Dağlıq Qarabağ məsələsində yeniliklər
varmı?
Rəsmi Bakının fikrini dəyişməsi
Sankt-Peterburq görüşündən
sonra Dağlıq Qarabağ məsələsinin
həllində hansı yeniliklərin ola biləcəyi barədə
müəyyən müzakirələr
gedir. Rəsmi Bakının buna reaksiyası
məsələyə öz
damğasını vurdu. Prezident Administrasiyası Beynəlxalq Əlaqələr
Şöbəsinin müdiri Novruz Məmmədov mətbuata verdiyi məlumatda Sankt-Peterburq görüşündə heç bir irəliləyişin olmadığını qeyd edib. Rusiya rəsmi
dairələrinin öncə
verdiyi vədlərə
rəğmən Ermənistanın
qeyri-konstuktiv mövqeyi ucbatından tərəflər
ortaq nəticəyə
gələ bilməyiblər.
Diqqəti çəkən
məqam odur ki, Rusiya tərəfi
prosesin müsbət sonuclanması üçün elə bir cəhd
göstərməyib. Rusiya
prezidenti Dmitri Medvedyevin görüşdə iştirakı məsələsi və bu formatda
hansısa irəliləyişin
əldə olunacağına inamın olması fonunda
nəticəsizlik düşündürücü
görünür. Rusiya rəhbərliyi nəyə
görə Sankt-Peterburqda
konkret irəliləyişin
əldə olunmasına çalışmadı?
Rusiyanın
hansı səbəblərdən bunu etmədiyinin konkret səbəblərini
müəyyən etmək çətin deyil. Rusiya öncədən Ermənistanı
müdafiə edir, çünki Dağlıq Qarabağı o ermənilərə “hədiyyə”
edib. Eyni zamanda, Rusiyanın cari geosiyasi maraqları da var. Güney Qafqazda
ABŞ-la apardığı geosiyasi mübarizə fonunda bu maraqların ödənmədiyi
məlumdur. Üstəlik, NATO bölgəyə daha çox nüfuz etməkdədir.
Kremlin enerji layihələri ilə də bağlı yadda qalan uğuru
gözə dəymir. Ona görə də rəsmi Moskvanın hansı səbəblərdən
Dağlıq Qarabağ probleminin həll edilməsində maraqlı olması bizə
elə də aydın deyil. Bunun əksi təəccüblü olardı. İndi
Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin
təkbətək görüşündə müsbət nəticənin
alınmadığını rusiyalı ekspertlər də deyirlər. Ancaq onlar bunun
səbəbini Kremldə axtarmırlar. Hər nə isə S.Sarqsyan
bu dəfə də ağalarının tapşırığını yerinə yetirərək
prosesin irəliləməsinə əngəl oldu.
Bir
şeyi deyəsən, yaxşı hesablamayıblar – rəsmi Bakının səbrinin
bir həddi var. N.Məmmədovun “rəsmi Bakı fikrini dəyişə
bilər” ifadəsini işlətməsi təsadüfi deyil. Doğurdan da
Azərbaycan bu süründürməçi metodlara özünün qəti mövqeyini
bildirməli idi. Prosesi sonsuza qədər bu cür davam etdirmək
mümkün deyildir. Hətta daha cansıxıcıdır. Rəsmi Bakının danışıqlar
formatının dəyişilə bilməsinə işarə etməsi bütün
bunlara görə olduqca diqqətçəkicidir. Faktiki olaraq ATƏT-in
Minsk Qrupu həmsədrləri vəzifələrinin öhdəsindən
gələ bilmirlər. Onlar məsələni süründürməklə
daha çətin durum yaradırlar. Böyük güclərin geosiyasi maraqlarına görə
hərəkət etməsi bu səbəbdən təhlükəlidir.
Azərbaycan dəfələrlə bu haqda xəbərdarlıq
etsə də, hər hansı dəyişiklik gözə dəymir. Problemin
həll edilməsi üçün vasitəçilərdən hər hansı
birinin ciddi cəhd etməsi müşahidə edilmir. İndi Azərbaycan
tərəfi məsələni ciddi qoymuşdur. Onun həll edilməsi
üçün vasitəçilərin hansı addımları atacağı bilinmir, lakin belə
görünür ki, o, öncəki məcrada da davam edə bilməz. Amerika
diplomatiyasının bölgədə fəallaşması fonunda bu, hansı yeniliklərə
gətirib çıxara bilər?
Azərbaycanın
fikrini dəyişməsi altında danışıqları ümumiyyətlə,
dayandırması anlamı da dura bilər. Belə ki, Azərbaycan öz ərazisində
antiterror əməliyyatları keçirmək ixtiyarına malikdir. Ermənilər
danışıqlarda barışmazlıqlarını davam etdirirlər. Onlar torpaqları müharibə
ilə aldıqlarını deyir və həmin yolla Azərbaycanın hərəkət
etməsini istəyən kimi görünürlər. Burada ermənilərin
nəyə ümid etdiyini anlamaq çətin deyil. Onlar Azərbaycanı
müharibə tərəfdarı, bölgədə qarışıqlıq yaradan dövlət
kimi qələmə verməyə çalışırlar. Şübhə yoxdur ki,
ermənilərin bu cür danışmaları arxasında duranlar var. Azərbaycanın
müharibəyə başlaması halında bölgəni tam qarışdırmaq istəyənlər
tapılacaq və onda daha mürəkkəb bir durum yarana bilər. Lakin
Azərbaycanın da öz arqumentləri və savaş üsulları olmamış deyil.
Təbii ki, bizim dövlət hər şeyi ölçüb-biçərək hərəkət
edəcək. Belə ki, Azərbaycan antiterror əməliyyatını
beynəlxalq hüquq çərçivəsində apara və dinc ermənilərin
yaşadıqları yeri tərk etməsinə imkan verməyə bilər.
Hər bir halda Azərbaycan öz ərazisindən terrorçuları təmizləyən
dövlət kimi kənar təzyiqlərə məruz qalmamalıdır. Deməli,
rəsmi Bakının fikrini dəyişməsi real bir işdir. Ona görə də
ermənilər Sankt-Peterburq görüşündən sonra daha dərindən
düşünməlidirlər.
Orxan Güneyli
Olaylar.- 2009.- 11 iyun.- S. 5.