"Məktəblə elə məktəbin həyətində vidalaşmaq yaxşıdır"

 

 İnsanların əksəriyyəti belə düşünür

 

Məktəbi bitirmək, 11 illik təhsili başa vurmaq özü artıq bir nailiyyətdir. Bu illər ərzində yaxşı təhsil ala bilən gələcək üçün əməlli-başlı mənbə yarada bilir. Məktəb illərinin həyatımızda qoyduğu başqa izlər var. İlk öncə əlifbanı öyrəndiyimiz məktəb, əslində, bizim üçün həyatın da əlifbasını öyrədir. Dünyagörüşümüzün formalaşmasında, vətən, ana sevgisinin aşılanmasında məktəbin rolunu heç kim dana bilməz. Çoxları elə ilk sevgini məhz məktəb illərində hiss edir. Elə bütün bunlara görə məktəbi bitirən gənclər doğma məktəbləri ilə 11 ilə layiq şəkildə vidalaşmaq istəyir. Həyatlarının növbəti pilləsinə başlamaq üçün. "Son zəng" anlayışı da elə burdan meydana gəlir. Çoxlarının yaddan çoxdan çıxardığı ilk zəngin sədası bizləri bir qədər hürkütsə , son zəngin səsi bir o qədər kədərləndirir. Amma etmək olar ki, yeni bir başlanğıc üçün məktəblə vidalaşmaq lazım gəlir. Yəqin elə bu səbəbdəndir ki, məzunların çoxu "Son zəng" mərasimlərinin təntənəli keçirilməsinin tərəfdarıdır. Söhbət apardığımız məzunların əksəriyyətinin bu fikirdə olduğunu gördük. Onların arzuları hansısa bir məhdudiyyətlərə sığmır. Amma reallıqlar da var.

Məlum olduğu kimi bu il mayın 31-i bazar gününə təsadüf etdiyi üçün ənənəvi son zəng mərasimi mayın 30-da qeyd olunacaq. Təhsil naziri Misir Mərdanov məzunların təhlükəsizliyi baxımından mərasimlərin məktəbin həyətində keçirilməsinin tərəfdarı olduğunu bildirib. Məzunların şəhərdə, kütləvi şəkildə Milli Parkda gəzməsinə qarşı çıxan nazir bu zaman onların başına gələcək hansısa bir hadisədən nazirliyin heç bir məsuliyyət daşımayacağını bildirib. Qeyd edək ki, məktəblərin həyətində keçiriləcək tədbirlərdə isə uşaqların təhlükəsizliyini təmin etmək üçün Bakı şəhər Baş Polis İdarəsinə, rayon icra hakimiyyətlərinə müraciət olunaraq şagirdlərin təhlükəsizliyinin təmin olunması istənilib. Qısası, bu il məzunlar öz son zənglərini məktəbin həyətində keçirməklə məhdudlaşmalı olacaqlar. Təbii ki, kənarda gəzmək arzusunda olanların məsuliyyəti artıq onların valideynlərinin özlərinin üzərinə düşür. Şagirdlərin bir çoxu isə şəhərdə gəzməmək üçün elə bir ciddi əsas görmürlər.

Bunu onlarla apardığımız söhbətlər göstərdi. İlk müsahibimiz Aysel hələ 9-cu sinifdə oxuduğunu deyir. Amma onun sözlərinə görə, məktəblə vida mərasimi yadda qalan şəkildə olmalıdır. Belə ki, məktəbin həyətində müxtəlif tədbirləri hər zaman keçirmək olur. Amma "Son zəng" bundan fərqli olmalıdır ki, yaddaqalan olsun. Aysel hesab edir ki, məktəblə elə məktəbin həyətində vidalaşmaq olar.    

Amma məktəbdə tanış olduqları sinif yoldaşları, sonradan dostlaşdıqları uşaqlarla məktəbdənkənar bir yerdə gəzmək, maraqlı gün keçirmək lazımdır. Çünki sonradan belə məqamlar yaddaşlarda yaşayır: "Təbii ki, bəzən məzunlar xoşagəlməz hərəkətlər edir. Kiminsə qarşısını kəsir, hündürdən səs-küy salır. Buna hər bir insan özü cavabdeh olmalıdır". Təranə bu il məktəbi bitirən məzunlardandır. Onun sözlərinə görə, qəbul imtahanlarına hazırlıq başını elə qatıb ki, heç məktəbin son iki ilinin necə gəlib-keçdiyini unudub: "Bu səbəbdən məktəblə vida mərasiminin Milli Park yaxud məktəbin həyətində olmasından asılı olmayaraq yadda qalan bir gün kimi qeyd olunmasını çox istəyirəm. Adətən "Son zəng" mərasimləri elə məktəbin həyətində belə, çox səs-küylü keçirilir. Kimin söz dediyini, kimin rəqs etdiyini anlamaq olmur. Ona görə səliqəli təşkil olunan hər dəfə xatırlayanda kədər qarışıq sevinc hiss edəcəyim, sifətimə təbəssümün qonacağı bir tədbir istəyirəm".

Digər həmsöhbətimiz isə artıq ikinci kurs tələbəsi olan Çinarə oldu. Çinarənin bu mərasimlə bağlı öz fikirləri var: "Biz iki il əvvəl son zəngimizi ancaq məktəbin həyətində keçirdik. Mərasimdə müəllimlər bir aşağı sinif şagirdləri iştirak etdi. Mən orta məktəbi rayonda bitirmişəm". Məzunların "Son zəng" günü şəhərdə gəzməsinə gəlincə isə, Çinarə bununla razı olmadığını deyir. Müsahibimiz bunun səbəbini belə izah edir: "Məzunlar şəhərdə gəzəndə bəzən özlərini necə aparmaq lazım olduğunu yaddan çıxarırlar. Çox şahidi olmuşam ki, yoldan ötən qızlara xoşagəlməz sözlər atırlar, ətrafdakı insanlara əhəmiyyət vermədən ağıllarına gələn sözü danışırlar. Xoşagəlməz hərəkətlər edirlər. Ona görə mən məzunların şəhərdə boş-boşuna gəzməsinin tərəfdarı deyiləm. Bu məktəbi bitirən uşaqlara yaraşmır. Heç uşaqların özü də bu mərasimdən bir şey anlamır. Kənardan bu ancaq bir gəzinti təsiri bağışlayır. Yadda qalan bir məqamın olduğunu zənn etmirəm". Gülnar isə belə hesab edir ki, 11-ci sinfi bitirən insan yalnız təhsilin bir pilləsi ilə vidalaşır. Ona görə məktəblə vida mərasimi elə məktəb çərçivəsində keçirilsə, daha yaxşı olar. Çünki uşaqlar məktəblə vidalaşır. Adilə xanım isə valideyndir. Onun övladı bu il məktəbi bitirməsə , müsahibimiz uşaqların şəhərdə gəzməsinin tərəfdarıdır. O, hesab edir ki, 11 il bir sinifdə oxuyan uşaqlar bu günə çox böyük önəm verir: "Ona görə onların bu gün yaxşı gəzməsini mən istəyirəm". Səbail rayonundakı Məmməd Rahim adına 7 saylı məktəbin müəlliməsi Gülnarə xanım deyir ki, onlar illərdir ki, son zəng mərasimini məktəbin yanında olan "Sahil bağı"nda keçirir. Uşaqların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlərin görüldüyünü deyən məktəbin müəllimi tədbirlərinin çox yaddaqalan olduğunu vurğulayır.

Göründüyü kimi müsahiblərimiz arasında müxtəlif fikirdə olan var. Kimisi bu mərasimin məktəbin həyətində keçirməklə məhdudlaşdırılmasını istəsə , məzunların şəhərdə gəzməsinin tərəfdarı olanlar da oldu. Amma müsahiblərimizin əksəriyyəti hesab edir ki, məktəblə vida elə bu doğma məkanın həyətində qeyd olunsa, daha yaddaqalan olar. olsa, şəhərdə gəzmək hər zaman var. 

 

                                                                                                                                                             

  Aygün

 

  Olaylar.-2009.- 27 may.- S. 6.