Azərbaycanın Avropa Birliyinə
inteqrasiyası vacibdir
Rəşad
Xasayoğlu: "Bu məsələdə Avropa Hərəkatının
imkanlarından istifadə edə bilərik"
"Bizə lazımdır ki, gənclərimiz
müxtəlif Avropa təşkilatlarında təmsil olunsunlar"
Azərbaycan daha bir beynəlxalq təşkilatla yaxından əməkdaşlıq edir. Bir müddət əvvəl yaradılmış Beynəlxalq Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq Komitəsi artıq əksər dövlətlərin Avropa hərəkatları ilə yaxından əməkdaşlıq edir ki, bu da ölkəmizin üzləşdiyi problemlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verməyə imkan yaradır. BAH-ın Azərbaycan üzrə Hazırlıq Komitəsinin prezidenti Rəşad Xasayoğlu rəhbərlik etdiyi qurumun qarşısına qoyduğu məqsədlər və BAH-a qoşulmağın Azərbaycana müsbət və ya mənfi təsirlərindən danışıb. Rəşad Xasayoğlu son vaxtlar hərəkatın Azərbaycan üzrə Hazırlıq Komitəsinin rəhbərliyində baş verən ziddiyyətlərə də aydınlıq gətirib.
-Rəşad bəy, son vaxtlar Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq Komitəsinin rəhbərliyində ciddi problemlərin olduğu bildirilir. Bu problemlərin kökündə nə dayanır və baş verənlərə Avropa Hərəkatının münasibəti necədir?
-Avropa-Hərəkatına üzvlük iki qaydada həyata keçirilir. Hər bir ölkənin qeyri-hökumət təşkilatı kollektiv üzvlük üçün Avropa Hərəkatına müraciət edir və sonradan həmin QHT-yə Beynəlxalq Avropa Hərəkatı tərəfindən rəsmi qaydada dəstək və icazə verilir ki, Beynəlxalq Avropa Hərəkatının həmin ölkədə təmsilçisi funksiyasını yerinə yetirsin. Hər bir təşkilatın öz nizamnamə və qaydası olsa da, bütün nizamnamə və qaydalar Beynəlxalq Avropa Hərəkatının nizamnaməsinə uyğunlaşdırılmalıdır. Bizdə də belə müzakirə aparılmışdı ki, nizamnaməmiz hazırlansın və həmin nizamnamə birbaşa Avropa Hərəkatının daxili nizamnaməsinə uyğunlaşdırılsın. Nəticədə keçən il, mayın sonlarında Surxan Lətifov Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq Komitəsinin rəhbərliyinə gətirilib. Hələ o zaman Surxan Lətifov hərəkatın rəhbərliyinə gətirilərkən Avropa Hərəkatının tərkibində deyil, kənarda fəaliyyət göstərirdi. Hesab edirdik ki, Surxan Lətifovun QHT sektorunda olan təcrübəsi ona imkan verər ki, Avropa Hərəkatının Azərbaycan Komitəsinin fəaliyyəti daha səmərəli qurulsun. Ancaq təssüflər olsun ki, uzun müddət keçməsinə baxmayaraq Avropa Hərəkatının həyata keçirdiyi layihələrin heç birində Surxan Lətifovun imzası olmayıb. Baxmayaraq ki, Surxan Lətifov hərəkatın sədri idi, ancaq o heç bir tədbirə köməklik göstərmədi. Bir məqamı da qeyd edim ki, Avropa Hərəkatının prezidentlik və baş katiblik postu seçki yolu ilə müəyyənləşir. Beynəlxalq Avropa Hərəkatının hazırkı prezidenti Pət Koks 2004-cü ilə qədər Avropa Parlamentinin prezidenti olub. Hərəkatın baş katibi Henrik Kroner isə uzun müddət Hollandiyanın ticarət palatasının rəhbərliyində, həmçinin Avropa Birliyinin tərkibindəki müxtəlif ticari təşkilatlarda çalışıb. Onların hər ikisi hərəkata seçim yolu ilə gəlib. Cari ilin sentyabrında Henrik Kronerin vəzifə müddəti başa çatır və hərəkatın baş katibliyinə yeni seçkilər olacaq.
-Surxan Lətifovun sizi baş katib vəzifəsindən azad etməsi nə dərəcədə düzgündür?
-Ola bilər ki, Surxan Lətifov kimisə bəyənməsin və kiminləsə şəxsi intriqası olsun. Ancaq bunun təşkilatın qayda-qanununa heç bir aidiyyatı yoxdur. Surxan Lətifov gözəl bilir ki, biz onu İdarə Heyətində seçərək rəhbərliyə gətirmişik. Surxan Lətifovu rəhbərliyə ona görə seçməmişik ki, o özbaşınalıq etsin. Surxan Lətifov hərəkatın keçirdiyi tədbirlərdə nəinki iştirak etmir, hətta nizamnaməyə zidd olaraq baş katibi sərəncam əsasında azad edir. Surxan Lətifov da bilir ki, bu yalnış bir qərardır. Sadəcə məsələni İdarə Heyətində həll edə bilməyəcəyini görərək sərəncam verib baş katibi vəzifəsindən azad edir. Sərəncamın bir nüsxəsi isə Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kronerə göndərilib və bildirilib ki, sərəncam əsasında hərəkatın Azərbaycan üzrə Hazırlıq Komitəsinin baş katibi vəzifəsindən azad edilib. Lakin biz Henrik Kroneri məlumatlandırandan sonra baş katib bizim dediklərimizlə razılaşdı və Surxan Lətifovun yalnış addım atdığını bildi. Baş katib qeyd etdi ki, Avropa Hərəkatında sərəncam əsasında kimisə vəzifədən azad etmək praktikası yoxdur. Ona görə də baş katib tərəfindən Surxan Lətifovun imzaladığı sərəncam ləğv edildi. Hazırda Surxan Lətifov özünü hərəkatın prezidenti kimi təqdim etsə də, bunun heç bir əsası yoxdur. Hazırda hərəkatın Azərbaycan üzrə Hazırlıq Komitəsinə heç kim rəhbərlik etmir. Yalnız İdarə Heyətinin rəsmi qərarına əsasən prezidentlik vəzifəsini müvəqqəti mən icra edirəm. Bu qərar bir müddət sonra araşdırıldıqdan sonra öz qüvvəsini tapacaq.
-Hərəkatın Azərbaycan üzrə Hazırlıq Komitəsi nə vaxt tam strukturlaşacaq?
-Bu istiqamətdə müəyyən işlər görülür və hərəkatın tərkibində İdarə Heyəti fəaliyyət göstərir. Hərəkatın Azərbaycan üzrə Hazırlıq Komitəsinin rəhbərliyində baş vermiş dəyişikliklər bir neçə prosedur qaydalarından sonra qüvvəyə minəcək. İdarə Heyətinin qəbul etdiyi qərar Beynəlxalq Avropa Hərəkatının rəhbərliyinə göndərilib. Hesab edirəm ki, məsələ yaxın zamanlarda öz həllini tapacaq. Beynəlxalq Avropa Hərəkatı dünyada demokratiya, sülh və əmin-amanlıq, azad sözün təbliğatçısıdır və ona görə də inanmırıq ki, BAH-ın rəhbərliyi başqa bir addım ataraq tək qalmış bir şəxsi prezident kimi qəbul etsin. Onlar da şahid oldular ki, Surxan Lətifov qanunsuzluq edib. Ona görə də Beynəlxalq Avropa Hərəkatı bu qanunsuzluğa haqq qazandırmayacaq. Ümid edirəm ki, yaxın bir ay ərzində bu məsələyə aydınlıq gətiriləcək.
-Baş vermiş problemi yoluna qoymaq məqsədilə Beynəlxalq Avropa Hərəkatının rəhbərliyi ilə yaxından təmasda olmağı düşünürsünüzmüğ
-Bu məqsədlə Belçikaya səfər etməyi nəzərdə tutmuşam. May ayının sonlarında baş tutacaq Brüssel səfəri çərçivəsində Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kronerlə görüşəcəm. Bundan başqa Avropa Birliyi, Avropa Parlamenti, eləcə də müxtəlif beynəlxalq təşkilatlar və BAH-ın digər Avropa ölkələrində təmsilçiliklərini həyata keçirən təşkilatlarla görüşlərim nəzərdə tutulur. Çalışacağıq ki, bütün mənfi nüansları aradan qaldıraq və təmasda olacağımız insanlara Azərbaycan haqqında doğru-dürüst informasiya çatdıraq.
-Səfər BAH-ın hansısa toplantısında iştirak etmək məqsədi daşıyır?
-Xeyir. Səfərim şəxsi təşəbbüs əsasında baş tutacaq. Bizim digər beynəlxalq təşkilatlarla əlaqələr qurmağa da ehtiyacımız var. Bu bizim üçün çox vacibdir. Azərbaycan yenicə Şərq tərəfdaşlığına qoşulub və bu məqsədlə müəyyən təşkilatlarla görüşüb Şərq tərəfdaşlığının Azərbaycanda təbliği istiqamətində məsləhətlər almaq istəyirik. Bundan başqa ayrı-ayrı dövlətlərin Avropa Birliyi, ümumilikdə Avropaya inteqrasiyası istiqamətində təcrübələri var və həmin təcrübələrlə tanış olmaq, onları öyrənmək məqsədilə Avropa ölkələrinə səfərlərimiz zəruridir. Çünki uzun müddət Beynəlxalq Avropa Hərəkatına Azərbaycan və Türkiyə haqqında yalnış məlumatlar verilib. Hətta Henrik Kroner Ermənistana səfər edərkən qondarma erməni soyqırımı ilə bağlı ucaldılmış abidəni ziyarət edərək ora əklil qoyub. Ona görə də biz indiyə qədər yalan üzərində qurulmuş bu təbliğatı dağıtmaq istəyirik. Dünyaya sübut etmək istəyirik ki, biz sülhpərvər, haqq və ədalətin bərpa olunmasını istəyən xalqıq. Ona görə də bizim səfərlərimiz çox vacibdir.
-Beynəlxalq Avropa Hərəkatına qoşulmaq Azərbaycan gənclərinə, ümumiyyətlə Azərbaycanın özünə nə verəcək?
-Avropa Hərəkatının tarixi böyükdür və bu hərəkat Avropa dəyərlərini daşıyan və Avropanın bütünləşməsini istəyən bir təşkilatdır. Biz bilirik ki, bu gün Azərbaycanda müəyyən problemlər mövcuddur və bu problemlərin həllinə birgə nail olmaq üçün bizim yeganə çıxış yolumuz var. Azərbaycanın beynəoxalq aləmə inteqrasiyası, dünyada söz sahibinə çevrilməsi, problemlərimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Azərbaycanın sürətli şəkildə Avropa Birliyinə inteqrasiyası vacibdir. Bu məsələdə Avropa Hərəkatının imkanlarından istifadə edə bilərik. Gənclərə gəlincə biz BAH-ın xətti ilə Avropada fəaliyyət göstərən gənclərlə əlaqələrimizi qura və inkişaf etdirə bilərik. Həmçinin gənclərin Avropada müxtəlif layihələr çərçivəsində təhsil almasına, onların iş təcrübəsinin artırılmasına nail ola bilərik və bu istiqamətdə müəyyən işlər görməyi düşünürük. Bu gün Azərbaycan gənclərinin daha çox müxtəlif Avropa ölkələri ilə əlaqələrinə ciddi ehtiyac var və biz bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində çalışırıq. Xarici ölkələrdə təhsil alan və yaşayan gəncləri də bu prosesə cəlb edəcəyik. Təssüflər olsun ki, xarici ölkələrdə yaşayan gənclərimiz həmin ölkələrin ictimai-siyasi sektoruna o qədər də inteqrasiya olmurlar. Ancaq bizə lazımdır ki, gənclərimiz müxtəlif Avropa təşkilatlarında təmsml olunsunlar, Avropanın öndə gedən siyasi partiyaları ilə yaxından əməkdaşlıq etsinlər. Bu məqsədlə gənclərimizə müəyyən köməklik göstərəcəyik.
-Yaxın vaxtlarda Beynəlxalq Avropa Hərəkatının Azərbaycanda hansısa bir toplantısının keçirilməsi nəzərdə tutulub?
-Bizim üçün əsas vacib olan məsələ odur ki, Beynəlxalq Avropa Hərəkatı Azərbaycanda ciddi şəkildə inkişaf etsin. Biz də öz növbəmizdə Azərbaycanın Avropada tanınması üçün bir sıra layihələr həyata keçirməyi düşünürük. Çalışacağıq ki, Beynəlxalq Avropa Hərəkatının bir neçə toplantısı Azərbaycanda keçirilsin və bununla bağlı hökumətə təkliflər təqdim edəcəyik. Avropa Hərəkatı rəhbərlərinin Azərbaycana gələrək ölkəmizdəki vəziyyətlə yaxından tanış olmaları müsbət hal olardı. Yəni bizim planımızda belə bir tədbir keçirmək var.
Süleyman
Olaylar.- 2009.- 17 aprel.- S. 12.