununla tam razılaşmırlar. Özlərinin dediklərinə
görə, ölkədə olan 37 nazir postundan biri onlara məxsusdur,
həmçinin bir neçə nazir müavini və parlamentdə
deputat nümayəndələri ilə təmsil olunurlar.
Bununla belə onlar Türkiyə və Azərbaycandan
böyük dəstək gözləyirlər. Bu da
başadüşüləndir. Çünki onlar da
böyük türk dünyasının tərkib hissələridir.
Odur ki, həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi
bu istiqamətdə mühüm addımlar atır və bundan
sonra da bu istiqamətdəki fəaliyyətlərini davam etdirəcəklər.
Bir neçə ay bundan əvvəl onların əslən kərküklü
olan idman və gənclər naziri də Bakıda olmuş,
İraqda yaşayan türkmənlərin vəziyyəti ilə
əlaqədar müsahibə də vermişdi. Məhz həmin
səfərdən qayıtdıqdan sonra İraq hökuməti
Azərbaycan və Türkiyə ilə mədəni, siyasi,
iqtisadi və ictimai əlaqələri daha da inkişaf etdirmək
məqsədilə birgə layihələr hazırladılar.
Füzuli festivalının təşkili də bu layihənin
tərkib hissəsi idi. Festival mahiyyət etibarilə
xalqlararası mədəni əlaqələrin inkişafı
baxımından yüksək qiymətləndirilməlidir.
Festivalda həm Azərbaycan, həm də Türkiyədən
tanınmış ədəbiyyatşünaslar, elm xadimləri
iştirak edirdilər. Türkiyəli mətbuat
işçisi İsa Kayacanla görüşümüzdə
o, Azərbaycan haqqında 1500-ə yaxın məqalə
yazdığı, Azərbaycana sonsuz sevgi və sayğı
duyduğunu bildirdi.
"Dağılmış, viran
olmuş Bağdad gördük"...
Tədbiri İraqın
İdman və Gənclər Nazirliyi və İraq-Türkmən
Mədəniyyət Ocağı təşkil etmişdi. Türkiyə
tərəfdən əsas koordinator Şəmsəddin Kuzəçi,
Azərbaycan tərəfdən isə Dünya Gənc Türk
Yazarlar Birliyinin sədri Əkbər Qoşalı idi. Azərbaycan
bu festivalda 6 nəfərlik nümayəndə heyəti ilə
təmsil olunurdu. Ədəbiyyat İnstitutunun direktoru,
Füzuli irsinin əsas araşdırıcısı Məhərrəm
Qasımlı, şairlərdən Gülayə xanım
Şınıxlı, Naxçıvan Dövlət
Universitetinin dosenti, filologiya elmləri namizədi Qalibə Hacıyeva
da bu nümayəndə heyətinin tərkibinə daxil idi. Ümumiyyətlə,
Bağdadı görmək mənim uşaqlıq arzum olub. Bəlkə
də hələ uşaqlıqdan sevə-sevə oxuduğumuz
məşhur "Koroğlu" dastanındakı bəzi
hadisələrin Bağdadda cərəyan etməsi məndə
bu həvəs və sevgini yaradıb. Martın 27-də biz artıq
Bağdadda idik. Bizi orada çox yüksək səviyyədə
qarşıladılar. Baxmayaraq ki, Bağdadda çox
böyük təhlükə həyəcanı
yaşanır, bizi hər tərəfdən əli
avtomatlı silahlı birləşmələr mühafizə
edirdilər. Biz orada xəyallarımızda təsəvvür
etdiyimiz yox, dağılmış, viran olmuş bir Bağdad
gördük. Bilirsiniz ki, Bağdad 1537-ci ilədək Səfəvilərin
hakimiyyəti altında olub. Odur ki, bizdə elə təəssürat
yaranmışdı ki, sanki öz vətənimizə səyahət
etmişdik. Biz orada Bağdadın tanınmış
mehmanxanalarının birində qaldıq və bizi nazirin
özü çox yüksək hərarət və sevgi ilə
qarşıladı və Bakıda necə səmimi
qarşılandığını
bizə xatırlatdı. Mən çox şad oldum ki, kərküklərin
bu cür siyasi lideri var. Səhəri gün bizi Kərbəlaya
apardılar. Festival orada keçirilirdi. Kərbəla
inkişaf səviyyəsinə görə çox geridədir.
Bununla belə bütün küçələr Füzulinin
plakatları, Füzuli irsini,
yaradıcılığını xatırladan şəkillərlə
bəzədilmişdi. Şəhərdə sanki bayram əhval-ruhiyyəsi
hökm sürürdü. Sonra tədbirin rəsmi hissəsi
başlandı. Rəsmi hissəni Kərbəlanın valisi
doktor Atil Hizayi açdı. Həm Azərbaycan, həm də
Türkiyənin nümayəndə heyətlərini salamladıqdan sonra Azərbaycan və
Türkiyənin tarixi və mədəniyyəti ilə
bağlı yüksək fikirlər səsləndirdi. Elmi hissədə
isə məruzəçilər Füzuli yaradıcılığı,
onun fars və ərəb dillərində yazdığı
divanlarla bağlı elmi məruzələrlə
çıxış etdilər. Türkiyə nümayəndə
heyəti üzvünün İlham Əsgəroğlunun
"Məni candan usandırdı" qəzəlini saz
üstə oxuması isə tədbir
iştirakçılarına böyük zövq verdi və hərarətli
alqışlarla qarşılandı. Lakin türkmənlər
Füzulini türkmən şairi kimi təqdim etdilər. Bizim
nümayəndə heyətinin üzvü Məhərrəm
Qasımlı ərəb dilini daha yaxşı bildiyindən,
dəlillərlə, sübutlarla təhlillər apardı və
onlara başa saldı ki, Füzuli Azərbaycan şairidir.
Qalibə Hacıyeva da "Füzuli dili" adlı elmi məruzə
ilə çıxış etdi. Məruzələrin
hamısı Azərbaycan dilində idi və ərəb dilinə
tərcümə olunurdu. Qalibə xanım
çıxışının sonunda Dağlıq Qarabağ
problemi, Xocalı soyqırımı ilə bağlı riqqətli
çıxış etdi.
Füzulinin qəbri hardadır
-Orada yaşayan əhali Azərbaycan
həqiqətlərindən halidirmi?
-Mən sizi inandırıram ki, onlar Azərbaycan və onun həqiqətləri haqqında çox ətraflı bilgilərə malikdirlər. Azərbaycanda gedən prosesləri yaxından izləyirlər, maraqlanırlar. Əslində festival 2 gün davam etməliydi. Lakin bizim nümayəndə heyətinin bəzi müqəddəs yerləri ziyarət etməsilə əlaqədar, tədbir bir günlük yekunlaşmalı oldu. Lakin səhərdən axşam saatlarınadək davam etdi. Tədbiri çoxlu sayda media və mətbuat nümayəndələri izləyirdilər. Bizim tədbirlə bağlı çoxlu müsahibələrimiz oldu. hətta bəzi İraq və Kərkük televiziyaları tədbiri canlı yayımlayırdı. Azərbaycandan da çoxlu sayda tamaşaçı kütləsi tədbiri izləməyə müvəffəq olub.
-Osman müəllim, səfər zamanı Füzulinin qəbrini ziyarət etmək imkanı əldə etdinizmi? Təəssüratlarınız necədir?
-Tədbirdən
sonra bizi maraqlandıran əsas məsələ elə
Füzulinin qəbrini ziyarət
etmək idi. Bilirsiz ki, Füzuli özü vəsitələrinin
birində İmam Hüseynin ayaqları altında, yəni məqbərənin
aşağı tərəfində dəfn olunmasını
istəyib. Lakin məqbərəni ziyarət edərkən,
biz orada Füzulinin qəbrinə rast gəlmədik. Əksinə
şairin nəşinin basdırıldığı zənn
olunan ərazidə avtomobil dayanmışdı. Orada bizə
dedilər ki, Səddam Hüseynin dövründə məqbərənin
ərazisini genişləndirmək məqsədilə onun qəbri
məqbərəyə köçürülüb. Məqbərənin
çox böyük kitabxanası vardı və bizə dedilər
ki, burada 27 min kitab saxlanılır. Məqbərənin
işıqlandırma sistemi o qədər füsunkar idi ki,
onun içərisində sanki gecə yox, gündüz idi.
Sonra məqbərənin rəhbərliyi ilə
görüşdük, xatirə şəkilləri çəkdirdik.
Gecə saat 12-də bizi həmin ziyarətgaha gətirdilər.
Sol tərəfdə kiçik bir dəhlis vardı və
divarda şairin şəkli asılmış və "Molla
Məhəmməd Süleyman oğlu Füzuli Əl-Bağdadi"
sözləri yazılmışdı. Bizə dedilər ki,
Füzulinin qəbri buradadır. Azərbaycana qayıdandan
sonra biz bunu araşdırmaq üçün İraqın
ölkəmizdəki səfiri
ilə görüşdük. O, bizə İraq hökumətinin
Füzulinin qəbrini yenidən bərpa etmək niyyətində
olduğunu bildirdi. Bir şey də təəssüf
doğurur ki, Füzulinin uzun müddət yaşayıb
yaratdığı şəhərdə onun adına bir dənə
də olsun rayon, küçə, prospekt yoxdur. Səhərisi
gün bizi Nəcəf şəhərinə apardılar. Nəcəf
də həm tarixi, həm də həzrət Əlinin məqbərəsinin
olduğu bir şəhərdir. Kərbəladan fərqli
olaraq, Nəcəfdə biz heç bir dağıntıya rast
gəlmədik. Olduqca abad və müasir tikililərin
olduğu bir şəhərdir. Orada bizi İraqın Gənclər
və İdman Nazirliyinin Nəcəf şəhəri üzrə
nümayəndəliyi qarşıladı. Böyük
nümayəndə heyəti ilə Həzrət Əlinin məqbərəsinə
gəldik. Məqbərəni çoxlu sayda insan ziyarət
edirdi. Nəcəfdən Bağdada qayıdarkən yenə də
yolboyu müharibənin dəhşətli izləri
görünürdü. Bizi gümüş saray deyilən bir
sarayda prezidentin birinci müavini qarşıladı. hər
birimizlə ayrı-ayrılıqda söhbət etdi. Azərbaycandakı
müsbət inkişaf və irəliləyişləri,
prezident İlham Əliyevin yeritdiyi siyasəti yüksək
qiymətləndirdiyini bildirdi və dedi ki, biz bütün sahələrdə
Azərbaycanla layihələr həyata keçirməyə
hazırıq. Ümumiyyətlə, düşünürəm
ki, bu cür tədbirlərin keçirilməsi xalqlar
arasındakı mədəni bağların inkişafı ilə
yanaşı, eyni zamanda orada
yaşayan türkmənlərə mənəvi-ictimai dəstək
olardı. Bir sözlə, biz İraqda Füzuli
işığına toplaşmağın fərəhini
yaşadıq. Bu baxımdan Füzuli həmişə
yaşardır.
Aygün Telmanqızı.
Olaylar.- 2009.- 8 aprel.- S. 15.