“Ölkəmizə ilk qızıl
medalı qazandırdığım üçün çox
xoşbəxtəm”
Ölkəmizdə keçirilən I Avropa Oyunları artıq tarixə qovuşdu. Azərbaycan bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etməklə öz gücünü dünyaya bir daha nümayiş etdirdi. İdmançılarımızın yüksək səviyyəli çıxışı isə Oyunları əsl bayrama çevirdi. Azərbaycana I Avropa Oyunlarının ilk qızıl medalını karateçimiz Firdovsi Fərzəliyev qazandırdı. Bu uğuru ilə idmançımız adını nəinki Azərbaycan, eləcə də, Avropa idmanı tarixinə yazdırdı. Bugünlərdə karateçimizlə görüşərək onun yarışlara hazırlıq prosesi, Oyunlarda iştirakı, əldə etdiyi uğurlar barədə söhbət etdik. Maraqlı müsahibəni oxucularımıza təqdim edirik.
- Söhbətimizə idmana gəlişindən başlayaq. Necə oldu karate ilə məşğul olmaq qərarına gəldin?
-
1993-cü il iyulun 10-da Bakıda anadan
olmuşam. Bakının Ceyranbatan qəsəbəsində
doğulub, böyüyüb boya-başa çatmışam.
İdmanla 6 yaşından məşğul
oluram. Karateyə sinif yoldaşımın
sayəsində gəlmişəm. Məhlədə
uşaqlar tez-tez deyərdi ki, qonşuluqda karate üzrə məşqlər
keçirilir. Bir gün mən də məşqlərə
baxmağa getdim. Onlara tamaşa edərkən,
düzü, daxilimdə məşq edənlərə
yaxşı mənada paxıllığım tutdu
(gülür). Evə gələrək valideynlərimə
dedim ki, karate ilə müşğul olmaq istəyirəm. 1999-cu ildən indiyədək bu idman
növünün sirlərinə yiyələnirəm. İlk məşqçim Eldar Hacızadə olub.
O, Sumqayt şəhərində yaşayır. Hazırda
məşqçim yığma komandanın baş məşqçisi
Rəhman Hətəmovdur. Məşqçilərimin
mənim üzərimdə böyük zəhməti var. Rəhman
müəllim mənə çox köməklik göstərib.
Yarışa hazırlıq dövründə əlavə
vaxtlarda da məşqlərimə köməklik göstərib.
Buna görə məşqçilərimə dərin
minnətdarlığımı bildirmək istəyirəm.
- Ailənizdə
idmana maraq var idimi?
- İdmana ən çox atamın marağı var.
Düzü, ailəmizdə mənim idmanla məşğul
olmağıma əvvəlcə etiraz edirdilər. 3 qardaş 1
bacıyıq. Bacım ibtidai sinif müəlliməsidir.
Böyük qardaşım Azərbaycan
Memarlıq və İnşaat İnstitutunu bitirib.
- Nəyə
görə evdən karate ilə məşğul
olmağına etiraz edirdilər?
-
Böyük qardaşım musiqiyə həvəsi çox
idi. Qarmon dərslərinə gedirdi. O biri
qardaşım isə nağarada ifa edirdi. Onlar istəyirdilər
ki, məndə tarda ifa edim və bir musiqi ansamblı yaradaq.
Amma mənim musiqiyə bir o qədər də həvəsim
yox idi. İndi qardaşlarım tamamilə
fərqli sahədə çalışırlar. Həm də uşaqlıqda çox cılız
idim. Valideynlərim deyirdilər ki, idmanda əzilərəm.
Atam zarafatla deyərdi ki, soğanlı yeməklər
yemirsən, səndən idmançı olmaz. Hətta məni məşqdən çıxarmaq
istəyirdilər. Bir dəfə məşqçim
Eldar müəllim evə gələrək istedadlı
olduğumu deyərək, mənim idmanda qalmağımı
valideynlərimdən xahiş etmişdi. Sonradan
elə oldu ki, idmana bağlandım və bu sahədə
uğurlar qazandım. Şükürlər
olsun ki, idmanı atmamışam.
- İdmanda uğurların çox olub?
- Uzun illər
karate ilə məşğul olsam da, 2009-cu ilədək
ölkə çempionu adını qazana bilmirdim. İkinci və
üçüncü olsam da, 9 il ölkə
çempionu ola bilmədim. 2009-cu ildə bu
"tilsimi” qıraraq birinci oldum. 2010-cu ildə
də ölkə çempionatında birinci yeri tutdum. 2011-ci ildə hərbi xidmətə yollandım.
2013-də hərbi xidmətdən
qayıtdım. İl yarım idi ki, məşq
etmirdim. Formaya düşmək
üçün ciddi məşqlərə başladım.
Sonra yenidən yığma komandanın bir
nömrəli idmançısı kimi özümü təsdiqlədim.
Sonradan Avropa və dünya
çempionatlarında, beynəlxalq turnirlərdə
uğurlar qazandım. Qətərdə və
Hollandiyada keçirilən yarışlarda mükafaftalayiq
yerlər tutdum. Yarışlarda neçənci
olmağımdan asılı olmayaraq, bu mənim
üçün böyük təcrübə idi.
- I Avropa
Oyunlarına hazırlıq prosesini necə keçmişdin?
-
Keçən ilin noyabrında Almaniyanın Bremen şəhərində
keçirilən dünya çempionatından sonra yoxlama
yarışı keçirildi. Mən həmin
yarışda birinci oldum. Sonra dünya
çempionatına yollandım. Dünya
çempionatında medal qazana bilməsəm də, bu mənim
üçün böyük təcrübə oldu. Yeni ildən məşqlərimiz daha da intensivləşdi.
Döyüşlərdə birinci olduğumu
sübut etdim və Avropa Oyunlarında ölkəmizi təmsil
etmək hüququ qazandım.
-
Yarışqabağı sənə ən çox kim dəstək olurdu?
- Məşqçilərimlə
yanaşı mənə ən çox komandamızın
lideri Rafael Ağayev dəstək olurdu. Yarışa
6 ay qalmış Rafaellə birgə məşqlər etdim.
Onunla Bakıda birgə kirayədə
qalırdıq. Evim çox uzaq olduğu
üçün Rafael mənə şəhərdə
qalmağı məsləhət gördü. Məşqlərə çatmaq üçün
iki saat əvvəldən evdən çıxmalı olur,
neçə marşrut dəyişirdim. Gündə
iki məşq olanda vaxtımın böyük hissəsini
yollarda itirirdim. Avropa Oyunlarına bir ay
qalmış, demək olar ki, evə getmirdim. Məqsədim Avropa Oyunlarında qalib gəlmək
idi. Mənə göstərdiyi maddi və
mənəvi dəstəyə görə Rafael Ağayevə
minnətdarlığımı bildirirəm.
- Karatenin Avropa Oyunlarının proqramına
salınması xəbərini necə
qarşılamışdın?
- Karate qeyri-Olimpiya
idman növü olsa da, dövlət tərəfindən diqqət
və qayğı ilə əhatə olunub. Bu
növün Avropa Oyunlarının proqramına
salınması elə bu diqqətin nəticəsidir. Azərbaycan
Prezidenti cənab İlham Əliyevə minnətdaram ki,
karatenin proqramma salınmasına dəstək verdi.
Qeyd edim ki, bu yarışlardan sonra karateyə
axın daha da çoxalacaq.
- Avropa Oyunlarının ilk qızıl
medalçısı adını qazananda hansı hissləri
keçirdin?
- Avropa Oyunlarında ilk medal qazanan azərbaycanlı
idmançı İlahə Qasımova oldu. Ölkəmizə
ilk qızıl medalı qazandırdığım
üçün çox xoşbəxtəm. Həmin vaxt keçirdiyim hissləri sözlərlə
ifadə etmək qeyri-mümkündür. Qalib
olanda etdiyim hərəkətləri belə
xatırlamıram. Sonra öz-özümə
baxıb deyirdim ki, bu mənəm? Mənə
mükafatı ölkə başçısı təqdim
etdi. Bu, mənim üçün
böyük şərəfdir. İndi hər
şey mənə yuxu kimi gəlir. İyunun
29-da keçirilən görüşdə qızıl
medalçılara cənab Prezident tərəfindən
"Şöhrət” ordeni, gümüş və
bürünc medalçılara "Tərəqqi” medalı təqdim
edildi.
Gənc yaşda belə bir mükafat
qazanacağımı ağlıma belə gətirmirdim. Bu, mənim
üçün gözlənilməz hədiyyə oldu.
İndi üzərimdə böyük məsuliyyət
hissi var. Qarşıdakı yarışlarda daha böyük nəticələr
əldə etməliyəm.
- Bir qədər
səni bu uğura aparan yoldan danışaq. Avropa
Oyunlarında çıxışlarını necə
xatırlayırsan?
- Mənim
üçün ən çətin görüş
yarımfinal qarşılaşması oldu. Rəqibimə
4:3 hesabı ilə uduzurdum. Makedoniyalı
rəqibiminə cərimə xalı ilə qalib gəldim.
İlk döyüşüm İspaniyadan olan
Avropa çempionu ilə oldu. İkinci
döyüşü italiyalı rəqibimə qarşı
keçirdim. Avropa çempionatında bu rəqibə
uduzmuşdum. Burada onu qrupda 4:2 və finalda
4:0 hesabı ilə məğlub etdim. Üçüncü
döyüşdə albaniyalı rəqibimi 6:0 hesabı ilə
uddum. Çətin döyüşlər
keçsəm də, Allahın köməkliyi ilə qalib gəldim.
- Qələbə
qazanmağında əsas hansı keyfiyyət rol oynadı?
- Fiziki
hazırlığım daha yüksək oldu. Ayaq
əzələlərim zəif olanda istədiyim
döyüşü qura bilmirdim. Döyüşün
əvvəlinə templə başlasam da, sonadək
dözmürdüm. Belə olanda rəqiblərim
üçün daha asan olurdu və onlar
üstünlüyü ələ alırdılar.
- Yarışlara
psixoloji cəhətdən necə hazırlamışdın?
- Hələ
əsgərliyə yola düşməzdən əvvəl
Avropa Oyunlarının keçiriləcəyini bilirdim. Amma karatenin proqramda yer alması hələ dəqiqləşməmişdi.
Karatenin proqrama daxil olduğunu biləndə qəlbimdən
belə bir hiss keçdi ki, bu yarışda iştirak edib
qalib ola bilərəm. Bu daxili hiss
yarışadək məni müşayiət etdi. Düzdür, hazırlıq prosesində çətinliklər
çox oldu. Amma özümə
inanırdım. Tanrıya
şükürlər olsun ki, Avropa Oyunlarında
çempionluq mənə nəsib oldu.
- Avropa Oyunlarında sənə verilən pul
mükafatını hara xərcləməyi
düşünürsən?
- O barədə
heç düşünməmişəm. Kasıb
bir oğlan üçün o məbləği xərcləmək
elə də asan deyil (gülür). Ağılla
hərəkət etmək lazımdır ki, sonra peşman
olmayım. Yəqin ki, gələcək
karyeram üçün sərf edəcəyəm. İdmanda daha böyük nəticələr qazanmaq
istəyirəm.
- Sənin
üçün örnək olan idmançı varmı?
- Karatenin
"brilyantı” adını qazanan Rafael Ağayev mənim
üçün nümunədir. Yarışqabağı
Rafael kimi peşəkar idmançı ilə bir yerdə olmaq
mənim üçün böyük şərəf hissi
idi. Hətta xarici ölklərədən belə insanlar
var ki, Rafaellə görüşməyə can atırlar. Rafaellə dostluq münasibətlərimiz var.
Arzulayıram ki, dosttluq münasibətlərimiz
uzunömürlü olsun.
- Nə
üçün məhz Rafael səninlə məşq etməyə
üstünlük verdi? Bəlkə
bu sənin məsuliyyətli idmançı olmağından
irəli gəlirdi?
- Rafael də
idmanda mənim kimi çətin yol keçib. O da uzaqda
yaşayıb və hər gün məşqlərə
çətinliklə gəlib. Məncə o məndə
necə deyərlər özünü gördü və mənə
dəstək olmaq qərarına gəldi. Əsl
idmançı məncə belə olmalıdır. Öz biliklərini gənclərə ötürməli,
onlarla paylaşmalıdır.
- İdman elə bir sahədir ki, burada rəqabət
hissi mütləq olur. Səndə hər hansı
idmançıya həsəd aparmısanmı?
- Bizim
yığma komanda bir ailə kimidir. Bu ailənin
böyük qardaşı baş məşqçi Rəhman
Hətəmovdur. Biz-birimizə daim dəstək
oluruq və bir-birimizə qarşı paxıllıq hissi
keçirmirik. İstəyirik ki, bir-birimizə
xeyrimiz dəysin. Hər birimizin amalı, məqsədi
bayrağımızı qaldırmaq, himnimizi səsləndirməkdir.
-
Federasiya rəhbərliyi tərəfindən hazırlıq
üçün hansı şərait
yaradılmışdı?
- Yanvar
ayından gərgin məşqlər keçirdik. "Şəfa” stadionunda təlim-məşqlərimiz
oldu. Bəzən oradakı təlim-məşq
bazasında qalırdıq. Qəbələ
şəhərində də məşq prosesi keçdik.
Gündə iki dəfə fiziki məşqlər
edirdik. Bundan əlavə, texniki məşqlərimiz
də olurdu. Komandadakı inkişafın nəticəsidir
ki, karateçilərimiz Avropa Oyunlarında öz sözlərini
dedilər. Azərbaycan Milli Karate
Federasiyası tərəfindən hərtərəfli şərait
yaradılmışdı. Federasiya rəhbərliyi
çox istəyirdi ki, biz nəticə qazanaq. Buna görə də əlindən gələn
köməyi əsirgəmirdi.
- Bəs
qızıl medalını evdə necə
qarşıladılar?
- Evə
yarış gününün axşamı gecə 3-də
çatdım. Həmin gün çəkilişlər
çox olduğundan evə gec getməli olduq. Rafael
Ağayevlə birlikdə ev gedirdik. Əvvəlcə Rafael Ağayevin dostları 20 Yanvar
metrosu qarşısında bizi təntənə ilə
qarşıladılar. Sonra məhəlləmizdə
siqnal səsləri ilə bizi evədək müşayiət
etdilər. Qonşularımız bizim səsimizə
ayıldılar və hamısı məni təbrik etdi.
Bu dəstəyə görə onlara da öz minətdarlığımı
bildirirəm. Valideynlərimin,
qonşularımın, hər kəsin gözündə sevinc
hislərini görürdüm. Həmin
anlar mənim üçün hər şeydən qiymətlidir.
- Avropa Oyunlarından sonra həyatında bir boşluq
yaranmayıb ki?
- Xeyr. Hər kəs yenə də mənə qarşı
gözəl münasibət bəsləyir. Sevinirəm, fəxr edirəm ki, Avropa
Oyunlarının çempionu adını qazana bilmişəm.
Yaşadığım Ceyranbatan qəsəbəsinin
sakinləri mənimlə fəxr edir. Bu mənim
üçün böyük fəxrdir.
- Karate
idman növü digər idman növlərindən nə ilə
fərqlənir?
- Bu fəlsəfi
idman növüdür. Hər idman
növünün fərqliliyi var. Bu idmana təsadüfən
gəlmişəm. Yəni seçim
imkanım olmayıb.
- Belə
bir seçim imkanın olsaydı karateni. Olimpiya
növünə dəyişərdinmi?
- Xeyr. Karateyə ürəkdən bağlıyam.
- Necə
düşünürsən, yaxşı karateçidə
hansı keyfiyyətlər olmalıdır?
- İlk növbədə ağıllı
olmalıdır. Məncə, bu hər idmanda
lazımdır. Əgər karateçinin
ağlı itidirsə, deməli ondan yaxşı
idmançı yetişəcək. Fiziki
keyfiyyətlərə gəlincə, karateçi sürətli
olmalıdır. Əl və ayaq hərəkətlərinin
cəldliyinə diqqət yetirməlidir.
- Qeyd etdin ki, sənin üçün örnək olan idmançı Rafael Ağayevdir. Onun döyüş üslubu nə ilə sənin diqqətini çəkib?
- Rafael Ağayev çox ağıllı idmançıdır. Tez düşünmə qabiliyyətinə malikdir. Bir saniyə ərzində o çox şey düşünə bilir. Bundan əlavə zəhmətkeş idmançıdır. Ola bilər ki, kənardan onun idmanda çəkdiyi zəhmət o qədər də görsənmir. Amma biz və məşqçilər bunu yaxşı görürük. Həmişə məşqdən sonra qalır və digərlərindən artıq məşq edir. Uşaqlıqda ona baxır və tanınmış bir karateçi kimi onunla fəxr edirdim. Sevinirəm ki, indii onunla birgə məşq etmək imkanı qazanmışam.
- Rafael Ağayevdən nə öyrənmisən?
- Mən ondan əzmkarlığı öyrənmişəm. Hər hansı bir işin dalınca gedirsənsə, ona nail olmalısan. Rafael, həqiqətən də, məqsədyönlü insandır. 2 saat məşq etməyi qarşısına məqsəd qoyubsa, o qədər də edir. Görəndə ki, yorğunluq yoxdur əlavə məşqlərə üstünlük verir. Amma iki saat məşq etməyi məqsəd qoyubsa heç vaxt az məşq etməz. Belə məsuliyyət hissi hər bir idmançıda olmalıdır.
- Qarşıdakı planlar nədən ibarətdir?
- Bərpa prosesi keçdi. Yenidən məşqlərə başlamışam. Ən böyük arzum dünya və Avropa çempionu adını qazanmaqdır. İslam Həmrəyliyi Oyunlarının proqramında karate idman növü var. Həmin yarışda da uğurlu nəticə qazanmaq istərdim. İndiyədək Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Niyazi Əliyev kimi karateçilərimiz İslam Həmrəyliyi Oyunlarında uğurlar qazanıblar. Avropa Oyunlarındakı qələbəmi unutmalı, yeni uğurlar barədə düşünməliyəm. Peşəkar idmançı arxayınçılığa yol verməməlidir. Mən adımı idman tarixinə yazdırdım. Amma bütün bunlar geridə qaldı. Yeni uğurlar qazanmaq üçün gələcəyə baxmalıyam.
- Boş vaxtlarını necə keçirirsən?
- Allaha
ibadət edir, namaz qılıram. Dostlarımla
vaxt keçirirəm. Onlarla
görüşəndə o qədər deyib
gülürük ki, bütün stress və həyəcanımız
çıxır. Ən yaxın
dostlarım Elvin Əli, Tərlan Ülfətdir. Onlar məni Avropa Oyunları zamanı çox dəstəklədilər.
Aysel Sultanova
Olimpiya ünyası.- 2015.- 11-13
avqust.- S.4.