Yazıçılar Birliyinin yeni kitab mağazası açılıb

 

 Səlim Babullaoğlunun kitabının imza-satış mərasimi olub

 

Aprelin 16-da Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlunun "İlyas Göçmənin şəkil dəftəri" adlı kitabının imza-satış mərasimi olub. Mərasim YB-nin yeni açılmış kitab mağazasında, açıq havada təşkil edilib. Tədbiri giriş sözü ilə açan "525-ci qəzet"in baş redaktoru Rəşid Məcid kitab haqqında ürək sözlərini deyib kitaba marağın azaldığı bir dövrdə bu cür tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib: "S.Babullaoğlunun yaradıcılığın çox yüksək qiymətləndirirəm. Bir nüansı da diqqətinizə çatdırım ki, qısa bir vaxt ərzində təxminən 45 kitab satılıb. Ümid edirəm ki, bu göstərici bundan sonra daha da artacaq". Sonra çıxış üçün söz millət vəkili Asim Mollazadəyə verilib: "S.Babullaoğlunun həm bir şair kimi yaradıcılığı, həm onun etdiyi tərcümələr yüksək peşəkarlığı ilə seçilir. Bizim millətin gələcəyi onun gücündədir" deyən millət vəkili bu gücün məhz, kitablar vasitəsilə əldə olunduğunu diqqətə çatdırıb: "Yaxşı olardı ki, bu tipli kitablar kitabxanalara da paylansın. Kitab çapı kommersiya cəhətdən çətin olsa da, əgər hamı bu işə öz töhfəsini verib birgə səy göstərərsə, bu ənənəni bundan sonra da davam etdirmək olar". Gənc yazıçı Mətləb Muradov isə öz çıxışında şəkillər əsasında şeir yazmaq ənənəsinin yenilik olduğunu qeyd edib: "Adətən xarici ölkələrdə, xüsusilə Moskvada bu cür tədbirlərin keçirilməsinin şahidi olmuşuq. Azərbaycanda ilk dəfədir ki, açıq havada müəllif kitabının satış-imza mərasimi təşkil olunur" deyən M.Muradov kitabdakı şeirlərdən bir parça da səsləndirib bu tədbiri təşkil etdiyinə görə, Yazıçılar Birliyinə təşəkkürünü bildirib. Sonra jurnalistlər üçün açıqlama verən S.Babullaoğlu kitab haqqında təəssüratlarını bölüşüb: "Bu gün mənim "İlyas Göçmənin şəkil dəftəri" adlı kitabımın imza-satış günüdür. Mən çox məmnunam ki, bizim qələm dostlarımız Yazıçılar Birliyinin yeni açdığı bu kitab mağazasına gəliblər. Kitab türkiyəli fotoqrafın 40 fotosu əsasında yazılmış şeirlərdən ibarətdir. Kitab haqqında ən doğru sözü oxucular deyir". Müəllif bu ənənənin ümumiyyətlə dünyada mövcud olmadığını da qeyd edib: "Konkret bir foto ya bir portretə yazılmış şeirlər mövcuddur. Silsilə şəkillər qismində isə bu, ilk dəfədir. Bu ideya Yazıçılar Birliyinin sədri Anara məxsusdur" deyən S.Babullaoğlu bu ideyanın hələ 4 il bundan əvvəl verildiyini qeyd edib: "Sadəcə olaraq o vaxt Yazıçılar Birliyinin kitab dükanı fəaliyyət göstərmirdi. Bu çox yaxşı təşəbbüsdür. Oxucular həm kitab alır, həm müəlliflə ünsiyyətdə olurlar".

Tədbirdə həmçinin Yazıçılar Birliyinin məsləhətçisi Mahirə Abdullayeva, "Qaya" mətbuat yayımın rəhbəri yazıçı Elçin Hüseynbəyli iştirak edib kitab haqqında xoş xatirələrini bölüşüblər.

     

 

Aygün Telmanqızı 

 

Olaylar.- 2009.- 17 aprel.- S. 16.