Üç prezidentin
Moskva görüşü
Dağlıq Qarabağ haqqında iki fərqli
fikir
Dağlıq
Qarabağ məsələsinin həlli ilə bağlı proqnozlar səngimir.
Bu məsələyə müxtəlif yanaşmalar var. Politoloqların təhlilləri
göstərir ki, hələlik qəti bir fikir yoxdur. Rəsmi Bakının
Sankt-Peterburq görüşünə münasibətini ifadə etməsindən
sonra versiyaların sayı da artıb. Aydın olur ki, Azərbaycanı proseslərin
gedişatı qane etmir. Rəsmi Bakı problemin həllini artıq tələb
etməkdədir. Maraqlıdır ki, Avropanın özündə belə Dağlıq Qarabağa
Qərbin münasibətindən narazılıq ifadə edilir. Azərbaycanı
enerji əməkdaşlığında əsas tərəfdaş kimi görməkdə
olanlara mesaj verirlər ki, Dağlıq Qarabağ problemini də eyni qərarlılıqla
həll etmək lazımdır. Bu məsələlərin birini digərindən
ayırmaq mümkün deyildir . Ona görə də Qərbin siyasi dairələrində
Dağlıq Qarabağla bağlı düşüncələrin dəyişməsi ehtimalı az
deyil. Bunun nə vaxt real nəticə verəcəyini demək
çətindir. Eyni zamanda, yaxın gələcəkdə proseslərin
gedişi məsələsi aktuallığını saxlayır. Bu sırada analitiklər
Barak Obamanın Moskva səfərinə müəyyən ümidlər bəsləyirlər.
Onların bəziləri hesab edir ki, ABŞ-ın Rusiyanı Qafqazdan sıxışdırmaq
cəhdləri artıb və bunun fonunda Dağlıq Qarabağla bağlı hansısa
razılıq əldə edə bilərlər. Hətta bəziləri
bir qədər də irəli gedərək artıq belə bir
razılaşmanın olduğunu deyirlər. Onlar Moskvada Obama, Sarkozi və
Medvedyevin həmin razılaşmanı bəyan edəcəklərinə
ümidlidirlər. Bununla yanaşı, hələ də bəzi məsələlərdə
razılığın əldə olunmadığı vurğulanır. Onların sırasında Dağlıq
Qarabağın statusu, Laçın məsələsi və məcburi köçkünlərin
öz yurdlarına qaytarılması məsələsi qeyd edilir.
Bunlar
həqiqətə uyğundurlarmı? Bizcə, bəzi politoloqlarımız
emosiyalara qapanırlar. Qafqazdakı hadisələri yalnız
ABŞ-Rusiya-Fransa üçbucağında cərəyan edən hadisələr
kimi qələmə vermək olmaz. Çünki təcrübə göstərir
ki, hətta böyük dövlətlərin razılaşdığı proseslər pozulur.
Digər tərəfdən, hansı səbəblərdən
Moskvada iyul ayında razılaşma ola bilər? Buna ümid verən bir əlamət
varmı? Yəni deyək ki, Ermənistanın mövqeyində dəyişiklik
müşahidə edilirmi? Və yaxud Rusiya hansı səbəblərdən
ABŞ-la Qafqaz məsələsində ortaq nəticəyə gələ
bilər? Həmin politoloqlar bir tərəfdən ABŞ-ın Rusiyanı
Güney Qafqazdan çıxarmaqda olduğunu iddia edir, digər tərəfdən
isə Dağlıq Qarabağ məsələsində ortaq nəticədən
danışırlar. Bunlar bir-birinə zidd iddialardır. Həm də nəzərə
alsaq ki, Dağlıq Qarabağda beynəlxalq qüvvələrin yerləşdirilməsi
məsələsi müzakirə edilir və orada razılıq yoxdur,
yuxarıdakı nikbinlikdən əsər-əlamət qalmaz. Proseslərin
real məntiqi bir qədər başqa mənzərəni ortaya
qoyur. Belə ki, Dağlıq Qarabağla bağlı danışıqlar formatının etibarlılığı
məsələsi daha aktualdır. Yəni bu formatda müzakirələr
davam etsə, sonucunun necə olacağı bəlli deyil. Rəsmi Bakı
ATƏT formatını dəyişmək fikrində olmadığını bəyan
edib. Eyni zamanda, həmsədrlərin fəaliyyətində
bir səmərənin olmadığı da vurğulanır. Əslində, həmsədr
dövlətlərin özləri elə taktika seçiblər ki, problemi həll
etmək yox, süründürmək mümkün olur. Buna görə Moskvada Sarkozi
ilə Obama və ya Medvedyevin hansısa razılığa gələ bilməsi
ehtimalı minimumdur. İndidən proqnoz vermək olar ki, Moskvada Dağlıq
Qarabağla bağlı heç bir nəticə olmayacaq. Orada prezidentlər öz
dərdlərini danışıb, hər biri mümkün qədər daha çox
divident götürməyə çalışacaq. Konkret desək, kimin-kimi daha çox
aldatması məsələsi olacaq. Bunun fonunda Dağlıq Qarabağ məsələsində
hansısa razılığın əldə olunması üçüncüdərəcəli bir
olaydır. Mümkündür ki, ümumi fonda hansısa ümidverici bəyanat olsun. Lakin
Rusiya rəsmi dairələrinin son günlər verdikləri bəyanatlar
göstərir ki, onlar hələ də ermənilərlə azərbaycanlılar
özləri razılığa gəlsin, məntiqində qalırlar. Bu mövqeni
Obama və ya Sarkozinin dəyişə biləcəyinə ümid
etmirik. Onu da demək lazımdır ki, elə ABŞ və ya Fransanın
özünün bu problemə yanaşması problemlidir. Onlar obyektiv olmaqdan hələ
uzaqdırlar. Xüsusilə Fransa ermənipərəst mövqeyi ilə
dünyada məşhurdur. İndiyə qədər fransızlar ermənilərə
hər hansı təzyiq göstərməyiblər, “erməni soyqırımı”
ilə bağlı dünyada ən biabırçı qərarı Fransa parlamenti və
hüquq-mühafizə orqanları verib. Sarkozinin türk dövlətlərinə
münasibəti də ortadadır. Ona görə də Moskvada hər
hansı razılığın əldə olunması ehtimalını sıfır hesab edirik. Dağlıq
Qarabağ məsələsini həll edə biləcək yeganə
qüvvə Azərbaycan xalqı və onun ordusudur. Dağlıq Qarabağa gedən
yol Moskvadan yox, bizim qeyrətimizdən keçir.
Şahin Məhəmmədoğlu
Olaylar.-
2009.- 12 iyun.- S. 5.