Çingiz Abdullayevin səviyyəsi mənə məlumdur"

 

Nizami Cəfərov: "Bir elmi məqaləmi oxuyub, onu izah edib, mahiyyətini başa düşsə, ona dahi deyərəm"

 

 -Bilirəm axı, başa düşməyəcək...

Bir müddət kinorejissor Rüstəm İbrahimbəyovun 60-70-ci illərin Bakısı və o dövrdə Bakıda yaşamış qeyri-millətlərin xiffətini çəkdiyini bildirməsini Azərbaycan xalqına təhqir kimi qiymətləndirən ədəbiyyatçı alim Nizami Cəfərovun rejissorla mətbuat səhifələrində söz savaşı bitməmiş, professor yeni söz qalmaqalına çəkildi.

Bu dəfə mətbuat səhifələrində öz 50 illik yubileyini qeyd edən yazıçı Çingiz Abdullayev Nizami Cəfərov haqqında xoşagəlməz fikirlər səsləndirdi. Qeyd edək ki, İbrahimbəyovlarla olan qalmaqal bitmədən digər rusdilli yazıçı Çingiz Abdullayevin alimin ünvanına xoşagəlməz ifadələr səsləndirməsi Nizami Cəfərovun rusdilli yazarlarla yola getməməsi kimi dəyərləndirilsə də, baş verənlərin kökündə nəyin dayandığına onun özünün aydınlıq gətirməsinə çalışdıq.      

- Bu kimi məsələlər əslində ondan irəli gəlir ki, Çingiz Abdullayev özünü yazıçı hesab edir, mən də onu yazıçı hesab etmirəm. Bunun üçün də o, müxtəlif müqayisələr gətirir. Müqayisəsinin biri belədir ki, əgər Nizami Gəncəvi farsca yazıbsa, onda belə çıxır ki, Çingiz Abdullayev də rusca yaza bilər. Bundan axmaq müqayisə də təsəvvürə gətirmək mümkün deyil. Bu gün Azərbaycanın ən istedadlı şairi belə özünü Nizami Gəncəvi ilə müqayisə etməz. Çünki o, millətini tanıyır, tarixini, ədəbiyyatını bilir. Çingiz Abdullayev öz yerini bilmədiyinə görə belə müqayisələrə yol verir. İkincisi də o başa düşmür ki, Nizami Gəncəvinin mövzuları, yaradıcılıq tərzi qədim türk eposundan gəlir. Yəni böyük bir epos təfəkkürü daşınır orda. Nizami Gəncəvi böyük bir "İsgəndərnamə" əsəri yazıb. İsgəndər haqqında heç bir İran şairi yaxşı danışmaz. Çünki İsgəndər İranı məhv edib. Amma qədim türklərdə İsgəndər haqqında o qədər maraqlı əhvalatlar, rəvayətlər, onu böyük görmək, sima kimi qəbul etmək var. Bu da Nizami Gəncəviyə o türk epos təfəkküründən gəlir ki, özünün ideal hökmdarı kimi İsgəndəri verib. Mən Çingiz Abdullayevə məsləhət görərdim ki, o, bilmədiyi şeydən danışmasın. Çünki o başa düşmür ki, Nizami Gəncəvi nə dərəcədə böyük türkdür. Nə dərəcədə o, millətin təfəkkürünün daşıyıcısıdır. Hətta farsca yazsa belə. Eyni zamanda o, hərdənbir özünü Çingiz Aytmatovla, ya da Oljas Süleymenovla da müqayisə edir. Bu müqayisələr də çox gülünc görünür. Çingiz Aytmatovla Çingiz Abdullayevin yalnız adları bir-birinə oxşayır. Çingiz Aytmatov yazıçıdır. O da rus dilində yazsa belə, türk düşüncəsinin yazıçısıdır. Onun əsərlərində mövzulardan başlamış sənət texnologiyalarına qədər belə hamısı türk hadisəsidir. Oljas Süleymenov da elədir. Çingiz Abdullayevin nə mövzusu mövzudu, nə yazı tərzi bir ədəbiyyat yazısıdır. Nə bir bədii təfəkkür var. Hələ onun bu millətə mənsub olub-olmaması öz yerində. Bədii təfəkkürü də yoxdur axı. Ona görə də bu cür müqayisələr aparması onun özünün bu məsələlərdə nə qədər naşı olduğunu göstərir. 

- Bu, ədəbiyyatla bağlı məsələlərdir. Amma onun sizin özünüzə yönəlik də fikirləri var...

- Orada deyib ki, guya o nəsə bir banket verib, mən orda olmuşam. Bu təbiidir. Çingiz Abdullayevlə biz əlbəttə çox yerlərdə olmuşuq. O da, mən banket verə bilərəm. Orada biz bir-birimizə banket vermirik. Hansısa məclisdə olur biz orada ola bilərik. Bu da mənasız söhbətdir ki, mən orda ona nəsə demişəm. O, o vaxt narahat ola bilərdi ki, mən orada ona deyərdim ki, sən böyük yazıçısan, amma gedib sonra dərslikdən onun adını çıxarardım.

- Ümumiyyətlə, belə söhbət olubmu?

- Sadəcə olaraq on birinci sinfin proqramına onun da həyat və yaradıcılığını daxil etmişdilər. Bu da mənə çox gülməli göründü. Bəxtiyar Vahabzadə yox, İsmayıl Şıxlı yox, İsa Hüseynov yox, gətirib proqrama hansısa şəxsi münasibətlər müstəvisində Çingiz Abdullayevi salıblar. Mən onu proqramdan çıxartdım. O dərsliyə ümumiyyətlə salınmadı. O proqramdan çıxarılıb. Mən maraqlı bir söhbət etdim ki, Çingiz Abdullayevlə mən eyni yaşdayıq. Bizim həyatımızın orta məktəb şagirdi üçün əhəmiyyəti var, nəyi maraqlıdır ki? Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının həyatı maraqlıdır. Onlar bizim son dövrlərin tarixindən keçib. Bizim həyatımız bir-birinə oxşayır. Orta məktəbi qurtar, universitetə daxil ol. Sonra da yaz, poz. Hətta onu proqrama daxil edən müəllim mənə demişdi ki, sən gərək deyəsən onu proqramdan mən çıxardıram. Mən onu da dedim ki, lap özünə deyərəm ki, sən buna layiq deyilsən. Süni şəkildə düşə bilməzsən orta məktəb dərsliyinə. Onu da özünə dedim ki, sonra ondan-bundan görərsən. Sənin adının oradan çıxarılmasını mən məsləhət görmüşəm mən çıxartmışam. Burada da tam haqlıyam. O ki qaldı onun başqa söhbətləri, hiss olunur ki, bu, həddən artıq dingiş adamdır. Özü deyir ki, 50 yaşıma çatmışam, müdrikləşmişəm s. Amma özü o müsahibəsini qoyub qabağına diqqətlə oxusun. Onsuz da başa düşən deyil. Başa düşsəydi, elə şeylər deməzdi. Onun yazdıqlarında da elə bir məntiq yoxdur. Hətərən-pətərən şeylər yazıb. Deyir ki, mənim əsərlərim neçə dilə tərcümə olunub. Axı bu ədəbiyyat deyil. Neçə dilə istəyir, tərcümə olunsun. Onu oxuyan başa düşəcək. Onun yazdığını intellektli adam oxumaz. Elə-belə məşğuliyyət üçün əlinə ala bilərlər. Azərbaycanda elə yazıçılar var ki, Çingiz Abdullayev heç onların yanında durası deyil. İsa Hüseynov neçə dilə tərcümə olunub? Anar, Elçin, Əkrəm Əylisli Çingiz Abdullayevdən daha az dillərə tərcümə olunublar. Amma bunlar ədəbiyyatdı. O ki qaldı mənə deyir bir cümləsi tərcümə olunmayıb. Mənim yazdığım elmi əsərlərdir. Elmi əsərlərin çox dillərə tərcümə olunmasına ehtiyac yoxdur. Elmi əsərlər adətən beynəlxalq dillərə tərcümə olunur hamı da ondan istifadə edir. İkincisi isə Çingiz Abdullayev mənim istənilən bir elmi məqaləmi oxuyub onu izah edə, mahiyyətini başa düşə bilsə, mən onda ona dahi deyərəm. Bilirəm axı, başa düşməyəcək. Onun səviyyəsi mənə məlumdu.

- Rusdilli yazarlarla sizin tez-tez konfliktləriniz olur. Bunun əsas səbəbi nədir?  

- Mən ümumiyyətlə, Azərbaycan, erməni və gürcü yazıçılarının rusca yazanlarını müqayisə etmişəm. Azərbaycan yazıçıları rusca yazanda milli kolorit olmur. Yəni orada millətin təfəkkürü görünmür. Amma erməninin gürcünün rusca yazanında görürsən ki, lap pis olsa bir erməni, gürcü koloriti var. Onlar öz millətini ifadə edir. Bizim rusca yazanlarımız ifadə edə bilmir. Onu hər məqamda görmək mümkündür. Azərbaycan dili qazax, qırğız dillərindən , Altay dilindən inkişaf eləmiş dildir. Onların rusca yazanları elə bil ki, hətta az inkişaf etmiş dilin ruhunu, intonasiyasını rus dilində verə bilir, bizimki vermir. Ona görə ki, ana dilini bilmir. Ona görə ki, ana dili təfəkkürü yoxdur. Burada söhbət tək dildən getmir. Hər dilin öz təfəkkürü var, bunlarda anadilli təfəkkür yoxdur. Hətta bəzən mövzularda millilik etmək istəyirlər, amma yenə qeyri-milli çıxır. Elə bil ki, moltanı düşüncəsidir. Mən ədəbiyyat adamıyam. Bunu görməliyəm deməliyəm.  

- Bundan sonra hansı addımlar atacaqsınız?

- Mənim onlara qarşı heç bir şəxsi-qərəzliyim yoxdur. Məni burada maraqlandıran onların yazıçı kimi mövcudluğudur. Kimdir, nəçidir. yazırlar? Niyə yazırlar? Bu, millətin təfəkkürünə uyğundurmu? Bu, dərəcədə millətə təsir edir xaricdə Azərbaycanı təmsil edir? Bunlar da var axı. Yoxsa kimsə ağlına gələni yazıb tirajlasın. Sonra da başlayıb hesabdar məntiqi ilə danışmağa ki, mənim bir belə əsərim çıxıb. Bu qədər dilə tərcümə olunub s. Çingiz Abdullayev durub desin ki, mən bu cəmiyyətə hansı yeni fikri, ideyanı vermişəm. İdeya söhbəti eləmək əvəzinə o, hesabdar söhbəti edir. Mən bu gün Azərbaycan ədəbiyyatının tarixi üzərində düşünürəm. Ədəbiyyat tarixini yazıram. Amma bir görürsən ki, ortaya belə şeylər çıxır. Burada da sənə elə şeylər deyilir ki, sən təhlil əvəzinə başlayırsan sözə cavab verməyə. Çingiz Abdullayev haqqında danışa-danışa adamın özü gəlib Çingiz Abdullayev ağlında olur. Adam bir ağıllı şey haqqında, məqsədli şey haqqında danışanda səviyyəsi daha da yüksəlir. Amma Çingiz Abdullayev haqqında danışanda, onunla polemka aparanda adamın özünün səviyyəsi aşağı düşməyə başlayır. Çünki predmet o deyil, amma mən buna məcburam. Çünki ictimai mühit, intellektli insanlar var. Onlar da bir müqayisə aparmalıdır ki, kim deyir. Kim etiraz edir bu etirazın səbəbi nədir? Şəxsən mənim Çingiz Abdullayevlə düşmənçiliyim yoxdur. Amma o, böyük ədəbiyyat, böyük ziyalı iddiası ilə çıxış edəndə ola bilər ki, onun özü ağlında olan kimlərsə fikirləşə bilər ki, bəlkə doğrudan da bu belədir. Mən bunu qəbul etmirəm bunu da açıq deyirəm.

 

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 15 aprel.- S. 5.