Dağlıq
Qarabağ məsələsi
ətrafında proseslər
intensivləşir
ABŞ
diplomatiyası yeni addımlar atır
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı proseslərin sürətləndiyini müşahidə edirik. ABŞ diplomatiyası bu istiqamətdə demək olar ki, hər gün sürpriz gedişlər edir. İndi Praqada Türkiyə, Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsi ehtimalından danışırlar. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri isə Vaşinqtonda bir araya gələcəklər. Hillari Klintonun onlarla görüşəcəyi haqqında xəbərlər yayılır. Amerikanın bu addımları təbii ki, dünyada maraqla izlənir. Əcəba, ABŞ Qafqaz münaqişələrində təşəbbüsü ələ almışdırmı? İnsafən, bu ölkə diplomatlarının son vaxtlar bölgəyə ən çox səfər etdiyinin şahidiyik. Metyu Brayza 5 həftədə 6 dəfə buraya gəlmişdir. İndi də proseslər daha yüksək səviyyədə intensivlik kəsb edir. Ona görə də Dağlıq Qarabağla bağlı proseslərin perspektivi üzərində düşünmək olar.
Rusiya faktorunu unutmaq olmaz. Rusiya Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin yaranmasına yaşıl işıq yandırmaqla suallar yaratdı. Bəlkə o, Azərbaycanla yaxınlaşmaq üçün özünə əlverişli şərait yaradırdı? Hər bir halda Azərbaycanla Rusiya arasında əməkdaşlıqla bağlı müəyyən hərəkətlilik özünü göstərdi. Lakin məsələ ona bağlıdır ki, müasir siyasətdə əsas arqumentləri uzun zaman gizlətmək mümkün deyil. Taktiki üstünlük stratejidə faciə ilə nəticələnə bilər. Rusiya da Azərbaycanla əməkdaşlığın uzun müddətə olması üçün bir şərtə əməl etməlidir – səmimi olmalıdır. Bundan kənarda hər hansı uğurdan söhbət açmaq mümkün deyildir. Rusiyanın başqa yolu yoxdur. Ona görə də onun Ermənistanı Türkiyənin ağuşuna atıb, Azərbaycanı qazanmaqla bağlı planlarının olduğu ağlabatan deyil. Real olanı odur ki, Rusiya Güney Qafqazda Amerikanın artan fəallığına qarşı nələrsə qoymağa məcburdur. Bunun fonunda onun hansı işləri görəcəyinə nəzər salmaq olar.
Belə təəssürat yaranır ki, ABŞ-dan fərqli olaraq Rusiya elə bir şey təklif edə bilmir. Deyək ki, ABŞ diplomatik yolla konkret təkliflər irəli sürür. O cümlədən, Azərbaycanın 5 rayonunun qaytarılması haqqında danışıqlar gedir. Rusiyanın da bu prosesə dəstək verdiyi görüntüsü var. Lakin təməldə Rusiya Ermənistan vasitəsi ilə əsl istədiklərini deyir. Ermənistanın son addımları isə göstərir ki, o, hələ də absurd düşüncələrdən imtina etməyib. Ermənistanın Rusiyanı buraxıb, ABŞ-ın planlarına uyacağını gözləmək risqlidir. Bunlara baxmayaraq, proseslər yerindən tərpənib, keçmiş qaydalarla yaşamaq imkansız hala gəlib. Eyni zamanda, Dağlıq Qarabağ məsələsinin həllindən Ermənistanın daxili həyatının taleyi asılıdır. Ermənilər iki suyun arasında qalmaqdadırlar. Türkiyə yolu onları xilas edə bilər. Türkiyədə Azərbaycan prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Araz Əzimovun, bu ölkənin yeni xarici işlər naziri Davutoğlu ilə apardığı danışıqlar bu baxımdan diqqətləri çəkdi. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri öncəsi bu görüş olduqca vacib idi. A.Əzimovun açıqlamasına görə, Türkiyə tərəfi ilə bəzi suallar razılaşdırılıb, bəziləri isə hələ aydınlıq tələb edir. Lakin təməldə hər iki ölkənin bölgədə maraqlarının bir olduğu qəbul edilib. O əsasda Azərbaycanla Türkiyənin koordinasiyalı hərəkət edəcəyi şübhə doğurmur. Ərdoğanın Rusiyaya Bakıdan getməsi də Azərbaycanın önəmindən xəbər verir. Rəsmi Ankara Güney Qafqaz istiqamətində nüfuzunun artmasında Azərbaycanın maraqlarının tapdanmayacağına təminat verməlidir. Görünən odur ki, Amerika Güney Qafqaza Türkiyə vasitəsi ilə daxil olur. Təcrübəli türk diplomatiyası ağıl və ədalətlə Qafqaza nüfuzu davam etdirir. Buradan aydın olur ki, Praqa görüşü bir çox mənalarda həlledici ola bilər (əgər baş tutsa). Bundan sonra məsələnin sürətlə həll olunacağı iddiasından uzağıq. Əsas məqam bütövlükdə həll prosesinin yönünün dəyişməsindən ibarətdir. Belə ki, əgər Azərbaycanın ərazi bütövlüyü əsas şərt olaraq qəbul edilib, onun üzərində həll prosesi qurulursa, sonuc müsbət ola bilər. Ərdoğan Moskvada ikinci Cənub Axını ilə bağlı razılığa gələ bilsə, bu məqam da Dağlıq Qarabağ məsələsi prizmasında əhəmiyyət daşıyacaq. Bu, Azərbaycan qazının Gürcüstanla yanaşı, Rusiya vasitəsi ilə Türkiyəyə ötürülə biləcəyindən xəbər verir. Özlüyündə bütün tərəflərə sərf edən variantdır. Təbii ki, bu yeni şərait Dağlıq Qarabağ məsələsində tamamilə yeni bir situasiya yaratmış olur.
Gülər Nizamiqızı
Olaylar.-
2009.- 7 may.- S. 8.