Demokratiya və dövlətçilik şüuru
Azərbaycan cəmiyyətinin inkişafı məsələsi özlüyündə konkret prinsiplərə dayanır. Cəmiyyətin inkişafının strateji xətti dəqiq hesablanmış nəticələrə əsaslanmalıdır. Azərbaycanda bu işin öhdəsindən neçə illər bundan öncə gəlinib. Cəmiyyətin tarixi və mental özəlliyinə əsaslanan bu prinsiplərin ardıcıl və sistemli həyata keçirilməsi əsas məsələlərdən biridir. Ona görə də Azərbaycan cəmiyyətinin inkişafı konsepsiyası son dərəcə aktual vəzifə kimi qəbul edilməlidir.
Keçilən yola nəzər salanda cəmiyyətin inkişafında dövlətçiliyin möhkəmlənməsinin çox önəmli rol oynadığını görməkdəyik. Dövlətçiliyin möhkəmlənməsi Azərbaycan dövlətçilik ənənəsinin bərpasına bağlıdır. Ulu öndər Heydər Əliyev yeni minilliklə bağlı xalqa etdiyi müraciətdə dövlətçilik ənənəsinin bərpasını əsas nailiyyətlərdən biri kimi xarakterizə etmişdi. Ona görə də dövlətçilik ənənəsinin insanlara daha geniş izahı aktuallığını saxlayır. Bunun üçün isə sistemli təbliğat işi aparılmalıdır. Təbliğatın aparılması üçün Azərbaycanda yetərli kadrlar vardır. Məsələ həm də şəxsi nümunəyə bağlıdır. Heydər Əliyevin tərbiyə üsulları içərisində şəxsi nümunə ilk sırada yer alırdı. Yəni o, davranışları ilə, dövlətçiliyə sədaqəti və nizam-intizamı ilə həmişə nümunə olurdu. Bu baxımdan həmin ənənənin davam etməsi sevindiricidir. İndi bütün məmur təbəqəsi, dövlət işində çalışanların hamısı nümunə davranış göstərməlidirlər. Bəzən bunu görə bilmirik. Orta təbəqə məmurlar subyektiv maraqlarına uyurlar, vətəndaşları incidirlər. Demokratik hüququn pozulmasının həm dövlətçiliyə, həm də bütövlükdə cəmiyyətin inkişafına mənfi təsir etdiyini dərk etmək gərəkdir. Buna əməl olunmasa, cəmiyyətimizdə bir sıra problemlərin yaranması ehtimalı arta bilər. Azərbaycan cəmiyyəti hazırda elə bir səviyyədədir ki, onun sonrakı inkişaf mərhələsinin təməli formalaşır. Bunun üçün dövlətin xüsusi proqramları vardır. O proqramların yerinə yetirilməsi təbii ki, cəmiyyətin gələcəyi üçün olduqca əhəmiyyətli olacaqdır. Lakin cəmiyyətin özünün bu prosesə dəstək olması da lazımdır. Yəni məsələnin bir tərəfi məmur məsuliyyətinə və nümunəsinə bağlıdırsa, digər tərəfi də vətəndaşların təşəbbüsünə və dövlətçilik şüuruna bağlıdır. İnsanlar cəmiyyətin bütöv sistem olaraq inkişafında maraqlı olmalıdırlar. Onlar şəxsi maraqlarını dövləti işlərdən üstün tutmamalıdırlar. Bu məsələ tarixən həll olunandır. Yəni qısa müddətdə onun böyük ölçüdə həll ediləcəyinə ümid etmək olmaz. Qərbin təcrübəsi göstərir ki, burada dövlətlə cəmiyyətin birgə çalışmasının əhəmiyyəti çoxdur. Ona görə də dövlətçiliyin möhkəmlənməsində vətəndaşların fəallığı çox önəmli məsələdir.
Dövlətçilik şüuru elə bir faktordur ki, daim inkişafda olur. Onun son səviyyəsi yoxdur. Dövlətçilik şüurunun inkişafı məsələsi bütün zamanlarda və dövlət quruluşunda aktual olmuşdir. Sosial mühitin necə olmasından asılı olmayaraq dövlətlər ona dayanmışlar. Dövlətçilik şüuru yüksək olan cəmiyyətlərdə hakimiyyətlər uzun sürüb. Azərbaycanda dövlətə sədaqət məsələsinin özəl tarixi vardır. Azərbaycanlılar təbiətən milli kökə bağlı olduqlarından dövlətə də həmin pizmadan yanaşıblar. Onlar üçün yalnız xarici təhlükə anlayışı olub. Azərbaycanlılar xarici təhlükə qarşısında sürətlə birləşiblər. Bu birləşmə sayəsində düşmənlə həmişə layiqli mübarizə aparıblar. Hətta passionarlıq o dərəcədə yüksək olub ki, qüvvələrin qeyri-bərabər olması halında belə döyüşə giriblər. Xarici təhlükə qarşısında birləşmək qabiliyyəti dövlətçilik şüurunda önəmli yer tutur. Onun inkişaf etdirilməsinin müasir şərtlərini tapıb, təbliğatla daha da inkişaf etdirmək lazımdır. Ona görə də Azərbaycanda vətəndaş qurumlarının üzərinə böyük məsuliyyətlər düşür.
Cəmiyyətin inkişafına başqa önəmli faktor demokratik qaydaların bərqərar olmasına bağlıdır. Demokratiyanın inkişafı prezident İlham Əliyevin siyasətində çox önəm daşıyır. Demokratiyasız iqtisadi inkişafın səmərəsi olmur. Ona görə də demokratik təsisatların inkişaf etdirilməsi strateji xarakterli məsələdir. Bu məsələnin tam həll edilməsi isə bütün cəmiyyət qarşısında duran işdir. O baxımdan demokratiyanın inkişafı dövlətçilik şüurunun əsas qayəsini təşkil edir. Cəmiyyət bu harmoniya şəraitində tərəqqi edə bilər.
Şahin Məhəmmədoğlu
Olaylar.- 2009.- 11 fevral.- S. 5.