Mətbuatda yerinə düşməyən alınma
sözlər
Bir çox söz və ifadələrin mənası
anlaşılmır
Türkiyə Azərbaycanı "üçüncü ölkə" adlandırmağına baxmayaraq, azərbaycanlılar türk qardaşlığı və türk dostluğuna sadiq və etibarlıdırlar. Hətta sərhədlərin açılması haqqında gündəmin əsas müzakirə hədəfini zəbt etmiş xəbərləri, yayılan informasiyaları belə uydurma sayır, buna inanmadıqlarını dilə gətirirlər. Məsələnin siyasi tərəfi istənilən nöqteyi-nəzərdən çözüldüyündən, baş verənlər müxtəlif prizmalardan təhlil edildiyindən, bu dəfə məsələnin digər bir tərəfini işıqlandırmağa çalışacağıq.
Mətbuat MTRŞ-nin
"Dövlət dilinin
tətbiqi" prinsipindən
uzaq düşüb
Azərbaycan Dövlət Televiziya və Radio Şurası Azərbaycan dilinin ölkə ərazisində hüquqi statusunu möhkəmləndirmək məqsədilə dövlət və özəl televiziya kanallarında türk dili də daxil olmaqla, əcnəbi dildə yayımlanan filmlərin nümayişinə qadağa qoysa da, Azərbaycanda nəşr olunan qəzet, jurnal, ümumiyyətlə mətbuat səhifələrində türk ifadə və birləşmələrinə son vaxtlar çox tez-tez təsadüf olunur. Mətbuatı müntəzəm olaraq izləyənlər yəqin ki, "yenilgi" (məğlubiyyət), "keçid alaq" (keçək), "tərcih etmək", "ağırlamaq", "saçma-sapan" və s. və ilaxır...kimi Türkiyə türkcəsində işlənən ifadələrinə rastlamamış olmazlar. Doğrudur, gənc nəsil arasında bu kimi ifadələri başa düşməkdə bir o qədər də problem yaşanmır. Amma yaşlı və orta nəslin nümayəndələri bundan əməlli-başlı şikayətçidirlər. Bu haqda son vaxtlar eşitdiyim söz-söhbətlər mövzunu işləmək üçün bir stimul oldu. Bu yaxınlarda ictimai nəqliyyatda olarkən, qeyri-ixtiyari olaraq, iki yaşlı insanın öz aralarında etdikləri söhbətin dinləyicisi oldum. Məsələ qəzet və jurnallar barədə idi. Təxminən 50-60 yaşlarında olan sərnişinlərdən biri əlindəki qəzeti digərinə təqdim etdikdə, elə onunla eyni yaşda olan digər bir sərnişinin reaksiyası çox sərt oldu. Müsahibim qəzetdə yazılan yazıları, televiziyada xəbər proqramını aparan aparıcıların dilini başa düşmədiyini dedi: "Son dövrlər əlimə aldığım qəzetlərin dilindən baş açmaq olmur. Cümlənin əvvəlini oxuyuram, sonuna gələndə hansısa bir ifadəndə ilişib qalıram. İndi gəl başa düş görüm bu nə demək istəyirk! Görmüşük qəzet və televiziyanın dili elə olar ki, ona baxan və ya əlinə qəzet alıb oxuyan cəmiyyətdə baş verənləri anlayıb, başa düşə bilsin. Axı, qəzet oxuyanların və ya televiziyaya baxanların heç də hamısı ali savadlı şəxslər deyillər. Lakin bunların heç birini nəzərə alan yoxdur". Həmin yaşlı sərnişin televiziyada xəbərlərə baxarkən, əməlli başlı əsəb keçirdiyini dedi: "Aparıcı o qədər sürətli danışır ki, onun nə demək istədiyini, nəyi anlatmağa çalışdığını bəlkə heç özü də başa düşmür".
"Qəzet sadə və oxunaqlı dildə
yazılmalıdır"
Ümumiyyətlə,
son vaxtlar AKP hökumətinin Ermənistanla bağlı
apardığı siyasət ölkə vətəndaşlarının
Türkiyə haqqındakı etibarını alt-üst edib.
Adi yol gedəndə belə, istər-istəməz
hamının Türkiyə-Ermənistan münasibətlərini
müzakirə etdiyinin şahidi olursan. Əhali AKP hökumətinin
bizə xəyanət etməsi, qardaşını arxadan
vurması fikrindədirlər. Həmsöhbət olduğum
Xalidə xanım fikirlərini bu cür əsaslandırdı:
"Türkləri özümüzə dost-qardaş bilirdik.
Dar gündə onların arxamızda olduğunu zənn
edirdik. Amma Hakimiyyətin apardığı siyasət bunu
demir. Mən demirəm ki, türklər bizə xəyanət
etdi. Amma aradakı bağlılığı nəzərə
alaraq, bu haqda gərək heç söhbət
olmayaydı" deyən Xalidə xanım qeyd edir ki, artıq
hansısa xarici məmurun ölkəyə səfərinə
heç bir əhəmiyyət vermir: "Türk bu gün erməniylə
yaxınlaşıb, sərhədi açırsa, nə
Ukrayna, nə Britaniya, nə də qeyri bir rəsmi nümayəndənin
səfərindən bir şey gözləmirəm. Di gəl
ki, qəzet səhifələrini açırsan, yarıdan
çoxu demək olar ki, türk sözləridir. Axı bizim
öz lüğət tərkibimiz, öz leksikonumuz var".
Evdə onlarla bərabər yaşlı
qayınatasının olduğunu da qeyd edən müsahibim bizi
də inandırmağa çalışdı ki, o da bu vəziyyətdən
şikayətçidir: "Oxuduğu materialın məzmunundan
baş aça bilmədiyindən, hadisələrin mahiyyətini
haqqında ona biz məlumat veririk. Qayınatam ali savadlı
şəxsdir. Başa düşmədiyinə görə
özü də xəcalət çəkir. Bunun ona mənfi
təsir etdiyini görürük. Tək televiziyada türk və
rus proqramlarını dayandırmaqla iş bitmir. Onsuz da kabel
televiziyası vasitəsilə əhali türk və rus
kanallarını çox rahat izləmək şansı əldə
edə bilirlər. Gərək Mətbuat Şurası buna yol
verməsin. Media dördüncü hakimiyyət hesab olunur. Qəzetlərin
daha anlaşıqlı olması onları daha da oxunaqlı edər,
alıcı qabiliyyətini, oxucu kütləsini
artırar".
Xarici ölkə kanallarına olan aludəçilik
uşaqları ana dilindən uzaqlaşdırır
Televiziya kanallarında
uşaqların maraqlarını və tələbatını
ödəyə biləcək televiziya proqramı, cizgi və
ya televiziya filmi olmadığından, onların əksəriyyəti
türk kanallarına üz tuturlar. Uşaq
psixologiyasının təməlinin 5 yaşınadək olan
bir dövr ərzində formalaşdığını nəzərə
alsaq, bu zaman həmin filmlərin onların şəxsiyyət
kimi yetişməsində nə kimi rol
oynadığını aydın başa düşə bilərik.
Bir dəfə məhəllə uşaqlarının öz
aralarında evcik-evcik oynadıqlarını izləyirdim.
Hamısı türk dilində danışırdılar. Həmin
uşaqlardan birinin valideyni ilə söhbət zamanı onun
özü də qızının evdə hamıyla türk
dilində danışdığını bildirdi: "Bu
yaxınlarda həmin durumun acınacaqlı vəziyyəti ilə
üzləşməli olduq. Mətbəxdə iş görərkən,
qonşu otaqda uşağın
qışqırtısını eşitdim. Cəld otağa
daxil oldum və qızımı qorxudan rəngi
qaçmış vəziyyətdə gördüm. Səbəbini
soruşduqda "evdə fare var" dedi. Düzü,
özümü itirdiyimdən, həm də uşağın
vəziyyəti də yaxşı olmadığına görə,
çox üstünə getmədim. "Fare"
sözünün nə demək olduğunu başa
düşmədiymə görə, uzun müddət stressdən
çıxa bilmədim. Uşağı çox
sorğu-suala çəkməmək üçün ondan
heç nə soruşmadım. Amma əməlli başlı
qorxmuşdum" deyən
müsahibim yalnız yoldaşı evə gələndən
sonra "Fare" sözünün "siçan" demək
olduğunu bildiyini dedi: "İndi sizin sözünüzə
qüvvət, artıq yoldaşımla da bu qərara gəlmişik
ki, kabel televiziyasına baxmayaq. Çünki çox vaxt bizim
dediklərimizi belə qızımız başa
düşmür. Yoldaşım bizim işlətdiyimiz
sözün qızımızçün türk dilində
ekvivalentini tapmaq məcburiyyətində qalır. O, evdə
olmadıqda isə mən çətinliyə
düşürəm".
Şou əhli də boşuna ləhcədə
"konuşmağa" üstünlük verir
Dərd
burasındadır ki, Türkiyəyə bir həftəlik səfərə
gedən şou nümayəndələri də
qayıtdıqdan sonra danışıqlarında türk ifadələrindən
istifadə edir və sanki bunu özləri üçün fəxr
hesab edirlər. Bəzən olur ki, aparıcı onun türk
dilində səsləndirdiyi sözün Azərbaycan dilində
olan qarşılığını həmin müğənniyə
eyham vursa da, qarşıdakı ya bunu başa
düşmür, ya da "bildiyimdən dönmərəm"
deyib, eyni mahnını "çalır". Bəzən
aparıcıların özlərində belə eyni vəziyyəti
müşahidə etmək mümkündür. Əyləncə
xarakterli proqramlarda çox tez-tez səsləndirilən
"Sizdən bir şarkı alalım", "Lütfən,
sizi səhnəyə alalım", "sayın televiziya
seyrciləri" kimi ifadələri yəqin ki, əksəriyyətiniz
eşitmisiz. İndi bunu necə izah etməliyik?
Aparıcının MTRŞ-nin hesab etdiyi kimi əcnəbi
dilə meylliliklə, yoxsa onun söz ehtiyatının kasad
olması və lazımi anda lazımi sözü tapıb
işlətmək bacarığının olmaması eləmi? Bəzən kiməsə bunu irad tutanda, "türk
dili də mənim öz dilimdir, sərbəst başa
düşür, sərbəst də danışıram.
Qarşımdakı məni başa düşürsə, bunu
heç kim mənə irad tuta bilməz" deyə
özünə haqq qazandırmağa çalışır.
Əslinə qalsa, öz dilimizi aşağılamağı
biz artıq adət etmişik. Görünür, bu sağalmaz
yaranın simptomları hələ uzun müddət məntiqimizdən
ayrılıb qopmayacaq. Nə qədər dəyirmi masalar təşkil
olunsa, nə qədər müzakirə predmeti olsa belə,
yetişən nəsil bir-birindən bərbad "modern"
xüsusiyyətlərə meyl edirlər. Amma ən azından
bir faktı nəzərə alsınlar ki, Türkiyədə
azəri ləhcəsi ilə danışanda "Əfəndim,
səni anlamıyorum" deyirlər. Türkiyə vətəndaşı
Azərbaycana səfər edib öz türk dilində
danışır, amma azərbaycanlı aparıcı
Türkiyəyə səfər edib veriliş çəkir,
türkcə danışır, müğənni konsert verməyə
gedir, türkcə danışır.
Doğurdan da narahat
olmağa və bu haqda ciddi düşünməyə dəyər
bir vəziyyətdir. Bu işdə valideynlərin üzərinə
böyük məsuliyyət düşür. Çünki
uşaqlarda öz dilinə biganə, yad münasibət
formalaşır. Öz dilində danışanlara laqeyd
münasibət göstərir və onlara yuxarıdan
aşağı baxır. Bir vaxtlar bu tendensiya rus və ingilis
dili ilə bağlı vəziyyətdə
özünü göstərirdisə, indi deyəsən,
estafeti türk dilinə vermişik. Əslində, bununla
türk dilinin əhəmiyyətini heçə endirmək və
ya ona tənqidi münasibət göstərmək kimi bir
fikrimiz yoxdur. Ən azından ona görə ki, türk və
Azərbaycan dilləri eyniköklü dillərdir. Əslinə
baxanda, Azərbaycan və Türkiyə də qardaş, dini
bir, dili bir, milli-mənəvi dəyərləri ortaq bir
xalqdırlar. Amma nə yazıq ki, Türkiyə hakimyyətinin
yürütdüyü ikibaşlı siyasət, rəsmilərin
səsləndirdikləri ziddiyyətli
bəyanatlar artıq bu ifadələrin mahiyyətinə
şübhə yaradır. Artıq insanların arasında bu
kəlmələri işlətsən, elə anındaca sərt
təpki ilə üzləşəcəksən.
"Əzizim əzizdir, tərbiyəsi
ondan da əzizdir" xalq deyimində olduğu kimi, türk mənə
əziz olub, qanı bir canı bir qardaşım olsa belə,
öz dilimin əzəməti, varlığı, əsrlərin
süzgəcindən keçib, bəşəriyyətə
meydan oxuyan lətifliyi mənə hər şeydən əzizdir.
Aygün Telmanqızı
Olaylar.- 2009.- 15 aprel.- S. 12.