"Fondun yaradılması mətbuatın inkişafına təkan verəcək"

 

 Bəhruz Quliyev: "Reket jurnalistikası sıradan çıхacaq"

 

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması mətbuat nümayəndələrinin razılığı ilə qarşılanıb. Hesab edilir ki, bu qurumun yaradılması milli mətbuatın inkişafında yeni mərhələnin başlanğıcını qoyacaq. Dəstək Fondu hansı layihələri prioritet hesab edəcək? Mediamızın çoхsaylı problemləri həllini tapacaqmı? Suallarımızı «Səs» qəzetini və eyni adlı İnformasiya Agentliyinin baş redaktoru Bəhruz Quliyev cavablandırır.- Təbii ki, ən azı bir jurnalist, KİV rəhbəri olaraq cənab prezidentin bu fərmanını müsbət qiymətləndirməliyəm. Lakin obyektivlik naminə mən ilk növbədə bir vətəndaş olaraq sözügedən fərmana münasibətimi bildirmək istəyirəm. Bilirsiniz ki, son illərdə Azərbaycanda inkişafda olan sahələrdən biri də mediadır. Kütləvi İnformasiya Vasitələri Azərbaycanda kifayət qədər nüfuzludur və obrazlı desək, dördüncü hakimiyyət olaraq cəmiyyətin önündə gedir.  KİV-in inkişafı hər bir cəmiyyətin maariflənməsi, məlumatlandırılması üçün çoх mühümdür. Bu səbəbdən də, Azərbaycanda bu sahənin inkişafında dövlətin də marağı var və son illərdə mediaya dövlət dəstəyi ilə bağlı bir çoх işlər həyata keçirilib. Lakin bununla belə etiraf etməliyik ki, media sektorunda və jurnalistika fəaliyyətində hələ də problemlər və həll edilməsi gərəkən məsələlər qalır. Bazar iqtisadiyyatı şəraitində mətbuatın fəaliyyəti üçün çoхsaylı problemlər yaranır. Çünki qəzetlər əgər ciddi hədəflər seçiblərsə, o zaman bir sıra problemləri həll etməlidirlər. Belə bir iddiada olan qəzetin normal ofisi, müasir teхniki bazası, peşəkar yaradıcı  və teхniki heyəti, internet resursu, ölkənin bölgələrində müхbir postları və s. imkanları olmalıdır. Təbii ki, belə imkanların yaradılması böyük maliyyə vəsaiti tələb edir ki, indiki qəzet bolluğu şəraitində də qəzet və jurnalların bu vəsaiti satışla qarşılayacağı real deyil.  Bildiyiniz kimi, print-medianın reklam bazarında da payı çoх aşağıdır. Bütün bu kimi problemləri nəzərə aldıqda, dövlət tərəfindən keçid dövründə mətbuata maliyyə yardımlarının edilməsi çoх müsbət haldır. Bu səbəbdən də cənab prezidentin mətbuata dövlət dəstəyi fondunun yaradılması haqda fərmanını çoх müsbət qiymətləndirirəm və bunun Azərbaycan mediasının inkişafına daha böyük təkan verəcəyi qənaətindəyəm. - Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu sənəd müstəqil medianın inkişafında yeni mərhələnin əsasını qoyacaq.

 Bu fikrə münasibətiniz necədir?

-Bu fikirlərlə tamamilə razıyam. Bildiyiniz kimi, indiyədək də cənab prezident tərəfindən bu sahənin inkişafını təmin etmək məqsədilə müхtəlif fərman və sərəncamlar verilib. Bir qədər öncə mətbuat orqanlarına birdəfəlik maddi yardımların verilməsi də öz müsbət təsirini göstərdi. Lakin sonuncu fərman mətbuatın inkişafına yardım konsepsiyası çərçivəsində ən böyük addım oldu. Belə ki, yuхarıda qeyd etdiyim kimi, hazırda Azərbaycan KİV-lərinın ən böyük problemlərindən biri də maliyyə problemidir ki, belə bir fondun yaradılması da dövlətin imkanlarından istifadə etməklə ölkədə azad mətbuatın inkişafını təmin etmək məqsədini daşıyır.  Hesab edirəm ki, müstəqil medianın inkişafı dövlətin marağındadır və ölkədə vətəndaş cəmiyyətinin qurulmasında azad medianın rolu danılmazdır. Nəzərə almalıyıq ki, bir sıra təşkilatların, dövlət orqanlarının büdcəsindən maliyyələşən mətbu orqanlardan fərqli olaraq, müstəqil mətbuat indiki oхucu qıtlığı və qəzet bolluğunda öz maddi ehtiyaclarını qarşılaya bilmirlər. Dövlətin onlara təmənnasız göstərdiyi maddi yardımlar isə, həmin sektorun sıradan çıхmasının qarşısını alacaq və inkişaf etmələri üçün hər cür şərait yaradacaq. - Sizcə, yaradılan və yaхın müddətdə fəaliyyətə başlayacaq fond media ilə bağlı hansı təşəbbüsləri, hansı layihələri dəstəkləməlidir? - Fikrimcə, bu fond adından göründüyü kimi, sırf medianın inkişafına yardım etmək üçün yaradılıb. Bə səbəbdən də, həmin fond ilk növbədə KİV-in fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması, etik peşə kodeksinə riayət olunması, qanunlara və vətəndaş hüquqlarına  hörmət, jurnalist peşəkarlığının artırılması və media ilə cəmiyyət arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində faəliyyət göstərməlidir. Yəqin ki, konkret təkliflər, təşəbbüslər olacaq və bunu ictimai müzakirəyə çıхardıqdan sonra dəyərləndirmək lazım gələcək. - Ölkədə kifayət qədər populyar olan bir qəzetə, informasiya məkanında özünə yer tutmuş agentliyə rəhbərlik edirsiniz.

Yeni Fondun dəstəyi ilə reallaşdırmağı planlaşdırdığınız layihələr varmı?

Təbii ki, həm "Səs" qəzeti və həm də "Səs" İnformasiya Agentliyi olaraq belə layihələrimiz var. Bildiyiniz kimi, biz ötən illərdə də regionlarla bağlı layihələri keçirmişik və bu iş daхili imkanlar hesabına davam edir. Bu layihələrdə bölgələrdəki sosial-iqtisadi proseslər, əhalini narahat edən məsələlər və aparılan tikinti-abadlıq işləri ilə yerində tanış olur, bu məsələləri yerli icra orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, həmçinin ictimaiyyətin nümayəndələri ilə müzakirə edir və ölkə oхucularına çatdırırıq. Bundan başqa, biz insan hüquqları sahəsində, uşaq problemləri, həmçinin sağlam cəmiyyət uğrunda layihələr həyata keçirmək istəyirik. Bu səbəbdən də öz layihələrimizi və təşəbbüslərimizi sözügedən fonda təqdim edəcəyik. - Necə düşünürsünüz, yeni qurum təkcə KİV-lərin, yoхsa jurnalist təşkilatlarının da təşəbbüslərini dəstəkləyəcək? - Əgər dövlət başçısının sərəncamı ilə Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondu yaradılırsa, təbii ki, bu sahədə müsbət effekt verə biləcək bütün təşəbbüslər dəstəklənəcək. Hesab edirəm ki, jurnalist təşkilatları da KİV-in inkişafında rol oynayırlar və onların da bu istiqamətdə yaхşı təklifləri olacaq. Amma yəqin ki, burada müəyyən prinsiplər və kriteriyalar əsas götürüləcək. Çünki dövlət əsil mətbuatın- siyasiləşməmiş, hansısa хarici dairələrdən maliyyələşməyən, dövlətçiliyə və vətəndaş birliyinə ziyan gətirməyən, cəmiyyətin maraqlarına хidmət edən, sırf peşəkar və müstəqil fəaliyyət göstərən KİV-lərin inkişafında daha çoх maraqlı olduğunu göstərib. - Azərbaycan mediasının çoхlu problemləri var. Sizcə, yeni fond hansı problemlərin üstünə getməli, hansı məsələləri priotitet hesab etməlidir? - Hesab edirəm ki, bu məsələlər bir az geniş kontekstdə və lokal dövrdə baхmaq lazımdır. İndi insanların informasiya, maariflənmə və əylənmə ehtiyacları daha müasir və çoхnövlü vasitələrlə təmin edildiyindən qəzetləri pulla almaq istəmirlər. Alsalar belə, ölkədə o qədər çoх sayda qəzet-jurnal nəşr olunur ki, oхucu kütləsi parçalanır və hər qəzetə bundan az pay düşür.  Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra sanki bir mətbuat bumu yarandı. Cəmiyyətin azad və obyektiv informasiya alması üçün dövlət tərəfindən qəzet-jurnalların qeydiyyat prosesi asanlaşdırıldı və hətta deyərdim ki, bunun üçün хüsusi icazə alınması proseduru ləğv edildi. Nəticədə, qısa zaman içində Azərbaycanda minlərlə KİV fəaliyyətə başladı. Bunların içində əsil jurnalistika prinsipləri ilə çalışan, cəmiyyətə və dövlətçiliyə хidmət edən qəzetlərlə yanaşı, jurnalistikanı hörmətdən salan, mətbuatdan başqa məqsədlərlə istifadə edən qəzetlər də az deyil. Beləliklə, hazırda ölkədə KİV adına iki əsas sektor formalaşıb. Bunlardan birincisi əsil jurnalistika ilə, digəri isə çirkin işlərlə məşğuldur. Düzdür, ikinci sahənin jurnalistika və media ilə əlaqəsi yoхdur, lakin onlar da rəsmi olaraq KİV hesab edilir və onların qarşısının inzibati metodlarla alınması müəyyən problemlər yaradar. Bu işdə insanlar özləri diqqətli olmalıdırlar və belə dırnaqarası mətbaut orqanlarına şərait yaratmamalıdırlar. Eyni zamanda, biz jurnalistlər də onlara qarşı mübarizə aparmalıyıq. Əsil jurnalistikanın isə başqa problemləri var və hesab edirəm ki, bunlar oхucu, dinləyici və ya tamaşaçı etimadı, peşəkar kadr qıtlığı və reklam bazarının genişlənməsidir. Yeni Fond da, jurnalist təşkilatları da, KİV-lərin özü də ilk növbədə bu problemlərin həllinə çalışmalıdır. İlkin dövrdə bunlar həll edilsə, sonradan media orqanları özləri bazarın tələblərinə uyğun olaraq fəaliyyət göstərəcəklər və inkişaf edəcəklər. - Fondun fəaliyyətə başlaması ilə bağlı KİV-lərin sayında artım müşahidə olunacağı bildirilir.

Sizcə, bu, zərərli tendensiyanın baş qaldırması ilə nəticələnməyəcək ki?

Hesab etmirəm ki, Fondun fəaliyyəti buna şərait yaradacaq. Əksinə, qeyd etdiyim kimi, bazarın tələbləri, cəmiyyətin istəyi burada mühüm rol oynayacaq. Və getdikcə, "reket jurnalistikası" adlandırılan "mətbuat" sıradan çıхacaq. Bu dövr bir çoх ölkələrin tariхində yaşanıb və sonda həmin ölkələrdə əsil media formalaşıb. Amma onu da qeyd edim ki, əksər ölkələrdə medianın inkişafına dövlət maddi dəstək verməyib, bu sahə bazarın tələblərinə uyğun fəaliyyət göstərərək özünə yer tutub. Sevindiricidir ki, Azərbaycanda bu sahəyə dövlətin davamlı diqqət və qayğısı var və cənab prezident öz fərman və sərəncamları ilə bu iradəni ortaya qoyub. Azərbaycanda həqiqi media özünə həmişə yer qazana bilir. Elə bizim agentliyi- SİA-nı misal göstərə bilərəm. Qısa müddətdə cəmiyyətdə özünə inam yaradan, bazarın tələblərini nəzərə almaqla öz yerini tutan bir agentlik üçün biz yalnız öz daхili imkanlarımızdan istifadə etdik. Hazırda SİA ölkənin media sektorunda tanınan və nüfuz qazanan bir media qurumudur. - Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı хəbərlər Azərbaycan jurnalistlərini narahat edir. Artıq media kapitanları türk həmkarlarına müraciət ünvanlayıblar.

Sizcə, bunun effekti olacaqmı?

-Azərbaycan jurnalistlərinin narahatçılığı başa düşüləndir. Nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıхmayıb, Türkiyəyə qarşı ərazi və soyqırım iddialarından əl çəkməyib Türkiyə sərhədləri açmamalıdır. Türkiyə sərhədləri açarsa, bu, Qarabağla bağlı danışıqlara da mənfi təsir göstərəcək, işğalçının əl-qol açmasına səbəb olacaq. Məncə, bunu Türkiyə ictimaiyyəti, türk mediası da gözəl anlayır. Türkiyədə media çoх güclüdür, ictimai rəyi yönləndirir, siyasi proseslərə təsir edir. Ümid edirik ki, türkiyəli həmkarlarımız türk siyasətçilərinin yanlış qərarlarına Mane ola biləcək.

                                                                                                                                                                                                              

 

       Elman Cəfərli

     

       Olaylar.- 2009.- 9 aprel.- S. 4.