Azərbaycanın enerji strategiyası

 

 Bölgənin təhlükəsizliyini müəyyən edən faktor

 

Azərbaycan bölgənin enerji təhlükəsizliyinin əsas təminatçısı rolunu oynamaqdadır. Güney Qafqazda enerji məsələsi getdikcə daha aktual problem kimi qarşıya çıxır. Azərbaycan qazı və neftinin dünyaya çıxarılması məsələsi özlüyündə bir neçə dövlətin bu işdə iştirakını nəzərdə tutur. O dövlətlərin hər birinin enerji təhlükəsizliyi bu aspektdə Azərbaycanın enerji strategiyasından asılı vəziyyətə gəlib. Maraqlıdır ki, bu asılılıq getdikcə artır. Dünyanın hətta aparıcı dövlətləri Azərbaycanın enerji ehtiyatlarından müəyyən bəhrə götürməyə çalışırlar. Bunun bir səbəbi vardır – Azərbaycan etibarlı tərəfdaşdır və onun daxili durumu stabildir. Dünya səviyyəsində böhran yarandığı halda belə, Azərbaycanda vəziyyət sabit olaraq qalır. Bu məsələ artıq ölkəmizin etibarını sübut etmişdir. Xarici ekspertlər Azərbaycanın enerji daşıyıcılarını ixrac etməkdə kəsintisiz davam edəcəyini və ölkəmizin iqtisadi sisteminin dayanıqlı olduğunu deyirlər. Bu dayanıqlılıq Azərbaycanın enerji təhlükəsizliyi məsələsində rolunu artırır. Böhran başlayandan bu məsələ daha aktual hala gəlmişdir. Xüsusilə, bölgə dövlətləri üçün Azərbaycan enerji daşıyıcılarının əhəmiyyəti çoxalmaqdadır. Gürcüstanla Türkiyə üçün həmin problem qalır. Bu günlərdə sərhəddə yeni keçid-buraxılış məntəqəsinin açılışında Gürcüstan prezidenti və Türkiyənnin baş naziri bildirdilər ki, Azərbaycan qazının Avropaya ötürülməsi üçün etibarlı şərait yaratmışlar. Hər iki dövlət sərhəddə işlərini həmin məqama uyğun qururlar. Azərbaycan enerji daşıyıcılarının Avropaya çıxarılmasında Yunanıstanın rolu artır. Bu yaxınlarda yunan rəsmiləri ölkəmizə səfər etdilər və qazın nəqlində etibarlılığın olmasını istədilər. Onlar Türkiyə tərəfinin qoyduğu tariflərdən narahatlıqlarını bildirirdilər. Deməli, Azərbaycan enerji daşıyıcılarının beynəlxalq miqyasda nəqli özlüyündə bir çox problemin həllini tələb etməkdədir. Bu işlə dünyanın bir neçə dövləti məşğul olur.

Azərbaycanın enerji daşıyıcılarının Şərqi Avropa istiqamətində də nəqli məsələsi gündəmdədir. Avropalılar enerjini almaq üçün bir çox layihələr təklif edirlər. Həmin layihələr bu və ya digər dövlətin təhlükəsizliyi ilə bağlı olur. Bunlar açıq şəkildə göstərir ki, Azərbaycan dünya miqyasında əhəmiyyəti olan enerji ölkəsinə çevrilib. Enerji təhlükəsizliyini Azərbaycansız təsəvvür etmək mümkün deyil. Bu vəziyyət ölkəmizlə bağlı maraqlı məqamlar ortaya atır. Onların sırasında miqrasiya diqqəti çox çəkir.

İndiyə qədər Azərbaycandan gedənlər çox olurdu. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrinə iş dalınca gedirdilər. İndi isə bu prosesin əksi gedir. Azərbaycana iş dalınca gəlirlər. Əmək miqrantları getdikcə çoxalır. Böhran bu prosesə yeni vüsət verib. Ona görə də ölkəmizə gələnlərin sayı artır. Bu da yeni miqrasiya siyasəti yeritməyi tələb edir. Görünür, Azərbaycan buraya axışan işçi qüvvələrini tənzimləmək üçün xeyli tər tökəcək. Eyni zamanda, maraqlıdır ki, azərbaycanlıların xarici ölkələrdə çalışması halları artır. Belə bir beynəlxalq şəraitdə daxili iqtisadi sistemi inkişaf etdirmək strateji əhəmiyyət kəsb edir. Azərbaycanda xarici işçi qüvvəsinin optimal yerləşdirilməsi aktual məsələyə çevrilir. Bu da enerji təhlükəsizliyi ilə müəyyən bağlantısı olan problemdir. O baxımdan Azərbaycanın enerji təhlükəsizliyinin təminatçısı kimi əhəmiyyətinin daha da artacağını təxmin etmək olar. Məsələnin bu tərəfi bölgəmizin gələcəyi baxımından diqqətləri çox çəkir. Tam əminliklə demək olar ki, Azərbaycan bölgə səviyyəsində enerji təhlükəsizliyinin əsas təminatçısına çevriləcək. Onun rolu artdıqca geosiyasi çəkisi də artacaq. Ona görə də Azərbaycanın enerji strategiyası əhəmiyyəti böyük olan bir məsələdir. Bu işin Azərbaycan rəhbərliyi tərəfindən uğurla aparıldığını da müşahidə edirik. Həmin siyasətin nəticəsində dövlətimizin nüfuzu dünyada artır. Enerji təhlükəsizliyi daha aktual məsələ olmaqda davam edəcəyi halda bu tendensiya bölgədə aparıcı olacaq. Deməli, enerji təhlükəsizliyi faktiki olaraq bölgə səviyyəsində Azərbaycanın dövlət kimi inkişafına birbaşa təsir edən faktora çevrilir.

Bunlar Azərbaycanın enerji strategiyasından maksimum fayda götürməkdə olduğunu göstərir. Belə olan halda həmin siyasətin davam etdirilməsi həyati əhəmiyyət daşıyır.

 

 

Şahin Məhəmmədoğlu

 

Olaylar.- 2009.- 11 mart.- S. 5.