Parlamentdə sərhəd müzakirəsi

 

Oqtay Əsədov: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir"

 

"İqtidarlar gəldi-gedərdi"

 

 Milli Məclisin dünən keçirilən iclası yalnız Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı aparılan danışıqlara həsr edildi. Digər məsələlərin müzakirəsi zamanı bu mövzuda danışan deputatların çoxunun çıxışı isə əsasən deputat Cəmil Həsənliyə cavab xarakterli oldu. Çünki Cəmil Həsənli çıxışı zamanı iddia etdi ki, aparılan son təbliğat kampaniyası hakimiyyətin sifarişidir. Onun fikrincə, bununla bağlı QHT-lərə, ictimai təşkilatlara göstəriş verilib.

 

"Məkrli qüvvələr plan hazırlayırlar"

 

İclasda ilk çıxış edən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanın müstəqillik qazandıqdan sonra həmişə Türkiyəyə, türk birliyinə arxalandığını söylədi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Türkiyəylə bağlı "Bir millət, iki dövlətik" tezisi azərbaycanlıların türklərin ürəyində özünə yer tutub: "Məkrli qüvvələr plan hazırlayırlar. Həm Türkiyənin daxilində, həm Azərbaycanda bu pislənir. Azərbaycanın bütün ictimai-siyasi qüvvələri bu fikir ətrafında birləşirlər. Azərbaycan prezidenti İlham Əliyev həmişə olduğu kimi yenə təmkinli, cəsarətli addım atdı, Azərbaycanın milli maraqlarının qorunması mövqeyindən çıxış etdi. Türk xalqlarının birliyi önəmlidir".

 

"AKP bu addımı atsa, türk xalqının qəzəbi qarşısında duruş gətirməyəcək"

 

Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Azərbaycanın müstəqilliyini ilk dəfə tanıyan səfirlik açan ölkənin Türkiyə olduğunu xatırlatdı. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni digər sahələrdə böyük əlaqələr qurulub: "Mustafa Kamal Atatürk "Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir" deyib. Bu dostluq əbədidir. İnanıram ki, Türkiyədə türk vətənpərvərlərin mövqeyi üstün gələcək Ermənistanla sərhədlər açılmayacaq. Türkiyədə hər bir iqtidar bilməlidir ki, belə addım atılsa, türk xalqının qəzəbi qarşısında duruş gətirməyəcək".   

 

"İqtidarlar gəldi-gedərdir"

 

Spiker Oqtay Əsədov da məsələyə reaksiya verdi: "Türkiyə Azərbaycan bir millət, iki dövlətdir. İqtidarlar gəldi-gedərdir".

Müsavat deputat qrupunun üzvü İkram İsrafil məsələ ilə bağlı Müsavat Partiyasının bəyanatını oxudu. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğal altında qaldığı, Türkiyəyə qarşı Ermənistanın ərazi, "soyqırım" iddiaları irəli sürməkdə davam etdiyi müddətdə sərhədlərin açılması qardaş dövlətin özünün maraqlarına da ziddir. Bəzi dövlətlər Azərbaycan Türkiyə arasında yaranan bu durumdan istifadə etməyə çalışırlar: "Türkiyə iqtidarını belə addım atmaqdan çəkinməyə çağırırıq. Hökumətimizin tələsik addımlar atmaması lazımdır". 

 

Cəmil Həsənlinin yersiz iradı    

 

YAP-ın icraçı katibi Əli Əhmədov Türkiyənin maraqlarının həm Azərbaycanın maraqları olduğunu vurğuladı: "Torpaqlarımızın işğalı Azərbaycan vətəndaşları kimi, Türkiyədə hər kəsi narahat edir. Türkiyə rəsmilərinin verdikləri son bəyanatların rəsmi mövqe olacağına inanırıq".   

Tarixçi alim Cəmil Həsənli fərqli mövqedən çıxış etdi. Keçən əsrin əvvəlində Bakının azad edilməsində türklərin rolunu xatırladan Cəmil Həsənli iddia edir ki, aparılan son təbliğat kampaniyası hakimiyyətin sifarişidir, QHT-lərə, ictimai təşkilatlara göstəriş verilib: "Türkiyəyə qarşı belə kampaniya aparmaq düzgün deyil. Türkiyə rəsmiləri deyirlər ki, sərhədlər açılmayacaq".

Spiker Oqtay Əsədovun Cəmil Həsənliyə cavabı gecikmədi: " parlamentdə, mətbuatda Türkiyəyə, türk xalqına qarşı siz deyən münasibət yoxdur. İlk dəfə milli maraqlara toxunan bir məsələdən danışılır. Yəqin ki, siz Türkiyə Ermənistanda işıq üzü görən qəzetlərə baxmırsınız. Niyə millət vəkillərini təhqir edirsiniz? Azərbaycan Türkiyə xalqı həmişə bir yerdədir. Bura reklam yeri deyil". 

 

"Heç kim burada özünü Türkiyənin vəkili kimi aparmasın"

 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə Türkiyə-Ermənistan danışıqlarına Azərbaycanda reaksiya verilməsini təbii sayır. Həm danışıqlarda tək sərhədlərin açılmasından söhbət getmir, Türkiyə Ermənistanın müttəfiqə çevrilməsindən bəhs olunur: "Azərbaycan Türkiyədən müttəfiqliyini təsdiqləməkdən başqa bir şey istəyirmi? Heç kim burada özünü Türkiyənin vəkili kimi aparmasın. Bəzi bəyanatlar Türkiyənin özündə belə hələ müzakirə olunmaqdadır. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında dedi ki, hər bir dövlət milli maraqlarına uyğun siyasət apara bilər. Azərbaycanın da belə bir hüququ var. Bizi Türkiyənin baş nazirinin son bəyanatı qane edir".   

 

"Narahatçılığımız vardı, dedik"  

 

Spiker Oqtay Əsədov Aydın Mirzəzadənin söylədikləriylə tam razı olduğunu bildirdi: "Rəcəb Tayyib Ərdoğan demişdi ki, Türkiyə Ermənistan baza prinsipləriylə bağlı danışıqlar apara bilər. Biz istəyirdik ki, baza prinsipləri arasında Dağlıq Qarabağ da yer alsın. Bizim narahatçılığımız vardı dedik. Mən Azərbaycanda döyüşmüş türk əsgərləri qarşısında baş əyirəm. Ancaq biz niyə demirik ki, Çanaqqala döyüşləri zamanı Azərbaycan qadınlarını qolbağlarını, qızıllarını kömək məqsədilə bağışlayıblar, 3 min azərbaycanlı Çanaqqalada şəhid olub. Qardaş qardaş üçün qan tökər".  

 

"Əvvəlcədən dəvətimizi qəbul edən AKP təmsilçiləri bu tədbirə qatılmayacaqlar"

 

Daha sonra AVP sədri Fəzail Ağamalı dedi ki, Cəmil Həsənlinin nəzərinə bəzi məsələləri çatdırmaq istəyir. Parlamentdə təmsil olunan beş partiya - BAXCP, Ana Vətən, Ədalət, BQP Vətəndaş Həmrəyliyi partiyaları müstəqil olaraq Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyaların nümayəndələrini Bakıya dəvət edib: "Biz, sadəcə, Milli Məclisin sədri kimi Oqtay Əsədovu məlumatlandırmışıq. Sabah Türkiyədən iki partiyadan 7 nəfərlik nümayəndə heyəti Bakıya gəlir. Bir daha Azərbaycan Türkiyəni istəməyənlərə qardaş dövlət olduğumuzu nümayiş etdirəcəyik. Təəssüf ki, əvvəlcə dəvətimizi qəbul edən AKP təmsilçiləri bu tədbirə qatılmayacaqlar".   

Bu məsələ ilə bağlı sonuncu danışan Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov oldu: "Mən Cəmil müəllimin çıxışına toxunmaq istəyirəm. Türk əsgərlərinə minnətdar olmalıyıq. Ancaq hər şeydən əvvəl keçən əsrin əvvəlində Xalq Cümhuriyyətini quran liderlərimizə, xalqımızın özünə minnətdar olmalıyıq. Bakını xalqımız Azərbaycan şəhəri edib. Özümüzü heç kimdən, qardaşdan belə aşağı tutmağımız yolverilməzdir".   

  

 

Rəşad Baxşəliyev

 

Şərq.- 2009.- 15 aprel.- S. 8.