İslam mədəniyyətinin paytaxtı

 

Bakı müsəlman dövlətləri dialoqa səsləyir

 

Azərbaycanın mədəniyyət sahəsinə çox ciddi fikir verdiyini sübut edən faktlar çoxalır. Bir qədər öncə yüksək səviyyədə mədəniyyətlərarası dialoqa həsr edilmiş beynəlxalq tədbir Bakıda keçirilmişdi. Dinlərarası dialoqa aid tədbirlərin də Bakıda keçirilməsi təəccüblü deyil. Ayrıca, İslam mədəniyyətinə həsr edilmiş tədbirin Bakıda keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bakı bu ildə İslam mədəniyyətinin paytaxtı kimi tarixə düşür. İslam mədəniyyəti məsələsi indi bütün dünya üçün çox aktualdır. Dünyada dinlərin münasibəti aktual bir vəziyyətdədir. Bəzi qruplar var ki, dini mənsubluğu siyasi münasibətlərin əsasına qoyur. Konkret olaraq İslam dini ilə bağlı yanlış təsəvvürlər yayırlar. İslamla terroru birləşdirmək cəhdləri indi də davam edir. Müsəlman dövlətlərinə qarşı atılan addımlar çox düşündürücüdür. Bunların fonunda müsəlman dövlətlərin yeritdikləri siyasət, qurduqları cəmiyyət hər kəsin maraq dairəsindədir. Azərbaycan məhz bu sahələrdə dünya müsəlman dövlətləri üçün nümunə ola biləcək bir səviyyədədir. Bizim ölkədə mədəniyyətə aid möhtəşəm tədbirlərin keçirilməsi bütün bunlara görə təsadüfi deyil. Azərbaycan cəmiyyət və dövlət kimi buna layiqdir. Burada qurulan demokratik dövlət həm də tolerant mədəniyyət məkanıdır. Azərbaycanda dini mənsubluğa görə tolerantlıq həyat normasıdır. Bununla yanaşı, bizim ölkə İslam mədəniyyətinin inkişaf etdiyi bir yerdir. Müsəlman cəmiyyətlərinin bir-biri ilə əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanın yeri və rolu ayrıcadır. Bu baxımdan Bakının bu il İslam mədəniyyətinin paytaxtı olması tamamilə qanunauyğundur. Burada Azərbaycanın iqtisadi cəhətdən sürətli inkişafını mütləq nəzərə almaq lazım gəlir. İqtisadi potensial olmasa, mədəniyyətin inkişafı mümkün deyil. O baxımdan Azərbaycanda humanitar sahəyə ayırılan maliyyə vəsaiti məsələsi aktuallığını saxlayır. Prezident İlham Əliyev bununla bağlı İslam mədəniyyətinə həsr edilən tədbirdə çıxış edərkən konkret fikir ifadə etdi. O, Azərbaycan dövlətinin humanitar tədbirləri keçirməkdə davam edəcəyini bəyan etdi. Maliyyə böhranına baxmayaraq, Azərbaycanın mədəniyyət sahəsi ilə bağlı olan tədbirləri ixtisara salmaması bütün müsəlman dövlətlərinin diqqətini çəkmişdir. Bu, doğurdan da Azərbaycan paytaxtının İslam mədəniyyətinin paytaxtı olmasının əsaslı olduğunu sübut edir.

Azərbaycanın dövlət olaraq burada qazanacağı çox mənalar daşıyacaq. Belə ki, mədəniyyət sahəsində bacarıqlı olan dövlət həm də nüfuz sahibidir. Azərbaycanın şəxsi nümunəsi İslam mədəniyyətinin nüfuzunu artıracaq. Azərbaycanlılar təbiətən mədəniyyətə çox həssasdırlar. Azərbaycan musiqisi bu özəlliyi çox gözəl ifadə edir. Mədəniyyətin istənilən sahəsində Azərbaycan incəliyi və səmimiliyi ilə seçilən nümunələrə malikdir. Bunun dünyanın bütün dövlətləri əyani olaraq görüb, konkret təsəvvürlər əldə edəcəklər. Azərbaycan mədəniyyətinin timsalında İslam mədəniyyətinin humanizmi və dərinliyi mütləq bilinəcəkdir. Bütövlükdə İslam mədəniyyətinin humanizmi və bəşəriliyi daha qabarıq görünəcəkdir. Azərbaycanın dövlət və cəmiyyət olaraq bu sahədə dünyaya nümayiş etdirəcəyi nümunələr özlüyündə onun obrazının obyektiv olaraq qəbul edilməsinə yardım edəcəkdir. Əslində, Azərbaycan mədəniyyətin təbliğində ciddi addımlarını atdıqca onun haqqında daha doğru təsəvvürlər formalaşır. Bizim milli mədəniyyətimizin kodları saxlanmalı və dünyada təbliğ edilməlidir. Ermənilərin mədəniyyət nümunələrimizi oğurlamaqda davam etdiyi bir zamanda bunun əhəmiyyəti çox böyükdür.

Bakının İslam mədəniyyətinin paytaxtı olması müsəlman cəmiyyətlərinin bir-birinə daha çox yaxınlaşması üçün də ciddi töhfədir. Ona görə ki, Bakı mədəniyyətlərin qovuşuğunda yerləşən şəhər kimi qədimdən birləşdirici rol oynayır. İslam ölkələrinin ümumi dil tapmasının həm də geosiyasi mənası vardır. Bu, dünyada gedən proseslərin mahiyyətinə uyğundur. İslam cəmiyyətləri ümumi mədəniyyət daşıyıcıları kimi sosial həyatın bütün sahələrində əməkdaşlıq etməli və modern həyat tərzinə yiyələnməlidirlər. Azərbaycan modernləşmə sahəsində bütün İslam dünyasına nümunə ola biləcək səviyyədədir. Bakı obyektiv olaraq İslam ölkələrinin bir araya gəlməsi üçün əlverişli məkandır. 2009-cu il bunu bir daha bütün dünyaya nümayiş etdirəcək.

 

 

Şahin Məhəmmədoğlu 

 

Olaylar.- 2009.- 20 fevral.- S. 5.