Cəmiyyətin yeniləşməsi prosesi

 

 Milli-mənəvi dəyərlərin strateji əhəmiyyəti haqqında

 

Cəmiyyətin yeniləşməsi tədricən aparılan prosesdir. Faktiki olaraq burada bütün ölkələr üçün keçərli olan universal proqram yoxdur. Hər xalqın özünün tarixindən qaynaqlanan elementlər var ki, onlar yeniləşmə yollarının çoxluğunu şərtləndirir. Xüsusilə, burada xalqın milli-mənəvi dəyərlər sistemi əsas rol oynayır. Tarixi təcrübə göstərir ki, milli özəlliklərin nəzərə alınmaması cəmiyyəti yeniləşməyə yox, dağılmağa doğru aparır. Yeniləşmə ilə mənəvi ənənənin uyğunlaşdırılması isə ciddi elmi problemdir. O baxımdan cəmiyyətin modernləşməsi özlüyündə mürəkkəb sonu olmayan prosesdir. Hər bir tarixi mərhələdə onun xarakterinə uyğun tədbirlər həyata keçirməklə yeniləşmələrə nail olurlar. Bu baxımdan müasir Azərbaycan üçün xarakterik olan bir sıra məqamlar vardır.

Bizim üçün çox vacib mənəvi məsələ vətənpərvərliyin aşılanmasıdır. Gənc nəslə bu məsələnin aşılanması asan deyil. Çünki indiki şəraitdə kosmopolit düşüncə tərzi üstünlük təşkil edir. Alturizm (bəşərilik) müsbət əlamət sayılır. Xüsusilə qloballaşmanın üstünlük təşkil etdiyi müasir dövrdə bəşəri olmaq zərurətə çevrilmişdir. Buna isə hər bir fərd özünün dərk etdiyi formada reaksiya verir. Elə olur ki, bəşəriliyin fonunda milli özəlliyə mənfi ya qəbuledilməyən kültür elementi kimi baxırlar. Həmin baxışın təhlükəsi ondan ibarətdir ki, insan tarixi aspektdə milli-mədəni takamül xəttindən kənarda düşəndə yenisi formalaşmır. Yəni həddən artıq bəşəri olmaq faktiki olaraq zaman-zaman deqradasiyaya uğramaq, özəlliyi itirmək avtonom bir varlıq kimi məhv olmaq anlamına gəlir. Bütün dünya üçün universal olan təkamül qaydası budur ki, tarixi təkamüldən kənara çıxmaq məhvə bərabərdir. Ona görə bəşəri olmaq həmişə milli olmaq üzərində qurulur. yaxud burada başqa bir məqam vardır.

Məsələ ondan ibarətdir ki, kosmopolitizm pərdəsi altında faktiki olaraq başqa milli özəllikləri yaymaq siyasəti vardır. Bu da konkret bir milli mentalitetin dünyaya yeridilməsi mənasını verir. O halda dünya üzrə ziddiyyətlər daha da artır. Həmin ziddiyyətlər kültür, ideologiya, mənəvi-əxlaqi dəyərlərin toqquşması s. kimi təhlükəli olayları ortaya atır. Onda isə dünya birləşmək əvəzinə yeni müsəvidə parçalanmalara doğru gedir, yeni konfliktlər yaranır, müharibə təhlükəsi meydana gəlir. Buna görə hər bir variantda xalqların milli ənənəsini saxlaması ilə bəşərilik arasında bir harmoniya olmalıdır. Vətənpərvərlik bu səbəblərdən milliliyi dövlətçilik müstəvisində qorumağın əsas mənəvi kateqoriyasıdır. Vətənpərvərliyin həm dövlətçilik hissi ilə uzlaşdırılması təbii ki, incə məsələdir. Vətəndaş olmağın şərtləri vardır. Bu, həm fərdin şüurunun yeni keyfiyyətlər kəsb etməsi deməkdir. Ənənəvi cəmiyyətlərdə vətənpərvərlik ümumi xalq maraqları, kortəbii bağlılıq, məişət səviyyəsində istiqanlılıq kimi xarakterə malik olmaqla kifayətlənir. Burada bölgəçilik (coğrafi-təbii mənsubluq), qan qohumluğu kimi faktorlar da bəzən önə çıxa bilir. Dövlətçilik prizmasında isə daha çox sosial mahiyyətli faktorlara üstünlük vermək lazım gəlir. İnsan psixoloji olaraq ümumsosial parametrlərə köklənir. Dövlət millət kimi varlıqların mövcudluğunu fərdi mövcudluqla müqayisə edə bilir. Bu əsasda ümumi maraqlar adlanan şərtlər çoxluğunu qəbul edir. Dövlətçilik şüuru adlanan həmin aspektdə ciddi rol oynayan fenomen bu məqamla bağlıdır. Belə çıxır ki, müasir şəraitdə vətənpərvərlik əslində sistemli məqsədyönlü olaraq tərbiyə olunmalı bir parametrdir. Onun kortəbii müasir tələblər səviyyəsində formalaşmasını gözləmək olmaz. Belə olan halda cəmiyyətin yeniləşməsi (modernləşməsi) özlüyündə sistemli bir konsepsiya tələb edir. Yalnız vətənpərvərlik məsələsində bunu aydın gördük.

Milli-mənəvi dəyərlərin qorunması buradan aydın görünür ki, strateji mahiyyət daşıyır. Əslində bu, cəmiyyətdə baş verməli olan yeniləşmələrin təməl xüsusiyyətlərindən biri kimi qəbul edilməlidir. Ənənənin müasirləşmədə yerinin dəqiq müəyyən edilməsi prinsipial olaraq dövləti işdir. Azərbaycanda məsələnin bu tərəfinə daim diqqət yetirilməsi və konkret əməldə özünü göstərməsi bu səbəbdən təsadüfi deyil. Ölkə prezidenti ən yüksək kürsülərdən milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi haqqında danışıb. Mehriban xanım Əliyeva “mən milli-mənəvi kodları qorumaqla məşğulam”, fikrini həmişə vurğulayır. Hər bir vətəndaşın da bu istiqamətə köklənməsi zəruridir.      

 

 

Füzuli Qurbanov

 

Olaylar.- 2009.- 15 aprel.- S. 5.