Təhsil və demokratik cəmiyyət quruculuğu

 

Yeni qanunun qəbulu ərəfəsində

 

“Təhsil haqqında” qanun üçüncü oxunuşda müzakirələrə çıxarılmalıdır. Bu qanun ölkənin ən çox “əziyyət çəkən” qanunlarındandır. Bu da səbəbsiz deyil. “Təhsil haqqında” qanun dövlətin strateji maraqlarına bağlı bir qanundur. Təhsil dövlətin inkişafının aparıcı sahəsidir. Ona görə də bu sahədə bütün tədbirlərin yüz ölçüb, bir biçməklə görülməsi lazımdır. Azərbaycan üçün bu qanunun hansı anlama gəldiyini tam təsəvvür etmək üçün bir neçə məqama diqqət yetirək.

Müasir dünyada inkişafın bir neçə xətti müşahidə edilir. Dünya qloballaşmaya baxmayaraq faktiki olaraq inkişaf xarakterinə görə bir neçə hissəyə ayrılıb. Onun əsas səbəbi inkişafın yerli xüsusiyyətlərini nəzərə almaqdır. Deyək ki, Uzaq Şərq ölkələrinin inkişafında özünəməxsusluq vardır. Afrikada durum tamam fərqlidir. Rusiya özünə uyğun gələn demokratik inkişaf xətti arayır. Ancaq bütün bu müxtəlifliyi birləşdirən ortaq özəllik də seçilməkdədir. Bu, inkişafın ağıla, intellektə, təhsilə dayanan xəttidir. Dünyada tutduğu yerdən asılı olmayaraq o dövlətlərdə inkişaf müşahidə edilir ki, orada təhsil keyfiyyətlidir, intellektin cəmiyyətdə yeri yüksəkdir, elm sosial təkamülün aparıcı qüvvəsidir. Ona görə də hər bir müstəqil dövlət üçün təhsilin durumu olduqca əhəmiyyətli məsələdir. Bu baxımdan bir ciddi faktoru da vurğulamaq lazımdır.

Təhsilin inkişafı modeli deyəndə ilk baxışdan mürəkkəb olmayan qaydalar sistemi ağıla gəlir. Doğurdan da əsrlərdir ki, dünyada təhsil sistemləri var və o təcrübə Azərbaycanda yaxşı öyrənilib. Bununla yanaşı, Azərbaycan rus təhsil sisteminin daxilində bir neçə onilliklər keçirib. Həmin təhsil sisteminin xeyli üstünlükləri var. Bu da konkret psixoloji özəlliklər formalaşdırıb. İnsanlar demək olar ki, artıq həmin stereotiplərə uyğunlaşıblar. Bu kursdan dönüş etmək asan məsələ deyil. Bəzi dövlətlər kəskin dönüşlərə meylli oldular. İlk anlardan uğurun olacağı təxmin edilirdi. Ancaq həyat sübut etdi ki, bu proses kifayət qədər mürəkkəb struktura malikdir və onu proqnozlaşdırmaq olduqca çətindir. Ona görə də təhsildə həmişə müsbət nəticələr ala bilmədilər. Onun strukturunun yeniləşməsi də ciddi problemlər ortaya çıxardı. Məsələn, Gürcüstanda ilk baxışdan mütərəqqi sayılan təhsil qanunu qəbul edilib. Lakin orada yaşayan qeyri-gürcülərin ana dilində təhsil almasında xeyli anlaşılmazlıqların olduğu indi aydındır. Deyək ki, dünyanın demokratik dövlətlərində ən kiçik toplumun belə ana dilində təhsil alması məsələsinin qoyulduğu bir vaxtda Gürcüstanda təhsildə gürcüləşdirmə aparılır. Azərbaycan məktəblərinə gürcüləri direktor təyin edirlər. Bu tendensiya davam edir, beynəlxalq qurumlar isə sükut içindədirlər. Ancaq Gürcüstana qonşu olan Türkiyədə həmin beynəlxalq qurumlar ağızları köpüklənə-köpüklənə milli azlıqların hüquqlarından danışırlar. Azərbaycanda isə başlarını soxmadıqları bir ev qalmadı. Bəzən bundan kiçik xalqların nümayəndələri istifadə edib, qanunsuz davranmağı öz haqqı hesab edir. Bu disbalans göz qabağındadır. Ayrı-seçkilik eədnlər onu cəmiyyətin bütün təbəqələrinə sırımaq istəyirlər. Ona görə də bu qarışıq situasiyada optimal təhsil modeli seçmək asan problem deyil.

Beləliklə, təhsildə radikal dəyişiklilər etmək üçün əsaslı nəzəri və praktiki hazırlıq lazımdır. Burada o qədər incə məqamlar var ki, onları nəzərə alıb hərəkət etmək gərəkdir. Azərbaycanın “Təhsil haqqında” qanunu müasir demokratik cəmiyyətin tələb etdiyi şərtlərə tam uyğundur. Ona görə də bu qanunun qəbul edilməsi yəqin ki, baş tutacaq. Ondan sonra Azərbaycanda təhsilin gələcəyi barədə daha konkret fikirlər söyləmək mümkün olacaq. Şübhə yoxdur ki, təhsil sistemi həm müasir, həm də milli dəyərlərə bağlı kadrların formalaşmasına təminat verməlidir. Təhsilli insan həm də mənəvi keyfiyyətləri ilə seçilən olmalıdır. Onun üçün xüsusi hazırlıq prosesi keçməlidir. Yəni Azərbaycanda təhsil sisteminin yeniləşməsinin nəzəri hesablamaları ilə praktiki tətbiqi arasında uyğunluq olmalıdır. Bunun təminatı məsələsi də yaradıcı münasibət tələb edir. Azərbaycan seçdiyi xətt əsasında təhsildə uğur qazanacaq. Təhsil cəmiyyətin demokratikləşməsi və yüksək səviyyəli kadrların hazırlanması istiqamətində güclü işlər görəcək.

 

 

 Məhəmmədoğlu Ş.

 

Olaylar.- 2009.- 7-9 fevral.- S. 5.