Zaur Axundov: “Məqsədimiz
Avropa çempionatının final mərhələsinə vəsiqə
qazanmaqdır”
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın rəsmi saytına müsahibə verib. O, milli komandamızın Avropa çempionatının əsas seçmə mərhələsindəki çıxışını, eyni zamanda ölkə futzalının hazırkı durumunu dəyərləndirib.
- Azərbaycan millisinin Avropa çempionatının əsas qrup mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?
- Komandanın qarşısına qrupu birinci pillədə başa vurmaq və ardıcıl 4-cü dəfə Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmaq tapşırığı qoyulmuşdu. Təəssüf ki, bu vəzifənin öhdəsindən gəlmək üçün son oyunda 1 qolumuz çatmadı. Heç-heçə olacağı təqdirdə belə, qrupun lideri olacaqdıq. Ancaq unutmayaq ki, Ukrayna millisi də Avropanın güclü komandalarından biridir. Bu yığma qitənin "Top 5-liy”ində yer alır. Rəqib lazım olan işləri əvvəlcədən görmüş, bizim Belçika və Danimarka milliləri ilə oyunlarımızı təhlil etmişdi. Onlar çalışdılar ki, biz meydanda özümüzə xas olan oyunu nümayiş etdirə bilməyək. Bu da rəqibin təcrübəli olmasından və peşəkarlığından irəli gəlir. İndi bütün diqqətimizi pley-off oyunlarına yönəltmişik. Məqsədimiz gələn il Serbiyada keçiriləcək qitə birinciliyinə vəsiqə qazanmaqdır.
- Baş məşqçi Tino Perez daha çox yerli futzalçıların xidmətindən istifadə etdi. Bəziləri ilk dəfə rəsmi oyunda millinin formasını geyinirdi. Onların çıxışı sizi qane etdimi?
- Yerli oyunçuların hələ cəmi 50 faizi milliyə dəvət edilmişdi. AFFA rəhbərliyinin və federasiyanın məqsədi millini yeniləməkdir. Artıq 5-6 yeni futzalçı dəvət edilib. Baş məşqçi isə cəmi 4 aydı ölkəmizdə çalışır. O, bütün oyunları izləyir. Bu gün 4 liqada 70-dən artıq komanda iştirak edir. Artıq seçim var. Üstəlik, U-21 komandasını da yaratmışıq. Həmin komandaya ancaq yerli oyunçular dəvət edilir. Baş məşqçi onlarla da işləyir və gələcəkdə həmin oyunçuların xidmətindən istifadə etməyi düşünür. Çalışırıq ki, onları beynəlxalq oyunlara peşəkar futzalçı kimi hazırlayaq. Bu sahədə işlər görülür. Son seçmə oyunlarda baş məşqçinin yerli futzalçılara güvəndiyini hər kəs gördü. Xüsusilə də, Danimarka yığması ilə oyunda yerli futzalçılar daha çox oynadılar, qollar vurdular. Bu prosesin uğurlu alınması üçün təbii ki, müəyyən vaxt lazımdır.
- Son vaxtlar daha çox yerli futzalçıların azlığı ilə bağlı tənqidi fikirlər səsləndirilirdi. Qrup oyunları zamanı onların xidmətindən istifadə olunması bu sahədə yaranan problemin tədricən həll edildiyini deməyə əsas verir?
- Hər bir idman
növündə olduğu
kimi, futzalda da bu proses
gedir. Ancaq əcnəbi futzalçıların
xidmətindən dünyanın
əksər ölkələri
yararlanır. Bakıya
gələn Belçika
millisinin heyətində
yer alan
futzalçılardan 10-u əcnəbi
idi. İspaniya, İtaliya, Rusiya
kimi yığmaların
əksəriyyətini Braziliyadan
cəlb edilib vətəndaşlıq verilən
futzalçılar təşkil
edir. Onların yanında yer alan yerli
oyunçular müəyyən
təcrübə toplayırlar.
Gənc futzalçılar üçün
bu vacibdi. Əgər 4 il
əvvəl yığmanın
heyətində 9 Braziliya
əsilli futzalçı
meydana çıxırdısa,
bu gün onların sayı xeyli azaldılıb. Hər şeyi baş məşqçi təkbaşına
edə bilməz.
O, kənardan taktiki tapşırıqlar verir.
Amma meydanda, azarkeş kütləsinin qarşısında
oynamaq üçün
psixoloji baxımdan hazır olmaq lazımdı. Gənclər üçün təcrübəlilərlə
oynamaq bu baxımdan rahat olur. Yeri gəlmişkən, azarkeşlərimizə qrup
oyunları zamanı yığmanı yüksək
səviyyədə dəstəklədiklərinə
görə təşəkkür
edirəm.
- Millinin növbəti rəsmi sınağı sentyabrda olacaq. Rəqib isə iyunun 10-da bilinəcək. Hazırlıq planı necə olacaq və potensial rəqiblərdən
hansılarla qarşılaşmaq
istərdiniz?
- Moldovada beynəlxalq turnir keçirilir və yığmamız da iştirak edir. Baş məşqçi ilə danışmışıq, səfərə əsasən yerli gənc futzalçılar aparılıb. Gənc futzalçıların təcrübə toplaması, beynəlxalq oyunlara hazır olması üçün istər turnirlər, istərsə də hazırlıqlar zamanı maksimum faydalanırıq. Rəqibləri tanıyırıq. Kimliyindən asılı olmayaraq, məqsədimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Hazırlıq üçün hər cür şərait yaradılıb. 2008-ci ildən futzal federasiyasına rəhbərlik edirəm. İlk gündən AFFA rəhbərliyi tərəfindən böyük dəstək var. Buna görə də assosiasiya prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Yığma üçün faydalı olan beynəlxalq turnirlərdə, təlim-məşq toplanışlarında iştirakımız üçün hər cür şərait yaradılıb və yaradılmaqdadır. Bu şəraitin qarşılığında müsbət nəticələr qazanmaq vacibdir. Millimiz ardıcıl 3 dəfə Avropa çempionatının final mərhələsinə qatılıb. Görülən işlərin nəticəsidir ki, bu gün futzalımız reytinq siyahısında xeyli irəliləyib. İndi isə yenilənmə prosesi gedir. Əsasən gənclərə şans veririk.
- Ölkə çempionatının güclülər dəstəsində də rəqabət artıb. "Xəzər adaları”nın gəlişi, "Fənər”in güclənməsi turnir cədvəlində gərginlik yaradıb...
- Çempionat istədiyimiz səviyyəyə çatıb. Bu gün nəinki Avropada, dünyada sayılıb-seçilən futzalçıların əksəriyyəti klublarımızın formasını geyinir. Böyük rəqabət yaranıb. Son 10 ildə çempion "Araz” idi. Amma yeni klubların rəhbərləri ilə danışmışıq, onlar da yeni nəslin yetişdirilməsində maraqlıdılar. Bu gün çempionatda 4-5 komanda arasında rəqabət var. Əvvəl "Araz”la hansısa komanda oynayarkən, heç baxmağa da dəymirdi, çünki "Araz”ın qələbə qazanacağı dəqiq idi. Ancaq indi fərqli mənzərə ilə qarşılaşmışıq. Hər oyunda fərqli nəticə qeydə alına bilər. İstəyim çempion olan komandanın ölkəmizin adını avrokuboklarda da yüksəklərə daşımasıdı. "Araz” 2 dəfə "Dördlər finalı”na vəsiqə əldə etməklə və 2 dəfə bürünc medal qazanmaqla böyük uğur əldə edib. Bu nəticəni yaxşılaşdırmaq lazımdı. Bu, Azərbaycan futbolunun uğuru olacaq.
- Əvvəlki müsahibələrinizdə klubların sayının artırılmasına çalışdığınızı bildirmişdiniz. Artıq 4 liqada 70 klub yarışır. Məqsədinizə nail olduğunuzu söyləmək olarmı?
- Hələ yeni
klubların sayı artacaq. Bu
il 15 komandanın daha
1 il gözləməsini xahiş
etdik. Buna səbəb
oyunların keçirildiyi zalların
sayının az olmasıdı. Təxminən
2 aydan sonra ölkəmiz
mötəbər bir yarışa - I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bununla
əlaqədar əksər zallarda təmir,
yenidənqurma işləri görülür.
Hazırda "ABU Arena”, "Dinamo” və Şağan Olimpiya Kompleksinin
zalından istifadə edirik. Bu da futzalın kütləviliyini
göstərir. Gələn il
komandaların sayı bir qədər də
artacaq. Regionlarda da komandaların olmasına
çalışırıq. Bu məsələ
gündəmdədir. Sumqayıt, Quba, Lənkəran,
Gəncə kimi bölgələrdə
komandaların yaradılması ilə bağlı
danışıqlar aparırıq. AFFA-nın dəstəyi
ilə buna nail
olacağımıza inanıram. İstənilən halda, hazırkı mənzərə milli üçün
bazanın yaradıldığını göstərir.
Olimpiya dünyası.- 2015.- 24-27
aprel.- S.7.