Bacarıqlı gənclərin potensialından istifadə olunur

 

 Ramil Həsənov: "Bakı şəhəri və region gənclərindən ibarət bacarıqlı gənclər komandası formalaşdırılır"

 

Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Bu barədə məlumat verən YAP Gənclər Birliyinin sədri Ramil Həsənov artıq bir neçə layihəyə start verildiyini söyləyib. Ramil Həsənov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak mümkünlüyü barədə də danışıb. Bildirib ki, partiyanın icra katibliyi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinin bələdiyyə seçkilərində iştirakına razılıq versə, o halda hakim partiyanın fəal gəncləri bələdiyyəyə namizədliklərini irəli sürə bilərlər.

-Ramil müəllim, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı hansı tədbirləri keçirməyi nəzərdə tutub?

-Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər il olduğu kimi bu il də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı müxtəlif istiqamətli layihələr həyata keçirəcək. YAP Gənclər Birliyində gənclərə yaradılmış sərbəst şərait onların müxtəlif layihələrlə çıxış etmələrinə şərait yaradır. Biz yerlərdəki gənclərimiz, partiyanın Gənclər Birliyinin mərkəzi strukturlarında fəaliyyət göstərən gənclərimizə imkan vermişik ki, onlar ümummilli liderin anadan olmasının 86-cı ildönümü ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış etsinlər. Yəni onlar təqdim etdikləri müxtəlif layihələr partiya tərəfindən müzakirə olunaraq qəbul edilir. Artıq ümummilli liderin anadan olmasının 86-cı ildönümü ilə bağlı bir neçə layihəyə start vermişik. Ümumiyyətlə, YAP Gənclər Birliyinin 5 istiqamətli tədbirləri həyata keçiriləcək. Tələbə gənclər arasında keçirilən bilik müsabiqəsinə aprelin 25-də start veriləcək.. Müsabiqədə Bakı, Sumqayıt və Abşeron rayonundan təxminən 60-a yaxın komanda iştirak edəcək. Hər bir komanda 5 nəfərdən ibarətdir. Müsabiqənin keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin 1868-cu ilə qədər olan dövrü, onun şəxsi həyatı, keçmiş olduğu uğurlu yol və 1969-cu ildən sonrakı dövr, Moskva, Naxçıvan Muxtar Respublikası və Bakıdakı fəaliyyəti və 2003-cü ilə qədər olan dövrdə baş vermiş hadisələr, Heydər Əliyevin atdığı addımlar, Azərbaycanın inkişafı sahəsində etdiyi işlərlə bağlı tələbə gənclərin yaddaşını təzələməkdir. Bakı Dövlət Universitetində keçiriləcək müsabiqədə ilk 3 yeri tutan komandalara YAP Gənclər Birliyi tərəfindən kuboklar təqdim ediləcək. Həmçinin qalib komandalara pul mükafatları və diplomlar veriləcək. İkinci layihəmiz aprelin 28-də başlayacaq və layihə "Sabaha inamla" adlanır. Bu layihə Azərbaycanda ilk dəfədir ki, keçirilir. Layihə əsasında Bakı şəhərinin 11 rayonu, Abşeron, Sumqayıt, Gəncə, Lənkəranda 5 kimsəsiz, tənha, maddi və mənəvi yardıma ehtiyacı olan insanlar müəyyənləşdirilib. Artıq həmin insanların siyahısı hazırdır. Hər bir ahıl və kimsəsiz şəxsə xidmət edəcək bir oğlan və qız müəyyən edilib. Hər bir rayonda 5 nəfər kimsəsiz və ahıl insanın yaşadığı mənzildə olan YAP Gənclər Birliyinin üzvləri gün ərzində onların məişət, tibbi və ərzaq ehtiyaclarını ödəyəcəklər. Daha dəqiq desək gənclər bir gününü məhz həmin insanlarla keçirəcəklər. Gün ərzində hər 3-4 saatdan bir həmin gənclər partiyanın yerli Gənclər Birliyinin rəhbərliyinə məlumat verəcəklər. Həmin məlumatlar əsasında hazırlanan hesabatda o insanların ümumi problemləri, yaşayış tərzi ilə bağlı məsələlər əksini tapacaq. Biz isə öz növbəmizdə bunu ümumiləşdirərək partiyanın icra katibliyinə təqdim edəcəyik ki, gələcəkdə də həmin insanlar bizim diqqətimizdə qalsın. Bu bir növ Azərbaycan ictimaiyyətinə bir çağırışdır. Azərbaycanda müxtəlif beynəlxalq təşkilatlardan 100 min dollar məbləğində qrant alan təşkilatlar var ki, həmin pulların hara sərf edildiyini heç kim bilmir. Onlar da bu cür humanizm layihələrinə dəstək versələr daha çox effektli olar. Ümumilikdə 65 şəxsə 130 gənc xidmət edəcək. Digər bir layihə Dövlət İqtisad Universiteti ilə birlikdə həyata keçiriləcək. "Dünyada baş verən iqtisadi tendensiyalar: Azərbaycanın rolu və yeri" adlı məqalə müsabiqəsinə aprelin 10-dan start verilib. Məqalə müsabiqəsi Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov, Səbail, Binəqədi rayonları və Sumqayıt şəhərində mövcud olan ali təhsil müəssisələri və texnikumlarda aparılır. Məqalə müsabiqəsində ilk 3 yeri tutan gənclər mükafatlandırılacaq. Həmçinin müsabiqəyə yazı təqdim etmiş bütün gənclərin yazıları kitab şəklində çap olunacaq. Mayın 7-də isə İqtisad Universitetində eyni adlı elmi konfrans təşkil ediləcək. Konfransda yazı müsabiqəsində ilk 3 yeri tutmuş gənclərə mükafatlar təqdim ediləcək, məqalələr əsasında çap edilmiş kitabın təqdimat mərasimi keçiriləcək. Başqa bir layihəmiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə həyata keçiriləcək. "Təbii sərvətlərimizə sahib çıxaq və ətraf mühitimizi qoruyaq" adlı layihə çərçivəsində gənclər arasında məqalə müsabiqəsi keçirilir. Aprelin 25-nə qədər istənilən gənc bu müsabiqədə iştirak edə bilər. İlk 3 yerni tutan məqalə müəlliflərinə 500, 400 və 300 manat məbləğində mükafat veriləcək. Həmçinin hər biri 50 manat olan 10 həvəsləndirici mükafat da müəyyən edilib. Layihənin davamı olaraq mayın 5-də qaliblərin mükafatlandırılması mərasimi və eyni adlı konfrans təşkil olunacaq. Həmçinin adı çəkilən məqalə müsabiqəsinə yazı təqdim edən gənclərin məqalələrindən ibarət kitab da çap olunacaq. Mükafatların təqdim edilməsi və elmi konfrans Bakı Dövlət Universitetində baş tutacaq. Bundan başqa YAP Gənclər Birliyi olaraq Dövlət Neft Şirkətinin "Neftçi" İdman Sağlamlıq Mərkəzi ilə birlikdə ümumrespublika mini futbol turniri də keçirməyi də nəzərdə tutmuşuq.

-Regionlarda üzə çıxarılan bacarıqlı gənclərin potensialından istifadə etmək və onları partiyanın rəhbərliyinə cəlb etmək məqsədilə YAP Gənclər Birliyi olaraq icra katibliyinə təqdimatlar verirsiniz?

-2005-ci ildən bu günə qədər keçirilən müxtəlif elmi konfranslar, müsabiqələr və digər layihələr əsasında Bakı şəhəri və regiona gənclərindən ibarət bacarıqlı gənclər komandası formalaşdırırıq. Bunu həyata keçirməkdə isə məqsəd həmin gənclərdən YAP Gənclər Birliyinin yüksək strukturlarında istifadə etməkdir. Təbii ki, bu da partiya rəhbərliyinin razılığı əsasında həyata keçirilir. Heç kimin tanımadığı, lakin savadlı və bacarıqlı olan gənc tezliklə tanınan və qiymət verilən gəncə çevrilir. Yəni onun əziyyəti hədər getmir, onun bacarığı YAP Gənclər Birliyi tərəfindən partiya rəhbərliyinə çatdırılır. Nəticə etibarilə həmin gənclər partiyanın yerli təşkilatlarında işlə təmin olunur, ali təhsil ocaqlarında onların aktiv seçkili orqanlarda iştirakına şərait yaradılır.

-YAP Gənclər Birliyinin üzvlərinin bələdiyyə seçkilərində iştirakı nəzərdə tutulub?

-Bu yaxınlarda partiyanın İdarə Heyətinin iclası keçirildi və həmin iclasda bildirildi ki, aktiv gənclərdən bələdiyyə seçkilərində istifadə edək. Artıq YAP Gənclər Birliyinin bütün respublika təşkilatlarından prezident seçkiləri, referendum və digər bu kimi işlərdə aktiv iştirak etmiş gənclərin məlumatlarını götürmüşük və müəyyən məsləhətləşmələrdən sonra həmin məlumatlar partiya rəhbərliyinə təqdim ediləcək. Hər bir rayon təşkilatından 1 və ya 2 gəncin bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak etməsini arzulayardıq. Bu da gənclər arasında sağlam mübarizə və rəqabətin artmasına şərait yaradar.

-Bu il keçiriləcək bələdiyyə seçkisində YAP gənclərinin iştirakı mümkündür?

-Biz nəzərdə tutmuşuq ki, partiyanın dövlətə, vətənə və prezidentə sadiq gəncləri bələdiyyə seçkilərində iştirak etsin. Bu bir yarışdır və kimin gücü çatırsa bu yarışda mübarizə apara bilər. Mən 1999-cu ildə bələdiyyəyə seçilmiş gənclərdən biri olmuşam. Hesab edirəm ki, bu gün də partiyanın gəncləri xalqın etimadını qazanaraq bələdiyyəyə seçilə bilərlər. Onu da qeyd edim ki, bələdiyyə seçkiləri parlament seçkiləri üçün yoxlama məşqidir.

-Təxminən partiya rəhbərliyinə nə qədər gəncin siyahısı təqdim olunacaq?

-Biz hələlik açıq şəkildə nəsə bildirməmişik. Çünki bizim istəyimizdən daha çox partiya rəhbərliyinin verəcəyi qərar çox önəmlidir. Ancaq nəzərdə tutmuşuq ki, respublika üzrə 100-150 gəncin namizədliyini partiya rəhbərliyi dəstəkləyə bilər. Bu rəqəm arta və azala bilər.

-Gələn il keçiriləcək parlament seçkilərində də YAP Gənclər Birliyinin namizədi olacaq?

-Parlament seçkilərinə 1 ildən artıq bir zaman var və ona görə də hesab edirəm ki, bu barədə danışmaq hələlik tezdir. Parlament seçkiləri ilə bağlı partiyanın icra katibliyi hansı qərarı verəcək, onu indidən söyləmək çətin məsələdir. Gənclər Birliyi partiyanın ayrılmaz tərkib hissəsidir və partiyanın tərkibində fəaliyyət göstərən bir strukturdur. Gələn il keçiriləcək parlament seçkilərində partiyanın icra katibliyi hansı qərarı verəcəksə, YAP Gənclər Birliyi də həmin qərara uyğun olaraq öz fəaliyyət mexanizmini müəyyənləşdirəcək və ona uyğun olaraq fəaliyyət göstərəcək.

 

 

Süleyman.

                                                                                                                                                    

Olaylar.- 2009.- 22 aprel.- S. 4.