Elxan Məmmədov: “Əgər rəqib
tapa bilməsək...”
Bu həftə "Hilton” hotelində AFFA Klublar Komitəsinin növbəti iclası təşkil olundu. İclas başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalisltərin suallarını cavablandırdı. Baş katib müsahibə zamanı millimizin qarşıdakı planlarından və Eddi İsrafilovun Bakıya səfərindən danışdı.
- Eddi İsrafilovla bağlı İspaniya mətbuatında çıxan xəbərə görə, Bakıya gəlməsinin əsl səbəbi Azərbaycan şəxsiyyət vəsiqəsini götürməsi ilə bağlıdır. Bu doğrudumu?
- Sözün düzü, onun anası bizimlə əlaqə saxladı ki, Bakıya gələcəklər. Dedi ki, Eddi 2 gündür məşqlərə çıxmır, fürsətdən istifadə edib ona Bakını göstərmək istəyirəm. Anası istəmirdi ki, Eddi birbaşa təlim-məşq toplanışına gəlsin. Xəbər gəldi və dedik ki, onu qarşılamaq bizə xoş olar. Bəzi sənədləri də özü həll etməli idi. Eddinin yaxın qohumları, doğma nənəsi də burada yaşayır. Futbolçu AFFA-ya gəldi. Bildiyimə görə, ayrıca olaraq, Robert Prosineçki ilə də görüşüb. Eddi öz işləri ilə bağlı 1-2 günlük gəlib. Bakını çox bəyəndiyini dedi. Rus dilində danışır. Sözün düzü, bunu bilmirdim.
- "Qranada”nın Eddi İsrafilovu millinin fevraldakı toplanışına buraxmayacağı bildirilir...
- Bəli. Prosineçki ilə bu məsələni
qısa olaraq, müzakirə etdim. O dedi ki, Eddini bu toplanışa çağırmayacam.
Prosineçki istəyir ki, Eddi İsrafilov həmin müddətdə
"Qranada”nın oyunlarında iştirak etsin. Bilirsiniz ki,
Robert Prosineçkinin İspaniyada nüfuzu
böyükdür. Amma o istəmir ki, bundan istifadə etsin.
Bizim üçün əsas martdakı oyundur.
-
Antalyadakı toplanışda millimizin yoxlama oyunu keçirəcəyi
rəqibinin adı hələ də bəlli deyil. Buna nə
vaxt aydınlıq gələcək?
- Klublar
da gündəmdə var. Bəziləri bizimlə oynamaq istəsələr
də, Dubayda olacaqlar. Amma biz bu dəfə Antalyanı
seçdik, çünki U-21 və U-16 da orada olacaq.
Prosineçki istəyir ki, gənclərin də oyununu izləsin.
Əsas komandanı tanımaqdır. Lakin biz istərdik ki, 1
oyun keçirək. İordaniya, Yəmən və Moldova
milliləri ilə danışıqlar gedir. Belarus millisi də
siyahıda var idi, amma tarixləri bizimlə uyğun deyil.
Əgər rəqib tapa bilməsək, milli U-21 ilə məşq
xarakterli oyun keçirə bilər.
- Yəmən
yığması ilə əvvəl də danışıq
gedirdi, amma maliyyə məsələsində
razılığa gəlməmişdiniz...
- Onlar bizə
öz şərtlərini göndərmişdilər ki, yol
pullarını və hoteldə qalmaq xərclərini biz
ödəyək. Sonra dedilər ki, ola bilsin, özləri
sponsor tapıb gələcəklər. Amma hələlik səs-soraq
yoxdur.
- Martda 17
yaşlılardan ibarət millinin elit-raund oyunları var. Futbol
azarkeşləri bu görüşləri gözləyir,
futbolçular isə maaş dərdi çəkirlər.
Deyirlər ki, vəd olunan 3 min manat mükafat hələ
verilməyib...
-
Birincisi, biz nə mükafat vəd ediriksə, ödəyirik.
Bu günə qədər olmayıb ki, hansısa məbləği
deyək, ödəməyək. Baş məşqçiyə
məlumat verilmişdi ki, fevralın 15-nə qədər həmin
pullar ödəniləcək. Kimə nə qədər veriləcəyi
müəyyən olunub. Futbolçular bu pulları
almalıdılar, çünki nailiyyət əldə ediblər.
-
Mirbağır İsayev tarix yazıb, xalqı sevindirmək
istəyir. Amma onun yetirmələri 3 min manatdan
danışırlar...
- Təbii
ki, bu, düzgün yanaşma deyil. Amma 17 yaşına qədər
futbolçular heç bir yerdən pul almırlar, peşələri
isə futboldur. Onlar da hardansa pul almalıdılar. Biz onlara
kömək məqsədilə pul ayıracağıq, amma bu
pullar onların özlərinə yox, valideynlərinə veriləcək.
Bu məsələdə Mirbağır İsayevlə
razılaşmışıq. Mən elit-raund oyunlarını
izlədim, belə "vuruşan” komanda az görmüşəm.
- Nikolay
Adamın U-19-dan ayrılıb, Hindistana gedəcəyi ilə
bağlı xəbərlər yayılmışdı. O
özü sizə bu barədə müraciət edibmi?
- Onunla
görüşüm olacaq. Ümumi olaraq, təsdiqlənmiş
hazırlıq planı təqdim edəcək. Dediyiniz məsələdən
xəbərim var. Hindistandan əlavə, daha bir ölkə təklif
göndərib. Nə düşündüyünü onun
özündən soruşacam. Nikolay Adamla yeni 6 aylıq
müqavilə bağlamışıq. Seçim
özünündür.
- U-21-in
püşkatmasına az qalıb. Komandanın məqsədi
seçmə mərhələdə uğurlu
çıxış etməkdir, yoxsa əsas milliyə
futbolçu vermək?
- Bəzi
ölkələr U-21-ə inkişaf, bəziləri isə nəticə
komandası kimi baxırlar. Avropanın inkişaf etmiş
ölkələrinə baxsaq, onların 21 yaşlı
futbolçuları "Bavariya”dan tutmuş "Everton”a qədər,
aparıcı klublarda oynayırlar. Futbolçu nəticə
qazanıb ki, belə klublara düşüb. Bizim kimi ölkələrdə
isə U-21 "körpü” rolunu oynayır. Balkan ölkələrində
isə bu, futbolçuların böyük klublara keçməsi
üçün vəsiqə deməkdir. Son 6 ildə Bernard
Lippert əsas komandaya nə qədər futbolçu verib. Araz
Abdullayevi "Everton” necə görmüşdü?
Şotlandiya millisi ilə oyunda Araz gözəl qol vurmuşdu
və matçdan sonra Devid Moyesin agenti Lippertə
yaxınlaşıb, Arazın oyunçu detallarını verməsini
xahiş etmişdi, sonra isə "Neftçi” ilə əlaqə
saxlamışdılar. Biz çalışmalıyıq ki,
U-21-dən fərqli olaraq, U-17 və U-19 millilərimiz Balkan
ölkələri kimi olsun. Seçmə mərhələnin
oyunlarında hər iki tərəfimdə təxminən 20
agent əyləşmişdi. Artıq "Malaqa” klubu Qara
Qarayevi baxışa dəvət edib. Onu harda görüblər?
Təbii ki, həmin turnirdə.
- Səfərlərlə
bağlı da məlumat verərdiniz...
-
Sankt-Peterburqda Mişel Platini ilə ənənəvi
görüşümüz olub. AFFA prezidenti Rövnəq
Abdullayev də orada idi. Stadionla bağlı hesabat verdik. Platini
stadionun təməlqoyma mərasimində iştirak etmişdi.
Bu mənada, biz onunla görüşüb, məlumat verməyi
özümüzə borc saydıq. Söhbət etdik. Bizi
görən kimi dedi ki, milliyə yeni məşqçi təyin
etmisiniz. Gülə-gülə soruşdu ki, o da dünya
çempionudur? Görünür ki, Azərbaycan
futbolundakı yenilikləri izləyir.
- Robert Prosineçki müsahibəsində Norveçlə oyundan öncə Şotlandiya yığması ilə yoldaşlıq oyunu keçirə biləcəklərini demişdi. Danışıqlar nə yerdə qaldı?
- Şotlandiya millisi ilə danışıqlar gedir. Onların TV agentliyi yayımla bağlı çox ağır şərtlər irəli sürüb. Təəssüflər olsun ki, Azərbaycan televiziya bazarı yayıma o qədər çox pul ödəməyə hazır deyil. Şotlandlar, məhz yayıma görə, həmişə İngiltərə, Almaniya kimi güclü futbol yığmaları ilə oynayırlar.
- Son vaxtlar Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan narazılıqlar geniş vüsət alıb. Baş katib olaraq, bununla maraqlanmısızmı?
- Təbii ki. Məsuliyyət birbaşa Xaqani Məmmədovundur.
Çünki sədr odursa, cavabdeh şəxs də odur. Biz
bu məsələni hələ noyabrda Ramin Musayevlə
müzakirə etmişdik və təbii ki, Xaqani müəllimin
özü ilə də. Anara
həmin vaxt şans verilmişdi. Amma I Divizionda da səhvlər
etmişdi. İnsan öz üzərində işləməlidir.
Mən Xaqani Məmmədovu müdafiə etməyə
çalışmıram, gördüyümü deyirəm.
Anar Salmanova da dedim ki, FİFA-ya namizədliyi Xaqani müəllim
verir. Bu, onun vəzifəsidir. Bu gün FİFA-nın
müvafiq şöbəsi baxır ki, biz Anar Salmanovun
adını təqdim etmişik, amma o, öz
çempionatında oyun idarə eləmir. Düzdür, belə
hakimlər dünyada çoxdur. Maraqlıdır ki, Miroslav
Zelinka keçən il öz ölkəsində az oyun
keçirdiyi halda, UEFA onu vacib oyuna göndərmişdi.
- Məşqçilər
Komitəsinin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bu təşkilat
iki aydır yaranıb. Amma çox yaxşı, aktiv işləyirlər.
Martın 6-da İcraiyyə Komitəsinin iclasında hesabat
veriləcək. Onlar futbol veteranı deyil, mütəxəssisləridir.
Onlar Azərbaycandakı bütün futbolçuları
yaxşı tanıyırlar, boş-boşuna
danışmağı sevmirlər. Mən onların işinə
diqqətlə yanaşıram. Görürəm ki, konstruktiv
təkliflər verir, Klublar Komitəsi ilə də
görüşürlər. Biz heç
düşünmürdük ki, bu iki komitə tandem təşkil
edə bilər.
- Yunis
Hüseynovun 50 illik yubileyini, təbrik etmisiniz. Buyaxınlarda
Nazim Süleymanovun da yubileyi olacaq. "Alaniya” ona yubiley
matçı keçirməyi təklif etdiyi halda, Nazim Azərbaycanda
işsiz qalıb...
- Nazim
Süleymanov millidə işləyib və öz xahişi ilə
"Neftçi”yə getmişdi. Mütəmadi olaraq, onunla
danışırıq, iş də təklif edirik. Nazim
müəllim elə səviyyəli məşqçidir ki, o
artıq Premyer Liqa klublarından birində işləməlidir.
Onu yenidən U-17, U-19-a dəvət etmək, bəlkə də,
düzgün deyil. N. Süleymanovun məşqçi kimi imici
artıq formalaşıb. Məşqçilər Komitəsinə
o insanlar seçilib ki, onların klublarda işləmək
iddiaları yoxdur. Vaqif, Ağasəlim müəllim millidə,
klublarda işləyib. Böyükağa müəllim tarix yazıb.
Diniyev də millidə işləyib. Şakir Qəribovu isə
komitə üzvləri seçiblər. Nazim Süleymanova gəlincə,
onun adı U-21-ə namizədlər sırasında var idi.
Amma birinci sırada, Yaşar Vahabzadənin adı
yazılmışdı. Bu da normaldır. Çünki 8 ildir
ki, Yaşar müəllim U-21-də işləyirdi. PRO
kateqoriyasını da alıb və imtahanda Şahin Diniyev,
Qurban Qurbanov kimi ən yüksək qiymətlərə layiq
görülüb. Biz yerli məşqçilərin işləməsini
istəyirik.
-
"Bakı”nın bazası ilə bağlı da fikirlərinizi
bilmək istərdik. Bazanın suyunu da kəsiblər...
- Orada vəziyyət pisdir, PFL çox çətin vəziyyətdədir. Çempionat 10 komanda ilə başladı, indi 9-u qalıb. Ramin Musayevlə də mütəmadi danışıram və futbolumuzda ciddi problem var. Azərbaycan futbolunun birinci problemi çempionatdır. 2001-ci ildən bu günə qədər yüksək dəstədə oynayan 17 peşəkar futbol klubu bağlanıb. Bu bizim üçün böyük faciədir. "Bakı” klubunun su problemi var. Rövnəq Abdullayev tapşırıq verib. Biz çalışırıq ki, onlara kömək edək. Amma bizim də imkanlarımız məhduddur. Hansısa layihədən pul çıxardıb, ora yatırdırıq. Mən iqtisadçıyam, sizə açıq deyəcəm. Bu tunelin ucunda işıq görünmür. Bilmirik ki, ordakı vəziyyət necə olacaq. Problem odur ki, hazırda çempionat gedir. Yay olsa idi, oturub bu məsələni müzakirə edərdik. Hamı maliyyə böhranı yaşaya bilər. Ümid edirik ki, Hafiz müəllim bu problemi həll edəcək.
Olimpiya
dünyası.- 2015.- 6-9 fevral.- S.7.