Nargin adasında dünyada anoloqu olmayan istirahət mərkəzi

 

 Layihəyə 4,5 milyard dollar xərclənəcək

 

Dünən Avrositi Holdinq şirkəti Bakının Nargin adasında həyata keçirdiyi "Zirə" tikinti layihəsinin təqdimat mərasimini keçirdi. Tikintini həyata keçirən Danimarkanın Ramboll şirkətinin sahə direktoru Lars Riemann layihə barədə məlumat verdi. Bildirdi ki, layihə üzrə adada müxtəlif bina kompleksləri inşa ediləcək. Layihə adanın 1 milyon kvadratmetrlik ərazisini əhatə edəcək. İstirahət əyləncə mərkəzlərindən ibarət komplekslərdə həmçinin əhalinin daimi yaşayışı üçün mənzillər inşa olunacaq. Adada 10 min nəfərin daimi yaşayışı üçün bütün lazımi şərait müasir standartlara uyğun yaradılacaq sakinlərin rahatlığı 100 faiz təmin ediləcək. Sahə direktorunun sözlərinə görə, adada tikiləcək istirahət mərkəzləri Azərbaycanın ən tanınmış 7 dağ yüksəkliyinin konsepsiyası əsasında yaradılacaq. Yəni, istirahət mərkəzləri kənardan Azərbaycanın 7 dağını xatırladacaq. 6 il müddətinə reallaşan istirahət mərkəzinin hələlik dünyada anoloqu yoxdur. Şirkət ilk olaraq bu istirahət mərkəzini Azərbaycan ərazisində yaratmağı nəzərdə tutub. Ramboll şirkəti belə layihələrdən 3-nün üzərində işləyir ki, həmin layihələr başqa ölkələrdə həyata keçiriləcək. Lars Riemann bildirdi ki, yaşayış binalarından başqa, ərazidə 300 villa da inşa olunacaq. Adaya şəhərdən 3 nəqliyyat vasitəsi işləyəcək ki, həmin nəqliyyat vasitələri elektrik enerjisi ilə işləyəcək. İstirahət mərkəzi tikiləndən sonra havanın təmizliyini qorumaq üçün adaya avtomobillərin hərəkəti qadağan ediləcək. Bu isə ərazidə təmiz hava qatının qorunmasına yardım edəcək. Adaya Beynəlxalq Hava Limanından birbaşa vertolyot marşrutu işləyəcək. Bundan başqa, şəhərlə Nargin adasının əlaqəsi üçün dəniz sahilində taksi qayıq gəmilər fəaliyyət göstərəcək. Şirkət rəsmisi qeyd etdi ki, artıq adada həyata keçiriləcək layihənin ilk variantı hazırdır layihənin təsdiqlənməsi üçün danışıqlar aparılır. Yaxın bir ildə ərazidə tikinti işlərinə başlanacaq tikinti işləri maksimum 6 il çəkəcək. Adanın elektrik enerjisi ilə təmin edilməsi üçün isə Bakının küləyindən istifadə ediləcək. Bunun üçün dənizdə 16 külək dəyirmanı tikiləcək ki, həmin dəyirmanlardan alınan elektrik enerjisi adanı təmin edəcək. Layihənin ilkin smeta dəyərinin hazır olduğunu deyən şirkət təmsilçisi bildirdi ki, layihəyə ümumilikdə 4-4,5 milyard dollar xərclənəcək. Layihə çərçivəsində isə adada mərkəzi park yaradılacaq ki, həmin partda repressiya dövründə Nargin adasında öldürülənlərin xatirəsinə abidə kompleksi inşa olunacaq.

 

 

Samir

 

Olaylar.- 2009.- 8 aprel.- S. 9.