Azərbaycanda sosial rifah cəmiyyətinin qurulması
Problemlər və perspektivlər
Azərbaycanda sosial rifah
cəmiyyətinin qurulması kursu davam edir. Sosial rifah cəmiyyəti
müasir Qərb üçün də aktual olan problemdir. İndi
sosioloqlar aydın şəkildə bildirirlər ki, Qərbin
inkişaf etmiş ölkələrinin əksəriyyətində
əsas məqsəd sosial rifah cəmiyyəti qurmaq yox, bir
qrup insanın çox varlanması digər sosial təbəqələrin
isə kasıblaması imiş. Nə qədər paradoksal
olsa da, varlılarla kasıblar arasındakı fərqə
sürətlə artır. Eyni prosesin Rusiyada da getdiyi
haqqında rus sosioloqların təhlillərinə rast gəlmək
olar. Bu məsələ prinsipial məzmuna malikdir. Ona görə
ki, yalnız dövlətin varlanması kifayətedici deyil. Kütlənin
həyat səviyyəsinin yüksəlməsinin konkret tempi
olmalıdır. Bunu deyək ki, Yaponiyada müşahidə etmək
olur, Fransada isə olmur. Baxmayaraq ki, hər iki ölkə
dünya üzrə qabaqcıl mövqe tutur. Və yaxud
ABŞ-da çalışanlaın yalnız məhdud bir qismi
çəkdiyi zəhmətə uyğun əmək haqqı
alır. Digərləri bu məhdud kəsimin hesabına
yüksək maaş alırlar, çünki onların əmək
məhsudlarlığı aldıqlarından azdır. Bu
faktları amerikan iqtisadçıları və sosioloqları
elmi təhlillər əsasında deyirlər. Ona görə də
əmək məhsuldarlığı ilə həyat səviyyəsi
arasında disbalans böyüyür və mümkündür
ki, nə vaxtsa sosial kataklizmlərə gətirib
çıxarsın.
Təəssüf ki, belədir. Eyni zamanda, sürətli inkişaf yolunu seçmiş dövlətlər üçün də bir təcrübədir. Azərbaycanda iqtisadi yüksəlişlə sosial rifah arasında bir uyğunluq müşahidə edilir. Burada da ilk baxışda varlılarla kasıblar arasında böyük fərq görünür. Məsələ prosesin daxili məntiqindədir. Azərbaycan daim cəmiyyətin kasıb təbəqəsinin həyat səviyyəsini qaldırmağa yönələn sosial proqramlar həyata keçirir. Ən əsası isə elmi əsaslandırılmış qaydada əmək haqlarının, təqaüdlərin və sosial müdafiə formalarının artırılması müşahidə edilir. Burada da hər hansı bir sahənin digərlərinə nisbətən çox irəli çıxardılması müşahidə edilmir. Bütün bunların ümumi inkişaf proqramlarında əlamətləri görünür. Büdcənin tərtibində də sosial sferaya üstünlüyün verilməsi əks olunub. Sosial rifah cəmiyyəti tədrici yaradıla bilər. Burada proseslərin obyektiv axarını qabaqlamaq müvəqqəti yüksəliş verə bilər. Ancaq sonrakı mərhələdə böhranların olması qaçılmaz olur. Maraqlıdır ki, bu şəraitdə sosial krizislərin tabe olduğu qanunauyğunluqlarla təbii fəlakətlərin baş verməsi qanunauyğunluqları arasında bir oxşarlıq vardır. Bu da mütəxəssisləri təbiətin özünütəşkili ilə sosial özünütəşkil arasında bir daxili bağlantının olması nəticəsinə gətirib çıxarır. Doğrudur, bu analogiyanın tam anatomiyası məlum deyil, lakin bu fakt riyazi olaraq isbat olunub. Deməli, sürətli inkişaf məsələsində ciddi surətdə nəzərə alınası məsələ sosial həyatın bütün sahələrində harmonik inkişafa nail olmaq faktoru ciddi rol oynayır. Bu prizmadan situasiyaya baxanda əhalinin həyat səviyyəsinin intensiv yüksəlməsi özlüyündə böhran əlaməti daşıyır. Bəlkə də Qərbdə sosial rifah cəmiyyətinin qurula bilinməməsinin kökündə bu disbalans durur. Təbii, onu da nəzərə alaq ki, hər bir cəmiyyətin öz tarixi təcrübəsi var. Bu tarixi təcrübəni mütləq nəzərə almaq lazımdır. Eyni zamanda, müasir cəmiyyətlərdə sosial rifah xətti analoji qanunauyğunluğa tabedir.
Azərbaycan iqtisadiyyatının ilbəil inkişafına uyğun olaraq sosial təbəqələrin əmək haqları və həyat səviyyəsi yüksəlir. Burada populizm zərərlidir. Harmonik yüksəliş isə vacibdir. Onu deyək ki, məmur təbəqəsinin lazımi səviyyədə çalışmaması prosesi ləngidə bilər. Bütövlükdə isə cəmiyyətin strateji xəttini dəyişmək mümkün deyil. Heydər Əliyev tərəfindən yaradılan inkişaf konsepsiyasında insanların həyat səviyyəsinin yüksəldilməsi prioritet olaraq qarşıya qoyulub.
Bunlar Azərbaycanda sosial rifah məsələsində
problemlərin olmaması
deməkdirmi? Qətiyyən
elə deyil. Problemlər var. Bəzən onlar kəskin xarakter də alır. Deyək ki, hələ də paytaxtın yaşıllıqlarının
məhv edilməsi prosesi dayanmayıb. Artıq bəzi ərazilərdə olduqca
təhlükəli durum
yaranıb. İnsanların
gözü qarşısında
ağacları məhv
edib, yerində ticarət obyektləri tikirlər. Qısa müddətdən sonra şəhərdə nəfəs
almaq imkansız olacaq. Bu şəraitdə
hansısa rifahdan danışmaq olmaz. Bunlar da konkret
məmur təbəqəsinin
hələ də müstəqil dövlət
qurmağın nə demək olduğunu anlamamasından irəli gəlir. Bizim vurğuladığımız əsas
məsələ zərbaycanın
dövlət olaraq götürdüyü inkişaf
kursudur. Bu baxımdan sosial rifahın strateji hədəf olduğunu əminliklə deyə bilərik. Problemləri həll edə-edə bu məqsədə
çata biləcəyimizə
əminik.
Şahin Məhəmmədoğlu
Olaylar.- 2009.- 24 fevral.- S. 5.