Sirli qala - Qız qalası
Unikal memarlıq incisi təhlükədədir
Üzərindən
əsrlər, illər keçməsinə baxmayaraq, Qız
qalasının tarixi hələ də bizlər
üçün sirr olaraq qalır. Bu günə qədər
bu abidə ətrafında müxtəlif versiyaların irəli
sürülməsinə baxmayaraq, onun nə zaman və
hansı məqsədlərlə tikilməsi dəqiq məlum
deyil. Sadəcə ortada müxtəlif versiyalar var. Bəzi
alimlərin qənaətincə, bu qala hərbi və
müdafiə təyinatlı olub, Azərbaycanın şimal sərhədlərindən-Dərbənd
qalasından başlanan bütöv bir hərbi-müdafiə
tikililəri komplekslərinin bir hissəsidir. Gilgilçay
müdafiə istehkamları kompleksi dənizdən
başlanırdı. Çıraqla dağlardakı
böyük qüllə ilə başa çatan bu sədd
boyunca çoxlu qalalar ucaldılmışdı. Lakin alimlər
hələ də Qız qalasının sirlərini aça
bilməyiblər. Məsələn, bu qalanın daha əvvəl
tikilməsi barədə faktlar var. Bir sıra arxeoloqların
fikrincə, Qız qalasının aşağı hissəsinin
2600 il yaşı var. Bu müqəddəs məkanı
Neolit və rkən Tunc dövrünə aid edirlər. Ölkəmizin
tarix və memarlığının unikal nümunəsi olan
Qız qalası təkcə dini, müdafiə və
elmi-astronomik baxımdan deyil, həm də ekzotik baxımdan
çox əhəmiyyətlidir. Elə buna görə də
şəhər folklorunda həm Qız qalasının
özü, həm də onun adı haqqında çoxlu rəvayətlər
var. Həmçinin belə hesab edirlər ki, bir vaxtlar
Bakının yaxınlığında, dənizin içində
Qız qalasına bənzər daha bir qüllə olub. Dəqiq
bilinən isə budur ki, 1235-ci ildə Şirvanşah III Fəriburz
Bayıl buxtasının qayalı adalarının birində
istehkam ucaldıb. Burada uzunluğu 180, eni 40 metr olan
düzbucaqlı formada bir qəsr var. Qəsrin dövrəsinə
qalınlığı 1,5-2 metr olan qala divarı çəkilmiş,
divarda 15 keşikçi qülləsi düzəldilmişdir.
Qalanın yuxarı hissəsi boyunca 400 metr uzunluğunda nəsə
yazılmışdır. Bu mətndə Şirvanşahlar
sülaləsinin nəsil şəcərəsi təsvir
edilib. Qalanın salamat qalan daşlarının birinin üzərində
yazılan "Bəndəri-Bakı", yəni Bakı
limanı sözləri var. Bu, şəhərin girəcəyində
ucaldılan dəniz qalası idi. Çünki hələ XIX
əsrin axırlarında Şirvanşahların güclü
donanması var idi. XII əsrdə monqollar uzun müddət bu
qalanı mühasirədə saxlamış, toplardan atəş
açaraq, qalanı xeyli dağıtmış, lakin onu sata
bilməmişdilər. Bu qəsr-qala sahildən 350 metr
aralıda yerləşir. 1306-cı ildə baş vermiş zəlzələdən
və onun ardınca Xəzərdə suyun səviyyəsi
qalxandan sonra həmin ada və oradakı qala suyun altında
qalıb. Arxeoloji kəşfiyyat zamanı dənizin dibindən
üstü yazılı 7 minə yaxın daş, gil
qabların fraqmentləri və mis sikkələr
tapılıb. İndi həmin daşların bir neçəsi
Şirvanşahlar sarayının həyətində saxlanılır.
Suyun altında qalan qalanın özü isə "şəhri-səba",
"Səbail qəsri" və ya "Bayıl
daşları" adı ilə məşhurdur.
Qız qalası-müdafiə
qalası
Qız qalası
memarlıq üslubuna görə Şərqdə yeganə
abidə hesab olunur. Qalanın cənub-qərb tərəfində
yerdən təxminən 14 metr hündürlükdə kitabə
həkk olunub. Kufi xəttində yazılan bu kitabə cəmi
4 sözdən ibarətdir. "Məsud ibn Davud türbəsi".
Bu yazı Məsud ibn Davudu qalanın memarı hesab etməyə
əsas verir. Bu yerdə onu da əlavə edək ki, adı
çəkilən şəxs öz dövrünün məşhur
memarlarından biri olub. Hündürlüyü 28, diametri,
divarlarının qalınlığı aşağı tərəfdə
5, yuxarı tərəfdə isə 4 metr olan Qız qalası
silindr formalı əsas hissədən və ona bitişik
bütöv çıxıntıdan ibarətdir. Onun tikilməsi
barədə bir çox fərziyyələr mövcuddur.
Birinci fərziyyəni irəli sürənlər onu feodal
müdafiə qalası hesab edirlər. Məlumdur ki, 12-ci əsrin
sonu, 13-cü əsrin əvvəlləri feodal
Bakısının çiçəklənmə
dövrü olub. Bu dövr tarixə intibah dövrü və
ya intibah mədəniyyəti kimi daxil olub. Tarixi mənbələrdə
göstərilir ki, Şirvanşah 1-ci Axsitan təqribən
1175-ci ildə Bakı yaxınlığında rusların 73 gəmidən
ibarət donanmasını məğlub etmiş və Xəzərlərin
işğal etdiyi Şabran və Dərbəndi geri
almışdır. Düşmənin dəniz tərəfdən
hücum təhlükəsi Şirvanşahı dəniz sahilində
müdafiə qalası tikməyə vadar edib. Belə qənaətə
gəlmək olar ki, Qız qalası istər dəniz, istərsə
də quru tərəfdən müdafiə qalası olub. O,
çox möhkəm və hündür tikildiyindən
lazım gəldikdə orada hərbi müşahidələr
aparmaq, gözlənilən təhlükəni qonşu qalalara
xəbər vermək, qısamüddətli
sığınacaq və s. üçün xali etmək
mümkün idi. Belə ehtimal olunur ki, hərbi əməliyyatlar
zamanı Qız qalasında 250 nəfər adam yerləşə
bilirdi. İrəli sürülən fərziyyələrdə
o da bildirilir ki, abidə indi gördüyümüz tikintidən
ibarət olmayıb. Onun şimal tərəfində
qazıntı zamanı Şah Abbas darvazasına doğru uzanan
qala divarları ilə birləşən divar və
yarımbürc qalıqları nəzərə
çarpır. Qız qalasının cənub-şərq tərəfindən
ikimərtəbəli ev hündürlükdə dayaq-divar da əvvəllər
mövcud bina ilə bitişən daşların
qalıqları çıxıq şəklində indi də
mövcuddur. Məhz, bu çıxıqlar olan tərəfdə
abidənin 5-6-cı mərtəbələri arasında
qapı yeri qalıb. Yəqin ki, bu qapı yeri vaxtilə buraya
qalaya bitişik olan binanın üstü ilə əlaqə
saxlamaq üçün istifadə olunub. Qeyd edək ki,
tikilinin divarında olan kitabənin tipik formalı kufi xətti
onu 11-12-ci əsrlərə aid etməyə imkan verir.
Restavrasiya işləri
düzgün aparılmayıb
Vaxtilə düzgün bərpa olunmayan Qız qalasında yenidən təmir başlanıb. Təmiri həyata keçirən Almaniya şirkəti görülən işə 50 il zəmanət verib. "Azərbaycanın tarixi memarlıq abidələrindən biri olan Qız qalasında artıq bir neçə vaxtdır ki, təmir-bərpa işləri aparılır. Buna səbəb vaxtında Qız qalasında düzgün restavrasiya işlərinin aparılmamasıdır. Bunun nəticəsində qalanın artıq bəzi daşları korroziyaya uğrayıb. Buna görə də İçəri şəhər dövlət tarixi-memarlıq qoruğu idarəsində tez bir zamanda təmir-bərpa işlərinə başlanılması qərara alınıb. Atmosfer təsirləri nəticəsində bəzi hissələrində daşlar ovulub tökülüb. XIX əsrin ortalarında şimal hissəsindən vurulmuş əhəng məhsulu öz təsirini artıq itirməkdədir. Buna görə də İçəri şəhərin bərpa və konservasiya olunması məsələsi ortaya çıxdı" deyə sektor rəhbəri Elxan Məmmədov bildirib: "Ötən ilin ortalarında Almaniyanın "Remmer" firmasının nümayəndələri Bakıya gələrək, qalaya baxış keçiriblər. Onlar qaladan bəzi süxur nümunələri götürərək, Almaniyada laboratoriyada tədqiq ediblər və qala daşlarına uyğun gələn və xüsusilə tarixi abidələrin bərpası üçün hazırlanmış tikinti materialları hazırlanıb. Firmanın Azərbacandakı nümayəndəsi Çingiz Nemanzadə deyir ki, hazırda qalada elə daşlar var ki, tamamilə korroziyaya uğrayıb. Belə getsə yaxın zamanlarda onlar dağılacaq. "Qalanın hasarlarında elə yerlər də var ki, onların düşmə təhlükəsi çox böyükdür. Vaxtilə restavrasiya zamanı elə daşlar qalaya yapışdırılıb ki, onlar öz keyfiyyətinə görə qədim zamanlarda Qız qalasında istifadə olunan daşlara tam uyğun deyildir. Bizim prinsip ondan ibarətdir ki, biz tam dağılmaq təhlükəsində olan əski daşları yerində-divarın içində saxlayaraq xüsusi tarixi abidələr üçün hazırlanmış bərpa maddələri ilə bərkidirik və onlara ikinci həyat veririk". Firmanın nümayəndəsi yaxın 50 il ərzində qalanın hər hansı təmir-bərpa işlərinə ehtiyac olmadığına zəmanət verir və bunu tikinti materiallarının tərkibinin möhkəmliyi ilə izah edir. "Belə ki, onların sement tərkibi yoxdur. Hamısı mineral maddələrdən hazırlanıb". Qeyd edək ki, sınaq işləri Qız qalasının şimal hissəsində aparılır. Gətirilən materialların hamısından qalanın bu fasadında hissə-hissə istifadə olunacaq. Artıq martın 13-dən sınaq işləri başa çatıb və Azərbaycandan olan nümayəndə heyəti bura baxış keçirib. Bu seçimdən sonra isə aprel ayından qalanın bütövlükdə təmir-bərpa işlərinə başlanılacaq. Bu prosesin isə ən azı 6 ay vaxt aparacağı bildirilir.
Tarixi-mədəni və Təbii İrsin Qorunmasına Nəzarət İctimai Birliyinin rəhbəri Aytəkin İmranova isə tarixi abidələrin restavrasiya işlərindən danışarkən ümumiyyətlə bərpa işlərinin qeyri-professional şəkildə aparıldığını qeyd edib. O, bildirib ki, tarixi abidələrin bərpası adı altında aparılan təmir-bərpa işləri heç bir standartlara cavab vermir: "İndiki vəziyyətdə bərpa deyilən bir şey yoxdur. Qanuna görə, tarixi-memarlıq abidələrinə yalnız elmi-bərpa şurasının təsdiq olunmuş layihəsi əsasında yaxınlaşmaq olar. Hazırda şəhərdə aparılan təmir bərpa işləri tarixi abidələrin bərpasına deyil, onların dağılmasına gətirib çıxarır" deyən A.İmranova bildirib ki, qeyri-professional şəkildə aparılan təmir bərpa işləri nəticəsində daşların strukturu pozulur.
Hər halda digər tarixi abidələr kimi, Qız qalası da tariximizin qaranlıq qalan sirlərindən xəbər verən möhtəşəmlik rəmzidir. Bu tarixi qalıqların sirlərinin çözülməsi isə ancaq onlara qayğı və mərhəmət dolu səvgiylə yanaşdıqda mümkün olur. Əgər bu gün bir çoxlarımız müasir "göydələnlər" ucaldaraq, tarixi kökümüzü yaşadan abidələrimizi kölgədə qoyub, arxa plana keçiririksə, bu zaman tək əzəli kökümüzü deyil, eyni zamanda milli mənsubiyyətimizi, mənlik şüurumuzu, milli heysiyyatımızı da tapdalayaraq, ayaqlar altına atmış oluruq.
Aygün Telmanqızı
Olaylar.- 2009.- 31 mart.- S. 6.