Siyasi partiyalar sistemində inteqrasiya qaçılmazdır

 

Zahid Oruc: "Partiyalar klassik məzmuna qayıtmağa məhkumdurlar"

 

Azərbaycanın siyasi səhnəsində çoxsaylı partiyaların mövcudluğu heç də bu arenanın rəngarəngliyinə öz töhvəsini verə bilmir. Əslində eyni ideologiya, eyni siyasi xətti fəaliyyət istiqaməti müəyyən edən partiyalar arasında güclü rəqabəti gözləmək də sadəlövlük olardı. Bu səbəbdən qarşısına hakimiyyət uğrunda mübarizə aparmaq kimi böyük iddianı qoyan partiyaların inteqrasiyası zərurəti meydana çıxır. Təəssüf ki, uzun müddətdir, ölkənin siyasi arenasında bu prosesin getdiyinin şahidi olmamışıq. Müsahibimiz millət vəkili, Ana Vətən Partiyasının sədr müavini Zahid Orucdur.

- Zahid müəllim, ölkədə keçirilən referendumdan sonra Azərbaycanın siyasi həyatında, daha dəqiq desək, siyasi partiyaların fəaliyyətində nə kimi dəyişikliklər müşahidə olunur?

- Referendum dövlət quruculuğunun mühüm mərhələsi olaraq əhəmiyyətli siyasi tədbirlərə yol açmış oldu və şübhəsiz ki, müstəqil bir ölkə üçün sovet keçmişindən xilas olmaqda başlıca rol oynayan Konstitusiyamızı daha da təkmilləşdirdi. Xalqla dialoq olan bu kampaniya əslində hakimiyyət məsələlərini həll etmirdi. Çünki, millətimiz cəmi dörd ay öncə dövlət birincisini müəyyənləşdirmişdi və bu baxımdan öz-özlüyündə bu akt ilk növbədə ictimai-siyasi həyatımızda fəal rol oynayan qüvvələrin gələcəyinə əhəmiyyətli təsir edəcək. Konstitusion dəyişikliklərin hər birinin vacibliyini qeyd edərək, heç birini xüsusi ayırmadan demək olar ki, idarəçilik mexanizmi və vətəndaşlar arasında konfrontasiya yaradan baryerlər ortadan qalxmış oldu. Dəyişikliklərin əsas fəlsəfəsinə diqqət yetirsək, deməliyik ki, referendum ölkənin sabahında həlledici amil kimi şəxsiyyətin önəmini artırdı. Şübhəsiz ki, siyasi palitramızda da bu faktor özünü göstərəcək. Belə ki, iqtidar güclü liderə malik olduğundan bu siyasətin davamlılığına inam hakimiyyətin qətiyyətini yüksəldəcək və təbii ki, bu, ölkədə sabitləşdirici rol oynayacaq. Ona görə, 2013-cü ilə yönələn destruktiv elementlərin bəri başdan pozuculuq təzahürləri, təşkilatlanması və real gücə çevrilməsi avtomatik əngəlləşmiş oldu. Deməli, uzun müddət siyasi səhnəni tutan və hakimiyyət uğrunda mübarizədə son şansını xərcləyən anti-iqtidar dairələrin planları dəyişəcək.

- İddia edirsiniz ki, gələcək kontekstində təhlil apararkən partiyalararası ittifaqlar özünüqorumanın yeganə vasitəsinə çevriləcək?

- Bəli, belə olacaq. Yəqinlik üçün gəlin bizim siyasi sistemimizin mühüm bir hissəsi olan partiyaların palitrasına baxaq. Əslində istənilən sivil ölkədə cəmiyyətin mədəni, iqtisadi və siyasi inkişafı iqtidar və müxalifətin birgə demokratik fəaliyyətindən asılıdır. Bu isə öz növbəsində insanların müxtəlif ideologiyalar ətrafında  təşkilatlanmasını vacib edir. Müstəqilliyin ilk illərində çoxpartiyalılıq proqram müddəaları ilə silahlanmış və təbii ki, dağıdıcılıq potensialını özündə daşıyan ambisiyalı adamların toplusu idi. Həmin insanlar elan etdikləri partiyaları yeni dövrün tələblərinə uyğunlaşdıra bilmədilər. Onların bir çoxu Azərbaycana münasibətdə də sovetlər əleyhinə yönəlmiş metodlardan yararlanırdılar. Bu inqilabi romantizmin iflası Xalq Cəbhəsinin hakimiyyətdən salınması ilə də bitmədi. Çünki hərəkat kimi təsis olunmuş Cəbhənin partiyaya çevrilməsi və normal qaydalar əsasında siyasi həyatda özünə yer tutması 2003-cü ilə qədər davam etdi. Deməli, həmin  partiyaların çoxu dinc dövrdə özlərinin fəaliyyət mühiti, daxili və beynəlxalq əlaqələr şəbəkəsini qura bilmədilər. Elə bu səbəbdən də çoxsaylı mövsümi ittifaqlar yaranaraq tarixin arxivinə atılıb. Buna baxmayaraq, partiyalar klassik məzmuna qayıtmağa məhkumdurlar. Bunun üçün isə Azərbaycanda siyasi partiyalar sistemində inteqrasiya qaçılmazdır. Referendumdan sonrakı Azərbaycan platforması eyni olan təşkilatların bir araya gəlməsini və güclü partiyalar sistemi kimi fəaliyyətini zəruri edir. Çünki əvvəlki şərtlər əsasında  ölkənin birinci statusuna iddia etmək mümkün deyil.

- Onsuz da indi aktiv qüvvələrin sayı təbii seçimdən keçərək özünün optimal həddinə çatıb. Belə halda partiyaların birləşməsi yollarını necə görürsünüz? Partiyaların inteqrasiyası prosesində ideologiya hansı rol oynaya biləcək?

- Uzun müddət siyasətdə hər kəsin həqiqi yerini müəyyənləşdirmək çətin idi. Seçkilərin nəticəsi əsasında şkalada imkanları dəyərləndirmək ənənəsinə sahib deyildik. Dediyiniz partiyaların yaratdıqları əsatirlər, ətrafındakı təsir qruplarının və media strukturlarının hesabına formalaşmış obrazlar müasir dövrdə işə yaramır. Yəni, indi bir qəzet vasitəsilə partiya kimi mövcudluğunu imitasiya etmək asan deyil. Gərək insanları mütərəqqi  ideallarla ətrafında saxlaya biləsən, ictimai qidalandırasan və ölkənin gələcək həyatına yönəlik baxışlara malik olasan. Bunlar isə  kütləvi xalq partiyası adına iddia edərək əslində qapalı institutlar kimi fəaliyyət göstərirlər. Həqiqətdə isə yalnız güclü lider respublika miqyaslı təşkilat yarada bilər. Necə ki, ulu öndərin xarizması hesabına ümumölkə səviyyəli və müxtəlif təbəqələri təmsil edən partiya yarandı. Digərlərinin isə bu statusa iddiası qeyri-realdır. Gəlin misal göstərək, Xalq Cəbhəsi hərəkat kimi müxtəlif baxışlı insanları bir araya gətirmişdi. Sonra AXC irsinə sahiblik uğrunda mübarizə bu təşkilatı beş yerə parçaladı. Bir liderin ideyası işığına toplanmış və Azərbaycanın itirilmiş torpaqlarını qaytarmaq vəzifəsini qarşısına qoymuş AXC-nin özünün birliyə ehtiyacı vardı. Başqa tərəfdən, Cəbhə ideologiya etibarilə demokratik cəmiyyətin ruhu və prinsipləri ilə uzlaşmır. Bilirsiniz ki, xalq cəbhələri ötən əsrin ortalarında Avropa ölkələrində faşizm təhlükəsinə qarşı müqavimət gücü kimi meydana çıxıb. Sonra onlar arenadan getdilər. Bu hazır resept bir də SSRİ-nin dağıdılması zamanı yada düşdü. Artıq heç kəsə sirr deyil ki, xalq cəbhələri sosialist məkanına və SSRİ-yə dəqiq təşkilati model və ideya kimi sadəcə ixrac olunub. Onun müəllifliyinə yalnız həmin dairələr iddia edə bilər. Baxmayaraq ki, Burbulis və başqaları milli azadlıq mübarizəsinin ilk hərəkətverici qüvvəsi olan cəbhəçiliyin konseptual müəlliflərindən sayılır. Öz missiyasını başa vurduqdan sonra Xalq Cəbhəsi yeni dövrə transformasiya etməli idi. Bizdə bunu bir hərfin artırılması ilə gerçəkləşdirsələr də mahiyyət dəyişmədi. Çünki cəbhəçilik siyasi mühitdə barrikada ruhunu, düşərgə təfəkkürünü və radikallığını ehtiva etdi. Üstəlik, sonrakı illər hakimiyyətdən kənarlaşdırılmış qüvvələr də bu bloka qoşuldular. Məsuliyyətlə deyirəm ki, siyasi sistemdə nə qədər cəbhəçilik şüuru və metodu olacaqsa, inteqrasiya çətin gedəcək. Əslində normal siyasi sistemlərdə xalq cəbhələrinə yer yoxdur. Bu ideoloji mahiyyətdən kənara çıxa bilməməyin nəticəsidir ki, hətta eyni düşərgədə olduğu Müsavatla da bir araya gələ bilmirlər. Əlbəttə, keçmişdən gələn barışmazlıq və birinci şəxs amili rol oynayır. Bununla belə, müsavatçılıq ideologiyası da vahid bir platformaya çevrilə bilmir. Yalnız ona görə ki, bunu vaxtilə siyasi zireh kimi irəliyə sürənlərin özü müsavatçılıq ideologiyasını ümummilli məsələlərdən daha çox hakimiyyət uğrunda mübarizədə və şəxsiyyətə yönəlik hücumlarda istehlak etdilər. Halbuki, Cümhuriyyət qurucularını öz qarşısına yalnız keçmiş irsi çıxarmaqla fəaliyyət aparmaq dövrü bitib. Məhz buna görədir ki, bir az potensialı olanlar öz gələcəklərini əslində xeyli cazibədar olan bu fundamental ideya təmsilçiləri ilə bir yerdə görmürlər.

- Nəzərə almaq lazımdır ki, hakim cinahda da partiyaların təmərküzləşməsi müşahidə olunmur. Bu prosesin sürətləndirilməsinə necə təkan vermək olar?

- Mən siyasi sistemin həqiqətən məhz ideoloji əsaslarla təsnifatlaşmasının tərəfdarıyam. Çox istərdim ki, sol və sağ partiyalar, mərkəzçi təşkilatlar, liberal və millətçi qüvvələr kimi özünü elan etmiş  təsisatlar arasında vahid ideya, vahid lider və vahid təşkilat formulu gerçəkləşə bilsin. Əks halda sağçı partiyanın İslam platforması əsasında fəaliyyətinə gərək təəccüblənməyək. Bu sovetcəsinə birləşmə və vahidləşməyə çağırış deyil. Çoxpartiyalılıq nominal mövcudluq olan 50 partiyanın yığnağı deyil. Güclü 5-6 partiya siyasi sistemin yaxşı funksiyalanmasını təmin edə bilər. O ki qaldı qanunlar vasitəsilə buna təsir göstərmək, heç şübhəsiz majoritar sistem güclü partiyalar spektrini formalaşdırmağa imkan vemir. Lakin partiyalar haqqında qanuna müəyyən dəyişiklik etmək olar. Partiya təsis etmək tələbləri dəyişilsə, məsələn, üzvlük norması artırılsa, onun üçdə iki regionları əhatə etməsi tələbi qoyulsa, partiyaların maliyyələşməsinin seçici səsindən asılılığı müəyyənləşsə, bu siyasi sistemin təkmilləşməsinə kömək edərdi. Həmçinin, iqtisadi amilləri də partiya quruculuğunda mühüm alətə çevirmək gərəkdir. Bu halda ideoloji amorfluq ortadan götürülər, normal siyasi mədəniyyət mühiti formalaşar və partiyaların ideyaları əsasında inteqrasiyası baş verər. Yoxsa, bizdə partiyaların çoxu dövlət və millət idarəçiliyində yerini tapa bilməyəcək. Yeri gəlmişkən, tarixi bir misalı xatırladım. Bir dəfə ulu öndər Heydər Əliyev özünü ona opponent statusunda aparanlara dedi ki, hakimiyyətdən qopub gedənləri öz ətrafınızda cəmləşdirməyə çalışmayın, öz ideyalarınızın təbliği ilə tərəfdarlarınızı toplayın! Bu o deməkdir ki, partiyalar narazı insanların sığınacaq yeri yox, dövlət qarşısında dayanan vəzifələrin həlli məsuliyyətini, proqramını və gücünü ifadə edən insanların fəaliyyət meydanıdır.

                                                                                                                                                                                                                                                                                                                                                 

 

Alim 

 

Olaylar.- 2009.- 7 may.- S. 4.