Prezident yanında müşavirənin bir sıra mühüm məqamları
Güclü dövlət və demokratik cəmiyyət quruculuğunda
Azərbaycan
Respublikasının prezidenti yanında keçirilən son
müşavirə çox mühüm məqamlara
aydınlıq gətirdi. Müşavirədə ölkə
başçısının çıxışı isə
dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi, mədəni
və siyasi islahatların ümumi mahiyyətinin
açılmasında olduqca maraqlı cəhətləri ifadə
etdi. Bu baxımdan prezidentin ekologiya, maliyyə xərcləri və
başqa önəmli amillər haqqında söylədikləri
ayrıca təhlillər tələb edir. Prezidentin təhlilləri
və məmurlara tutduğu iradlar, onun hər bir problemə
vaxtında reaksiya verdiyini, idarəetmədə demokratikliklə
məsuliyyəti uyğunlaşdırdığını
göstərdi. Öncə prezidentin son 5 ildə həyata
keçirdiyi proqramlar və müşavirədə yer alan bir
sıra məqamlar üzərində dayanmaq yaxşı
olardı.
2003-2008-ci illərdə
Azərbaycanda nəhəng dəyişikliklər baş verdi.
Bunu sosial həyatın bütün sahələrində,
siyasi islahatlarda, demokratik cəmiyyət quruculuğunda görmək
mümkündür. Bu dəyişiklikləri ifadə edən
rəqəmləri prezident müşavirədə bir daha
dedi. Həmin rəqəmlərin təhlili göstərir ki,
Azərbaycan dövlət və cəmiyyət olaraq keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuşdur. Enerji sahəsində
ölkənin əldə etdiyi nəticələr diqqətləri
çox çəkmişdir. Azərbaycan bu müddətdə
həm bölgənin enerji təhlükəsizliyi sisteminin
formalaşmasında, həm də bütövlükdə
iqtisadi sistemin modernləşməsində ciddi nailiyyətlərə
imza atmışdır. Enerji layihələrinin həyata
keçməsi bütün bölgə üçün yeni
imkanlar açmışdır. Azərbaycanın dövlət
olaraq qüdrəti özünü göstərmişdir.
Enerji ilə təminat məsələsi yeni səviyyəyə
qalxmışdır. O baxımdan Azərbaycanın enerji idxal
edən ölkədən enerji ixrac edən ölkəyə
çevrilməsi əlamətdar hadisədir. Əslində bu
dəyişiklik strateji baxımdan prinsipial əhəmiyyət
daşıyır. Çünki bu, faktiki olaraq dövlətçiliyin
inkişafı dinamikasının əsas göstəricilərindən
biridir. Azərbaycanın enerji ixrac edən ölkə kimi geosiyasi
çəkisi bir neçə dəfə
artmışdır. Xarici sərmayələrin ölkəyə
axınının güclənməsi onun əlamətlərindən
biridir. Prezident qeyd etdi ki, burada önəm daşıyan amillərdən
biri sərmayə axınının dünyanı maliyyə
böhranı bürüdüyü bir zamanda da davam etməsidir.
Bu, faktiki olaraq Cənubi Qafqazda “kimin kim olduğunu ortaya qoyur”.
Dünyanın ən qabaqcıl dövlətləri belə
maliyyə böhranından əziyyət çəkdiyi bir
vaxtda Azərbaycanda inkişafın davam etməsi dövlət
quruculuğunun ciddi göstəricisidir. Keçən müddətdə
Azərbaycanın bu yolu qət etməsi faktiki olaraq onun Cənubi
Qafqazın lideri olaraq özünü tam təsdiq etməsidir.
Məsələnin bu tərəfi daha önəmlidir.
Çünki Cənubi Qafqazın lideri ola bilmək
dünyanın böyük dövlətlərinin bu bölgədə
kimlərlə hesablaşmalı olduğunu nümayiş
etdirir. Belə ki, Azərbaycanın dünya miqyasına yeri və
rolu ilə əlaqəli konkret mövqe formalaşıb. Bu, məhz
prezident İlham Əliyevin rəhbərliyi dövründə
özünü daha qabarıq göstərməkdədir. Demək
olar ki, bu məsələ digər önəmli dəyişikliklər
üçün stimulverici rol oynamışdır. Azərbaycan
vətəndaşlarının həyat səviyyəsinin
müntəzəm olaraq artmasına daha ciddi əsaslar
yaratmışdır. Bu da özlüyündə
demokratiyanın möhkəm təməlinin
formalaşmasına yardım etmişdir. Zəngin vətəndaşların
azad olmaq şansları çoxdur. Bununla bağlı
dünyanın aparıcı tədqiqatçıları dərin
araşdırmalar aparıblar.
Son 5 ildə Azərbaycanda
həyata keçirilən sosial-iqtisadi proqramların ümumi
mahiyyəti güclü dövlət qurulması istiqamətində
ciddi addımlar atıldığını nümayiş
etdirir. Güclü dövlət quruculuğu demokratik cəmiyyət
quruculuğu ilə paralel aparılır. Ona görə də
bu müddətdə vətəndaş cəmiyyətinin
formalaşması istiqamətində də vacib proqramların
həyata keçirildiyini demək lazımdır. Vətəndaş
cəmiyyəti quruculuğu hər bir dövlət
üçün yaradıcı prosesdir. Onun reallaşması
üçün tam elmi əsaslandırılmış
strateji formalaşdırmaq lazımdır. Bu illərdə həm
də bu istiqamətdə Azərbaycan tarixi işlər
görmüşdür. Belə demək mümkündürsə,
sosial, iqtisadi, mədəni və başqa sahələr
üzrə bir-biri ilə uyğunlaşmış tədbirlər
həyata keçirilmişdir. O baxımdan Azərbaycan
prezidentinin müşavirənin yekununda bir sıra iradlar
bildirməsi, konkret vəzifələr müəyyənləşdirməsi
həm də gələcək baxımından əhəmiyyət
daşıyır. O məqamların təhlili artıq
başqa yazıların mövzusudur.
Şahin Məhəmmədoğlu
Olaylar.- 2009.- 24 aprel.- S. 7.