"Dünyanın kulturoloji dərkinə ehtiyac var"

 

 Aydın Xan Əbilov: "Başa düşmürəm, xalqımız niyə soyunan Madonnaya baxa bilər, Aygün Kazımovaya yox?"

 

Azərbaycanda son iki ildə kulturologiya ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bakıda kulturoloqların beynəlxalq konfransından sonra hər ay müxtəlif seminarlar keçirilir, kulturoloqlar bir araya gəlib müzakirələrə qoşulurlar. Amma bütün bunlar ölkəmizdə kulturologiyanın inkişafına, səviyyəsinə o qədər təsir etmir. Bu gün Azərbaycan kulturologiyasında problemlər qalmaqdadı. Bu digər məsələlərlə bağlı Yeni Yazarlar Sənətçilər Qrumunun sədri, kulturoloq Aydın Xan Əbilov danışdı.                      

- Kulturologiya bu gün həyatımızda kimi rol oynayır?

- Kulturologiya özlüyündə böyük sahəni əks etdirən elmdi. Baxır biz bu ifadəni hansı mənada qəbul etmək istəyirik. Sual versək fəlsəfə, fizika nədi, bunun da dəqiq cavabını vermək olmaz. Kulturologiyanın böyük əhatə dairəsi var. Klassik kulturologiya bir qədər fərqli idi. Burda mədəniyyət hadisələri vasitəsilə həyatın izahı, dərki nəzərdə tutulurdu. XlX əsrin sonu, XX əsrin əvvəllərindəki  filoloqların, dilçilərin araşdırma əsərlərində bunu görürük. Amma müasir dövrdə kulturologiya obyektlərini genişləndirib. İndi kutlurologiya deyəndə cəmiyyətin, dövlətin hadisələrinin mədəniyyət hadisələri vasitəsilə izahı nəzərdə tutulur. Klassik kulturologiya özü bir neçə yerə bölünür- kulturologiyanın nəzəriyyəsi, predmeti, tarixi çağdaş istiqamətləri. Müasir dövrün kulturologiyası da özlüyündə bölünür. Sosioloji, etnoqrafik s. Hal hazırda hümanitar kulturologiya inkişaf edir.

Dünyanın elmi, dini, poetik dərki var. İndi kulturoloji dərkə ehtiyac var. Adi bir misal göstərməklə kulturoloji baxışın olduğunu sıravi oxuculara izah edə bilərik. Azərbaycan millətinin tarixi Azərbaycan dövlətinin tarixindən çox-çox genişdi. Tarix elmi baxımından bunu izah etsək, uzağı Atabəylər dövlətinə qədər gedib çıxa bilərik. Kulturorloji baxımından bu məsələyə izah verəndə isə, Zərdüşt peyğəmbərdən, Urmiya gölü ətrafında başlayan sivilzasiya tarixindən bu yana Azərbaycan millətinin tarixini stematik verə bilərik. 

- Deyə bilərikmi ki, gündəlik yaşam üçün kulturologiyanın hümanitar bölməsini öyrənmək lazımdı?

- Elə bir sahəmiz yoxdu ki, kulturologiya ora nüfuz etməsin. Bir çox kulturoloqlar siyasi kulturologiyadan istifadə etdiklərini deyirlər. Dövlət cəmiyyət, dövlətlərarası münasibətlər, qloballaşma dövründə xalq, harmonik  yaşayış üçün mədəniyyətlərin verdiyi tövhələr s. Şimali Azərbaycanda əhalinin sayı 8 milyon 500 mindən artıqdı. Dünya azərbaycanlıları sayı isə 50 milyondu. Biz kulturoloji baxımdan bu 50 milyonu birləşdirməyə çalışırıq. Azərbaycanlılar haqqında danışanda, fikir bildirəndə artıq 8 milyonu deyil, 50 milyon azərbaycanlıları nəzərdə tutursan. Yəni kulturologiya düşüncəmizdə, intelektimizdə, baxışlarımızda olmalıdı. Başqa xalqlara baxanda bizdə kulturologiya elmi çox az inkişaf edib. Rusiya orta məktəblərində 8-9-10-cu sinif şagirdlərində kulturologiyanın nəzəriyyəsi, tarixi, müasir istiqamətlərinə aid dərslər keçirilir. 10 ilə yaxındı çalışırıq ki, bizim ali  məktəblərimizdə kulturologiya bir elm kimi tədris olunsun. Təkcə Mədəniyyət İncəsənət Universitetində bu sahəyə yer verilib. Lütvizadə XX əsr Azərbaycan elminin intelektinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biridi. Onun qeyri-səlis məntiq nəzəriyyəsinə sadəcə fizik, filosof kimi baxanda o qədər aydın olmur. Kulturoloji düşüncəyə malik insan olmalısan ki, bu nəzəriyyəni tam olaraq izahını biləsən. Lütvizadə özü demişdi ki, mən Şərq fəlsəfəsini bilməsəydim, Nizamini, Füzulini oxumasaydım bəlkə qeyri-səlis məntiq nəzəriyyəsini kəşf edə bilməzdim. Kulturoloji baxış bütün sahələri əks etdirdiyinə görə, onun tədris olunmasına ehtiyac var. Bizim gənc nəsil dünyada gedən hadisələri dərk etməlidi. Gənclərə, tələbələrə kulturoloji düşüncəni öyrətməliyik. Görürsünüz ki, idmana böyük böyük vəsait ayrılır bu sahədə uğurlarımız var. Dünyanın bir çox ölkələri həm mədəni hadisələrlə ölkələrini tanıtmaq istəyirlər. Kulturologiyanın bir hissəsi turizmlə bağlıdı. Azərbaycanda bu yaxınlarda Novruz bayramı böyük təmtəraqla keçirildi. Beynəlxalq muğam festivalı keçirildi. Bunun həm iqtisadi, həm kulturoji baxışı var.

- Gəlin bir az qloballıqdan kənarlaşaq. Azərbaycanda istər məmur, istərsə sadə insanlarda ünsiyyət mədəniyyəti yoxdu. Yəni etiket qaydalarına əməl olunmur. Kulturoloqlar bəlkə bu mədəniyyətin inkişafı haqda da düşünməlidilər?

- Bu insanın daxili xarici mədəniyyəti haqqında   kulturologiyanın bir sahəsidi. Hər bir şəxsin etik normalara riayət edib etməməsi ya insanlarla münasibətdə kobud olması onun daxili işidi. Bunu sırf mədəniyyətə bağlamaq olmaz. Sözsüz ki, biz dünyada olan bir çox dəyərləri Azərbaycana gətirməyə çalışırıq. Həmin dəyərlər ki, bizdən gələrək dünyaya gedib. Qərbdən, qonşu ölkələrdən bizə qayıtmalıdı. Bu dəyərləri araşdıranda görürük ki, bizim dəyərlərimizin özü heç zəif dəyərlər deyildi. Əgər biz keçmiş dəyərlərimizi müasir dövrümüzlə ayaqlaşdıra bilsək, o dəyərlər əslində ən böyük insani anlayışlardı. Bu baxımdan fikirləşirəm ki, həm bizdə, həm xaricdə olanlardan sintez yaradıb, insanlara nəyisə aşılamaldıyıq. 

- Telekanallara diqqət yetirəndə görürsünüz, bu gün televiziya mədəniyyəti inkişaf edir?

- Mədəniyyət mənəviyyat bir-birinə bağlı olsa da ayrı-ayrı anlayışlardı. Mədəniyyət daha geniş anlayışdı. Mədəniyyətdə heç də həmişə mənəviyyat qurulmur. Azərbaycan milli qslərində kişi ilə qadının yanaşı rəqs etməsi tarixən gələn ənənələrimizə yaddı. Amma bunu mədəni hadisəyə çevirəndə, artıq mənəviyyat tərəfi kənarda qalır. Bu gün bir çoxları müğənnilərin özlərini aparmasına, geyimlərinə etirazını bildirirlər. Biz insanlara həmişə deyirik ki, Azərbaycanda yeddi kanal var. Birini bəyənmirsənsə, başqasına baxın. Vaxt gələcək ki, bizdə kanallar da ixtisaslaşacaq. Ailə, mədəniyyət kanalı olacaq. Hər bir insan dünyagörüşünə uyğun olaraq kanala baxacaq. Bizim insanlar şit-şit hərəkətlər edən, soyunan Madonnaya baxa bilərlər. Amma Aygün Kazımovaya baxmamalıdılar. Mən başa düşə bilmirəm. Axı həmin soyunan müğənniləri uşaqlarının toyuna çağıran da həmin insanlardı, xalqımızdı. Kütlənin səviyyəsini qaldırmaq lazımdı ki, kütlə bir çox dəyərləri ayırd etməyi bacarsın. Mən müğənnilərin səviyyəsindən, savadından çox şikayətçiyəm. Adi suala cavab verə bilmirlər. Mən telekanalların rəhbərlərindən də bir az şikayətçiyəm. Onlar səviyyəli, intelektual insanları axtarmalıdılar. Qoy həftənin 6 günü şit müğənnilərin olsun. Heç olmasa bir günü də səviyyəli insanları, ziyalıları çıxarmaq lazımdı. Sevindirici haldı ki, artıq tənqid etdiyimiz bir çox kanallar belə ziyalılara, ciddi insanların həyat və yaradıcılıqlarına, ekspert rəylərinə xüsusi önəm verirlər.

- Mayın 26-da lX kitab bayramı keçirəcəksiniz. Ümumiyyətlə kitabla bağlı bir çox tədbirlər həyata keçirilir. Bütün bunlar kitaba maraq göstərməyən oxucularda kitaba maraq oyada bilirk.

- Martın 9-cu dəfə bu bayram qeyd edilir. Bu bir layihədi. Tədbir əslində kitab sərgiləri, oxucularla yazıçıların görüşünü özündə birləşdirən layihədi. Layihənin əhatə dairəsi ildən ilə genişlənir. Sevindirici haldı ki, bu tədbir vasitəsilə Azərbaycan milli kitabına xüsusi maraq göstərirlər. 2009-cu il Azərbaycanda prezidentin xüsusi sərəncamı ilə Uşaq ili elan edilib. Bu ilki tədbiri Uşaq ilinə, Mirzə Cəlilin 140 illiyinə, həm də Xalq Cümhuriyyətinin yubileyinə həsr etmişik. Əsas istəyimiz odur ki, Azərbaycan oxucusu Azərbaycan dilində olan kitabları oxusun. Kitab mağazalarındakı kitabların 80-90 faizi ingilis, türk dillərində olan kitablardı. Azərbaycan dilində 10-20 faiz kitab var. Ciddi kitablara, ədəbiyyata maraq artır. Bu layihə insanların Azərbaycan kitabına daha böyük maraqla yanaşmasına imkan verəcək. Kitaba maraq artdığını artıq hiss edirik. Əvvəllər 500-200 tirajla kitablar çıxırdısa, indi 5 min tirajla çıxır. Kitab bayramında həm də yeni kitabların müsabiqəsi keçirilir. Bu müsabiqədə qalib gələn kitablar beynləxalq kitab müsabiqələrində birinci, ikinci yerlərə sahib çıxırlar. Bu da Azərbaycan kitabının bir uğurudu. İnanıram ki, bu sahədə müsbət dəyişiklik daha da çox olacaq.

     

                                                                                                                             

Nizamiqızı Gülər

 

Olaylar.- 2009.- 10 aprel.- S. 14.