Paytaxtda yaşıllığın
qorunması və artırılması
Ölkə prezidenti yanındakı müşavirənin
mühüm məqamları
Prezident İlham Əliyevin sosial-iqtisadi inkişafın 2009-cu ilin I rübünün yekunlarına həsr edilmiş müşavirəsindəki çıxışında bir sıra nöqsanlara iradını bildirmişdi. Bu iradların hər biri haqqında geniş təhlillər aparmaq lazımdır. Onların sırasında prezidentin ağacların kəsilməsi ilə bağlı dedikləri olduqca ibrətamiz mahiyyət daşıyır. Burada söhbət sadəcə, əkilmiş ağacların məhv edilməsindən getmir, məsələ daha dərin və geniş mənəvi, dövləti və tərbiyəvi məqamlara malikdir.
Ulu öndər Heydər Əliyev deyərdi ki, ağac kəsən mənim qolumu kəsmiş kimidir. Bu deyim qədim türk xaqanlarının mənəvi keyfiyyətinin mühüm bir tərəfini ifadə edir. Hələ qədimlərdən türk hökmdarları ağacı yalnız yaşıllıq rəmzi saymırdılar, onu xalqın, mənəviyyatın və dövlətin varlığının vacib şərti olaraq qəbul edirdilər. Çingizxanın bununla bağlı fikri vardır. Eyni zamanda, qədim türk hökmdarları toplumun birliyi ilə ölkədə ağacların qorunması, onlara qulluq edilməsi arasında daxili əlaqə olduğunu görürdülər. Bəzi ağacları müqəddəs kimi qəbul edir, onu hivz edərdilər. Ulu öndər xalqın qan yaddaşında olan bu məqama çox diqqət yetirər və həyat fəaliyyətində ağac əkilməsinə önəm verərdi. Heydər Əliyev özü ağac əkilməsində iştirak edib, nümunə göstərərdi. Bu əməlin müsbət təsiri nəticəsində Bakı səhra şəhərindən yaşıllıqlar şəhərinə çevrildi. Bu, böyük bir sərvətdir. Çünki Bakıda hər bir ağac insan əməyinin nəticəsidir, burada təbiət yaşıllıq üçün elə də əlverişli şərait yaratmayıb. Həm də ağacları qorumaq türk mifik təfəkküründə həyata, yaşamağa, dövlət qurmağa sevgi aşılamaq anlamına gəlir. Ona görə də ağaclara qıyanlar həm də birliyə, dövlətə, mənəvi adətlərə qıymış olur. Bu adamlar dövlətçilik və birliyin qəsdinə girmiş olurlar. Prezidentin bu məsələyə yüksək dərəcədə həssaslıqla yanaşmasının əsas səbəbi budur. İlham Əliyev müşavirənin yekununda ağacların kəsilməsi ilə bağlı iki aspekti qeyd etdi. Birinci aspekt ağacları kəsməyin qəti qadağan olunmasıdır. Bu işi görənlər ciddi cəzalarını alacaqlar. Ağacları məhv edənlər bilməlidirlər ki, bu iş bütövlükdə cəmiyyətin məhv edilməsinə gətirib çıxara bilər. Paytaxtın müxtəlif yerlərində yaşıllıqları məhv edib yerində müxtəlif obyektlər tikənlər ekoloji mühiti korlamaqla yanaşı, sosial-mənəvi zərbə də vururlar. İndiyə qədər şəhərin çox müxtəlif yerlərində ekoloji duruma ciddi zərbə sayılan ağacların məhv edilməsini həyata keçirməklə bütövlükdə əhaliyə böyük ziyanlar törədiblər. Metro stansiyaların yaxınlığında, parklarda, yol kənarlarında, binaların həyətlərində və başqa yerlərdə ağacların məhv edildiyini hər birimiz müşahidə etmişik. İndi də bir sıra yerlərdə bu halları görürük. Məsələn, 7-ci mikrorayondakı parkın axırına çıxmaqdadırlar. Həm də mikrorayonun içərilərindəki bəzi yerlərdə ağacları kəsib, ticarət obyektləri, mağazalar tikir və başqa tikintilər aparırlar. Bakı şəhər İcra Hakimiyyəti bu yerlərə nəyə görə diqqət etmir, bilmirik. Prezident Bakı meri Hacıbala Abutalıbova xəbərdarlığını edib, bəlkə bundan sonra nələrsə etsinlər. O cümlədən, 7-ci mikrorayonda əhalinin oksigeninin “kəsilməsi” qarşısını almağa çalışsınlar.
Prezidentin dediyinin ikinci tərəfi
Bakı və ətrafında 3 milyon ağacın əkilməsi
ilə bağlıdır. Ağacların əkilməsi
paytaxtı faktiki olaraq yaşıllıq
qıtlığından çıxarmış olacaq. Bu nəhəng
iş Azərbaycanın paytaxtı və ətrafında
yaşıllığın durumu ilə bağlı tarixi bir
xidmət hesab olunmalıdır. Azərbaycanın prezidenti
Bakının ekoloji durumunun daha da yaxşılaşması
üçün verdiyi bu göstəriş kifayət qədər
müsbət bir işdir. 3 milyon ağac sözün həqiqi
mənasında paytaxtda və ətrafda
yaşıllığın bolluğunu yaradacaq. Bakının
havası və təmizliyi yeni bir səviyyədə
könül açacaq. Ən əsası isə insanın həyatının
daha dolğun olması üçün şərait yaradacaq. O
baxımdan prezidentin təklif etdiyi bu işlərin həyata
keçirilməsi üçün məmurların
böyük məsuliyyətlə işə başlaması
lazımdır. Müşavirədə bu məsuliyyətin də
ab-havası hiss olundu. Şübhə yoxdur ki, Azərbaycan
paytaxtında ekoloji vəziyyətin daha sağlam olması
istiqamətində atılan bu kimi addımlar sistemli həyata
keçirilən proqramların uğurlarından biridir.
Orxan Güneyli
Olaylar.- 2009.- 25-27 aprel.- S. 5.