Mən bütün əsərlərimi gecələr
yazmışam”
İlyas Tapdıq: “ Oxumaq üçün gərək təmiz, aydın
dildə yazasan”
"Təqaüdlə dolanıram"
Bir vaxtlar "yağ
içində böyrək" kimi yaşayan qələm
sahibləri nədənsə, ən çətin günlərini
yaşayırlar. Bəziləri isə hətta problemlərinin
həlli üçün kiməsə müraciət etməyə
belə utanır, çəkinir. Bəlkə də
özünə, adına, bir zamanlar keçdiyi ömür
yoluna, vaxtilə gördüyü yüksək təminatına
sığışdırmır. Bu barədə çox
danışmaq, yazmaq olar. Amma ən böyük fakt mövcud
vəziyyətdir. Bütün bunlarla bağlı
müsahibimiz tanınmış şair, bir çox
kitabların müəllifi-şair İlyas Tapdıqdır.
- İlyas müəllim,
ədəbiyyata gəlişiniz barədə qısa məlumat
verərdiniz.
- İlk
yaradıcılığımda uşaqlar üçün
şeirlərə, nağıllara, poemalara daha çox yer
vermişəm. Müxtəlif dillərdə 20-dən
çox uşaq kitabım, müxtəlif tərcümələrim
var. Mən yığcam sevgi, təbiət şeirləri
yazmışam və ilk kitabım 1958-ci ildə ("Bulaq
başında") çap olunub. 1955-ci ildə "Kəndimizin
çobanı" adlı poemam 30 min tirajla çap olunub. Sonra
həmin əsərim 20 min tirajla rus dilində
çıxıb. 1960-cı ilə kimi 5 kitabım çap
olundu. Həmin kitabları "Azərkitab", rayon məktəblərinin
kitabxanaları götürürdü. İndi bir çox məktəb
kitabxanalarında mənim 5-6 kitabım var. 1970-ci ildə
"Komsomol" mükafatı alan kitabım olub. "Kəsim
və qəlbim", "Bir eşqin şimşəyi",
"Qızlar, qağayılar", "Nağıllı
ağaclar", "Bir gülün qönçəsi" və
s. kitablarım indi də sovet dönəminin əksər
kitabxanalarında var.
- Yaradıcılığınızda nə yeniliklər var?
- Son illərdə də yaradıcılıqdan qalmamışam. Qarabağ hadisələri, 20 Yanvar hadisələri ilə bağlı bir çox şeirlər yazmışam. Mən onları əvvəlkilərindən daha güclü sayıram. Çünki onlar ağlımın yetkin, fikrimin inkişaflı vaxtında yazılıb. Bundan başqa poemalarım olub. Bunların hamısını toplasam, yeddi cildlik kitab olar. Son illərdə uşaqlar üçün "Şeir sevən balalar" adlı, nəfis tərtibatlı iri bir kitabım çap olunub. Çünki bu gün uşaqların tərbiyəvi mövzulara ehtiyacı var. Ümumiyyətlə, sovet dövrünün mövzuları-məktəb, valideynə hörmət, cəmiyyətə sevgi, ağaclara, quşlara qayğı onlar üçün çox vacibdir. Həmin illər təkcə Lenini tərənnüm etmək olmayıb. 50-ci illərdən 90-cı illərə kimi Azərbaycan uşaq ədəbiyyatı böyük bir inkişaf yolu keçib. Mən o inkişaf yolunun mərkəzində dayanan nəşriyyat işçisi olmuşam. Teymur Elçin, Xanımana Əlibəyli, Tofiq Mahmud kimi güclü uşaq şairlərimiz olub. Nəriman Həsənzadənin, Sərdar Əsədin, Əli Kərimin gözəl uşaq şeirləri olub. Azərbaycanda uşaq əsərləri daha yetkin, daha dolğun, kolxozu, sovxozu tərənnüm etməyən, təbiətlə, tərbiyə ilə bağlı idi. Ona görə mən onu çox üstün sayıram. Bizim nəsil-yəni 50-ci illərin ədəbi nəsli-Nəriman Həsənzadə, Cabir Novruz, Tofiq Bayram, Tofiq Mahmud və başqalarından ibarətdir. Bizdən sonra gələn ədəbi nəsil də çox maraqlı oldu. Həmin illərdə daha çox Moskvada təhsil alıb gəlmiş İsa Hüseynovdan çox şey öyrənmişik. O yenilikçi idi. İsa Hüseynovun nəsr əsərlərini oxuyanda hiss edirdik ki, ədəbiyyatda yeni bir nəfəs, ədəbi mühit yaranır.
- Əvvəllər qələm əhli daha təminatlı idi. İndi isə vəziyyət tamam dəyişib. Səbəbi nədə görürsünüz?
- Biz həmin
illərdə çıxan kitablarımızın sayəsində
ruhlanırdıq. Həmin
kitablar bizim yaşayışımızı təmin edirdi.
Bir balaca kitabımız çıxanda bir il onun qonorarı ilə
dolana bilərdik. Düzdür, o kitablar da tez-tez
çıxmırdı. Ancaq yazılan əsərlərin
müəyyən şkalalarla qiyməti, tirajı olurdu. Bəzən
kitabın tirajı çox yuxarı olanda müəllifə
tirajhaqqı da verirdilər. Amma indi tirajhaqqından söhbət
də gedə bilməz. İndi kitablara marağın
azalmasının bir səbəbi də televiziya
kanallarınıni çoxalması ilə bağlıdır.
Bəzən oxucular informasiya bolluğuna
düşdüyündən belə vəziyyət yaranır.
Hazırda dünyada məlumat bolluğu güclü yeri tutur.
Hər hansı hadisə qısa müddətdə yayıla
bilər. Sovet dönəmində isə informasiya axını
indiki qədər deyildi. 1956-cı ildə bir televiziya
yarandı ki, onun da bir kanalı var idi. Onun da verilişləri
səhərdən axşama kimi olardı. Gecə getməzdi.
İndi isə bir çox telekanallar 24 saat işləyir. Həmin
illərin problemləri var idi və ona uyğun da ədəbi
yaradıcılıq qiymətləndirilirdi.
-Bəzən sizi və bir
çoxlarını "60-cı"lardan hesab edirlər...
-60-cı illərdə yeni ədəbi
nəsil gəldi. Şübhəsiz ki, onlar göydən
düşmədi və 50-ci illər ədəbi nəslinin
köynəyindən çıxdı. Şeirdə Əli Kərimin,
nəsrdə İsa hüseynovun, İlyas Əfəndiyev, Ənvər
Məmmədxanlının, İsmayıl
Şıxlının köynəyindən
çıxdılar. Bəzən deyirlər ki, 60-cı illərdə
ədəbiyyatımız belə inkişaf etdi. O doğru
fikir deyil. Sadəcə olaraq 1953-cü ildə Stalinin
ölümündən sonra ədəbiyyat bir balaca
istehsalatdan həyata döndü, həyati hadisələr daha
çox əks olunmağa başladı. Ancaq bununla belə
İlyas Əfəndiyevin "Körpüsalanlar"ı,
"Dağlar arxasında üç dost",
"Söyüdlü arx", "Geriyə baxma, qoca" əsərləri
çox gözəl qarşılandı, yüksək qiymətləndirildi.
Eləcə də bir çox
yazıçılarımızın əsərləri. Bu fonda
gələn bir neçə gənc
yazıçılarımız oldu. Onlardan biri Anar idi. Onun
"Asılqanda işləyən qadın" adlı ilk
kitabı mənim stolumun üstünə gəlib və mən
onu varaqlamışam. Həmin kitabı İsa Hüseynov
redaktə edib. İsi Məlikzadə də çox gözəl
yazıçı olub. Mən Fərman Kərimzadənin ilk
hekayəsini almanaxa daxil eləmişəm. Məşədi Əzizbəyov
haqqında "Ömrümüz, günümüz"
adlı hekayə idi. Sonradan isə çox güclü povestlər
yazdı. Ümumiyyətlə, sonrakı dövrlərin
yazıçılarının da maddi vəziyyəti getdikcə
yaxşılaşmağa başlamışdı. Tutaq ki, bir əsər
yazırdı və onun əsasında nə isə çəkiləndə,
həmin əsərə görə də
yazıçıya qonorar verilirdi. Hətta əsərlərin
radiotamaşasından da qazanmaq olurdu. Əvvəlki
sualınıza bir qədər də aydınlıq gətirim.
Mən 90-cı illərdə Türkiyədə işləyəndə
türk yazıçılarından məndən soruşdu
ki, siz Sovetlər dönəminin yazıçısı
olmusunuz, bəs necə yaşayırdınızğ Mən
dedim ki, bizim bir kitabımız çıxanda istədiyimiz
bir maşını ala bilirik. O heyrətə gələrək
soruşdu ki, ət maşınığ Həsəd
apardı və bildirdi ki, çıxan kitabımıza
görə, heç ət maşını da ala bilmərik.
Türkün o düşüncəsini indi bizim ədəbi
mühitə tətbiq etmək olar. İndi yazıçı
maya qoymalıdır, öz kitabını çap eləməlidir.
Kitab satıla satılmaya, ya qismət. Tirajı da yüksək
olmur. Çünki onun kağızının pulunu ödəmək
çox çətindir.
- İndi nə ilə
dolanırsınız?
- Yazıçıların
çoxu işləyir. Maliyyə şöbəsində, yol
polisində, jurnalda, qəzetdə işləyən
yazıçılarımız, şairlərimiz var. Sovet
dövründə də işsiz yazıçı yox idi. Məsələn,
o vaxt İsa Hüseynov baş redaktor idi. Anar radioda şöbə
müdiri, televiziyada uşaq verilişləri şöbəsinin
müdiri oldu. Sonradan "Qobustan" jurnalında redaktor
işlədi. Fikrət Sadıq "Gənclik" nəşriyyatında
mənim şöbə müdirim idi. Mən özüm
baş redaktor idim, Cabir Novruz "Ulduz" jurnalında baş
redaktor işləyirdi. İndi həmkarlarımdan soruşanda
ki, harada işləyirsən, deyir heç yerdə. İnsan
ixtisasından asılı olmayaraq, bir yerdə işləməlidir.
Mən bir cavan şair tanıyıram, o suvaqçı
işləyir. Yenə də işsizlikdənsə, bu
yaxşıdır. Mənim 75 yaşım var. Təqaüd alıram.
Mənim ədəbiyyat qarşısında xidmətim
olduğuna görə, bu təqaüddə də nəzərə
alınır.
- Təqaüdünüz nə
qədərdir?
- Aldığım təqaüd
ailəni dolandırır. Deməyə ehtiyac yoxdur. Mən
heç vaxt eşitməmişəm ki, rəhmətlik Bəxtiyar
Vahabzadə, ya hansısa akademik desin ki, bu qədər pul
alıram. Məncə, məbləği demək
yüngül çıxır. İndi "Turan" nəşrlər
evində baş redaktoram. Hələlik işimiz dayanıb.
- Son dövrlərdə
biznesmen "şair" və "yazıçılar"
peyda olub. Onlara münasibətiniz necədir?
- Ədəbi
yaradıcılıq belədir ki, heç kimə demək
olmaz ki, biznesmensən, ədəbi yaradıcılıqla məşğul
olma. Bu yaxınlarda Şekspir haqqında bir məqalə
oxudum. Yazırlar ki, o heç bir əsər yazmayıb. Həmin
vaxt Eduard adlı varlı ingilis əsərlər
yazırmış. Sadəcə olaraq, zadəganların əsər
yazması qəbahət sayıldığından əsərlərini
Şekspirə verib. Daha doğrusu, qarşılıqlı
razılaşma əsasında həmin ingilis əsərlərini
Şekspirin imzası ilə yazıb. İnsanların
yaradıcılığına qadağa qoymaq olmaz.
Yaradıcılıq insanların həvəsi, marağı,
dünya görüşü, ürəyinin istəyi ilə
bağlıdır. Mən bütün əsərlərimi nəşriyyatda
işləyəndə gecələr yazmışam. Yuxusuz gecələr
hesabına yaradıcılıqla məşğul olmuşam.
- Qızınız Şəbnəm
xanım, yaxud digər müğənnilər sizin sözlərinizə
bəstələnmiş mahnılar oxuyublarmı?
- Açığı, mən
kiminsə şeirimə yazılmış mahnı
oxumasını xoşlamıram. Çünki yüngül məşhurlaşmadır.
Nə olsun ki, adın çəkildir. İşin keyfiyyəti
olmalıdır. Mahnı şairləri var. İndi Baba Vəziroğlu,
o vaxt Malik Fərrux, Hafiz Baxış yazırdı. Mən
heç vaxt məşhurlaşmaq tərəfdarı
olmamışam. Məsələn, Tofiq Quliyevin
mahnılarının sözlərinin hamısı
yaxşıdır. Ona görə ki, həmin sözləri
Zeynal Cabbarzadə, Rəsul Rza yazırdı. Bəxtiyar
Vahabzadənin, Nəbi Xəzrinin, Fikrət Qocanın, Məmməd
Arazın çox gözəl mahnı mətnləri var. Adını
çəkdiklərim əməkdar incəsənət
xadimidir. Mən tələbə ikən 1954-cü ildə
sözlərimə musiqi bəstələnib.
- Yaradıcılıq
çevrənizdən ən yaxın adamınız kimdir?
- Gəncliyimdən ən
yaxın dostlarım Sərdar Əsəd, Məmməd Araz, Nəriman
Həsənzadə, Söhrab Tahir, Əli Kərim, Sabir Əhmədov,
İsi Məlikzadə olub.
- Sizcə, yaxın dövr ərzində
belə yazarlar yenidən yetişə biləcəkmi?
-
Əlbəttə, yetişəcək. Yaradıcılıqda
torpaq, vətən eşqi, insanlara qarşı yüksək
münasibət yoxdursa, çox çətindir. Mən ədəbiyyatda
məna axtarıram. Nizami, Füzuli, Cəlaləddin Rumi, Əlişir
Nəvai, Vaqif, Nəsimi, Aşıq Ələsgər, Xaqani
niyə yaşayırğ Mənasına görə. Mücərrəd
təfəkkürlə yazıb və heç kim tərəfindən
başa düşülməmək lazım deyil. Gərək
çürük dillə deyil, təmiz, aydın dillə
yazasan.
İntiqam Valehoğlu
Olaylar.- 2009.- 11.- S. 14.