Xocalının cavabı nə vaxt veriləcək?

 

 “Soyqırım xəstələri” və böyük dövlətlərin “toyuq korluğu”

 

Xalqın tarixində elə hadisələr olur ki, yaddaşa əbədi həkk olunur. Müstəqilliyini əldə edən Azərbaycan xalqına çoxlu sayda təzyiqlər oldu. Ermənilər rusların yardımı ilə torpaqlarımızın işğalına başladılar. Onlar insanlıqdankənar üsullarla faciələr törətməkdən çəkinmədilər. Xocalı tariximizə işğalçının qana və insanlığa hərisliyinin ucbatından faciə kimi düşdü.

Xocalı ilə bağlı çox yazılar yazılıb. O hadisə haqqında bundan sonra da nələr yazılsa, olayın tam məzmununu ifadə edə bilməyəcəyik. Çünki Xocalı xalqın taleyində elə faciədir ki, əvəzi verilməsə, yarası sağalan deyil. Orada şəhid olanların əksəriyyəti qoca kişilər, qadınlar, uşaqlar olublar. Bu insanların türk olmaqdan başqa “suçu” olmayıb. Rus əsgərləri ilə birgə erməni terrorçuları dünyada misli görünməmiş vəhşiliklə qətliam törədiblər. İnsanları diri-diri yandırmaq, torpağa basdırmaq kimi əcayib işlər görüblər. Xocalıda baş verənlərin analoqu hələ bəşər tarixində müşahidə edilməyib. Xocalı hələ bizim üstümüzdə   qisas borcu olaraq qalmaqdadır.

Bizim üçün çox anlaşılmaz olan bir məsələ hələ də özünü insanlığın, hüququn, demokratiyanın müdafiəçisi və himayəçisi sayan dövlətlərin Xocalı hadisəsinə reaksiya verməməsidir. Qərbin, Rusiyanın Avropanın və başqa böyük dövlətlərin həmin soyqırımda baş verənləri görmək istəməməsi olduqca düşündürücüdür. Məsələ heç də orada qətlə yetirilən əli silahsız insanların milli kimliyində deyil. Məsələ odur ki, bu faciəni kimlərsə adi olay olaraq həzm edirsə, onun özü də belə bir faciəni yaşamalı olacaq. Mütləq olacaq. Bu, dünyanın qanunudur. Ruslar və ermənilər bu işin cavabını alacaqlar – kimlər tərəfindən, bu artıq önəmli deyil. Demokratiyadan dəm vuranların isə nələr düşündüklərini deyə bilmərik. Bir onu xatırlatmaq olar ki, (artıq neçənci dəfədir?) bizim parlamentdə Xocalı ilə bağlı sənədli kadrlar nümayiş etdiriləndə Qərb ölkələri diplomatları zalı tərk ediblər. Bu isə onların təkcə diplomat vicdanlarının yox, həm də insan olaraq insanlığa laqeydliklərinin ifadəsidir.

Bəs indi nələr baş verir? Bir-birinin ardınca soyqırımları tanıyırlar. Fransa parlamenti bu yaxınlarda Holokostda iştirakçı olduğunu rəsmən qəbul etdi. Rusların Gürcüstanda etdikləri ilə bağlı beynəlxalq məhkəmə olmalıdır. Kosovoda serblərin törətdikləri cinayətlərə görə, məhkəmə prosesləri hələ də davam edir. Bu olayların heç birinə etirazımız yoxdur. İnsanları günahsız yerə qətlə yetiriblərsə, cavabını versinlər. Lakin bütün bunlar Xocalının yanında xeyli yumşaq hadisədir. Ola bilsin ki, epizodik hallarda Xocalıda baş verənlərə oxşar nələrsə olsun. Məsələn, serblərin hərəkətləri də insanı ürpəndirir. Ancaq birini dünya qəbul edir, bir daha baş verməməsi üçün çalışır, erməni vəhşiliyinə isə heç reaksiya verilmir. Bunun ən pis cəhəti odur ki, ermənilər vəhşiliklərini davam etdirmək üçün dünya birliyindən gizli mandat almış olur. Kosovaya qədər Xocalıda faciə baş vermişdi, Avropa və Amerika kor oldu. Əgər Xocalı ilə bağlı ədalətli və prinsipial mövqe tutulsaydı, bəlkə də Balkanlarda o dərəcədə facilər törədilməzdi, 12 sentyabr hadisəsi olmazdı, çeçenlər kütləvi və vəhşicəsinə qətlə yetirilməzdi və s. Ona görə də Xocalı demokratiya haqqında ağzı köpüklənə-köpüklənə danışanların vicdanında qara ləkədir – onun kimlərin qanı ilə yuyulacağını Allah bilir. Amma mütləq yuyulacaqdır. Bəşəriyyət öz ikili standartları, Allahın qanunlarına sayğısızlığı, insan hüquqlarının birtərəfli qorunması kimi işlərinə görə utanıb “yerə girməlidir”.

Bizə qarşı əsrlərdir ki, böyük imperiyaların apardığı oyunların fərqindəyik. İndi də o proses davam edir. Türk-müsəlman ölkələrini, ümumiyyətlə, Yer üzündən silmək kimi absurd bir işə girişiblər. Məsələ heç də kimin güclü və ya gücsüz olmasında deyil. Tarix belə şeyləri çox görüb. Məsələ ondadır ki, bəşəriyyət tarixdən ibrət dərsini almağı öyrənməyib. Eyni ağılsızlıqlar təkrar-təkrar baş verir. İndi də özünü yer üzünün sahibi hesab edənlərin faciələrinin zamanı gəlib. Onlardan həm də Xocalını soruşacaqlar. Biz dövlətimizi inkişaf etdirməli, ordumuzu gücləndirməli, savadımızı və peşəkarlığımızı artırmalıyıq. Bunun üçün gecə-gündüz çalışmalıyıq. Bütün digər işlərlə yanaşı Xocalının cavabını vermək üçün bunlar lazımdır.

 

 

Şahin Məhəmmədoğlu

 

Olaylar.- 2009.- 26 fevral.- S. 5.