Azərbaycana qarşı növbəti alçaq terror törədildi

 

          Bu oyunun arxasında duranlar cəzalarını almalıdırlar

 

          Ehtiyat etdiyimiz başımıza gəldi. Xarici bədxahların Azərbaycanın müstəqil siyasət yeritməsindən narahat olaraq, cəmiyyətimizdə silkələnmələr yaratmaq cəhdlərinin olacağını bu aspektdə terror təşkil edə biləcəklərini təxmin etmişdik. Təəssüf ki, Azərbaycanda son illərin bəlkə ən amansız terror aktlarından birini törətdilər. Terrorun ali məktəblərdə törədilməsi olduqca alçaq bir əməldir. Lakin müasir siyasətin zərrə qədər insanlığı qalmayıb. Ona görə Azərbaycan cəmiyyətinin daha monolit olması xarici təxribatlardan sarsılmaması çox vacibdir.

         Hadisəni törədənin kimliyi diqqətləri çəkir. Onun Borçalıda anadan olması, son 15 ildə Rusiyada yaşaması, valideynlərinin ziyalı olması indi Podolskda yaşaması haqqında məlumatlar verilib. Qatilin təbiətən sakit olması barədə onu tanıyanlar məlumat veriblər. Yəni təbiətən aqressiv deyilmiş. Hadisənin baş verməsi isə qatilin hazırlıqlı olduğunu göstərir. O, soyuqqanlı hərəkət edib, yaralılara əlavə atəş açırmış. Qadına, qıza baxmadan hamını güllələyən qatilin zombiləşdirildiyi məlum olur. Ekspertlər hesab edir ki, qatil xüsusi olaraq intiharçı qatil kimi hazırlanıb. Fərda Qədirovun radikal dini qruplarda, terrorçu təşkilatlarda hazırlandığı versiyası da var. Üstəlik, üzərində uzun müddət savaş üçün güllələr olub. Bu da onu göstərir ki, qatilə bir qədər müqavimət göstərmək tapşırılıbmış. Üzündə maskanın olması isə özünü tanıtmamaq istəyindən xəbər verir. Yəni onun üzərindən çıxan sənədin qatilə aid olmaması versiyası da mümkündür. Bunlar əsasında bu qətliamın təşkil olunduğunu qatilin tək hərəkət etmədiyini deyə bilərik. Azərbaycanlı bəzi ekspertlər bu versiyaya üstünlük verirlər. Onu da deyək ki, terrorun məhz Neft Akademiyasında törədilməsi Azrbaycanın enerji siyasətinə işarə ola bilər.

         Bir maraqlı informasiya terrorçunun faciəni törətdiyi gün Rusiyadan alınıb. Rusiyanın baş prokuroru Azərbaycanı Şimali Qafqazdakı terrorçulara maliyyə yardımı etməkdə günahlandırıb. Daha konkret desək, o, Azərbaycandan kuryerlərin Şimali Qafqazdakı terrorçulara maliyyə apardığı iddiası ilə çıxış edib. Bu böhtan Bakıda baş verən olayla müqayisədə çox düşündürücüdür. Məsələ ondan ibarətdir ki, Azərbaycan heç zaman terrora dəstək verməyib. Onun özü dəfələrlə terrora məruz qalıb. Sirr deyil ki, 1988-ci ildən bu yana rus-erməni kəşfiyyat orqanlarının birgə planları ilə minlərlə soydaşımız qətlə yetirilib. Qatillərin bir neçəsi birbaşa Rusiyadan göndərilib. Neft Akademiyasında terror törədən Azərbaycana 1 ay öncə Rusiyadan gəlib. Politoloq Vəfa Quluzadə işi ilə əlaqədar Rusiya kəşfiyyat orqanlarının dünyanın müxtəlif yerlərində terror təşkilatlarına etdiyi yardımlardan xəbəri olduğunu deyib. Fələstinliləri, kürdləri, erməniləri Rusiya ərazisində hazırlayıb, terror törətməyə göndərirdilər. Ona görə Rusiya tərəfdən Azərbaycana qarşı belə bir ittihamın bildirilməsi əslində bizləri hədələməkdir. Qatilin seçilməsində xüsusi marağın olması istisna deyil. Birincisi, Gürcüstanla Azərbaycan arasında gərginlik yaratmaq. Gürcüstanda siyasi gərginliyin fonunda kimlər üçünsə bu, çox lazım ola bilər. İkincisi, Azərbaycan cəmiyyətində parçalanma yaratmaq. Bir bölgəni digərlərinə qarşı qoymaq, azərbaycanlıları bu əsasda qarşı-qarşıya gətirmək istəkləri ola bilər.

         Bütün bunlar Azərbaycan dövlətinin dünya üçün əhəmiyyətinin artdığını göstərir bizim daha ehtiyatlı diqqətli olmağımızı şərtləndirir. Azərbaycan cəmiyyətində çaxnaşmaların yaranması yalnız düşmənə sərf edir. Onlar bilirlər ki, bizim dövlət sürətlə inkişaf edir, öz maraqlarını daha ciddi surətdə qoruyur. Bu proses artıq dönməz xarakter alıb. Azərbaycan Güney Qafqazın lideri ən sabit ölkəsi olaraq dostları sevindirdiyi kimi, düşmənləri qıcıqlandırır. Bu bölgənin digər dövlətlərində problemlər artır, iqtisadi tənəzzül özünü göstərir, Azərbaycan isə inkişafından qalmır. Bu proses ölkəmizin bütün sahələr üzrə yeni inkişaf səviyyəsinə çıxmaqda olmasının təsdiqidir. Xüsusilə, Dağlıq Qarabağ məsələsində bizim dövlətin mövqeyini bütün beynəlxalq təşkilatlar dəstəkləməkdədir. NATO yetkilisinin ərazi bütövlüyümüzü dəstəkləmək haqqında məlum bəyanatından sonra situasiya hər kəs üçün aydın oldu. Yəni NATO əsgəri güc olaraq, Azərbaycan məsələsində ərazi bütövlüyü prinsipini əsas götürəcək.

         Təbii ki, Bakıda törədilən qətliamın bütün təfərrüatlarını hüquq-mühafizə orqanlarımız aşacaq. Lazımi tədbirlər görüləcək. Cinayətin xarici dəstəkçiləri cəzalarını alacaqlar. Lakin ictimai sabitliyin qorunması bizim üçün əsas meyar olaraq qalmalıdır. Azərbaycan cəmiyyətinin birliyi düşməni qorxudan əsas faktordur. Birliyimizi heç bir emosiyaya qurban verməməliyik. Təmkinli Azərbaycan xalqı məhz bu cür davranacaq. Terror qurbanlarının ailələrinə səbr diləyirik. Bu, hamımızın faciəmizdir, hamımızın vurulmasıdır.

        

 

          Şahin Məhəmmədoğlu 

 

          Olaylar.- 2009.- 2-4 may.- S. 5.