Dublyajın cır səsli aktyor səsləri"
Elçin Hami Axundov: "Gərək sürət, obraz yaradasan"
Azərbaycan bədii filmindən fərqli olaraq, animasiya filminin "Qızıl dövrü" olmayıb. Hər il 2-3 animasiya filminin çəkilməsinə baxmayaraq, onlardan heç birimizin xəbəri yoxdu. Ara-sıra adlarını eşidirik, vəssalam. Bir neçə il əvvələ qədər ən azından azyaşlılar üçün "Tık-tık xanım", "Meşəyə insan gəlir", "Humayın yuxusu" cizgi filmləri göstərilirdi və deməliyik ki, hər bir adıçəkilənlər çox sevilirdi. Son illər heç yerdə təqdim olunmayan animasiya filmləri nəyə görə çəkilir, bu bəlli deyil.
Hazırda uşaqlarımız yalnız əcnəbi cizgi filmlərinə baxırlar. Onlar daha çox türk kanallarında yayımlananlara baxsalar ki, yerli kanallarımızda təqdim olunanlar da az maraq kəsb etmir. Azərbaycan telekanalında kifayət qədər məşhur xarici animasiya filmləri yayımlanır. Bu filmlərə uşaqlar çox rahat baxa bilirlər, çünki ana dilinə tərcümə olunur. Əsas problem isə dublyajla bağlıdı. Animasiya filmlərinin səsləndirilməsi bəzən uşaqların diqqətini cəlb etmək əvəzinə, onları qıcıqlandırır və aqressivlik yaradır.
Bir çox hallarda obrazları səsləndirənlərin yersiz qışqırtıları, obraza uyğun olmayan kobud, anlaşılmaz danışıqlarının şahidi oluruq. Son zamanlar isə animasiya filmlərində bu problemin daha qabarıq olduğunu görürük. Animator, "Azanfilm" studiyasının rəhbəri Elçin Hami Axundov bildirdi ki, animasiya filmlərinin səsləndirilməsində müəyyən qüsurların olması təbiidi, çünki heç bir halda tərcümə orijinaldakı kimi ola bilməz: "Səsləndirmənin səviyyəsini orijinaldakı kimi etmək sözsüz ki, çətindi. Daha dəqiq desəm, olmur. Götürək "Disney"in filmlərini. Elə filmləri olur ki, rolları məşhur Amerika kinoaktyorları səsləndirirlər. Belə filmlər sözsüz çox maraqlı və baxımlı olur. Amma bu səviyyədə animasiya filmləri çox deyil. Azərbaycanda dublyaj zamanı da uğurlu iş nadir hallarda olur. Bir də görürsən bəzi obrazlarda səsləndirmə çox yerinə düşür. Amma buna çox təsadüf hallarda rast gəlinir. Animasiya filmlərinin səsləndirilməsi əslində kifayət qədər önəmli işdi. Ümumi götürəndə qənaətbəxşdi".
E.H.Axundovun sözlərinə görə, animasiya filmlərini səsləndirənlər arasında səviyyəli aktyorlar azdı. Onlarda animasiya filmlərinin səsləndirilməsi haqqında yalnış təsəvvür var. Həm də animasiya filmlərinə qeyri-ciddi sənət kimi baxırlar: "Animasiya filmlərinin səsləndirilməsində iştirak edən səviyyəli aktyor azdı. Bu səbəbdən də Azərbaycan dilində səsləndirilən animasiya filmləri o qədər də uğurlu alınmır. Bizim aktyorlar çox vaxt başa düşmürlər ki, burda səsi cırlaşdırmaqla iş bitmir. Gərək sürət, obraz yaradasan. Aktyorların əksəriyyəti bunu anlamır. Deyirlər mutikdidə, səsimi cırlaşdıracam və bununla da iş bitir. Ona görə də səviyyə məsələsi problemə çevrilir.
Animasiya filmlərinin səsləndirilməsində əsas çatışmayan aktyorların iş əməyinin çatışmamasıdı. Animasiyaya ikinci-üçüncü dərəcəli sənət kimi baxırlar. Bir var böyük kino, bir də var balaca kino-multik. Aktyorlar cizgi filminə qeyri-ciddi sənət kimi yanaşırlar. Deyirlər ki, bu uşaqlar üçündü, necə-gəldi hazırlayarıq da. Bu yanaşmadan asılıdı.
Məncə, aktyorlarla ciddi işləmək lazımdı. Teleşirkətlər bütün filmləri Azərbaycan dilində səsləndirməyə məcburdular. Bu məcburiyyət nəticəsində iş necə gəldi görülür. Daha demirlər ki, bu tammetrajlı bir ciddi işdir. Gərək cizgi filmlərinin dublyajını anlayasan. Bir neçə aktyor tapıb, bütün cizgi filmlərini onların öhdəsinə buraxırlar".
Qeyd edək ki, valideynlər adətən qorxulu səsləndirmə ilə yanaşı, sujeti qorxulu olan animasiya filmlərindən də şikayətlənirlər. Belə filmlər uşaqlarda aqressivlik yaradır və onların psixologiyasına mənfi təsir göstərir. E.H.Axundovun bildirdiyinə görə, artıq Avropada bu tipli cizgi filmlərinin çəkilməsi qadağan olunub. Buna baxmayaraq, bu gün ekranlarda mövzusu uşaqların psixologiyasına mənfi təsir göstərən kifayət qədər filmlər yer alır. Ən maraqlısı isə azyaşlıların daha çox dava-dalaş, insan hiyləgərliyi ilə bağlı olan filmləri daha çox sevmələridi. Məsələn, onlar "Qacced əmi"yə qarşı hər gün hazırlanan ölüm planını diqqətlə izləyir və o pislikləri gün ərzində təkrarlamağa çalışırlar. İkinci məqam isə uşaqların qavrama qabiliyyətinin daha yüksək olması və məhz bunları böyük məharətlə qavrayıb, təkrarlamağa meylli olmalarıdı.
Gülər Nizamiqızı
Olaylar.- 2009.- 4 mart.- S. 14.